Məhkəmə qərarları › İş №2(103)-1882/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1882/2024

07.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1882/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və X8 qarşı mülki iş üzrə (Açar sözlər: evə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X17 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı1 (həm də İddiaçı2 nümayəndəsi olaraq), İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1, cavabdeh X15 və onun nümayəndəsi-vəkili Vəkil4, Cavabdeh nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və X8 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4147/2023 saylı 28 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı1 və X6 birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2008-ci il təvəllüdlü X12 doğulmuşlar.

2. Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 və X3 nikahına xx.xx.2018-ci il tarixdə xitam verilmişdir.

3. Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, Allahverdiyeva Mətanət, İddiaçı2 və X4 ailə üzvləri kimi ünvan 1 ünvanında yerləşən evdə yaşadıqları müəyyən edilmiş, Mətanət Allahverdiyevanın verdiyi məlumata əsasən həmin evin təmsilçinin qayınatasına məxsus olması, lakin qayınatasının Mingəçevir şəhərində yaşadığı müəyyən edilmişdir.

4. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2023-cü il tarixdə ölmüşdür.

5. “Bakı Baş Səhiyyə Mərkəzi” X32 12 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 xx.xx.2022-ci il tarixdən, İddiaçı2 xx.xx.2005-ci il tarixdən, X12 2008-ci il tarixdən qeydiyyatdadırlar. İddiaçı2 2020-ci ildən bu günədək poliklinikaya müraciət etməmişdir.

6. Bakı şəhəri 67 nömrəli orta məktəb tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı2 2019-2020-ci tədris ilinin şagirdi olmuş, X12 isə həmin məktəbin 8-ci sinfində oxuyur.

7. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, nümayəndəlikdəki mövcud ev kitablarına əsasən Məmmədova (Allahverdiyeva) Mətanət Mehman (Avdal) qızı xx.xx.2007-ci il tarixdən ünvan 1 ünvanında yerləşən 2 saylı evdə uşaqları İddiaçı2 və Elnarə Allahverdiyeva ilə birlikdə qeydiyyatdadır.

8. Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən 2 saylı ev 2017-ci ildən X9 adına vergi ödəyicisi qeydiyyatına alınmışdır.

9. Abunə kodu **********X002A olan abunə haqqında sənəddən, abonent kodu **********0000 olan abonentin saldosundan və "xxxx" ASC Sabunçu rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısı cədvəlindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən 2 saylı evin elektrik enerjisi, təbii qaz və su təchizatı barədə müqavilələr X9 adına olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbin həcminin artırılmasına dair ərizə təqdim edərək, qeydiyyatda olduqları evlə bağlı cavabdehlər tərəfindən onlara qarşı törədilən manelərin aradan qaldırılması, İddiaçı2 və İddiaçı1, sonuncunun yetkinlik yaşına çatmayan qızı xx.xx.2008-ci il təvəllüdlü X12 ilə birlikdə qeydiyyatda olduqları ünvan 1-də yerləşən, 3 otaqlı, 2 saylı evə (X9 adına tərtib edilmiş "xxxx" ASC-nin abunə kodu **********X002A olan abunə haqqında sənədin, “Azəriqaz” İB-nin abonent kodu **********0000 olan abonentin saldosunun və "xxxx" ASC-nin abonent kodu ********************6 olan ödənişlərin siyahısının aid olduğu) köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

11. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 İddiaçı1 oğlu, Cavabdeh keçmiş qayını, digər cavabdeh Azər Allahverdiyev isə keçmiş əridir. İddiaçı X15 ilə xx.xx.2004-cü ildə ailə qurmuş, nikahlarını bir aydan sonra qeydiyyata aldırmışlar. Həmin vaxtdan ünvan 1-də yerləşən, 2 saylı evə gəlin köçüb orada yaşamağa başlamışdır. İddiaçı bütün cehiz əşyalarını da həmin evə gətirmişdir. Orada iki uşağı - xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2008-ci il təvəllüdlü X12 doğulmuşdur. Uşaqlarından yalnız İddiaçı2 yetkinlik yaşına çatmışdır. Uşaqları Sabunçu qəsəbəsi 12 saylı poliklinikada qeydiyyatdadırlar. X34 qəsəbəsində yerləşən 67 saylı tam orta məktəbi bitirmiş, qızı Elnarə isə həmin məktəbdə təhsilini davam etdirir. Əri ilə xasiyyətləri uyğun gəlmədiyi üçün Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-4515/2017 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanmaqla uşaqların saxlanmaları üçün aliment tutulmuşdur. Boşanmadan sonra iddiaçı nikahdan əvvəlki «Məmmədova» soyadını götürmüşdür. İddiaçı ərindən boşanmasına baxmayaraq, uzun illərdir ki, həmin evdə qeydiyyatda olmaqla, iki uşaqla həmin evdə yaşamağa davam etmişdir. İki ay əvvəl qaynı iş üzrə Cavabdeh ona bildirmişdir ki, atası ağır xəstədir, ona görə də iddiaçıya müvəqqəti olaraq kirayə ev tutmalı, o, bir müddət uşaqlarla həmin evdə qalmalıdır. Qayınatası xəstə olduğu üçün buna razılıq vermişdir. İki aydan sonra qayınatası vəfat etmişdir. İddiaçı uşaqları ilə qeydiyyatda olduğu evə köçmək üçün keçmiş ərinə müraciət etmiş, əri cavabında ona bildirmişdir ki, evin açarını qardaşından götürüb orada yaşasın. Lakin qaynı evin açarını verməmiş və onu daimi yaşadığı evə buraxmamışdır. Hazırda onlar kirayədə qalır, yaşamağa başqa yerləri yoxdur. Bütün əşyaları həmin evdə yerləşir. Onu da qeyd etmək istəyir ki, X22 4 saylı Bakı ASAN xidmət mərkəzində yerləşən Qeydiyyat şöbəsinə müraciət edərək iddiaçıya atalığını vermişdir. xx.xx.2023-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən onun «Avdıl» ata adı «Mehman» adına dəyişdirilmişdir. Daha sonra keçmiş əri - digər cavabdeh Azər Allahverdiyev də onları evə buraxmamış, buna görə, həmin şəxsə qarşı da evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişlər.

12. Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsi onun üzərində qurulmuşdur ki, İddiaçı1 2004-cü ildə Azər Allahverdiyevə qoşulub qaçmaqla ailə qurmuşdur. Göstərilənlərə əsasən Cavabdeh evə köçürülmə iddiası altında ona ev bölgüsü etməli və ya onun əvvəllər bir neçə il müvvəqəti yaşadığı ünvanı ona təhvil verməlidir. İddiaçının dəfələrlə mövqe dəyişdirməsi, iddianın əsasını və predmetini dəyişdirməsi, iddianı ümumən dəyişdirməsi hər hansı prosessual normalara uyğun deyildir. Hazırlıq iclasında da buna etiraz edilmiş, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin müəyyən etdiyi qaydada və formaya uyğun olmadığı bildirilmişdir. Həmçinin iddianın müvəkkilinə qarşı olması əsassız olmaqla bərbər, tam olaraq fərziyyələr üzərində qurulmuş əmlak bölgüsü tələbidir. Əlavə cavabdeh qismində cəlb edilməyə dair vəsatətə etiraz edilərək bildirilmişdir ki, məhkəmə artıq X10 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir. Onu cavabdeh qismində cəlb etməyə dair yeni vəsatətində iddiaçı keçmiş ərinin onu aldatdığını və yalan danışdığını bildirmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə ilə əlaqədar bildirilir ki, iddiaçı artıq iddiasının əsassızlığını anladığından, iddianı tam dəyişərək qeydiyyatda olduğu ünvana maneələrin aradan qaldırılması tələbi ilə çıxış edir. Faktiki olaraq məhkəməyə də məlum olduğu kimi, bu artıq əmlak bölgüsü tələbidir, lakin kimə qarşı olduğu tam olaraq məlum deyildir. İddiaçı öz ərizəsində bildirir ki, həmin ev nə Cavabdeh, nə də X23 tğluna məxsus deyildir. Belə görünür ki, bu hal ona əvvəldən məlum olmuşdur. Həmin ev mərhum qaynatası X13 məxsusdur, adına bələdiyyə verigisi və kommunal xidmətlər vardır. Sağlığında iddianın həmin şəxsə qarşı verilməməsi, öləndən sonra digər şəxslərə qarşı verilməsi anlaşılan deyil. Həmçinin iddiaçı əvvəlki iddia tələbində qeyd edir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-4515/2017 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. X1 iddiasına əsasən nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə 2(008)- 3976/2018 saylı mülki iş Sabunçu Rayon Məhkəməsində hakim İmran Burcayevin icraatında olmuşdur. Faktiki olaraq nikahın pozulması sözügedən mülki işlə olmuş və müvafiq olaraq nikahın pozulması haqqında şəhadətnamə verilmişdir ki, həmin şəhadətnamə tərəflərindən məhkəməyə təqdim edilmişdir. İddiaçı cəmi üç-dörd il qayınatası və qayınanası ilə bir yerdə qalmış, daima məişət mübahisələri olmuş, qayınanasını təxminən 2016-cı ildə yıxaraq qolunu qırmış, həmin vaxtdan bir daha Talehin evinə və ya özünün bildirdiyi kimi qayınatasına məxsus evə qayıtmamışdır. Hadisədən sonra qayınanası əsəbdən və sarsıntıdan iflic keçirmişdir. Göstərilənlərin üzə çıxmaması naminə, iddiaçı mərhum qayınatasına həqarət etmiş, guya ölümünə yaxın üç il ərzində ayaqları tutulmuş qayınatasının ona təcavüz etmək niyyətinin olmasını məhkəmə iclasında ağlayaraq bildirmiş, hakimin fikrini cinsi bərabərliyinə (qadın olmasına) yönəldərək üstünlük əldə etmək istəmişdir. İddiaçı1 özünün birinci “evə köçürülmə tələbinə dair” iddiasında bildirmişdir ki xx.xx.2004-cü ildə ailə qurmuş, nikahlarını bir ay sonra qeydiyyata aldırmış və guya Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirova küçəsi, döngə 4, ev 2-yə gəlin köçüb yaşamağa başlamış və cehiz əşyalarını da həmin evə gətirmişdir. Lakin mövcud olmayan həmin cehiz əşyalarının nədən ibarət olmasını özü də deyə bilməmişdir. Yalnız birgə nikah dövründə alınmış bir neçə əşyanı sadalmışdır ki, onlar cehiz əşyası demək deyil. Halbuki hələ əvvəlki iclasda cavabdeh qismində qoymadığı keçmiş əri Azər Allahverdyev tərəfindən İddiaçı1 dediklərinin hamısı yalanlanmış, onların nikahının ailəsi tərəfindən qəbul edilmədiyini, uzun müddət yaxın buraxmadıqlarını bildirərək kirayələrdə yaşadığını demişdir. Bu səbəbdən, hazırkı etiraza da qoşma edilmiş AR DİN BPQMİ-nin MAPS şöbəsinin də arayışlarından göründüyü kimi, uşaqları xx.xx.2005-il təvəllüdlü İddiaçı2 və xx.xx.2008-ci il təvəllüdlü X2 rayonunda anadan olmuşlar. Qeyd edilməlidir ki, iddiaçının keçmiş əri Azər Allahverdiyev tərəfindən iddiaçıya Ağstafa rayonunda Novruz adlı şəxsdən sənədləri olmasa da, bir ev alınmışdır. Həmin evə dair etibarnamə işə əlavə edilmişdir. Hazırkı iddianın əsasını təxminən 2007-ci ildə Azər Allahverdiyevin keçmiş arvadını Bakı şəhərinə öz üzərinə qeydiyyata salması təşkil edir. Ünvana qeydiyyatı olmaq şəxsə nikah dövründə əldə edilməyən, sabiq həyat yoldaşına aid olmayan əmlakı böldürmək səlahiyyəti vermir, iddia düzgün olmayan şəxsə (şəxslərə) qarşı qaldırılmışdır. X11 çoxdan vəfat etmişdir. Nəzərə alınmalıdır ki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azər Allahverdiyevi cavabdeh qismində qoymaqla iddiaçı artıq onunla birgə nikah dövründə əldə edilməyən və hətta ona məxsus olmayan bir əmlakı böldürmək istəyir ki, ona dair iddianın müddəti də Ailə Məcəlləsinin imperativ normasına əsasən çoxdan keçmişdir.

13. Cavabdeh X15 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli ev qardaşınındır və orada ailəsi ilə yaşayır. İddiaçı ilə 2004-cü ildə faktiki ailə qurmuşlar, sonradan bağladıqları nikah pozulmuşdur. O, iddiaçı ilə ailə qurandan sonra həmin evdə az müddətdə yaşamış, təxminən 2006-cı ildən nikahları pozulanadək kirayə evlərdə qalmışlar. O, faktiki olaraq ikinci dəfə ailə qurmuşdur və ailəsi ilə kirayədə yaşayır. Nə iddiaçının, nə də onun həmin evə heç bir hüququ yoxdur. Evin rəsmi heç bir sənədi mövcud deyil. Atası üç aya yaxındır ki vəfat etmişdir, onun ölümündən sonra da daimi olaraq qardaşı öz ailəsi ilə həmin evdə yaşayır. Həyətdə bir otaqlı və iki otaqlı ev var. Həmin ev və həyətyanı sahə bölünmüş olsa da, qardaşı ailəsi ilə orada yaşayır. Qardaşı və ailəsi ata-anasına baxdığına görə, onlar vəfat etməzdən öncə qeyri-rəsmi olaraq qardaşının övladına evi vəsiyyət etmişlər. İddiaçının həmin evdə heç bir cehiz əşyası yoxdur. Ümumiyyətlə, iddiaçı onunla qaçdığına görə ailəsi ona cehiz verməmişdir. Evdə olan əşyaları - yataq mebeli, paltaryuyan maşın və digər xırda əşyaları isə o, öz pulu ilə almışdır. Həmin əşyaları iddiaçı ilə kirayə gedən vaxtdan özləri ilə aparmışlar. Həmin evdə iddiaçıya və ona məxsus heç bir əşya yoxdur. O, iddiaçı üçün Ağstafa rayonunda, qonşu kənddə, Novruz adlı şəxsdən ona beh verərək evi almış, qalan məbləği də iddiaçıya şəxsən vermişdir ki, Novruza çatdırsın. Həmin evin elektrik işlərini özü görmüşdür. Lakin rayonda aldığı ev etibarnamə ilə satılmışdır. Atasının iddiaçıya qarşı nalayiq hərəkətləri etməsi ilə bağlı bildirir ki, atası yaşlı adam olmuş, normal gəzə bilməmişdir ki, iddiaçıya qarşı hansısa bir nalayiq hərəkət də etsin. İddiaçının dedikləri yalandır və həmin evə köçürülməsi uyğun deyildir.

14. Şahid qismində dindirilmiş X28 bildirmişdir ki, İddiaçı1 onun işçisi olmuş, 2020-ci ildə işdən çıxmışdır. İddiaçı 2023-cü il mart ayının 7-də yaşadığı evdən müvəqqəti çıxdığını bildirərək, kirayə ev tapması üçün ona zəng vurmuşdur. Mart ayının 10-da övladları və bir-iki əşyası ilə birlikdə kirayə evə köçmüşdür.

15. Şahid qismində dindirilmiş X24 bildirmişdir ki, o, ünvan 1 ünvanında Cavabdehlə qonşuluqda yaşayır. Mətanət göstərilən ünvanda qayınanası və qayınatası ilə birlikdə yaşamışdır. Lakin 2016-cı ilin mart ayında Mətanət qayınanası Sənubəri itələyib qolunu sındırmış, həmin günün axşamı isə qadın insult keçirməsi səbəbindən ağzı əyilmişdi. Mətanət o vaxtdan evdən çıxıb getmişdir. Evdə yaşadığı müddətdə xəstə qayınanasına baxmamış, qulluq göstərməmişdir.

16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(008)- 4147/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və Cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq, iddiaçının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.

18. Məhkəmə bu qənaətə gələrkən, iddiaçıların hal-hazırda ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evində qeydiyyatda olmaları halını da nəzərə almışdır. Belə olan təqdirdə, iddiaçıların ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evində yaşamalarını təmin etmək məqsədi ilə, iddia təmin edilərək, İddiaçı2 və İddiaçı1, onun yetkinlik yaşına çatmayan övladı X12 ilə birlikdə qeyd olunan fərdi yaşayış evinə köçürülməlidirlər.

19. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 180.1 və 180.2-ci madələrinə istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir.

Apelyasiya şikayətinin dəlilləri

20. Cavabdehlər Cavabdeh və X15 qətnamədən apellyasiya şikayətləri verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(008)-4147/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdirlər.

21. Cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvana qeydiyyatda olmaq bu yaşayış hüququnun olması demək deyildir. Sənədləşmə işləri üçün evə qeydiyyata salınmış, bir ailə üzvü kimi qısa bir müddətdə müvəqqəti həmin evdə yaşamış və 2016-cı ilin mart ayından etibarən isə evdən çıxaraq bir daha həmin evdə yaşamamışdır. Həmin müddətlər ərzində dəfələrlə uşaqlarla bağlı aralarında narazılıq yaranmış hətta kirayə qaldığı evə daxil olmağı ilə bağlı, yəni uşaqlarla görüşmək üçün etdiyi cəhdlərlə bağlı X27 müraciətlər etmiş, həmin müraciətlərdə də onun kirayədə qalması öz əksini tapmışdır. Bu isə özlüyündə iddiaçının şifahi olaraq təqdim etdiyi dəlilləri birbaşa təkzib edir. Lakin buna baxmayaraq məhkəmə bu halların araşdırılması üçün hərhansı cəhd göstərməmişdir. İddiaçı ilə hər-hansı şəxs tərəfindən bağlanmış yazılı notarial qaydada bağlanmış olan ərizə ümumiyyətlə mövcud deyildir. İddiaçının mənzildə qeydiyyatının olması, habelə əşyalarının mənzildə qalması mübahisəli mənzilə istifadə hüququnun yarandığı barədə nəticəyə gəlmək üçün əsas deyildir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması ilə bağlı konkret əsaslar müəyyən etmişdir ki, bu əsasların heç biri hazırki işdə mövcud deyildir. Qeyd edilməlidir ki, iddiaçı sözügedən evdə daha öncədə qeyd edilən kimi cəmi 3-4 il yaşamış, 2016-cı ildən ümumiyyətlə həmin evdə olmamış lakin buna baxmayaraq hazırda qeydiyyatda olduğu üçün istifadə hüququnun olmasını bildirərək evə köçürülmə tələb edir. Məhkəmə tərəfindən xüsusi olaraq iddiaçının tələb etdiyi evdə yaşayıbyaşamaması, evə istifadə hüququnun olub-olmaması aydınlaşdırılmadan, qanunvericilik normalarına formal olaraq istinad edilmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş X20 bildirdikləri də əsas götürülməmişdir.

22. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvana qeydiyyatı olmaq bu yaşayış hüququnun olması demək deyildir. Sənədləşmə işləri üçün evə qeydiyyata salınmış, bir ailə üzvü kimi qısa bir müddətdə müvəqqəti həmin evdə yaşamış və 2016-cı ilin mart ayından etibarən isə evdən çıxaraq bir daha həmin evdə yaşamamışdır. İddiaçıların həmin evə istifadə hüququ olmadığından köçürülmə barədə iddiaları təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiyası 43-cü maddəsi və Mülki Məcəllənin 180-ci maddəsinin tələbinə riayət edilməmiş, cavabdehlərin hüquqları pozulmuşdur. Halbuki yaşamadığını, hansı tarixdən ümumiyyətlə o ünvanda yaşadığını, hansı tarixədək yaşadığını müəyyənləşdirməmişdir. İddiaçı ilə hər-hansı şəxs tərəfindən bağlanmış yazılı notarial qaydada bağlanmış olan ərizə ümumiyyətlə mövcud deyildir. İddiaçının mənzildə qeydiyyatının olması, habelə əşyalarının mənzildə qalması mübahisəli mənzilə istifadə hüququnun yarandığı barədə nəticəyə gəlmək üçün əsas deyildir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması ilə bağlı konkret əsaslar müəyyən etmişdir ki, bu əsasların heç biri hazırki işdə mövcud deyildir. Qeyd edilməlidir ki, iddiaçı sözügedən evdə daha öncədə qeyd edilən kimi cəmi 3-4 il yaşamış, 2016-cı ildən ümumiyyətlə həmin evdə olmamış lakin buna baxmayaraq hazırda qeydiyyatda olduğu üçün istifadə hüququnun olmasını bildirərək evə köçürülmə tələb edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsivəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, İddiaçı1 mübahisəli evdə qısa müddətdə yaşamış və digər ailə üzvlərinə münasibətdə heç bir hüququ yoxdur. Çünki iddiaçı orada hər hansı bərpa və tikinti işləri aparsaydı, onlar da hesab edərdi ki, iddiaçının orada mənəvi haqqı var və ona görə də orada yaşasın. O ev illər öncə tikilmiş və ailənin istifadəsində və sahibliyində olmuşdur. Buna uyğun olaraq Ailə Məcəlləsinin 30.4-cü maddəsi ilə bağlı Ali Məhkəmənin mövqeyi var. Tərəflərin nikahı pozulub və həmin gündən bu vaxta qədər (10 ildən artıqdır) orada yaşamır. Birinci instansiya məhkəməsinin köçürmə ilə bağlı gəldiyi qənaəti tam əsassızdır. Çünki məhkəmənin istinad etdiyi maddi hüquq normaları hüquq münasibətlərinə uyğun gəlmir. O hesab edir ki, iddiaçının davamlı olaraq başqa ünvanda yaşaması və onun illər ərzində mübahisələndirməməsi ona əsas verir ki, iddiaçının başqa yaşayış yeri vardır. İddiaçıların həmin evlə bağlı heç bir bağlılıqları yoxdur, o evdə uzun müddət yaşamayıblar. Həmin ev qanunsuz tikilidir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək bildirmişdir ki, onlar Mingəçevirdə yaşayırdı. 2000-ci ildən o, Bakı şəhərinə işləmək üçün gəldi. 2 ay kirayədə qaldıqdan və müəyyən məbləğ topladıqdan sonra Mingəçevirdəki evi 4000-ə satdı. Orada onu satdıqdan sonra atası ilə gəlib 4000-ə bu evi aldılar (üzərinə 1000 dollar əlavə etmişdir). Bu evi aldıqdan sonra cavabdeh Allahverdiyev Azərlə (kiçik qardaşı) bir yerdə yaşamağa başladı. Atası onlara bildirdi ki, bir ev də tiksinlər və bir-birinin qayğısına qalsınlar. Müəyyən müddət sonra cavabdeh Azər evləndiyi qadını (iddiaçını) evə gətirdi. Onlar bu hadisədən xəbərsiz idi və ona görə dedilər ki, bu evliliyi qəbul etməyəcəklər, çünki iddiaçının nəsilnəcabətini tanımırdılar. Bundan sonra qardaşı kirayədə yaşamağa başladı. Müəyyən müddət sonra onlar öz evini tikib qurtardılar. Tərəflərin ilkin uşağı kirayədə olmuşdu. O, qardaşını işə düzətmişdi. İkinci övlad olduqdan sonra qərara gəldilər ki, gəlib yaşasınlar və gələcəkdə atasına, anasına kömək olsunlar. Tərəflər gəlib 1-2 ay yaşadıqdan sonra yola getmədilər və yenidən kirayəyə çıxdılar. Axrıncı dəfə 2016-cı ilin mart ayını 15-i (qonşu da bu hadisəyə şahiddir) iddiaçı anasını itəliyib və qolunu sındırmışdı. 2016-cı ilin mart ayını 15-i qarşı tərəf evdən çıxıb, 2018-ci ildə tərəflər rəsmi olaraq boşanıb və alimenti də cavabdeh ödəyir. Atası bu evi ona həvalə edib. Torpaq deyil, hazır ev aldı. Bir otaqlı ev almışdılar. Öz şəxsi evini nəzərdə tutur. Həmin yerdə özünə ikinci əlavə ev tikdi və ora köçmüşdü. Birinci evi atası və anası ona həvalə etmişdilər və orada onlar yaşayırdı. Valideynlərinin qaldığı evə qardaşının ailəsi köçmüşdü. Atasına və anasının qayğısına qalmadıqları və günün istənilən vaxtı problem yarandığı üçün yenidən kirayəyə köçmüşdülər. Qarşı tərəfin “gəlin kimi köçdükdə 1 otaqlı ev idi” fikri tamamilə cəfəngiyyatdır. Qarşı tərəfin “aramızıda atanın xəstə olması barədə müzakirəmiz olub” fikri tamamilə yalandır. Qarşı tərəf atasının ona qarşı qeyri-etik hərəkətlər etdiyini deyir. Bunu o bilmir və onların ailədaxili işləri olduğu üçün də qarışmamışdır. Bu halı da qarşı tərəf özü qərəzli hərəkətləri vasitəsilə yaradıb və özü boşanma ilə bağlı ərizəni məhkəməyə verib. Onlar ora 2000-2001-ci illərdə köçmüş və qeydiyyata 2003-cü ildə düşümüşlər. Özü üçün əlavə ev tikib ora köçdü və mübahisələndirilən ev atasının və anasının faktiki sahibliyində qalmışdır. 2021-ci ilin avqust ayında Dövlət Sosial Müdafiə Fondu tərəfindən keçirilən yoxlanışla bağlı onu qeyd etmişdir ki, tərəflərin övladları əziyyət çəkməsinlər deyə və sosial rifahı artırmaq məqsədilə atası və anasının yanına gəlib çəkiliş etmişdilər. Nə o, nə də atası iddiaçının qeydiyyata salınmasına razı olub. Qardaşı gələndə həmin 3 otaqlı evə gəlmişdir. Qarşı tərəfin ev tikilməsində yardım etməsi (palçıq daşıması) fikri tamamilə yalandır. Çünki həmin ev hazır alınıb. O, ikinci evi tikəndə tərəflər həmin evdə yaşamırdı. İkinci evi 2007-2008-ci illərdə tikib qurtardıqdan sonra tərəflər gəlib 1-2 ay yaşamışdılar. 2016-cı ildə isə iddiaçı ilə qardaşı rəsmən ayrılmışlar. Nikah pozulduqdan sonra kirayədə ayrı yaşadı və onu yaxınına buraxmırdı. İddiaçı isə Razində kirayədə yaşayırdı. Razində hansı ünvanda yaşadığını dəqiq deyə bilmir. İddiaçı oradan 2016-cı ildən çıxıb.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X15 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və qeyd etmişdir ki, o vaxt alınan ev qardaşına alınıb. 2004-cü ildə ailə həyatı qurmuşdur. Evdəkilər iddiaçı ilə ailə həyatı qurmalarına razı olmadıqları üçün kirayədə qaldılar, daha sonra isə Ağstafada qaldılar. Ağstafada iddiaçının anasının evində qalırdılar. Sonra pul toplayıb 4 otaqlı mənzil aldılar. 2010-cu ildə uşağın oxuması üçün Bakıya gəldilər. Valideynlərinin yanında təxminən 2 ay qaldılar. Qarşı tərəfin “1 otaqlı evi bir yerdə gəlmişik, tikmişik və yaşamışıq” fikri böhtandır. Mübahisələndirilən 3 otaqlı evi qardaşı atasıgillə bir yerdə Mingəçevirdəki evi satdıqdan sonra 4000 manata aldı. Qardaşı neft şikətində işləyirdi deyə burada kirayədə qalırdı. Sonra qardaşı Mingəçevirdəki evi satıb Sabunçuda yerləşən 3 otaqlı mənzili aldı. Qardaşı onlarla bir yerdə yaşayırdı. Sonradan atası qardaşına ev tikməyini məsləhət gördü. Yoldaşı atasına-anasına baxmayıb və uşaqlarla bir yerdə kirayədə qalmışdılar. 5-6 il Ağstafada yaşamışdılar və daş karxanasında qaynaqçı kimi işləyirdi. Bakıya gəldikdən sonra bir müddət kirayədə yaşadılar, 2-3 ay evdə qaldıqdan sonra yenidən dava, sözsöhbət kimi problemləri yarandı və 2016-cı ildə tam ayrıldılar. 2021-ci ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılan baxışın səbəbi o idi ki, atası nəvəsinin sosial yardım alması üçün icazə vermişdi ki, evə baxış keçirilsin. 2021-ci il tarixli müayinə aktı ilə bağlı bildirir ki, Sosial Müdafiə Nazirliyindən onların evinə gəlməyiblər. Hazırda həmin mübahisəli evdə yaşamır. Həmin ərizəni o yazmamışdır, o, sadəcə olaraq imza etmişdir. Qarşı tərəf özü yazıb imza çəkdirmişdir, o özündə olmamışdır. Ərizə əsassdır. Qarşı tərəf 2016-cı ildən həmin evdən çıxmışdır.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 nümayəndəsivəkili Vəkil4 bildirmişdir ki, 2016-cı ildən iddiaçı həmin evdə yaşamamışdır, həmin tarixdən sonra ayrı-ayrı evdə yaşamışlar. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 (həm də İddiaçı2 nümayəndəsi olaraq) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və bildimişdir ki, mübahisəli evdə yaşayıb. Sosial Yardımdan onun və övladının həmin evdə yaşamağı barədə evə yoxlanış gəlib. O, 2004-cü ildə evə gəlin köçmüş və həmin vaxt ev 1 otaqlı ev olub. O, gəlin köçəndə Cavabdeh və onların evi ayrı idi. Qayınatası vəfat etdikdən sonra həyat yoldaşı dedi ki, evin açarını Cavabdeh götürsün. O, gəlin kimi evə gələndə bir otağı hazır idi. Cavabdeh evi isə yarımçıq tikilmişdir (pəncərə, qapısı və şifri qoyulmamışdır). Daha sonra üç otaq artırdılar. Otaqları həyat yoldaşı öz qazancı ilə artırmışdır. Otaqların həyat yoldaşı tərəfindən artırılması barədə hər hansı sübutu yoxdur. 2017-ci ildə həyat yoldaşı xəyanət üstündə məhkəməyə boşanma haqqında iddia verdi və ayrıldılar. Qayınatası onu evdən qovmadı. Həyat yoldaşı qızıllarını satıb Rusiyaya getdi. Həm qayınatası, həm də qayınanası balaları olduğu üçün evdə qalmağını dedilər. 2023-cü ildə qayınanası vəfat etdikdən sonra qayınatası artıq hərəkətlər (əl-qol) etməyə başladı. O, həyat yoldaşına səhər saat 6-dan işə getdiyini, evdə qız uşağını tək qoyduğu, qorxuduğunu bildirdikdə həyat yoldaşı ona dedi ki, kirayəyə çıx və gəlib-gedəcək. Həyat yoldaşı 5 mərtəbəli binada ona kirayə mənzil tutdu, kirayə haqqını ödəyirdi və gəlib-gedirdi. Yanvar ayından onlar kirayədə yaşayırdı. Ağstafada olan mülklə bağlı onu qeyd etmişdir ki, o mülk anasına məxsusdur və orada onun hər hansı mülkü yoxdur. Boşandıqdan sonra kirayə qaldığı mənzildə heç 2 ay qalmamışdılar və qayınanası və qayınatası onu geri qaytardılar. Axrıncı dəfə o evdən 2023-cü ildə çıxmışdır. Sosial yardımdan evinə gəlib baxış keçirilmişdir. Baxış sosial yardım almaq üçün keçirilmişdir. Sosial yardımdan bildirdilər ki, ona sosial yardım düşmür. Müvəqqəti yaşamağı cavabdeh Azər (yoldaşı) ona deyib. Cavabdeh Taleh (qayının) atasının xəstə olduğunu dedikdən sonra məcburiyyətdən o, evdən çıxmalı oldu. Həmin evdə 2004-cü ildən 2023-cü ilin mart ayına kimi yaşamışdır. CD diskdə onun ad günüdür. Video keçən il çəkilmişdir.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1 bildimişdir ki, əvvəlki məhkəmə iclasında qarşı tərəf bildirmişdir ki, 2004-cü ildə ailə həyatı qurulub və 2016-cı ildə çıxıb. Amma onlar məhkəməyə Sosial Müdafiə Fondunun baxış keçirməsi ilə bağlı sənəd təqdim etmişlər. Hətta onlar məhkəməyə disk təqdim etmişlər və burada, yəni həmin evdə ad günü keçirildiyi qeyd olunub. İddia tələbində qanunun normasına istinad olunmayıb, məhkəmənin öz iradəsinə həvalə etmişlər. Mübahisəli ev özbaşına tikildir, həmin evə heç kim sahiblik etmir. Ərizə ilə bağlı bildirmişdir ki, 24 apreldə o, işdə yox idm, işə gələn zaman gördü ki, hər ikisi iş yerinin qarşısına sevinə-sevinə gələrək barışdıqlarını bildirdilər. Azər ona bildirdi ki, ərizə yazmaq istəyirlər, birinci o, bundan imtina etdi və notariusda yazmağı təklif etdi. Azər əsəbləşdi və dedi ki, notariusa pul vermək lazımdır? Dedi, bəli, lazımdır. Azər dedi ki, pulu yoxdur. O da ərizəni yazdı, Azər oxudu və imzaladı və sonra çıxıb getdi. Daha sonra Azər səhəri gün ona zəng vurdu və dedi ki, ərizədən imtina edir, sərxoş olub. Onun Azərin sərxoş olmasından xəbəri olmayıbdır, hiss etməyib. İddiaçı həqiqətən mübahisəli evdə qaynatası rəhmətə gedənə qədər orada yaşayıbdır. İş materiallarında Əmək və Əhalinin Sosial Müdafiə Fondunun 2021-ci il tarixli mübahisəli evə baxış protokolu vardır, əgər tərəf həmin evdən 2016-cı ildə çıxmışdırsa, bəs necə olur ki, 2021ci il tarixində həmin evə baxış keçirildi.

Apellyasiya baxışının hədləri

30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 31.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 33.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən və həm də mübahisənin predmetinin bölünməz olduğundan kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

34.Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 35.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

36.11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 37.157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və yamüqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 38.158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 39.180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40.2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 41.9.1-ci maddəsinə əsasən, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəhallarda məhkəmə qaydasında həyata keçirilir. 42.30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 43.30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşmayoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 44.30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqarazılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

45.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

46. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 47.217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası apellyasiya şiakyətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. 49.İddiaçının istinad etdiyi hallara görə, o, cavabdeh X15 ilə xx.xx.2004-cü ildə ailə qurmuş, nikahlarını bir aydan sonra qeydiyyata aldırmışlar. Həmin vaxtdan ünvan 1-də yerləşən, 2 saylı evə gəlin köçüb orada yaşamağa başlamışlar. Həmin evdə iki uşağı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2008-ci il təvəllüdlü X12 doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-4515/2017 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqların onun yanında qalması müəyyən edilmişdir. Onun ərindən boşanmasına baxmayaraq, uzun illərdir ki, həmin evdə yaşamağa davam etmişdir. 50.Mübahisəli evdən çıxması ilə əlaqədar iddiaçı iddia ərizəsində qayınatası vəfat etməmişdən iki ay əvvəl qaynı - Cavabdeh ona atası ağır xəstə olduğu üçün müvəqqəti olaraq kirayə ev tutulması, bir müddət uşaqlarla həmin evdə qalmasını təklif etdiyini bildirmişdir. İddiaçı daha sonra isə ziddiyətli izahat verərək, əslində qayınatasının ona qarşı etdiyi qeyri-etik hərəkətləri barəsində keçmiş həyat yoldaşına dediyini, sonuncunun da ona kirayə ev tutub yaşamağı təklif etdiyini bildirmişdir. İddiaçının istinad etdiyi halların şahid ifadələri, videoyazı və Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2021ci il tarixli arayışla təsdiq edildiyini bildirmişdir.

51. Cavabdehlər isə iddiaçının sənədləşmə işləri üçün evə qeydiyyata salındığı, bir ailə kimi qısa bir müddətdə müvəqqəti həmin evdə yaşadığını və 2016-cı ilin mart ayından etibarən isə evdən çıxaraq bir daha həmin evə qayıtmadığını, həmin evdə əvvəldən valideynlərinin yaşadıqlarını bildirmişlər.

52. Beləliklə, işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə sözügedən ünvanda iki özbaşına tikili mövcuddur. İddiaçı qayınatasına məxsus olması iddia edilən tikilidə müəyyən müddət ərzində ailəsi ilə birlikdə yaşayırdı. Cavabdehlər iddiaçının keçmiş əri və qayınıdır. Mübahisəli ünvanda yerləşən ev iddiaçı ilə əri-cavabdehin birgə nikah dövründə inşa edilməmiş, onlar hazır tikiliyə (mübahisəli tikiliyə) köçərək orada yaşamışlar. Hazırda tərəflərin barəsində fərqli məzmunlu izahat verdikləri hal iddiaçının iddia etdiyi evə köçməsi və bu evdən çıxması tarixləri ilə əlaqədardır. İddiaçının dediyinə görə, o, nikaha daxil olduğu tarixdən 2023-cü ilə qədər orada uşaqları ilə birlikdə yaşamış, cavabdehlər isə, iddiaçının 2016-cı ilin mart ayınadək 3-4 il ərzində orada yaşadığını qeyd etmişlər. İddiaçılar mübahisəli tikiliyə ailəvi şəkildə (cavabdeh istisna olmaqla) köçürülməsini tələb edirlər.

53. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, Cavabdeh (qayını) yaşayış sahəsindən istifadə etdiyini, belə olan halda iddiaçının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququnun olduğunu, əks yanaşma, yəni iddiaçının evə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsi ilə nəticələnəcəyini qeyd etmişdir.

54. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi tərəflərin, yəni iddiaçıların və mübahisəli tikilidə yaşayan cavabdehin həmin tikiliyə münasibətdə bərəbər hüquqlu olduqlarını qeyd etmiş, lakin iddiaçının tikintinin aparılmasında iştirak etməməsinə, tikiliyə sərf edilmiş vəsaitin ona və ərinə məxsus olmamasına əhəmiyyət verməmişdir.

55. Halbuki iddiaçının özbaşına tikiliyə köçürülməsi məsələsinə qiymət verərkən, məhkəmə onun həmin tikilinin inşa olunmasında əməyi və zəhməti olub-olmamasını, ailə münasibətlərinə rəsmi olaraq xitam verildiyi tarixdən sonra mübahisəli evə köçürülməsinin tələb edilməsi üçün istinad etdiyi normanın dispozisiya şərtləri ilə işin faktiki hallarının üstüstə düşüb-düşməməsinə münasibət bildirməli idi.

56. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub-olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

57. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması ilk öncə həmin hallara istinad edən iddiaçının birbaşa vəzifəsidir. Onun istinad etdiyi hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı olmayan kimi məhkəmə tərəfindən rədd edilməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

58. Mübahisəli özbaşına tikilinin iddiaçının qayınatasına məxsus olması, iddiaçının həmin ünvana ev hazır olarkən köçməsi işin müəyyən olunmuş hallarına aid olsa da, İddiaçı1 həmin evə 2004-cü il tarixdə köçdüyünü mötəbər sübutları təqdim etməklə təsdiq edə bilməmişdir. İddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”ın mövcud olması onun mübahisəli tikiliyə münasibətdə hər-hansı hüququnun yaranması anlamına gəlmir. Kollegiya həmçinin X6 etirafedici ərizəsini mötəbər sübut kimi qəbul etmir və bu ərizənin iddia tələblərinin əsaslı olub-olmamasını müəyyən edən faktlarla və hallarla əlaqədar olmadığını qeyd edir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının ailəsi ilə birlikdə 2016-cı ilin mart ayınadək 3-4 il əvvəl (2012-2013) köçdüyünü qəbul edir.

59. Bununla əlaqədar məhkəmə kollegiyası özünün bildirdiyinə görə də digər cavabdeh-əri ilə ailə münasibətlərinə faktiki olaraq 2016-cı ildə xitam verildiyini, bu cavabdehin mübahisəli evdə həmin tarixdən sonra və hal-hazırda da yaşamadığını, iddiaçıların yaşayış sahəsinin “sahibi” (hazırki halda özbaşına tikilinin sahibi-qayını) ilə yaxın ailə münasibətlərində olmadığını nəzərə alır və keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək hüququ ilə bağlı münasibətlərini analoqiya üzrə tənzimləyən (Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələblərinə uyğun olaraq) Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edir.

60. Belə ki, həmin maddədə göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi həmin maddədə göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi (hazırki halda özbaşına tikilinin faktiki sahibi) ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir.

61. Apellyasiya instansiyası məhkəməsi də Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri əsasında iddianı təhlil edərək qeyd etməyi zəruri sayır ki, İddiaçı1 evin hazırki sahibi Cavabdeh qardaşının keçmiş arvadıdır. Eləcə də iddiaçı, əri ilə ailə münasibətləri pozulduqdan sonra qayınatasının da ailə üzvləri sırasına daxil deyildir. Cavabdeh X6 (ərinin) 2016-cı ildən sonra mübahisəli evlə hər hansı əlaqənin mövcud olması müəyyən edilməmişdir. Onun bu ünvanda 2016-cı ildən sonra yaşamaması işin mübahisələndirilməyən halıdır.

62. Məhkəmə kollegiyası digər İddiaçı2 və bacısı - yetkinlik yaşına çatmayan X7 münasibətdə də eyni qənaətə gəlir. Belə ki, onlar da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” dairəsinə, yəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər dairəsinə aid deyillər.

63. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

64. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan iddiaçıların və məhkəmə qətnaməsi ilə İddiaçı1 himayəsinə verilmiş övladı X4 Cavabdeh münasibətdə “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyillər, mübahisəli ünvana atasından sonra sahiblik edən Cavabdeh onları saxlamaq vəzifəsi qanunvericiliyə əsasən müəyyən olunmamışdır.

65. Məhkəmə kollegiyası 3 illik iddia müddətinin tətbiqinə dair ərizə ilə əlaqədar qeyd edir ki, hazırki halda mübahisə ər-arvadın ümumi əmlakının bölünməsi barədə yox, evə köçürmə ilə bağlıdır. Digər tərəfdən, iddiaçıların subyektiv hüquqlarının pozulması hazırda müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddiadan imtina barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır.

66. Beləliklə yuxarıda qeyd edilənlər ona dəlalət edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

68. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

69. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

70. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 71.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4147/2023 saylı 28 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və X8 qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar