Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1887/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: sənədlərin bank tərəfindən borcluya təqdim olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Cavabdeh ASC ilə müqavilə bağlayaraq həmin bankda açılmış əmanət hesabına 900000 manat məbləğində əmanət yerləşdirmişdir. Daha sonra Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli 49 saylı qərarı ilə Cavabdeh ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləgvedicisi əmanətlərin Sığortalanması Fonduna qarşı eyni tələblə iflas proseduru çərçivəsində iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-1 (103)- 799/2019 saylı qərardadı ilə bu qəbildən olan iddiaların yalnız mülki icraat qaydasında ümumi məhkəmələrin araşdırma predmetini təşkil edə biləcəyi əsası ilə iddia mümkün sayılmamışdır. Bundan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, əmanət və ona hesablanmış faizlərin iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin icraatına iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməməsi əsaslı ilə xitam verilmişdir. Hazırda məhkəməyə iddia ərizəsi müraciət edən iddiaçı bank əmanəti müqaviləsi üzrə verdiyi pulun, faizləri ilə birgə ona geri qaytarılmadığını iddia edir və həmin pul məbləğinin cavabdeh bankda əmanətə qoyulmasına dair sənədlərin, bu sənədlər məhv edilmiş olduqda isə onların məhv edilməsinə dair aktların cavabdeh tərəfindən ona verilməsini tələb edir.
a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə İddiaçı ilə cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin Nərimanov filialı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinin xx.xx.2009-cu il tarixində ləğv edilməsinə dair sənədlərin; İddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdə cavabdehin hesabına yatırılmış 900050 manat məbləğində pulun iddiaçının 26417878 saylı cari hesabına köçürülməsinə dair mühasibat sənədlərinin, o cümlədən iddiaçı tərəfindən verilmiş icazə sənədi və ya ödəniş tapşırığı və ya digər sərəncam sənədlərinin; İddiaçı 26417878 saylı cari hesabına köçürülmüş 900050 manat məbləğində pulun məxaric edilməsinə dair pul çekinin və ya məxaric orderinin; yuxarıda tələb olunan sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məhv edilmək üçün ayrılması barədə bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanmış, bankın rəhbəri tərəfindən təsdiq olunmuş aktların, həmin sənədlərin məhv edilməsinə dair Dövlət arxiv xidməti təşkilatının icazə sənədinin və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktlarının İddiaçı verilməsi vəzifəsinin qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinə əsasən iddiaçı xx.xx.2009-cu il tarixdə 900050 manat məbləğində pulu 6 ay müddətinə, illik 13 % olmaqla cavabdehin Nərimanov filialına bank əmanəti (depozit) olaraq qoymuşdur. Pulun (əmanətin) cavabdehin hesabına mədaxil edilməsinə dair iddiaçıya xx.xx.2009-cu il tarixli kassa mədaxil çeki verilmiş, həmçinin tərəflər arasında bank əmanəti müqaviləsinin bağlanmasının və iddiaçının əmanət üzrə hesabına 900050 manat məbləğində pul vəsaitinin qoyulmasının təsdiq olunması üçün iddiaçıya 003459 saylı bank kitabçası təqdim olunmuşdur. İddiaçı bank əmanəti müqaviləsinin müddətinin bitməsindən sonra əmanətin məbləğini qaytarmağı tələb etmədiyinə görə müqavilənin müddəti uzadılmışdır. Tərəflər arasında sıx əməkdaşlıq münasibətləri olduğuna, həmçinin aralarında bağlanmış bank əmanəti müqaviləsindən irəli gələn hər hansı bir mübahisə olmadığına görə, iddiaçı əmanətini və əmanət üzrə faizləri cavabdehdən tələb etməyi zəruri hesab etməmişdir. Cavabdeh ASC ləğv prosesində olduğundan iddiaçı bank əmanəti müqaviləsi üzrə verdiyi pulun, faizləri ilə birgə ona geri qaytarılmasına dair ərizə ilə Cavabdeh ASC-yə müraciət etmiş, cavabdehin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan verilmiş xx.xx.2018-ci il tarixli cavab məktubunda pulun qaytarılmasından imtina olunmuşdur. Cavab məktubunda bildirilmişdir ki, bankın əməliyyat sisteminə əsasən xx.xx.2009-cu il tarixində sözügedən əmanət vaxtından əvvəl ləğv edilmişdir və əmanət məbləği iddiaçının 26417878 saylı cari hesabına köçürülmüş və məxaric edilmişdir. 2009-cu ilə aid məxaric orderi 2015-ci ildə məhv edilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehdən əmanətin vaxtından əvvəl ləğv edilməsini, əmanət məbləğinin iddiaçının digər hesabına köçürülməsini və məxaric edilməsini (məxaric orderi) təsdiq edən sənədlərin, həmin sənədlər məhv edildiyi təqdirdə sənədlərin məhv edilməsi haqqında müvafiq sənədlərin təqdim olunmasını tələb edir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3517/22 saylı iş üzrə 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının müqavilə bağlamaqla cavabdeh banka əmanət olaraq pul məbləği qoyması iş materialları ilə öz təsdiqini tapır. Belə olan halda iddiaçının həmin əmanətin banka qoyulması, bankda saxlanılması və əmanət üzərində digər hərəkətlərlə bağlı bütün sənədləri almaq hüququ vardır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1, 954.3, 957.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 iyul 2013-cü il tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 7.1-ci və 7.3-cü bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a. Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən “iddia edilən sənədlərin bank tərəfindən təqdim edilməsinə” dair tələbi müstəqil tələb kimi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməli deyildir. Belə ki, iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Eyni zamanda iddiaçı tərəfi irəli sürülən tələblə bağlı məhkəmədən kənar qaydada cavabdehə müraciət etmək hüququna malik olmuşdur. İlkin olaraq iddiaçı tərəfindən ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edilmiş və iddiaçıya verilən cavab məktubunda göstərilmişdir ki, tələb olunan 2009-cu ilə aid məxaric orderi “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında“ Təlimatın 78-ci maddəsinə əsasən 2015-ci ildə məhv edilmişdir. Belə olan halda əgər verilən cavab iddiaçını qane etməmişdirsə, həmin tələbin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı nəzarət funksiyasını həyata keçirən Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edə bilərdi. Göründüyü kimi, iddiaçı bu kimi prosedur qaydalara riayət etməyərək məhkəmədə baxılmalı olmayan tələblə müvafiq məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə gedişatı zamanı cavabdeh tərəfindən bu xüsusatlar proses iştirakçılarının və məhkəmənin nəzərinə bir daha izahlı formada çatdırılmış və həmin faktı tam təsdiq edən xx.xx.2015-ci il tarixli “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” akt, xx.xx.2015-ci il tarixli “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” akt, xx.xx.2015-ci il tarixli “elmi tarixi dəyəri olmadığına və praktiki mənasını itirdiyinə görə saxlanılmasına ehtiyac olmayan sənədlərin ləğv olunma məsələsinə baxılması”na dair Cavabdeh ASC-nin iclasının gündəliyindən çıxarış iş materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.
12. Maddə 954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.
13. Maddə 957.1. Hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
17. Belə ki, xx.xx.2009-cu il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı 900050 manat pul məbləğinin N 23331690-3821AZM22 nömrəli hesabına mədaxil olunmalıdır. İddiaçı illik 13% faiz hesablanan, 6 ay müddətinə açılmış 26417878 nömrəli hesabında 900000 manat manat məbləğində əmanət olmuşdur.
18. İddiaçı məhz buna əsaslanaraq həmin depozit məbləği ilə bağlı aparılmış hərəkətləri özündə əks etdirən sənədlərin ona təqdim olunmasını xahiş edir.
19. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, depozitə qəbul edilmiş pul vəsaiti elə həmin gün də məxaric edilmişdir.
20. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlarla iddiaçının banka əmanət qoyduğunun təsdiq olunduğunu nəzərə alaraq iddianı təmin etmişdir.
21. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, əvvəla, pulun sonradan məxaric olunubolunmamasının araşdırılması hazırkı məhkəmə baxışının predmeti deyil. Digər tərəfdən, bu hal təsdiq olunmuş olsa belə, iddiaçının depozitə qoyduğu pul vəsaiti üzərində sərəncam verilməsi ilə bağlı sənədlərlə tanış olmaq, onların surətini almaq hüququ vardır.
22. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı, bank hesabına yatırılmış pul vəsaitinin qaytarılması barədə ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etmiş, iddiaçı bu imtinanı hüququnun pozulması kimi qiymətləndirmiş və pozulmuş hüququnun bərpası məqsədilə hazırkı iddia ilə məhkəmədə tələb irəli sürmüşdür. İddianın yolverilməz hesab edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmiş, iddia ərizəsi haqlı olaraq məhkəmənin icraatına qəbul edilmiş və baxılmışdır.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
25. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 22 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.