Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1875/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 noyabr 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən aldığı mübahisəli torpaq sahəsinə etdiyi qulluğa görə çəkdiyi xərcin əvəzi olaraq 6.000 manat, torpaq sahəsinin dəyərinin cavabdehə ödəmək üçün bankdan götürdüyü kredit borcunun ödənilməsi məqsədi ilə 4.500 manat, çəkdiyi notariat xərclərinin əvəzi olaraq 150 manat, iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 04.06.2015ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinə” əsasən iddiaçı, ünvan 1i ünvanında yerləşən və ölçüsü 1 ha olan torpaq sahəsini cavabdehdən 15.000 manata satın almışdır. Bununla əlaqədar olaraq iddiaçı, müqavilənin şərtlərinə əsasən cavabdehə dərhal ilkin ödəniş olaraq 1.000 manatı depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 14.000 manatı isə 01.01.2016-cı il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. O, 05.08.2015-ci il tarixdə iddiaçıya əlavə olaraq 600 manatı depozit vasitəsilə cavabdehə ödəmişdir. Sonradan iddiaçının maddi durumunda problemlər yaranmış və o, ödənişləri edə bilməmişdir. Daha sonra hazırki iş üzrə cavabdehin hazırki iş üzrə iddiaçıya qarşı irəli sürdüyü iddia tələbinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin qəbul etdiyi 13.05.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış 04.06.2015-ci il tarixli “Alğı-satqı müqaviləsi” ləğv edilmişdir. İddiaçı bildirir ki, o, cavabdeh ilə həmin müqaviləni bağlayarkən torpaq sahəsinin hansı vəziyyətdə olduğunu bilməmişdir. Sahəni aldıqdan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh sahəyə heç bir vaxt qulluq etməmiş, sahədə olan ağaclara su verməmişdir. Bunun nəticəsi olaraq sahədə olan ağacların əksəriyyəti qurumuş, sahəni kol-kos basmışdır. Müqavilə imzalanan tarixdən etibarən torpaq sahəsi 2 il müddətinə iddiaçının istifadəsində olmuş və iddiaçı sahəyə qulluq göstərmiş, orada 50-dən artıq yeni meyvə ağacı əkmiş, torpağa gübrə vermiş, sahəsini kol-kosdan təmizləmiş, torpağı yumşaldaraq onun məhsuldarlığını artırmışdır. Həmçinin bağın mal-qaradan, digər kənar müdaxilələrdən qorunması üçün onun mühafizəsini təşkil etmişdir. Bütün bu işlərin görülməsinə iddiaçı tərəfindən 6.000 manat pul xərcləmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 04.06.2015-ci il tarixli müqavilə ləğv edilsə də, iddiaçının çəkdiyi xərcin əvəzi olan 6.000 manat, cavabdehə ödədiyi 1.600 manat, müqavilənin bağlanmasına görə çəkdiyi notariat xərcinin əvəzi olan 150 manat cavabdeh tərəfindən ona ödənilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının cavabdehə ödədiyi 1.600 manat pul iddiaçının bankdan faizlə götürdüyü kredit hesabına ödənilmişdir. Götürdüyü kreditə görə isə iddiaçı tərəfindən banka faizlər ilə birlikdə 4.500 manat ödənilmişdir. İddiaçı hesab edir ki, bu məbləğ də, cavabdehdən alınaraq ona verilməlidir. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.11.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, iş materiallarını və apellyasiya şikayətini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04.06.2015-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsindən” görünür ki, satıcı olan cavabdeh mülkiyyətində olan və ünvan 1i ünvanında yerləşən və ölçüsü 1 ha olan torpaq sahəsini alıcı olan iddiaçıya 15.000 manata satır. İddiaçı, ilkin ödəniş olaraq cavabdehə 1.000 manatı depozit hesabı vasitəsi ilə ödəyir, qalan 14.000 manatı isə 01.01.2016-cı il tarixinə qədər ödəməyi öhdəsinə götürür. Sumqayıt Şəhər Məhkəməsinın 13.05.2016-cı il tarixli qətnaməsindən (İş № 2(060)- 6339/2016) görünür ki, hazırki iş üzrə cavabdehin hazırki iş üzrə iddiaçıya qarşı irəli sürdüyü “müqavilənin ləğv edilməsi barədə” iddiasının təmin edilməsi, onların arasında mübahisəli torpaq sahəsinə dair bağlanmış 04.06.2015-ci il tarixli “Alğı-satqı müqaviləsi” ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinə görə alıcı olan hazırki iş üzrə iddiaçı satıcı olan hazırki iş üzrə cavabdehə 1.600 manat ödəmiş, lakin müqavilənin şərtlərini pozaraq qalan 13.400 manatı 01.01.2016-cı il tarixə qədər ödəməmiş, bununla da, müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunmuş mülki iş üzrə çıxarılmış məhkəmə aktı ilə müəyyən olunan hallar hazırki iş üzrə preyudisial xarakter daşıyır. Həmin məhkəmə aktından görünür ki, 04.06.2015-ci il tarixli müqavilənin ləğv edilməsinə əsas hazırki iş üzrə iddiaçının həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməməsi olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə görə, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.4-cü maddəsinə görə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Göründüyü kimi müqavilə ləğv edilənədək müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılması yolverilməzdir. Odur ki, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, “mübahisəli torpaq sahəsinə görə cavabdehə ödənilmiş pulun, torpaq sahəsinin dəyərinin cavabdehə ödəmək üçün bankdan götürülmüş kredit borcunun ödənilməsinə çəkilmiş xərcin əvəzinin, çəkilmiş notariat xərclərinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” tələblər əsassızdır. Rayon Məhkəməsi bu tələbləri təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlilləri əsassızdır. “Mübahisəli torpaq sahəsinə qulluğa görə çəkilmiş xərcin əvəzi olaraq 6.000 manatın cavabdehdən tutulması barədə” tələbə gəldikdə də müəyyən edilir ki, tələb əsassızdır. Belə ki, Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). İddiaçı bildirir ki, müqavilə bağlandıqdan sonra 2 il müddətində bağa qulluq etmişdir. Lakin yuxarıda qeyd olunan 13.05.2016-cı il tarixli məhkəmə aktı ilə 04.06.2015-ci il tarixdə bağlanmış “Alğı-satqı” müqaviləsi ləğv olunmuşdur. Müqavilənin ləğv olunduğunu bilən iddiaçının, bundan sonra da bağa qulluq etməsi və bunun üçün müəyyən xərclər çəkməsi ağlabatan deyil. Bundan başqa, iddiaçı çəkdiyi xərclərlə bağlı konkret sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən bu tələbi də təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlilləri əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onu ödəmiş şəxsin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 noyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1875/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1875/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver