Məhkəmə qərarları › İş №2(103)-1890/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1890/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1890/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1890/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3064/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 06 mart 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.870 manat hesabından çıxarılmış maddi zərər, 100 manat əldən çıxmış fayda, 5.000 manat mənəvi zərər və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, cəmi 8.070 manat pulun Cavabdeh ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Abşeron rayon filialı ilə aralarında xx.xx.2022-ci il tarixdə «X6 Kart Müqaviləsi» bağlanmışdır. Həmin müqaviləyə əsasən ona pulsuz olaraq BirBankın son rəqəmi 4842 olan saylı kartını təhvil vermişlər. Kartı alandan sonra kart hesabına 6633 manatdan çox pul yerləşdirmişdir. 26 mart 2023-cü il tarixdə link üzərindən Cavabdehın Bir Bank tətbiqinə daxil olmaq istəmiş, telefon nömrəsini qeyd etdikdən sonra bankdan saat 12:00-da ona OTP kod gəlmiş, nəticədə kod avtomatik olaraq kod yazmaq üçün olan hissədə qeyd olunmuşdur. Hadisədən 40 dəqiqə sonra saat 12:40 radələrində telefonuna bildiriş xəbəri gəlmişdir. Bank kartı ilə bağlı aparılan əməliyyat imtina vermişdir. Darhal bankdan ***-***-**-** nömrəsindən ona zəng galmiş və əməliyyatı yerinə yetirənin onun olub-olmadığını soruşmuşlar. Sorğuda soruşulmuşdur ki, əməliyyatı o yerinə yetirirsə 1 düyməsini, əks halda 2 düyməsini qeyd etməsini tələb etmişlər. O, dərhal 2 düyməsini qeyd etmiş və operatora bağlanmışdır. Operatora kartına müdaxilə olunduğunu və dərhal bloklamasını xahiş etmişdir. Operator cəld tərpənməyib ona təlimatlar sadalamağa başlamışdır – «əgər sizin kartınızı bloklasam, kart tamamilə ləğv olunacaq, kartdan istifadə edə bilməyəcəksiniz» kimi cümlələrlə kartın avtomatik bloklanmasını sanki yubatmağa çalışırdı. O, dərhal cavab vermişdir ki, «kart mənimdir, dərhal bloklayın, hər nə olur-olsun, bir tək kartımdan pul çıxarılmasın». Operator kartı gec bloklamışdır. O, operatordan bir daha soruşmuşdur ki, onun kartda olan pul vəsaiti yerindədirmi? Operator bildirmişdir ki, onlar artıq kartı bloklamışlar, pul yerindədir. Operatorla sağollaşdıqdan sonra telefonuna gələn mesaj nəticəsində məlum olmuşdur ki, operatorla danışan zaman sonuncunun ləng, səhlənkar hərəkəti nəticəsində kart hesabından 2.870 manat pul tanımadığı şəxs(lər) tərəfindən qeyri-qanuni olaraq çıxarılmışdır. Yenidən dərhal Bankın 196 qaynar xəttində operatorla əlaqə saxlamağa çalışsa, da alınmamışdır. «BirBank» online çat üzərindən operatorla əlaqə saxlamışdır. Lakin operator heç bir kömək edə bilməyəcəyini, 14 gün ərzində hər hansı bir filiala yaxınlaşaraq müraciət etməsini bildirmişdir. O, dərhal 196 qaynar xəttini yığıb kart hesabını yoxlamış və ona gələn sms bildirişdə oğurlanan pul kart hesabında blokda olan məbləğ kimi qeyd olunurdu. Dərhal səhəri gün 27 mart 2023-cü il tarixdə saat 09:00-da Sumqayıt şəhərində yerləşən Cavabdehın Fərhad filialına yaxınlaşaraq ona kömək etmələrini istəsə də, bankın əməkdaşı ona heç bir kömək edə bilməyəcəyini bildirmişdir. O, oğurlanan pulun kart hesabında blokda göründüyünü qeyd etmiş və bank əməkdaşı bank tərəfindən pulun silinmə sorğusu aparılmadığını qeyd edərək bildirmişdir ki, pulu onun özünə qayıda bilər, lakin silinmə sorğusu təsdiq edilsə, naməlum şəxslərin hesabına keçəcək və 196-ya müraciət etsin. O, təkrar 196 qaynar xəttinə zəng vurmuş və pulun silinmə sorğusunu təsdiq etməmələrini xahiş etmişdir. Lakin operator onu ittiham etmişdir ki, dələduzluğu edən guya odur. Ona görə də, heç bir kömək edə bilməyəcəklər, bununla bağlı polisə müraciət etsin. O, polisə müraciət etmiş və kartı aldığı Xırdalan filialına yaxınlaşmışdır. Filialda pul ilə bağlı sorğu yaradılmışdır. Sorğunun yaradılmasına baxmayaraq iş vaxtının bitməsindən 1 saat 48 dəqiqə sonra saat 18:48-də bank blokda görünən məbləği blokdan çıxarılaraq silinmə sorğusunu təsdiq etmiş və hesabında olan şəxsi vəsaitinin naməlum şəxs(lər) tərəfindən ələ keçirilməsinə şərait yatarmışdır. Bununla bağlı Abşeron RPİ-yə rəsmi ərizə vermişdir. Abşeron RPİ onun ərizəsini Sumqayıt şəhər Pİ-yə göndərmişdir. Son məlumata əsasən Sumqayıt ŞPİ cinayət hadisəsinin Abşeron rayonu ərazisində baş verməsini əsas gətirərək materialı Abşeron RPİ-yə göndərmişdir. Araşdırma aparılması adı altında süründürməçilik davam edir. xx.xx.2022-ci il tarixli X6 Kart Müqaviləsinin predmetində göstərilmişdir ki, Bank Müştəriyə X6 ödəniş kartı verir. Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi islehlak məqsədi ilə bərpa olunan kredir xətti ayırır, həmin karta bağlı və istifadəsi ilə əlaqədar müvafiq hesablar açır. Müştəri isə Kartdan və kredit xəttindən istifadə edir, yaranmış borclarını, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilədə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər arasında işgüzar münasibətlərin xarakterindən asılı olaraq, Bank müştərilərin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və yaxud digər əmlakının leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını, habelə kreditin üçüncü şəxslərin istifadəsi üçün götürüldüyünü müəyyən etdikdə, Kartı bloklaşdıra, hesab(lar)ı bağlaya və bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Həmin müqavilənin 3.4.5-ci bəndinə əsasən bu Müqavilənin 5.2-ci bəndi ilə müəyyən edilmiş əməliyyatlar aparıldıqda, habelə bu Müqavilə ilə nəzərdə tutulmuş digər hallarda bank tərəfindən hesab birtərəfli qaydada bağlana (ləğv edilə) bilər. Göründüyü kimi, Cavabdeh ASC müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə etibar etdiyi pul vəsaiti qanunsuz olaraq tanımadığı şəxslərin əlinə keçmişdir. Nəticədə ziyana düşmüşdür. Uzun müddətli iztirab keçirmişdir. Gecə-gündüz əsəbdən yata bilməmişdir. Dəfələrlə intihar elmək istəmiş, lakin tənha anası gözünün önünə gəlmiş və fikrindən yayınmışdır. Mehdi Psixologiya və Reablitasiya Mərkəzininin Baş X1 qəbulunda olmaqla müayinə və müalicə olunmuşdur. Hələ də əsəb gərginliyi keçirir. Nəticədə mənəvi ziyan da çəkir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3064/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia təmin edilməmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, o, kart məlumatlarını heç kəsə verməmişdir və ondan pul mənimsənilmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

11. Maddə 14.2 və 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

12. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

13. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

14. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

15. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

18. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamənin qanunililiyi və əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

28. Belə ki, iş üzrə materiallardan və tədqiq edilmiş sənədlərdən görünür ki, iddiaçıya məxsus pul vəsaitlərin iddiaçının iradəsinə zidd olaraq məxaric edilməsi (başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.) cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı deyil.

29. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli X6 kart müqaviləsinə əsasən, bank müştəriyə X6 kartı vermişdir.

30. Həmin müqavilənin 7.2.6-cı bəndinə əsasən müştəri kart və Fin kodunu heç kimə verməməyi, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısının almaq məqsədilə lazımi tədbirlər görməyi öz öhdəsinə götürmüşdür və kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə müştərinin özü məsuliyyət daşıyır.

31. Tərəflər arasında razılaşdırılmış müqavilənin yuxarda qeyd edilmiş şərtlərindən də göründüyü kimi iddiaçı Bankın müştərisi olaraq ona məxsus olan kartın təhlükəsizliyini qorumaq və bununla bağlı Bank tərəfindən tətbiq olunan qoruma mexanizmlərindən düzgün formada istifadə etməyi öz öhdəsinə götürmüşdür.

32. Lakin iş materialları və iddiaçının öz iddia ərizəsində qeyd etdiklərinə əsasən müəyyən olunur ki, iddiaçı ona dələduzluq edən şəxs tərəfindən göndərilmiş linkə daxil olaraq kart məlumatlarını, telefon nömrəsini, o cümlədən Bank tərəfindən təhlükəsizlik məqsədilə göndərilmiş OTP kodu daxil etmişdir. Bununla da iddiaçı məlumatlarının “dələduzların” əlinə keçməsinə özü şərait yaratmış, təhlükəsizlik tədbirlərini kifayət qədər diqqətlə həyata keçirməmişdir.

33. Halbuki cavabdeh tərəfindən iddiaçıya göndərilən OTP kodun məzmununda da dələduzlardan ehtiyatlı olması, heç bir halda bank işçisinin belə ondan bu kodu istəyə bilməyəcəyi və diqqətli olması qeyd olunmuş, bununla da Azərbaycan Respublikasında bankçılıq və elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair metodoloji rəhbərliyin tələblərini yerinə yetirmiş, Ebankçılıq xidmətlərindən istifadə zamanı məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üzrə zəruri tədbirləri görmüşdür.

34. Bundan başqa, müştərilərin kiber cinayətkarlıqla bağlı maarifləndirilməsi üçün bank tərəfindən müvafiq addımlar atılmış, https://www.kapitalbank.az/news/karttehlukesizliyi yönləndiricisi üzrə ətraflı məlumat təqdim olunmuşdur.

35. Bundan sonra “dələduz(lar)” xx.xx.2023-cü il tarixdə kartdan 3.347 ABŞ dolları 08 sent məbləğində vəsaitin istifadə olunmasına cəhd etmişdir. Lakin əməliyyata qoyulmuş limit səbəbi ilə əməliyyat icra olunmamışdır. Daha sonra kartdan 59999 Ukrayna qrivnası (2870,12 AZN / 1673,54 ABŞ dolları) istifadə olunmuşdur. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə 12:41:32-də 3.347,08 ABŞ dolları vəsaitin köçürülməsinə cəhd olunmuş, lakin əməliyyat limiti keçdiyindən əməliyyat icra olunmamışdır. Daha sonra Bank tərəfindən həmin tarixdə saat 12:42:49-da interaktiv zəng olunaraq əməliyyatı aparan şəxsin müştərinin özü olub-olmaması, əgər özüdürsə və limitin artırılmasını istəyirsə, 1 düyməsinin, özü deyilsə, 0 düyməsinin basılması bildirilir. Müştəri 0 düyməsini basdığından zəng operatora birləşdirilmişdir. Operator müştərini eyniləşdirmək üçün suallar vermiş və kartın bağlanmasının nəticələrini izah etmişdir. Lakin həmin tarixdə saat 12:42:52-də, yəni zəngdən 3 saniyə sonra artıq müştərinin hesabından 1.673,54 ABŞ dolları (2.870,12 AZN/ 59.999 UAH) vəsait köçürülmüşdür.

36. Həmçinin, bank tərəfindən VİSA üzərindən müraciət olunaraq, iddiaçıya məxsus kartdan istifadə olunmuş məbləğə dair əməliyyat mübahisələndirilmiş, lakin vəsaitin qaytarılmasından imtina olunmuşdur. Vəsaitin qaytarılmasından imtinanın səbəbi göstərilmiş və müvafiq sənəd təqdim olunmuşdur (PrivatBankın təqdim etdiyi sənəd, 59999,00 qrivna məbləğinə dair).

37. İddiaçının Mərkəzi Banka müraciətləri də müvafiq qaydada cavablandırılaraq, iddiaçıya izah edilmişdir ki, 26 mart 2023-cü il tarixdə iddiaçının 416973******4842 nömrəli plastik kartından 59999 UAH (ekvivalenti olaraq 2870,12 manat) məbləğində əməliyyat icra edilmişdir. Əməliyyat müraciətdə qeyd edilən mobil nömrəyə göndərilmiş OTP kodun istifadə edilməsi ilə icra edilmişdir. Plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. İddiaçıya həmçinin hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur.

38. Beləliklə, işin hallarından da məlum olduğu kimi cavabdeh iddiaçının müraciəti ilə bağlı atıla biləcək addımlarda yubanmaya yol verməmiş, səhlənkarlıq etməmiş, müştərini qeyri-məmnun edəcək, ona maddi zərər vuracaq hər hansı hərəkət və ya hərəkətsizliyə yol verməmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə onun həmin tələbini əsaslı hesab etmək mümkün deyildir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

40. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

42. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

44. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

45. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

47. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən əsas maddi ziyan tələbinə dair iddianın məbləğin qiyməti beş min manatdan az olduğundan və mənəvi ziyan tələbinin təmin edilməsi məhz ilk tələbdən asılı olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3064/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar