Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1879/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi, ev № 244-də yerləşən 19 №-li mənzildən (bundan sonra – mənzil) mənzildən istifadə hüququ itirilmiş hesab edilsin və o, mənzildən qeydiyyatdan çıxarılsın. Qətnamə ilə qət olunub ki, iddia rədd edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirdi ki, cavabdeh nikahdan sonra, yəni 2006-cı ildən başlayaraq 2012-ci ilə kimi mənzildə yaşayıb. 2012-ci ildən etibarən cavabdeh Lüksemburqda yaşayır, mənzilə qayıtmayıb. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər keçmiş ər-arvaddır. Nikah 26.07.2006-cı ildə bağlanıb, 27.12.2018-ci il tarixli qətnamə ilə pozulub. Nikahdan uşaq yoxdur. Mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, cavabdeh mənzildə qeydiyyatdadır. Müəyyən olunur ki, cavabdehin mənzildən istifadə hüququ 2006-cı ildə yaranıb. Belə ki, həmin tarixdə o, iddiaçı ilə ailə quraraq mənzilə köçüb, mülkiyyətçinin (iddiaçının) ailə üzvü (arvadı) kimi mənzildə yaşayıb. Ona görə də Mülki Məcəlləsinin 228.5-ci maddəsinin göstərişinə uyğun olaraq onun mənzildən istifadə hüququ əmələ gəlib. Lakin 2012-ci ildə cavabdeh mənzili tərk edib, həmin vaxtdan mənzildə yaşamır. Bu, iddiaçının izahatı və “Elektron Məhkəmə” İnformasiya Sistemindəki sərhədkeçmə məlumatları ilə müəyyən olunur. Sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı 14.06.2012-ci ildə Vyana istiqamətində Azərbaycan Respublikasını tərk edib, 6 il sonra – 25.12.2018-ci ildə Azərbaycan Respublikasına qayıdıb, 6 gündən sonra – 01.01.2019-cu ildə yenidən İstanbul istiqamətində Azərbaycan Respublikasını tərk edib, indiyə kimi geri qayıtmayıb. Cavabdehin 8 ildən artıq başqa ölkədə yaşaması onu təsdiq edir ki, mənzilə yaşayış sahəsi kimi onun ehtiyacı aradan qalxıb. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Konstitusiya Məhkəməsinin 29.03.2016-cı il tarixli qərarında verilən şərhlərə əsaslanaraq hesab edir ki, cavabdeh öz iradəsi ilə mənzili tərk edərək daimi yaşamaq üçün başqa yerə köçdüyünə, mənzilə yaşayış sahəsi kimi ehtiyacı aradan qalxdığına görə onun istifadə hüququna köçdüyü vaxtdan xitam verilib. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi, ev № 244-də yerləşən 19 №-li mənzildən istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamə onun həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1879/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1879/2021
04.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver