Məhkəmə qərarları › İş №2(103)-1880/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1880/2020

17.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1880/2020 17.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(008)- 6183/2017 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 41 saylı bağ evindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 41 saylı bağ evi onun xüsusi mülkiyyətindədir. Bu barədə adına xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarış da vardır. Cavabdeh həmin bağ evinə qeydiyyata düşsə də, həmin evdə yaşamamış və hal-hazıradək orada yaşamır, cavabdehin həmin evdə heç bir əmlakı yoxdur. Lakin cavabdeh hələ də onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxmamışdır. Belə olan halda onun mülkiyyət hüquqları məhdudlaşdırılır və o, mülkiyyətçi kimi sərbəst şəkildə öz evinə dair sərəncam verə bilmir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(008)- 6183/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və pozulmuş hüquqlarının bərpasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hazırda ünvan 1 mənzil 2 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır və orada daimi olaraq yaşayır. O, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 41 saylı bağ evi ünvanında yerləşən evdə qediyyata alındığı vaxtdan yaşamış, həmin evdə onun əşyaları var, həmçinin həmin ünvanda onun ev heyvanları da vardır. Bunu ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyi məsələ ilə bağlı fotoşəkillər və videolar ilə sübut edir. İddiaçıya torpaq sahəsi almaq üçün 80000 manat pul ödəmiş, iddiaçı isə pulun müqabilində onu hazırki mübahisəli bağ evinə qeydiyyata aldırmışdır. Həmin 80000 manatı tələb etmək üçün Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi təmin edilmişdir. Hazırki mülki iş üzrə keçirilən məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclası ilə bağlı heç bir rəsmi məlumatı olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, iddiaçı onun mərhum yoldaşı ilə dost olmuş, yəni iddiaçı ilə əvvəldən tanışlıqları olmuşdur. 2016cı ilin aprel ayında yoldaşı vəfat etmişdir. Bundan sonra o, almaq üçün həyət evi axtarmış, iddiaçı da bildirmişdir ki, onun yarımçıq tikilisi olan torpaq sahəsi vardır. 2016-cı ildə 80000 manat verərək həmin torpaq sahəsini almış, rəsmi alğı-satqı müqaviləsi bağlamamışlar, sadəcə o, qeydiyyata düşmüşdür. Həmin evdə özünə məxsus əşyaları, toyuq-cücə, iti olmuşdur. 2018-ci ilin sonunadək həmin yarımçıq tikilidə yaşamış, bundan sonra İddiaçı ilə artıq münasibətləri pozulduğundan, davamlı yaşamamış, amma 2019-cu ilin yay aylarına kimi mütəmadi olaraq gedib-gəlmiş, toyuq-cücəsi, iti orada olmuşdur. 2019-cu ildə isə iti ölmüş və bundan sonra mübahisəli evə getməmişdir. İddiaçı onun 80000 manatını qaytarmaq üçün vaxt istəmiş, torpağını satıb pulunu qaytaracağına söz versə də, yüksək qiymət qoyduğundan sata bilməmişdir. Buna görə pulunun geri qaytarılması barədə qaldırdığı iddia Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, həmçinin məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilərək, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 41 a saylı bağ evinin üzərinə həbs qoyulmuşdur. Hazırda iddiaçı nə torpağını satıb onun pulunu qaytarmır, nə də mübahisəli yaşayış sahəsindən ittifadə etməyə ona icazə vermir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlilləri qismən razılaşaraq göstərdi ki, həqiqətən 2016-cı ildə 10 ha torpaq sahəsini cavabdehə sataraq, sonuncudan 80000 manat pul almışdır. Həmin 80000 manatı evin təmirinə və kredit borcuna xərcləmişdir. Cavabdeh 2016-cı il tarixdən 2018-ci ilin sonlarına qədər orada yaşamış, sonra çıxıb getsə də, 2019-cu ilin yay aylarına kimi mütamadi olaraq gəlibgetmişdir. Bu iddianı qaldırmaqda məqsədi torpaq sahəsinin bir hissəsini sata bilməsi üçün cavabdehin qeydiyyatdan çıxarması olmuşdur. Həyətinin bir hissəsini satıb cavabdehin pulunu qaytarmaq niyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. İşin materiallarında olan MA seriyalı ******* nörməli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 41a saylı bağ sahəsinin olduğu torpaq sahəsi xx.xx.2011-ci il tarixdə İddiaçı adınsa qeydiyyatda alınmışdır. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 41 saylı bağ evi xx.xx.2011-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 41 saylı bağ evinin mülkiyyətçisi İddiaçıdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2017-ci il tarixli 745770 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 41 saylı bağ evində qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər isə Cavabdehdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13.1, Mülki Məcəllənin 152.5, 203.1-ci maddələrinə əsaslanaraq, belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil dövlət qeydiyyatında iddiaçının adına xx xxxxxxx 2011-ci il tarixdə qeydiyyata alınmış, cavabdeh həmin bağ sahəsində formal olaraq qeydiyyatda olsa da orada yaşamır. İddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Kollegiya qeyd edir ki, hazırki mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Sadalanan normalara əsaslanaraq Kollegiya qeyd edir ki, mülkiyyətçi olan iddiaçı ilə cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da cavabdehin qeyd edilən bağ evindən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququna məhkəmə tərəfindən xitam verilə bilməz, ona görə də iddia tələbi rədd edilməlidir. Cavabdehin həmin bağ evinə qeydiyyata alınması istifadə hüqunun yaranması demək deyildir. Odur ki, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnışdır. Cavabdeh iddiaçının ailə üzvü olmamış və yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün iddiaçı ilə cavabdehin arasında yuxarıda qeyd olunan müqavilənin bağlanması vacib olmuşdur. Lakin, belə bir müqavilə yoxdur. Odur ki, cavabdeh mübahisəli bağ evindən istifadə hüququ qazanmamışdır. Cavabdeh mübahisəli yaşayış sahəsinə istifadə hüququ qazanmadığından məhkəmə yaranmayan istifadə hüququnun itirilməsi barədə iddia tələbinin təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6183/2017 saylı iş üzrə xx xxx 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar