Məhkəmə qərarları › İş №2(103)-1889/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1889/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1889/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-2307/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı “xxxx” BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 70.21 kv.m ümumi 47.31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 37 nömrəli mənzilin boşaldılması, cavabdehin istifadə hüququna xitam verərək həmin mənzildən çıxarılması və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC ilə cavabdeh arasında imzalanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 50000 ABŞ dolları məbləğində kredit verilmiş və bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 70.21 kv.m ümumi, 47.31 kv.m yaşayış sahəsindən ibarət üç otaqlı 37 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir, lakin borclu kredit öhdəliklərini vaxtlı vaxtında yerinə yetirmədiyi üçün, MMC borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(011)- 3312/2015 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmiş, məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə minmiş və müvafiq icra qurumu tərəfindən icra edilmişdir. Həmin mənzil hazırda MMC-nin mülkiyyətindədir. Daha sonra Cavabdeh keçirilmiş hərracın nəticələrinin və onun əsasında verilmiş çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli 2(005)-191/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6714/2019 saylı qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılsa da, Cavabdeh həmin mənzili tərk etməmiş və qeydiyyatdan çıxmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-2307/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, “xxxx” BOKT MMC-nin mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Vunq Tau küçəsi 2a saylı evin 37 saylı mənzilinə Cavabdeh istifadə hüququna xitam verilməsi, Cavabdeh Bakı şəhəri Xətai rayonu, Vunq Tau küçəsi 2a saylı evin 37 saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılması, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manatın Cavabdeh alınaraq “xxxx” BOKT MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, maddi vəziyyəti ağırdır, mübahisəli mənzildən başqa yaşayış yeri yoxdur. Kollegiya tərəfindən X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı (nümayəndəsi) məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - mənzilin boşaldılması hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir. İş materialları ilə aşağıdakılar müəyyən edilmişdir. X2 yekunları barədə 100 nömrəli Protokol və Hərracın yekunları barədə müqavilədən görünür ki, Bakı şəhəri Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 70.21 kv.m ümumi 47.31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 37 nömrəli mənzil 82875 manat müqabilində “xxxx” BOKT MMC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı 126921 saylı xx.xx.2018-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 70.21 kv.m ümumi 47.31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 37 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə “xxxx” BOKT MMC-yə məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2015-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi ev 28, 57 saylı mənzildə qeydiyyatdadır. “xxxx” BOKT MMC tərəfindən Cavabdeh ünvanlanan 1453/HO-OUT saylı xəbərdarlıq və təklif məktubundan görünür ki, həmin mənzilin “xxxx” BOKT MMC-nin mülkiyyət hüququnu təsdiqləyən çıxarışla rəsmiləşdirildiyi barəsində xəbərdarlıq edilmiş, cavabdehə kirayə müqaviləsinin bağlanılması və ya həmin mənzilin cavabdeh tərəfindən tam boşaldılmasının təmin edilməsi təklif edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 191/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh “X3 MMC-nə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə, “xxxx” BOKT MMC-yə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı keçirilmiş hərracın nəticələrinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6714/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçı MMC-yə məxsusdur, cavabdeh mənzilin keçmiş sakini olmaqla hazırda həmin mənzildə yaşayır və mənzil faktiki olaraq onun istifadəsindədir, cavabdehin mübahisəli mənzildən istifadə huququna xitam verilməsini və onun mənzildən çıxarılmasını istisna edən hallar müəyyən olunmamışdır. Kollegiya hesab edir ki, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması hissəsində məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olsa da, iddia tələbi mənzilin boşaldılması hissəsində əsassızdır və məhkəmə də həmin hissədə iddianı təmin etməkdə səhv etmişdir. İddia tələbi “mənzilin boşaldılması” hissəsində mücərrəddir, belə ki, iddiaçı Cavabdeh qismində qeyd edərək hazırki iddianı qaldırmışdır, “boşaldılma” dedikdə isə mənzilin tək hazırki iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən boşaldılması ehtiva olunmur, ona görə də “mənzilin boşaldılması” hissəsində tələbin konkret kimə və ya kimlərə yönəldilməsi müəyyən edilmədiyindən, bu hissədə tələb naməlum şəxslərə qarşı yönəldilmiş olmaqla təmin edilə bilməz. Odur ki, iddia tələbi yalnız cavabdeh olan Cavabdeh mənzilə istifadə hüququnun itirilməsi və onun mənzildən çıxarılması hissəsində əsaslıdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Eldəniz Rzayev tərəfindən verilmiş iş üzrə icraatın dayandırılması barədə vəsatətə münasibətdə Kollegiya qeyd edir ki, X4 tərəfindən verilmiş “hərracın nəticələrinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair” mülki işin nəticəsi hazırda baxılan iş üzrə icraatın dayandırılmasına əsas vermir. Belə ki, hazırki iş üzrə cavabdeh olan Cavabdeh “hərracın nəticələrinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2307/2020 saylı iş üzrə xx xxxx 2020-ci tarixli qətnaməsi qismən - mənzilin boşaldılması hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar