Məhkəmə qərarları › İş №2(103)-1898/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1898/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1898/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-488/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında xx.xx.2023-ci il tarixli, 662603 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjinin alqı-satqısının birtipli müqaviləsi” bağlanmışdır.

2. "xxxx" ASC-nin 116844 nömrəli, xx.xx.2019-cu il tarixli aktında qeyd olunmuşdur ki, sayğacın giriş-çıxış qrifləri yanaraq ərimişdir, sayğac yenisi ilə əvəz olunsun.

3. "xxxx" ASC-nin 168001 nömrəli, xx.xx.2019-cu il tarixli aktında qeyd olunmuşdur ki, sayğacın giriş-çıxış qrifləri ərimişdir, sayğac yenisi ilə əvəz olunsun. Həmin akt üzrə istehlakçıya 34 günlak 16 manat məbləğində sərfiyyat hesablanmışdır.

4. "xxxx" ASC-nin 254474 nömrəli, xx.xx.2022-ci il tarixli aktında qeyd olunmuşdur ki, sayğacın çıxış faz grifi əriyib, ekran oxunmur, yeni sayğac quraşdırılsın. Həmin akt üzrə istehlakçıya 50,66 manat məbləğində sərfiyyat hesablanmışdır.

5. "xxxx" ASC-nin 262550 nömrəli, xx.xx.2022-ci il tarixli aktında qeyd olunmuşdur ki, sayğacın çıxış faz grifi əriyib, yeni sayğac quraşdırılsın. Həmin akt üzrə istehlakçıya 11 günlük 23,90 manat məbləğində sərfiyyat hesablanmışdır.

6. "xxxx" ASC-nin 277400 nömrəli, xx.xx.2023-cü il tarixli aktına əsasən sayğac dövrədən kənarlaşdırılmış, sip xətti yenisi ilə əvəz olunmuş, birbaşa sayğaca qoşulmuşdur. Həmin akt üzrə istehlakçıya 48 günlük 416,09 manat məbləğində sərfiyyat hesablanmışdır.

7. 06.06.2023-cü il tarixli maliyyə arayışına əsasən iddiaçıya elektrik enerjisindən istifadə etməsi nəticəsində 2015-ci ildən 2023-cü ilədək 2.290,07 manat məbləğində qalıq borc hesablanmışdır. Həmin məbləğin 900,91 manat hissəsi aktlar üzrə hesablanmış, 1.389,16 manatı sərfiyyata görə hesablanmış borc təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2.214,24 manat borc və ödənilmiş 42,91 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********90001 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 2.214,24 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 2.214,24 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Tələb olunan 2.214,24 manatın 900.91 manatı akta görə, 1.389,16 manatı isə elektrik enerjisinin sərfiyyatına görə hesablanmış borc məbləğidir.

10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 488/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.E.Heydərova) iddia qismən təmin edilmiş, Cavabdeh (abonent kodu **********90001) elektrik enerjisinin sərfiyyatına görə hesablanmış 1.389,16 manat borcun və ödənilmiş 42,91 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Məhkəmə ilk öncə iddianın Cavabdeh tərəfindən "xxxx" ASC-nin xeyrinə akta görə yaranmış 900,91 manat borcun ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı barədə müqaviləsinə əsasən elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda, müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi, iddiaçı birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla cavabdehin abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən) qanunun tələblərini pozmuşdur. İddiaçı təşkilat alqı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir.

12. Göründüyü kimi, elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə elektrik enerjisi paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olması anlamına gəlmir.

13. Məhkəmə belə qənaətə gəlmişdir ki, akt əsasında iddiaçı cavabdehin abonə hesabına yazılmış borc qanunun tələbləri pozulmaqla yazıldığı üçün və mübahisəli akt müvafiq icra hakimiyyəti orqanı vasitəsilə ilkin olaraq onlara xəbər verməklə (məlumatlandırmaqla) mübahisələndirməmiş, birbaşa akt üzrə cərimə məbləğini abone hesabına köçürmüşdür ki, bu hal isə həmin borcun Cavabdeh tərəfindən "xxxx" ASC-nin xeyrinə ödənilməsi tələbi əsassız hesab edilməklə, iddia bu hissədə rədd olunmalıdır.

14. Məhkəmə iddianın Cavabdeh tərəfindən "xxxx" ASC-nin xeyrinə elektrik enerjisinin sərfiyyatına görə hesablanmış 1.389,16 manat borcun ödənilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi bu hissədə abonentin sayğac üzrə hesablanmış sərfiyyat borcu olduğundan təmin edilməli, Cavabdeh 1.389,16 manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 560.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 135.1, 139.1-ci maddələrinə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13.8, 17-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 4.1, 6.1, 6.3, 6.4, 8.1, 9.1, 9.10-cu bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti cavabdeh tərəfindən iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin göstərilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi və “Elektrik enerjisindən istifadə qaydaları”nın pozulmasına görə hesablanmış borcun ödənilməməsinə şəraitin yaradılması tamamilə əsassız və qanunsuzdur. Məhkəmə ilk öncə iddianın cavabdeh tərəfindən "xxxx" ASC-nin xeyrinə akta görə yaranmış 900.91 manat borcun ödənilməsi hissəsi ilə bağlı qeyd etdiyi (istinad etdiyi) qanunvericilik normaları tamami ilə uyğunsuzdur. Belə ki, qətnamədə istinad edilən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13.8 və 17-ci bəndlərinin, “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1 bəndinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinin tətbiq edilən normaları "xxxx" ASC tərəfindən yazılmış akta əsasən hesablanmış elektrik enerjisinin dəyərinin qanunsuz hesab edilməsi üçün əsas olmamalı idi. Çünki yuxarıda qeyd edilən, məhkəmənin əsaslandığı hüquq normaları işin hallarına heç də uyğun deyildir və maddi hüquq normaları, eləcə də prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqısı barədə müqaviləsinə əsasən elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Halbu ki, elə məhkəmənin özünün də gəldiyiqənaətə əsasən, elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi üçün iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə vurğulayır ki, iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Bəli, iddiaçı olaraq "xxxx" ASC ilk öncə abonentə dəfələrlə borcunun olması barədə məlumat vermiş, rəsmi olaraq xəbərdarlıq göndərmiş, daha sonra dəymiş ziyanın məhkəmə qaydasında tələb etməyə məcbur olmuşdur. Bundan əlavə, iddiaçının tətbiq etdiyi sanksiya deyil, yuxarıda qeyd edildiyi kimi iddiaçıya dəymiş ziyanın yenidən hesablanmasıdır. İddiaçı "xxxx"ASC sanksiya tətbiq etmək səlahiyyəti olan inzibati orqan deyil. Doğrudur, elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmaması barədə məhkəmənin gəldiyini qənaət tamami ilə əsaslıdır. Çünki belə bir əlavəninin iddiaçı "xxxx" ASC tərəfindən edilmsəsi qeyri-mümkündür. Buna səbəb isə yuxarıda qeyd edildiyi kimi enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi “Elektrik enerjisindən istifadə qaydaları”na edilmiş 4 nömrəli əlavə ilə müəyyən edilmişdir. Qaydalara əlavə edilmiş hər hansı əlavəyə isə dəyişikliklərin edilməsi mümkün deyil, bu qanun pozuntusu hesab edilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları» Maddə 1.3. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğısatqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Maddə 7.1. Əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Maddə 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Maddə 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Maddə 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Maddə 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. (xx.xx.2022-ci il tarixədək olan redaksiya: İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir.)

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia qismən təmin olunduğundan, qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.

27. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı təşkilat alqısatqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki, belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə istifadə edilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən yenidən hesablanmalıdır.

29. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, onun tərəfindən tərtib edilmiş aktlar əsasında hesablamalar aparılmış və cavabdehdən hesablanmış məbləğin tutulması məqsədilə məhkəməyə müraciət edilmişdir.

30. Bununla belə, iddiaçı tərəfindən aktlar üzrə hesablanmış məbləğin 900,91 manat olması ilə bağlı sənədlər məhkəməyə təqdim olunmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2022-ci il, xx.xx.2022ci il və xx.xx.2023-cü il tarixli aktlara əsasən müəyyən olunur ki, cavabdehə 506,65 manat məbləğində sərfiyyat hesablanmışdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, həmin aktlar yalnız iddiaçının əməkdaşları tərəfindən imzalanmış, aktlar tərtib edilərkən cavabdehin iştirakı təmin edilməmiş, yol verilmiş pozuntular texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamışdır. Belə olan halda, həmin aktlar iş üzrə mötəbər sübutlar qismində qəbul edilə bilməz.

32. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-488/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar