Məhkəmə qərarları › İş №2(103)-1895/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1895/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1895/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: itirilmiş sərfiyyatın bərpa edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-486/2024 saylı, 12 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh arasında 08 may 2023-ci il tarixində 662604 nömrəli Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjinin alqısatqısının birtipli müqaviləsi bağlanmışdır.

2. "xxxx" ASC-nin 116641 №-li 28 noyabr 2018-ci il tarixli, 168214 №-li 24 yanvar 2020-ci il tarixli, 194751 №-li 11 avqust 2020-ci il tarixli, 254427 №- li 8 fevral 2022-ci il tarixli, 262574 №-li 21 may 2022-ci il tarixli, 262709 №-li 08 avqust 2022-ci il tarixli aktlarına əsasən abonent Cavabdeh məxsus (abonent kodu **********70005) sayğaca baxışlar keçirilmişdir.

3. "xxxx" ASC-nin aktlarının icra vərəqələrindən görünür ki, Cavabdeh müvafiq olaraq (215 kvt.s. x 0,11 manat) yəni 23,65 manat, (2310 kvt.s. x 0,07 manat = 161,7 manat, 1532 kvt.s. x 0,11 manat = 168,52 manat) yəni 330,22 manat, (1200 kvt.s. x 0,07 manat = 84 manat, 419 kvt.s. x 0,11 manat = 46,09 manat) yəni 130,09 manat, (200 kvt.s. x 0,08 manat = 16 manat, 100 kvt.s. x 0,09 manat = 9 manat, 28,17 kvt.s. x 0,13 manat = 3,66 manat) yəni 28,64 manat, (200 kvt.s. x 0,08 manat = 16 manat, 100 kvt.s. x 0,09 manat = 9 manat, 234,24 kvt.s. x 0,13 manat = 30,45 manat) yəni 55,45 manat, (200 kvt.s. x 0,08 manat = 16 manat, 100 kvt.s. x 0,09 manat = 9 manat, 63 kvt.s. x 0,13 manat = 8,19 manat) yəni 33,19 manat məbləğində ödəniş hesablanmışdır.

4. Abonent kodu **********70005 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi nəticəsində "xxxx" ASC qarşısında aktlara görə 1.179,95 manatı, elektrik enerjisinin sərfiyyatına görə isə 1.883,99 manat məbləğində borcu yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3.063,94 manat borc və ödənilmiş 52,51 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********70005 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 3.063,94 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 3.063,94 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Tələb olunan 3063.94 manatın 1.179,95 manatı akta görə, 1.883,99 manatı isə elektrik enerjisinin sərfiyyatına görə hesablanmış borc məbləğidir. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-486/2024 saylı 12 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh (abonent kodu **********70005) elektrik enerjisinin sərfiyyatına görə hesablanmış 1.883,99 (bir min səkkiz yüz səksən üç manat, doxsan doqquz qəpik) manat borc və ödənilmiş 52,51 (əlli iki manat, əlli bir qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə istehlakçının sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödəməli olmasını göstərmişdir.

9. Məhkəmə iddianın Cavabdeh tərəfindən "xxxx" ASC-nin xeyrinə akta görə yaranmış 1.179,95 manat borcun ödənilməsi hissəsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı barədə müqaviləyə əsasən elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi iddiaçı birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla cavabdehin abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən) qanunun tələblərini pozmuşdur. İddiaçı təşkilat alqı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir.

10. Həmçinin məhkəmə qeyd etmişdir ki, elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə elektrik enerjisi paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olması anlamına gəlmir.

11. Məhkəmə öz mövqeyini «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13, 17-ci maddələri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»na; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(006)-486/2024 saylı qətnaməsinin iddianın təmin edilmədiyi hissəsinin ləğv edilməsi və iddianın tam şəkldə təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilk öncə iddianın Cavabdeh tərəfindən "xxxx" ASC-nin xeyrinə akta görə yaranmış 1.179,95 manat borcun ödənilməsi hissəsi ilə bağlı qeyd etdiyi (istinad etdiyi) qanunvericilik normaları tamamilə uyğunsuzdur. Belə ki, qətnamədə istinad edilən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13.8 və 17-ci bəndlərinin, “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1 bəndinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinin tətbiq edilən normaları "xxxx" ASC tərəfindən yazılmış akta əsasən hesablanmış elektrik enerjisinin dəyərinin qanunsuz hesab edilməsi üçün əsas olmamalı idi. Çünki yuxarıda qeyd edilən, məhkəmənin əsaslandığı hüquq normaları işin hallarına heç də uyğun deyildir və maddi hüquq normaları, eləcə də prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqısı barədə müqaviləyə əsasən elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Halbuki, elə məhkəmənin özünün də gəldiyi qənaətə əsasən, elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi üçün iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi iddiaçı birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla cavabdehin abunə hesabına yazılmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən) qanunun tələblərini pozmuşdur. Məhkəmə vurğulayır ki, iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. İddiaçı olaraq "xxxx" ASC ilk öncə abonentə dəfələrlə borcunun olması barədə məlumat vermiş, rəsmi olaraq xəbərdarlıq göndərmiş, daha sonra dəymiş ziyanın məhkəmə qaydasında tələb etməyə məcbur olmuşdur. Məhkəmə vurğulayır ki, iddiaçı birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla cavabdehin abunə hesabına yazmışdır. Halbuki, iddiaçı məhkəmənin dediyi kimi “müəyyən edilmiş ziyan deyil”, itirilmiş elektrik enerjisinin qanuna uyğun hesablanmasıdır. Məhkəmə vurğulayır ki, ziyan (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla cavabdehin abunə hesabına yazılmışdır. Halbuki, enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi “Elektrik enerjisindən istifadə qaydaları”na edilmiş 4 nömrəli əlavə ilə müəyyən edilmişdir. Buradan da açıq-aydın məlum olur ki, müqaviləyə əlavə və dəyişikliklərin edilməsi "xxxx" ASC-nin səlahiyyətləri xaricindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı təşkilat alqı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki, iddiaçının tətbiq etdiyi sanksiya deyil, yuxarıda qeyd edildiyi kimi iddiaçıya dəymiş ziyanın yenidən hesablanmasıdır. İddiaçı "xxxx" ASC sanksiya tətbiq etmək səlahiyyəti olan inzibati orqan deyil. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə elektrik enerjisi paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olması anlamına gəlmir. Doğrudur, elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmaması barədə məhkəmənin gəldiyini qənaət tamami ilə əsaslıdır. Çünki belə bir əlavəninin iddiaçı "xxxx" ASC tərəfindən edilməsi qeyri-mümkündür. Buna səbəb isə yuxarıda qeyd edildiyi kimi enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsi “Elektrik enerjisindən istifadə qaydaları”na edilmiş 4 nömrəli əlavə ilə müəyyən edilmişdir. Qaydalara əlavə edilmiş hər hansı əlavəyə isə dəyişikliklərin edilməsi mümkün deyil, bu qanun pozuntusu hesab edilir. Məhkəmənin daha sonra qeyd etdiyi elektrik enerjisi paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olmaması fikri kökündən yanlışdır. Çünki qaydaları pozan abonent barəsində hesablanan elektrik enerjisinin hesablanmış itkisi məhz həmin abonentin abunə kodunda öz əksini tapmalıdır. Əks halda hesablanmış məbləğın ümumi olaraq hesablanıb, nəzərə alınması mümkün olmayacaqdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin işin akt üzrə təmin olunmaması hissəsindən narazıdır, çünki rədd olunan hissə məhkəmənin qətnamədə istinad etdiyi qanunvericiliyə uyğun gəlmir. Elektrik enerjisindən istifadə haqqında qaydalarda əks olunub ki, abonent əgər kənar xəttdən istifadə edərsə, sərfiyyata uyğun olaraq "xxxx" ASC-nin itirilmiş enerjisinin hesablamaq və abonentin koduna qeyd etmək hüququ vardır. Birinci instansiya məhkəməsi qeyd edir ki, guya "xxxx" ASC tərəfə cərimə yazır. Bu tamamilə yanlış məsələdir. Çünki "xxxx" ASC-nin cərimə yazmaq səlahiyyəti yoxdur. Habelə "xxxx" ASC inzibati orqan deyil. Sadəcə olaraq, "xxxx" ASC itirilmiş sərfiyyatı hesablayır və sərfiyyat kimi abonentin koduna yazır. Məhkəmə qətnaməsində göstərilir ki, müqailədə abonent koduna yazılması ilə bağlı heç bir müddəa yoxdur. Müddəanın olmaması Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə qaydaları”nda öz əksini tapmışdır. Belə ki, "xxxx" ASC-nin hər hansı əlavənin və ya çıxarışın edilməsi qeyri-mümkündür və qanunsuzdur. Əgər hesablanmış məbləğ sərfiyyat olaraq abonent koduna qeyd edilməsəydi, onda həmin məbləğin kimə yazılacağı sual altında qalır. Məntiqli olaraq, elektrik enerjisinin istifadə qaydalarını pozmuş abonentin koduna hesablanır. Onların tələb edəcəyi məbləğ 2019-cu ildən sonra hesablanmış 5 ilin məbləğidir. Ödənilmiş məbləğ 1.804 manatdır. Qarşı tərəfin hər ay ödəniş etməsinə münasibəti odur ki, qarşı tərəf 2020-ci ildə 530 manat qarşılığında 12 manat ödəyib, 2019cu ildə 427 manat qarşılığında 119 manat cərimə ödəyib. Birinci instansiya məhkəməsində bu aktlar və itirilmiş enerji tamamilə nəzərə alınmayıb. Bu hesablama 3 mərhələli formada (11 qəpik, 8 qəpik və 13 qəpik) hesablanıb. Yəni, 84, 263, 42, 14 və 52 bunlar eyni akt üzrə hesablanmış məbləğdir. 6 akta əsasən hesablanmış məbləğ ola bilər ki, 601 manat 21 qəpik olsun. Köhnə borclarla bağlı aktı məhkəməyə təqdim edə bilməmişdir. Daha çox tutulmasını istəmələrinin səbəbi odur ki, aktlar köhnə olduğu üçün məhkəməyə təqdim edə bilmədilər və məhkəmə təqdim etdikləri aktlara əsasən məbləği müyyənləşdirmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv olunması və iddia tələbinin tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilməmiş hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

16. 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

18. 1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun

21. 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

22. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (aktların tərtib edildiyi tarixlərdə olan redaksiyada)

23. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.

24. 7.10-ci bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır.

25. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

26. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

27. 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

28. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir.

31. Belə ki, iş materiallarında olan elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın surətindən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduğu, həmçinin sayğaca müdaxilə edildiyi halları müəyyən edilmiş, bu səbəbdən 116641 №-li 28 noyabr 2018-ci il tarixli, 168214 №-li 24 yanvar 2020-ci il tarixli, 194751 №-li 11 avqust 2020-ci il tarixli, 254427 №- li 8 fevral 2022ci il tarixli, 262574 №-li 21 may 2022-ci il tarixli, 262709 №-li 08 avqust 2022-ci il tarixli aktlar tərtib edilmiş, həmin aktlara əsasən yaranmış borc olaraq abonentin **********70005 saylı hesabına 1.179,95 manat məbləğində hesablanmışdır.

32. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi iddiaçı birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla cavabdehin abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə qanunun tələblərini pozmuşdur. İddiaçı təşkilat alqı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə elektrik enerjisi paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olması anlamına gəlmir.

33. Beləliklə iddia ilə əlaqədar ilk öncə qeyd edilməlidir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın aktlara əsasən yazılmış borcun tutulması hissəsində rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olsa da, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə ləğv edilməli, iddianın mahiyyəti üzrə araşdırılması, müvafiq hüquqi dəyərləndirilməsi aparılmalıdır.

35. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə, dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Məhkəmənin bu mövqeyi başa düşülən deyil, ən azı ona görə ki, hazırda məhkəmə araşdırmasının predmeti olan iddia enerji təchizatı müəssisəsi olan "xxxx" ASC tərəfindən irəli sürülmüşdür, icraatın başlanmasına əsas məhz ASC-nin müraciəti olmuşdur.

36. Bundan başqa məhkəmə iddiaçının birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) müqavilədə nəzərdə tutulmamış əsaslarla birbaşa cavabdehin abunə hesabına yazmasını hüquqdan sui-istifadə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən) kimi qiymətləndirmiş, bu hərəkəti etibarsız hesab etmiş, bununla da iddiaçının istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etməklə qanunun tələblərini pozduğunu qeyd etmişdir.

37. Bununla əlaqədar məhkəmə kollegiyası yuxarıda sadalanan normativ-hüquqi aktların məzmununa əsasən qeyd etməyi zəruri sayır ki, enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən şəbəkəyə qanunsuz qoşulma və ya sayğaca müdaxilə halları aşkar edildikdə, abonentin iştirakı ilə müvafiq məzmunlu aktlar tərtib edilir. Enerjitəchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin müvafiq Qaydalara uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Bundan başqa elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri məişət abonentlərinə münasibətdə yenidən hesablanır.

38. İstənilən halda, elektrik enerjisindən müqavilədən kənar istifadə etmiş şəxs qanunla müəyyən edilmiş hesablamalara uyğun olaraq onun dəyərini ödəməyə borcludur. Tərəfindən ödəniş könüllü qaydada edilmədiyi təqdirdə, yəni abunəçi istehlak etdiyi elektrik enerjisinə görə ödənişdən yayındıqda enerjitəchizatı müəssisəsinin pozulmuş hüququnun bərpa edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmış olur. Eləcə də, barəsində tərtib olunmuş aktın qanuniliyini şübhə altına alan, eyni zamanda əsasında hesablanmış zərərin baş verməsində təqsirli olmasını istisna edən abonent, təchizatçıya qarşı yaranmış borcun silinməsi və ya əsassız qaydada silinmiş məbləğin geri qaytarılması barədə məhkəməyə müraciət etmək hüququna malik olur.

39. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin enerjitəchizatı müəssisəsinin istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququnun qanunvericilikdə nəzərdə tutulmadığına dair mövqeyi ilə razılaşmır. Belə ki, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edən enerjitəchizatı müəssisəsi dəymiş zərəri - uçota alınmayan (müqavilədənkənar) istehlak olunan elektrik enerjisinin məbləğini hesablamaq, itirilmiş enerjinin əvəzi kimi abonentin saldosuna əlavə etmək hüququna malikdir və bu enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçı barəsində sanksiya və ya cərimə tətbiq edilməsi anlamına gəlmir.

40. Çünki abonent müvafiq hüququ olmadan elektrik enerjisindən istifadə edərsə, onun hərəkətləri qanunsuz hərəkət kimi tövsif edilə bilər və istənilən halda, elektrikdən müqavilədən kənar qanunsuz şəkildə istifadə etmiş şəxs qanunla müəyyən edilmiş hesablamalara uyğun olaraq itirilmiş enerjinin dəyərini ödəməklə enerjitəchizatı müəssisəsinin pozulmuş hüququnu bərpa etməlidir. Şəxsə münasibətdə həmin əmələ görə sanksiya tətbiq etmək icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanının səlahiyyətlərinə aiddir və abonentin hər hansı formada məsuliyyətə cəlb olunması onu elektrik enerjisindən sayğacdan kənar istifadə etdiyi enerjinin dəyərini ödəməkdən azad etmir.

41. Beləliklə iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 116641 №-li 28 noyabr 2018-ci il tarixli, 168214 №-li 24 yanvar 2020-ci il tarixli, 194751 №-li 11 avqust 2020-ci il tarixli, 254427 №- li 8 fevral 2022-ci il tarixli, 262574 №-li 21 may 2022-ci il tarixli, 262709 №-li 08 avqust 2022-ci il tarixli aktlara əsasən abonent Cavabdeh məxsus nömrəsi **********70005 olan abonent koduna 1.179,95 manat hesablanmışdır. Abunə haqqında kartdan da müəyyən edilmişdir ki, sadalanan aktlara əsasən, dəymiş zərərin məbləği 1.179,95 manat yox, cəmi 601,24 manat həddində olmuşdur.

42. İddianın bu hissəsi üzrə məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, cavabdehə aid ünvanda iddiaçının əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunun aşkar edildiyi və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki zərərin baş verməsini, bunun cavabdeh tərəfin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olmasını, qanunsuz əməllə zərər arasında səbəbli əlaqəni, habelə onun təqsirini sübuta yetirə bilməməsi zərər vurmadan irəli gələn öhdəliklərin yaranmasına dair iddianın rədd edilməsini şərtləndirən hallardandır.

43. Eyni zamanda «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə sayğacda aşkar edilməsi ehtimal edilən qüsurlara görə abonentin məsuliyyət daşıması, sayğacın yaşayış evlərinin hasarının xarici tərəfində quraşdırıldığı üçün, istisna edilir.

44. Beləliklə məhkəmə kollegiyası hazırki iddia üzrə müəyyən edilməli halları sübüt etmək yükünü iddiaçının daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddia mübahisələndirilən hissədə təmin edilməməlidir.

45. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

46. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

47. MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-486/2024 saylı 12 yanvar 2024-cü il tarixli qətnaməsi qismən - aktlara əsasən hesablanmış borcun tutulması hissəsində ləğv edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "zərərin ödənilməsi" tələbinə dair iddiası “aktlara əsasən hesablanmış 1.179,95 manat məbləğində pulun tutulması” hissəsində rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar