Məhkəmə qərarları › İş №2(103)-1883/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1883/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1883/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(008)-3066/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan 1 ədəd klon, 21 dəst sırğa, üzük, qolbaq və boyunbağının yaxud bu qızılların dəyəri olan 50000 (əlli min) manat pulun, həmçinin məndən əlavə olaraq nəğd aldığı 13000 (on üç min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o işlədiyi üçün uşaqlarına baxıcı lazım olduğundan Rəfiqə adlı bir xanımı razılaşma əsasında uşaqlarına baxıcı götürmüşdür. O, Cavabdeh da uşaqlarının baxıcısı Rəfiqə vasitəsilə tanımışdır. Belə ki, Cavabdeh Rəfiqənin gəlinidir və bir neçə dəfə onların evinə də gəlmişdir. Bir dəfə Nigar onların evinə gələndə söz açdı ki, özünə məxsus qızıllarını satmaq istəyir. Həmçinin Nigar bildirdi ki, onun qızılı yüksək qiymətə alan tanışları da var. Həmin vaxtlar onda olan qızıllarını satmaq pula çevirmək ehtiyacı var idi. O, qızıllarının Nigar tərəfindən satılmasına razılaşmışdır. 2016-cı ilin iyun ayında yaşadığı ünvan 1 ünvanında bacısı Leylanın iştirakı ilə Nigara bir cüt sırğa, üzük, qolbağ və boyunbağından ibarət dəst vermişdir. Nigar ona bu qızıllara görə 400 manat beh vermişdir. Bildirmək istəyir ki, qeyd etdiyi dəstin qiyməti həmin dövr üçün 3500 manat dəyərində qiymətləndirilirdi. Lakin Nigar bu qızılların pulunu vermədiyi üçün altı ay sonra o tələb etmişdir ki, həmin qızılları qaytarsın. Nigar qızılları qaytardı və onda onun verdiyi 400 manat behi Nigara qaytarmışdır. Bundan sonra 2016-cı ilin dekabr ayında yaşadığı evdə Nigara bir cüt sırğa, üzük, qolbaq və boyunbağından ibarət iki dəst vermişdir. Bu iki dəstin qiymətini 5000 manat qiymətləndirərək Nigara vermişdir. Nigar bu qızıllara görə ona 250 manat beh vermişdir və demişdir ki, hər ay ona müəyyən qədər pul verəcək. Sonradan ikinci dəfə yenə öz evində Nigara bir cüt sırğa, üzük, qolbaq və boyunbağından ibarət iki dəst vermişdir. Bu dəfəki iki dəsti 3500 dəyərində qiymətləndimişlər və Nigar ona 250 manat beh vermiş, demişdir ki, hər ay ona müəyyən məbləğdə pul qaytaracaq. Bundan sonra üçüncü dəfə 2017-ci ilin yanvar-fevral aylarında yoldaşı Gündüz Bakıxanov qəsəbəsində Nigara bir cüt sırğa, üzük, qolbaq və boyunbağından ibarət iki dəst vermişdir. Bu iki dəsti 2000 manat dəyərində qiymətləndirmişlər. Sonrakı dördüncü dəfə 2017-ci ilin fevral ayında yoldaşı Gündüz Nigara onun Bakıxanov qəsəbəsində yaşadığı evin qarşısında bir cüt sırğa, üzük, klon və boyunbağı vermişdir. Həmin qızıllar 1000 manat dəyərində qiymətləndirilərək verilmişdir. Bundan sonra beşinci dəfə, yəni 2017-ci ilin mart ayında yoldaşı Gündüz Nigarın Bakıxanov qəsəbəsində yaşadığı evin qarşısında Nigara bir cüt sırğa, üzük, qolbaq və boyunbağından ibarət bir dəst vermişdir. Bu qızıllar 1500 manat qiymətləndirilərək verilmişdir. Sonradan altıncı dəfə, yəni 2017-ci ilin mart ayında yaşadığı ünvanda Nigara bir cüt sırğa, üzük qolbaq və boyunbağından ibarət iki dəst vermiş. Bu iki dəst 4000 manat dəyərində qiymətləndirilərək Nigara vermişdir. Nigar yenə qeyd etdi ki, hər ay müəyyən məbləğdə ona pul verəcəkdir. Bundan sonra, yəni yeddinci dəfə 2017-ci ilin aprel ayında yaşadığı evdə Nigara bir cüt sırğa, üzük qolbaq və boyunbağından ibarət iki dəst vermişdir. Bu iki dəsti 4000 manat qiymətləndirərək vermişdir. Yenə Nigar ona söz vermişdir ki, bu qızıllara görə hər ay müəyyən məbləğdə ona pul verəcəkdir. Sonradan yəni səkkizinci dəfə 2017-ci ilin iyun ayında yenə yaşadığı ünvanda Nigara bir cüt sırğa, üzük, qolbaq və boyunbağından ibarət üç dəst qızıl vermişdir. Bu üç dəst 3500 manat dəyərində qiymətləndirərək Nigara vermişdir. Yenə Nigar söz vermişdir ki, hər ay üçün pulunu qaytaracaqdır. Sonrakı doqquzuncu dəfə, yəni 2017-ci ilin iyul ayında yaşadığı evdə Nigara bir cüt sırğa, üzük qolbaq və boyunbağından ibarət üç dəst qızıl vermişdir. Bu üç dəsti 1500 manata qiymətləndirərək Nigara vermişdir. Yəni Nigar söz vermişdir ki, hər ay pulundan qaytaracaq. Sonuncu dəfə, yəni 2017-ci ilin avqust ayında yaşadığı evdə Nigara bir cüt sırğa, üzük, qolbaq və boyunbağından ibarət üç dəst qızıl vermişdir. Bu üç dəst 2000 manat məbləğində qiymətləndirərək vermişdir. Yenə Nigar hər ay pul verəcəyini vəd etmişdir. O, Nigara inandığı və Nigarınona qarşı qarşı pis bir niyətinin olmamasını zənn edərək bütün bunları etmişdir. Bundan əlavə o Nigara hissə-hissə13000 manat borc pul da vermişdir. Belə ki, Nigar onun ürəyi yumşaq bir insan olduğunu bildiyindən bu pulları müxtəlif bəhanələr uydurmaqla ondan almışdır. Onu da qeyd etməlidir ki, Nigar hər dəfə ondan qızıl götürərkən 200-300 manat məbləğində ona beh vermişdir. Ancaq ondan alıb satdığı qızıllara görə ona hər ay pul vermək vədini yerinə yetirməyərək onu aldatmış və ona böyük məbləğdə maddi ziyan vurmuşdur. Qeyd edir ki, qızıl dəstlərinə görə qeyd etdiyi qiymət təxminidir və bu qiymət ümumilikdə 45000-50000 manat dəyərindədir. Ümumilikdə Nigar 50000 manat qızıla görə, 13000 manat isə nağd aldığı pulu ona qaytarmalıdır. Bildirmək istəyir ki, o qızılları Nigara verərkən o həm qızılları satıb pulunu ona qaytarmamış, həm də onun qızıllarını öz rəfiqələrinə kirayə verərək onlardan da pul almışdır. Ona görə də bu qızıllar bu qayda ilə yığılaraq Nigarda qalmışdır. Həmçinin Nigar bu qızılları satmaqla özünə qazanc da əldə etməli idi. Onu da qeyd etmək istəyir ki, əgər Nigar əvvəllər qızılları satmaq üçün ondan götürürdüsə, sonradan ondan aldığı qızılları kirayə vermək məqsədilə götürdüyünü bildirir. Nigar ona cüzi miqdarda pul veribsə (beh kimi) bu da həmin kirayə pullarının müəyyən bir hissəsi olmuşdur. Yəni fikir aydınlığı üçün qeyd etmək istəyir ki, Nigar qızılların xeyli hissəsini kirayə verəcəyi adı ilə ondan aldığı üçün onda bu qədər qızıl yığılıb qalmışdır və bu günədək Nigar nə nağd aldığı pulu, nə də qızılları qaytarmaq istəmir. Bunu əsas götürərək o, qızıl-zinət əşyalarının Nigardan alınaraq özümə qaytarılması məqsədilə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət etmişdir. Orada işə baxılmayaraq materiallar ərazi aidiyyəti üzrə Nizami RPİ-yə göndərilmiş və burada xx xxx 2018-ci il tarixli qərar qəbul edilmişdir. Onun bu iş üzrə şahidləri ilə bərabər həmçinin cavabdehin ondan qızıl dəstləri alması barədə qəbzi də vardır. Həm qəbzin varlığı, həm də şahidlərin dindirilməsi işə daha da aydınlıq gətirəcəkdir. Cavabdeh onun onunla razılaşması əsasında ona tapşırdığı işləri vicdanla yerinə yetirməmiş və nəticədə ona külli miqdarda zərər vurmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(008)- 3066/2019 saylı qətnaməsi ilə (hakim İmran Burcayev) iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı məxsus olan 1 ədəd klon, 21 dəst sırğa, üzük, qolbaq və boyunbağı yaxud bu qızılların dəyəri olan 50000 (əlli min) manat pulun İddiaçı qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin tam və hərtərəfli araşdırılmaması, işə onun iştirakı olmadan baxılması, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının nədən ibarət olmasının, yəni çəkisi, əyarı, dəyərli qaşlarının olub-olmamasının müəyyən edilməməsi, bu istiqamətdə sübutlar təqdim olunmaması, qiymətləndiricinin rəyinin fotoşəkillər əsasında verilməsi, fotoşəkillərdən isə qızılların çəkisinin, əyarının və s. müəyyən olunmaması, iddaçı tərəfindən qızılların qiyməti ilə bağlı müxtəlif qiymətlərin göstərilməsi, polisə şikayət edilən zamanı 35000-40000 manat qeyd edilməsi, iddia ərizəsində isə 45000-50000 manat tələb olunması, eyni zamanda iddia ərizəsində göstərilən qızılların qiymətlərinin sadə riyazi üsulla hesablanmaqla 27500 manat (verilmiş beh məbləğləri çıxılmaq şərti ilə) təşkil etməsi, qəbzin təzyiq altında yazılması, iddianın əsassız olması və s. kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş,əlavə olaraq göstərmişlər ki,cavabdehin qaynanası iddiaçının uşağına baxmış,cavabdeh həmin dövrdə iddiaçının evinə gedibgəlmiş,beləliklə münasibətləri yaranmışdır. Cavabdeh iddiaçıdan faizə pul götürmüş,bir müddət ödəniş etmiş,lakin sonradan maddi vəziyyəti ilə bağlı ödənişləri həyata keçirə bilməmişdir.Həmin vaxtı iddiaçı qızıllarının olmasını,onları satmaq istəməsini bildirmiş,cavabdeh də tanışları vasitəsilə qızılları baha qiymətə sata biləcəyini demişdir.Aralarında olan razılaşmaya əsasən hər qızılın satılmasına görə iddiaçı cavabdehə pul verəcəyini (hörmət edəcəyini) də demişdir.Cavabdeh iddiaçıdan bir-neçə dəst qızıl götürmüş,onların bir hissəsini sataraq pulunu iddiaçıya vermiş,bir hissəsini sata bilmədiyindən iddiaçıya qaytarmış,bir hissəsini isə naməlum şəraitdə itirmişdir.Cavabdeh bu barədə polisə verdiyi izahatında ətraflı göstərmişdir. Ondan sonra iddiaçıdan qızıl almamışdır.İddiaçının onda hər hansı qızılı yoxdur.İtirdiyi qızılların pulunu iddiaçıya ödəyə bilər,lakin iddiaçının tələb etdiyi 50000manat reallığa uyğun deyildir. İtirdiyi qızılların dəyərini polisə verdiyi ilkin izahatında 10000manat, sonrakı izahatında isə dəqiqləşdirərək 4000 manat kimi qeyd etmişdir. Əgər cavabdeh həqiqətən götürdüyü qızılları qaytarmamışsa və ya satdığı bəzi qızılların pulunu verməmişsə, o zaman iddiaçı nəyə görə ardı-ardına cavabdehə yeni qızıllar verirdi. Əslində isə məsələ iddiaçının bildirdiyi kimi olmamışdır. İddiaçı cavabdehə qərəzli olaraq belə bir iddia vermişdir. Çünki, iddiaçı hesab edir ki, ailəsinin dağılmasında cavabdehin təqsiri vardır, lakin iddiaçı yanılır. İddiaçının şikayəti üzrə polisdə aparılan araşdırma zamanı da dəfələrlə izahatlar verilmiş, cavabdeh həmin izahatların heç birində iddiaçının bildirdiklərini təsdiq etməmişdir. İddiaçı iddia ərizəsindən qızılların həyat yoldaşı tərəfindən cavabdehə verilməsini göstərsə də, sonuncunun şahid qismində ifadəsindən məlum olur ki, o yalnız bir dəfə cavabdehə qızılzinət əşyalarını vermişdir. Göründüyü kimi, iddiaçı ziddiyyətli hallara əsaslanmaqla formal tələb irəli sürmüşdür. Hesab edirlər ki, iddia tam əsassızdır, bu səbəbdən də rədd olunmalı idi. Məhkəmənin yalnız fotoşəkillərə əsasən qızılların mövcudluğunu və onların qiymətini müəyyən etməsi onlara aydın deyildir. İddiaçının da izahatından məlum olur ki, işdə olan bir çox fotoşəkillərdə öz əksini tapmış qızıl-zinət əşyaları iddiaçının özünün deyil, oxşar qızılların şəkilləri olmuşdur. Yəni, iddiaçı hansısa qızılların şəkillərini çəkərək həmin qızılların cavabdehə verilməsini iddia etmişdir. Qiymətləndirmələr də məhz başqa qızılların fotoşəkilləri əsasında formal olaraq aparılmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərlənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təimn olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qisməntəmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (yəni, iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın təmin olunan hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə cavabdehin əvvəldən bir-birini tanıması, yəni cavabdehin iddiaçının uşaqlarının baxıcısı olmuş Rəfiqə adlı şəxsin gəlini olması, həmin dövrdə iddiaçının evinə gedib-gəlməsi, beləliklə aralarında şəxsi münasibətlərin yaranması işin mübahisə olunmayan hallarıdır. İddiaçının yoxlanılan hissədə tələbinə görə – cavabdehlə şəxsi münasibətləri yarandıqdan sonra ona satılması üçün müxtəlif tarixlərdə (təqribən 2016-cı ilin dekabr ayından – 2017-ci ilin avqust ayınadək) hissə-hissə 50000 manat dəyərində qızıl-zinət əşyaları vermiş, lakin cavabdeh həmin əşyaları qaytarmamış və ya dəyərini ödəməmişdir. Cavabdeh isə etirazının əsası kimi – cavabdehdən müəyyən qədər (lakin iddia tələbində göstərilən sayda və qiymətdə deyil) qızıl-zinət əşyaları götürlməsini etiraf etmiş, lakin onların bəzilərini qaytarmasını, bəzilərinin isə satılaraq dəyərinin ödənilməsini, bəzilərinin isə itirilməsini göstərmişdir. İddiaçı cavabdehə verilməsini iddia etdiyi qızıl-zinət əşyalarının fərdi xüsusiyyətləri (əyarı, çəkisi və s.) barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, sadəcə müəyyən fotoşəkillər təqdim etmişdir. Eyni zamanda, iddiaçı izahatında təqdim etdiyi fotoşəkillərin bəzilərində öz əksini tapmış qızıl-zinət əşyalarının cavabdehə faktiki verdiyi əşyaların deyil, onların oxşarlarının olmasını bildirmişdir. İddiaçı sübut kimi, həmçinin cavabdeh tərəfindən sadə yazılı formada tərtib edilmiş qəbz təqdim etmişdir. Həmin qəbzdə cavabdehin iddiaçıdan 20 dəst qızıl götürməsi barədə qeyd aparılmışdır. Cavabdeh apellyasiya şikayətində qızıl-zinət əşyalarının dəyərinin onların çəkisi, əyarı və s. fərdi xüsusiyyətləri müəyyən olunmadığı halda, yalnız mötəbər olmayan fotoşəkillərə əsasən müəyyən olunmasını göstərmişdir. Cavabdeh etirazında eyni zamanda, iddiaçının qızıl-zinət əşyalarının dəyəri ilə bağlı müxtəlif qiymətlər göstərməsini (polisə şikayət edilən zamanı 35000-40000 manat, iddia ərizəsində 45000-50000 manat göstərilməsi və s.) qeyd etmişdir. Bununla yanaşı, cavabdeh iddiaçıdan 20 dəst qızıl götürməsi barədə qəbzi məcburiyyət qarşısında yazmasını bildirmiş, həmin qəbzdə qızılların nədən ibarət olmasının və onların qiymətlərinin öz əksini tapmamasını bildirmişdir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, yəni konkret olaraq hansı sayda, çəkidə, əyarda və s. fərdi xüsusiyyətli qızıl-zinət əşyalarını cavabdehə verməsini, lakin cavabdehin həmin əşyaları qaytarmamasını və ya dəyərini ödəməməsini sübut etmək yükünü daşıyır. İşdən görünür ki, iddiaçının analoji şikayəti üzrə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində, sonra isə Nizami rayon Polis İdarəsində araşdırma aparılmış, nəticədə Nizami rayon X4 Şöbəsinin xx xxx 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən tələb olunaraq qeyd edilən rədd materialına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçı xx xxxxxx 2017-ci il tarixli şikayət ərizəsində cavabdehin ondan satmaq adı ilə 35000-40000 manat dəyərində qızıl-zinət əşyalarını almasını, lakin nə qızılların, nə də onların satış pulunun ona verilməməsini göstərmişdir. Cavabdeh xx xxxxxx 2017-ci il tarixli izahatında göstərmişdir ki, iddiaçını təxminən 6 ildir tanıyır, maddi ehtiyacı olduğundan iddiaçıdan bir il əvvəl 30 faizə 4000 manat borc pul götürmüş, hər ay 1200 manat faiz vermiş, lakin pulu qaytara bilməmiş, razılaşmışlar ki, iddiaçıya məxsus qızıl-zinət əşyalarını baha qiymətə satacaq, beləliklə borcu bağlanacaq. O, iddiaçıdan 15000 manat dəyərində qızıl-zinət əşyalarını götürmüş, onların bir hissəsini sataraq iddiaçıya 2000 manat pul ödəmiş, sata bilmədiyi 5 dəst qızıl-zinət əşyalarını iddiaçıya qaytarmış, qalan 10000 manat dəyərində qızılları isə itirdiyindən qaytara bilməmişdir (cavabdeh sonrakı izahatında itirdiyi qızılların qiymətini 4000 manat kimi qeyd etmişdir). İddiaçı iddia ərizəsində cavabdehə ilk dəfə verdiyi qızıl-zinət əşyalarının ona qaytarılmasını göstərmişdir. Göründüyü kimi, cavabdehin qızıllaran bir hissəsinin qaytarılması ilə bağlı verdiyi izahatı ilə iddiaçının iddia ərizəsində göstərdiyi analoji hal üstüstə düşür. İddiaçı iddia ərizəsində həyat yoldaşı Gündüz Vəliyev vasitəsilə 3 dəfə (2017-ci ilin yanvar-fevral və mart aylarında) müxtəlif tarixlərdə cavabdehə qızıl-zinət əşyalarının verilməsini göstərsə də, X5 istər polisdə verdiyi izahatında, istərsə də apellyasiya baxışında şahid qismində verdiyi izahatında cavabdehə yalnız bir dəfə bağlamada qızılzinət əşyaları verdiyini, eyni zamanda iddiaçının ümumilikdə cavabdehə nə qədər, hansı məbləğdə qızıl verməsindən məlumatlı olmamasını göstərmişdir. Beləliklə, işin faktiki faktiki hallarına əsasən müəyyən olunur ki, tərəflər arasında şəxsi tanışlıq münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə fərdi xüsusiyyətləri (çəkisi, əyarı və s.) dəqiq müəyyən olunmayan müəyyən sayda qızıl-zinət əşyaları verilmişdir. Cavabdeh tərəfindən həmin əşyaların bir hissəsi satılaraq pulu iddiaçıya ödənilmiş, bir hissəsi naturada qaytarılmış, 10000 manat dəyərində qızıl-zinət əşyası isə itirilmişdir. Qeyd edildiyi kimi, cavabdeh iddiaçıdan aldığı qızıllardan 10000 manat dəyərində hissəsini itirməsini Sabunçu rayon Polis İdarəsində verdiyi izahatında etiraf etmişdir. Cavabdeh sonrakı izahatında 4000 manat dəyərində qızıl-zinət əşyasını itirməsini qeyd etsə də, məhkəmə kollegiyası cavabdehin əvvəlki izahatını mötəbər sübut kimi nəzərə alır. Cünki, cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdeh itirilmiş qızıl-zinət əşyalarının dəyərinin iddiaçıya ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi isə işin faktiki halları tam müəyyən etməmiş, sübutları düzgün qiymətləndirməmiş, yalnız iddiaçının təqdim etdiyi mötəbərliyi müəyyən olunmayan fotoşəkillərə əsasən qızılları qiymətləndirmiş, nəticədə iddianı yoxlanılan hissədə təmin etmişdir. Məhkəmə kollegiyası qızılların dəyərinin müəyyən olunması istiqamətində verilmiş rəyləri digər sübutlarla birlikdə qiymətləndirərək mötəbər hesab etmir (qeyd edildiyi kimi, rəylər yalnız fotoşəkillərə əsasən verilmiş, fotoşəkillərdə əksini tapmış qızılların bir hissəsi onların oxşarı olmuş, eyni zamanda cavabdehə verilmiş qızılların fərdi xüsusiyyətləri müəyyən olunmamışdır). Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı sübutetmə yükünü tam həyata keçirə bilməmiş, məhkəməyə mötərəbr (əsaslı şübhə yeri qalmayan) sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh itirdiyi qızıllara görə 10000 manat pul vəsaitini iddiaçıya ödəmək öhdəliyini daşıyır. Bu səbəbdən də iddia yoxlanılan hissədə qismən təmin olunmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə,məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təminolunmalı,birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin olunan hissəsində ləğv edilməli,iddia həmin hissədə qismən təmin olunmalı,cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 10000manat müəyyən olunmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı 100 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(008)-3066/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(008)- 3066/2019 saylı qətnaməsi qismən, yəni iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iddia qismən təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 10000 (on min) manat pul vəsaiti tutulsun. İddia yoxlanılan qalan hissədə təmin olunmasın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Həmin cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100(bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab –Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar