Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-188/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, həmçinin Cavabdeh1 vəkili Mehman Cəbrayılovun oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaqdan istifadəyə yaradılan maneələrə son qoyulması” tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4485/2020 saylı iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 15 saylı fərdi yaşayış evinin həyətyanı 320,4 kv.metr torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrə son qoyulması, iddiaçının sözügedən fərdi yaşayış evinin özünə aid hissədə məlum torpaq sahəsinə açılmış, lakin sonradan cavabdehlər tərəfindən qanunsuz olaraq bağlanmış həyət qapısının cavabdehlər tərəfindən cavabdehlərin hesabına açılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş Xətai rayon ZDS İK-nın (indiki Xətai RİH) 05.11.1957-ci il tarixli, 18/259-a saylı qərarı ilə iddiaçının atası mərhum X3 Əhmədli qəsəbəsində yerləşən, ümumi sahəsi 300 kv.metr olan 44 nömrəli torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmışdır. Həmin torpaq sahəsində iddiaçının atası mərhum Tofiq İsmayılov tərəfindən 1960-cı ildə fərdi yaşayış evi (Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 15 saylı fərdi yaşayış evi) inşa edilmişdir. Həmin evə dair 11.09.1962-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Texniki pasportdan görünür ki, evin həyətyanı torpaq sahəsi 320,4 kv.metr təşkil edir. Fərdi yaşayış evinin bir hissəsində (2 otağında) iddiaçı öz ailə üzvləri ilə birikdə yaşayır. Özünün ayrıca girişi vardır. Yuxarıda məlum qərarla iddiaçının mərhum atasına ayrılmış və üzərində fərdi yaşayış evi inşa edilmiş torpaq sahəsinin böyük hissəsi həmin evin arxa hissəsinə düşür. İddiaçı həmin torpaq sahəsinə giriş qapısı açıb istifadə etmək istəsə də, cavabdehlər Cavabdeh1 (iddiaçının bacısı) və Cavabdeh2 (Cavabdeh1 qızı) buna icazə verməmiş, həmin qapını bağlamış və iddiaçını həmin torpaqdan istifadə imkanından mərhum etmişlər. Halbuki həmin torpaq sahəsi iddiaçının atası mərhum Tofiq İsmayılova məxsus olmuşdur. İddiaçının atası və anası vəfat etmişlər. Cavabdehlərin bu cür hərəkətlərinin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı həmin evdə doğulmuşdur və 62 ildir orda yaşayır. Torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmamış olsa da, iddiaçının həmin torpaqdan istiafdə etmək hüququ vardır. Ona görə ki, torpaq sahəsi iddiaçının atasına qanuni əsasla ayrılmışdır və heç bir fiziki və hüquqi şəxs tərəfindən bu fakt mübahisələndirilməmişdir. Əgər fərdi yaşayış evinin digər hissəsində yaşayan şəxslərin sözügedən torpaq sahəsindən istifadə etmək hüquqları varsa, deməli, ən azı iddaçının da belə bir hüquqa malik olduğu qəbul edilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 15 saylı fərdi yaşayış evinin İddiaçı aid hissədə həyətə çıxan qapısının açılmasına Cavabdeh1 və Cavabdeh2 Xoşbəxt qızı tərəfindən edilən maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməyən hissəsinin də, yəni Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 15 saylı fərdi yaşayış evinin 320,4 kv.m torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr son qoyulması və qadağan edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı iddiaçının atası Tofiq İsmayılovdan miras olaraq qalmış 320,4 kv.m olan torpaq sahəsindən cavabdehlərin istifadə etmələri öz təsdiqini tapmışdır. Hətta iddiaçının sözügedən fərdi yaşayış evinin özünə aid hissədə olan həyətə çıxan qapının açılan hissəsində yerləşən boş torpaq sahəsində toyuq saxlanması faktı da aşkar edilmişdir. Cavabdehlər faktiki olaraq həmin torpaq sahəsindən özlərinin istədiyi formada istifadə və sahiblik edirlər. Bununla da iddiaçının hüquqlarını kobud surətdə pozurlar. Apellyasiya baxışı zamanı iddiaçı və onun vəkili hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehlər, eləcə də Cavabdeh1 vəkili şikayəti qəbul etməyərək onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən - iddianın təmin olunmayan hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin olunmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamə iddianın təmin edilməyən, yəni “mübahisəli həyətyanı 320,4 kv.metr torpaq sahəsi üzərində iddiaçının istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən edilən maneələrə son qoyulmasına dair” hissəsində yoxlanılır. İş materiallarında olan keçmiş Xətai rayon ZDS İK-nın 05.11.1957-ci il tarixli qərarının surətindən görünür ki, X3 Əhmədli qəsəbəsində yerləşən, ümumi sahəsi 300 kv.metr olan 44 nömrəli torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş 05.10.2020-ci il tarixli **********72 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 15 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Sözügedən ünvana dair X2 adına 1962-ci ildə tərtib edilmiş texniki pasportun surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28.01.2002-ci il tarixli 2-112/2002 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, 3-cü Əhmədli küçəsindəki 15 saylı evdən istifadə qaydası müəyyən edilərək, sahəsi 15 və 5,5 kv.metr olan otaqlar, sahəsi 3 kv.metr olan mətbəx və sahəsi 3,2 kv.metr olan hamam ayaqyolu iki azyaşlı uşaqları ilə birlikdə İddiaçı və X1 istifadəsinə verilməsi, evin digər yaşayış sahəsi və yardımçı tikililəri cavabdehlərin istifadəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 19.03.2002-ci il tarixli, 1MK-1051 saylı qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28.01.2002-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianın “mübahisəli həyətyanı 320,4 kv.metr torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən edilən maneələrə son qoyulması”na dair hissəsinə hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, iddiaçının və cavabdehlərin mübahisəli torpaq sahəsinə dair hər hansı şəkildə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən, onların həmin həyətyanı sahədən istifadə və sahiblik hüquqları yaranmadığından, iddiaçının bu qəbildən iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur, cavabdehlər isə bu cür iddiaya cavab verməli şəxslər deyildirlər. Məhkəmə kollegiyası bu nəticə ilə razılaşmayaraq mövqeyini bunlarla əsaslandırır ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyetrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir, daşınmaz əmlaka mülkiyyə hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra maddələrində fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması ilə bərabər onların qanunla qorunan mənafe və maralarının müdafiəsindən də bəhs olunur. Mülki prosessual qanunvericilikdə iddia qaldırmaq hüququnun və hüququn həyat keçirməyin şərtləri fərqləndirilmişdir. Bu məsələlər MPM-nin 152 və 153-cü maddələrində öz əksini tapmışdır. Maraqların və mənafelərin qorunmasını təsbit edən mülki prosessual qanunvericilik fiziki və hüquqi şəxslərin nəinki subyektiv hüquqlarında ifadə olunan, habelə bu hüquqlarda əhatə olunmayan maraqlarının mühafizəsini də nəzərdə tutur. Hüquqi baxımından hər cür maraq deyil, MPM-nin 2-ci maddəsinin 2.2-ci bəndinə müvafiq olaraq yalnız Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn mənafe və maraqlar məhkəmə müdafiəsinin predmeti ola bilər. Subyektiv hüquqlarla əhatə olunmayan mənafe və maraqların müdafiəsi üçün hüquq normasının olmaması məhkəmə müdafıəsində imtina olunması üçün əsas deyildir. Kollegiya həmçinin qeyd edir ki, mülki və torpaq qanunvericliyin müddəlarından da göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi fərdi yaşayış evinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçının mərhum atası X3 Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən, ümumi sahəsi 300 kv.metr olan 44 nömrəli torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış, həmin evə dair 11.09.1962-ci il tarixdə texniki pasport tərtib edilmişdir. İş üzrə iddiaçı, eləcə də Cavabdeh1 mərhum T.Ə.İsmayılovun uşaqlarıdırlar, iş üzrə tərəflər həmin torpaq sahəsinin üzərində yerləşən evdə yaşayırlar. Bu səbəbdən də iddiaçı həmin torpaq sahəsindən istifadə və sahiblik etməsini təmin etmək məqsədilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Digər tərəfdən, sözügedən həyətyanı torpaq sahəsinin tərəflərə ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənədlər mövcud olmasa da, hazırki vəziyyətdə onlar biri digərinə qarşı həmin torpaq sahəsindən sahiblik və istifadə etməsinə maneə yarada bilməzlər. Bakı Apellyasiya Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(103)-2828/2021 saylı qərardadı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının nəticəsinə dair Məhkəmə Ekspertiza Mərkəzinin 15.11.2021-ci il tarixli 10/3520 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 15 saylı fərdi yaşayış evinin həyətyanı sahəsinin ölçüsü faktiki olaraq 241,7 kv.m təkşil edir. Həyətyanı sahənin 14,7 kv.m hissəsi iddiaçının istifadəsində, 227,0 kv.m hissəsi cavabdehlərin faktiki istifadəsindədir. Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 15 saylı fərdi yaşayış evinin iddiaçının istifadəsində olan hissəsində quraşdırılmış və cavabdehlərin istifadəsində olan həyətyanı sahəyə açılan qapının önündə mişar daşları düzüldüyündən həmin qapıdan iddiaçının istifadəsinə maneə yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası tikinti-texniki ekspertizasının rəyinə istinad edərək qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə sahiblik və istifadə etməsindən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması cavabdehlərə qadağan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(011)-4485/2020 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmayan hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin olunsun. İddiaçı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 15 saylı fərdi yaşayış evinin həyətyanı 320,4 kv.m torpaq sahəsindən istifadə və sahiblik etməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xoşbəxt qızı tərəfindən maneə yaradılması qadağan edilsin. İddia mübahisələndirilən qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-188/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-188/2022
11.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver