Məhkəmə qərarları › İş №2(103)-1899/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1899/2022

01.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1899/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndələri X5 və X11 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-605/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X14 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin etibarsız sayılaraq ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, işəgötürənin 13.11.2020-ci il tarixdən onu tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin “ç” bəndi ilə xitam verilməsi barədə 13.11.2020-ci il tarixli, 1980 saylı əmrinin ləğv edərək həmin əmrin etibarsız sayılması, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə onun əvvəlki iş yerinə Cavabdeh1 MMC-nin X25 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC-nin X25 Müştəri Xidmətləri Şöbəsində əməliyyatçı vəzifəsində işləyərkən, 13.11.2020-ci il tarixli, 1980 saylı əmrlə onu işdən azad etmişlər. Bu zaman onun barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş ən ağır və sonuncu intizam tənbehi tətbiq edilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən azad etmişlər. İşəgötürənin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında olan bu əmri ilə Əmək Məcəlləsinin tələbləri, onun hüquqları və qanunla qorunan mənafeyi kobud şəkildə pozulmuşdur. İşəgötürənin 1980 saylı, 13.11.2020-ci il tarixli əmrində əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi onun tərəfindən əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi, bu əmrin verilməsi üçün əsas isə Siyəzən RF-nin təqdimatı, Siyəzən RF-nin Həmkarlar Komitəsinin Protokolu, izahat və digər təsdiqedici sənədlər olmuşdur. Hesab edir ki, işəgötürənin mövqeyi ona qarşı qeyriqanuni və qərəzlidir. İşəgötürən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi zaman qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, işlədiyi müddətdə daima əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmişdir. İşəgötürənin əmrdə göstərdikləri həqiqətə uyğun olmadığı üçün onun işdən azad edilməsi əmək qanunvericiliyinin tələblərinin kobud pozuntusu ilə həyata keçirilmişdir. İşəgötürənin onun işdən azad etməsinə səbəb onun tərəfindən 3 nəfər Siyəzən şəhər sakinlərinə dövlət tərəfindən işsiz şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik ödəmələr (190 manat) ilə əlaqədar verilən zaman, yəni 2020-ci ilin aprel ayında belə şəxslərin şəxsiyyət vəsiqələrini poçta təqdim edən həmin şəxslərin yaxınlarına verməsi olmuşdur. İşəgötürən ona intizam tənbehi tətbiq edərək onu işdən azad edərkən onun uzun müddət bu sahədə qüsursuz çalışmasını və 30 il müddətində işində heç bir nöqsana yol verməməklə, intizam məsuliyyətinə heç vaxt cəlb edilməməsini nəzərə almamış, əmək münasibətlərini intizam tənbehlərinin verilməsi sahəsində əmək qanunveriliciyində təsbit edilmiş özünün diskresion hüququndan qərəzli olaraq istifadə edərək aralarındakı əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bundan əlavə işəgötürənin ona qarşı qərəzli olmasının nəticəsi ondan ibarətdir ki, 2020-ci ilin aprel ayında baş vermiş pozuntuya görə işəgötürən ona qarşı ən ciddi və sonuncu intizam tənbehini tətbiq edərək, onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bununla da intizam xətasına yol verməsi hesab olunan hərəkətlərə görə onu işdən azad etmiş, Əmək Məcəlləsinin “İntizam tənbehi verilməsi qaydaları” adlanan 187-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin maddəyə əsasən “intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi, onun tərəfindən intizam xətası törətməsi hesab etdildiyi 190 manat işsizlik müavinətlərinin verilməsi zamanı 2020-ci ilin aprel ayında törədilmiş intizam xətasını əsas götürərək işəgötürən tərəfindən həmin müddətdən 7 ay keçəndən sonra ona intizam tənbehi verərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verməsi kobud qanun pozuntusudur. Eyni zamanda işəgötürən tərəfindən bir sıra digər qanun pozuntularına yol vermişdir. Belə ki, ona münasibətdə işəgötürən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin imperativ tələbini kobud şəkildə pozmuş, nəinki hüquq normasına əməl etməmiş, eyni zamanda daha ciddi qanun pozuntusuna yol verərək, onun 15, 16, 17 və 18 noyabr 2020-ci il tarixlərində işdə olmaqla əmək müqaviləsi üzrə öz əmək funksiyanı və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə əhəmiyyət verməyərək, işəgötürən 13.11.2020-ci il tarixdən onu tutduğu vəzifədən azad etməklə, onunla bağlanmış əmək müqaviləsinə onun tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-605/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qəbul etdiyi 13.11.2020-ci il tarixli 1980 saylı əmrin qanunsuz sayılaraq ləğv edilməsi və onun əvvəlki vəzifəsinə - Cavabdeh1 MMC-nin X25 Müştəri Xidmətləri şöbəsinə əməliyyatçı vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, Cavabdeh1 MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X14 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə düzgün hüquqi qiymət verməmiş, məhkəmə iclasında təqdim etdikləri sübutlar məhkəmənin diqqətindən kənarda qalmış, işə öz prizmasından yanaşaraq qanunun tətbiqində səhvə yol vermiş, bununla da Cavabdeh1 MMC-nin hüquqları pozulmuşdur. İddiaçı faktiki olaraq öz əmək funksiyasına aid olan məsələrlə bağlı ciddi pozuntuya yol vermiş, bununla da Cavabdeh1 MMC-yə həm maddi ziyan vurmuş, həm də mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl yetirmişdir. Hesab edirlər ki, iddiaçı tərəfindən vurulmuş maddi ziyanın sonradan onun tərəfindən ödənilməsi pozuntunun ümumiyyətlə olmaması kimi qiymətləndirilə bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə onların verdiyi izahatlarla sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Lakin işə baxan hakim qanunvericiliyi bir kənara qoymuş öz parametrləri ilə işə baxıb nəticə çıxarmışdır. Bununla da məhkəmə kollegiyası maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-605/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4342/2021 sayl, 04 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-605/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin X30 və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC-yə qarşı işəgötürənin 13.11.2020-ci il tarixdən iddiaçını tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə 13.11.2020-ci il tarixli, 1980 saylı əmrini ləğv edərək həmin əmrin etibarsız sayılması, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının əvvəlki iş yerinə Cavabdeh1 MMC-nin X25 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı vəzifəsinə bərpa olunması barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı 2020-ci ilin aprel ayında əmək fuknsiyalarını icra edərkən nöqsana yol vermişdir. Həmin nöqsan ondan ibarət olmuşdur ki, iddiaçı işsizliklə bağlı 190 manat birdəfəlik yardımı almalı olan şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edən yaxın qohumlarına heç bir səlahiyyətverici sənədlər olmadan təqdim etmişdir. Beləliklə, əmək vəzifələrinin kobud pozulması işəgötürənə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hüququ verir. Habelə, iddiaçının əmək münasibətlərinə xitam verən cavabdeh tərəfindən qəbul edilmiş əmr düzgün əsaslandırılmışdır və aşkar edilmiş nöqsan əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qəbul edilməlidir. Bundan başqa, X25 rəisi tərəfindən Cavabdeh1 MMC-nin baş direktoruna ünvanlanmış təqdimatdan görünür ki, İddiaçı Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşaraq, mövcud poçt qaydalarının tələblərini pozaraq, işsiz əhaliyə birdəfəlik (190 manat) ödənişlər zamanı müəyyən olunmuş prosedur və eyniləşdirmə qaydalarının tələblərinə cidd əməl olunması barədə Cavabdeh1 MMC tərəfindən dəfələrlə verilmiş tapşırıq və tövsiyələrə əməl etməyərək qanuna zidd hərəkətlərə yol vermişdir. Məhkəmə araşdırılması zamanı sonradan iddiaçının təqdim olunan həmin pulların geri qaytarılmasını təmin etməsi müəyyən edilsə də, həmin hal nəticəsində mülkiyyətçiyə ziyan vurulmasa da, iddiaçının bu nöqsanı müəssisənin mənafeyinə ciddi xələl gətirilməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən iddiaçının bu nöqsanı əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, işəgötürən işçinin əmək vəzifələrinin pozulmasına görə onun barəsində intizam tənbehi tətbiq etməkdə öz mülahizəsinə görə sərbəstdir və bu imkan qanunla müəyyən olunur. Bu səbəbdən tətbiq edilmiş intizam tənbehinin çox ağır olması əsası ilə qanunsuz hesab edilməsi barədə iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Göründüyü kimi, qanun birmənalı şəkildə işəgötürənə əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və əsaslara düzgün riayət etməsi vəzifəsi qoymuşdur. Beləliklə, cavabdeh əmək müqaviləsinə xitam verərkən həm əmək müqaviləsinə xitam verilməsi qaydasını, həm də əsasını gözləmişdir. Əmək müqaviləsinə xitam verilməsi qaydasının gözlənilməsi onda ifadə olunmuşdur ki, işəgötürən əmri yuxarıda qeyd olunduğu kimi düzgün əsaslandırmışdır. Əmək müqaviləsinə xitam verilməsi əsasının gözlənilməsi isə ondan ifadə olunmuşdur ki, işəgötürən əmr qəbul edərkən əsas tutduğu halı qanunun tələblərinə riayət etməklə tətbiq etmişdir. İş üzrə İddiaçı və onun vəkili Məmmədov Zaur Məmmədağa oğlu kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 15, 16, 17 və 18 noyabr 2020-ci il tarixlərində işdə olmaqla əmək müqaviləsi üzrə öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də cavabdeh buna əhəmiyyət verməyərək onunla bağlanmış əmək müqaviləsinə 13.11.2020-ci il tarixli əmrlə 13.11.2020-ci ildən xitam vermişdir. Apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir. Bundan başqa iddiaçının yol verdiyi nöqsan 2020-ci ilin aprel ayında baş vermiş həmin nöqsana görə tənbeh isə 7 ay müddət keçdikdən sonra 13.11.2020-ci ildə tətbiq edilmişdir. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71(2), 71(3), 83(2), 186.2(ç), 187(2) və 187(3)-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1 və 218.1-ci maddələrinin tələblərinə əsasən hesab etmişdir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından qanuni və əsaslı sayıla bilməz. Kassasiya məhkəməsinin mövqeyinə görə, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı işsizliklə bağlı 190 manat birdəfəlik yardımı almalı olan şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edən yaxın qohumlarına heç bir səlahiyyətverici sənədlər olmadan təqdim etməklə əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Əmək vəzifələrinin kobud pozulması işəgötürənə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hüququ verir. Həmçinin məhkəmə araşdırılması zamanı sonradan iddiaçının təqdim olunan həmin pulların geri qaytarılmasını təmin etməsi müəyyən edilsə də, həmin hal nəticəsində mülkiyyətçiyə ziyan vurulmasa da, iddiaçının bu nöqsanı müəssisənin mənafeyinə ciddi xələl gətirilməsi kimi qiymətləndirilməlidir. Belə olan halda iddiaçının əmək münasibətlərinə xitam verən cavabdeh tərəfindən qəbul edilmiş əmr düzgün əsaslandırılmışdır və aşkar edilmiş nöqsan əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qəbul edilməlidir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən 13.11.2020-ci il tarixli, 1980 saylı əmrin qanuniliyi işçi tərəfindən kobud vəzifə pozuntusuna yol verilməsi ilə əsaslandırılmışdır. Halbuki, 13.11.2020-ci il tarixli, 1980 saylı əmrdən görünür ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 13.11.2020-ci ildən Azərpoçt” MMC-nin X25 Müştəri Xidmətləri şöbəsinə əməliyyatçısı vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri, əmək vəzifələrindən fərqlənir. Əmək funksiyası işçinin yerinə yetirdiyi iş və ya xidmətdir. Əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun olaraq yerinə yetirilməsidir. Əmək funksiyasının pozulması, işçinin yerinə yetirməli olduğu işlərin yerinə yetirilməməsidir (işçinin üzürsüz səbəbdən işə gəlməməsi, işdə olduğu müddətdə əmək funkisayalarına aid olmayan işlərlə məşğul olması və s.). Əmək funksiyası yerinə yetirilərkən qanuna zidd hərəkət edilməsi, verilmiş tapşırıqların düzgün yerinə yetirilməməsi isə əmək vəzifəsinin pozulması hesab edilir. Məhkəmə kollegiyası izah edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə. 2. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Göründüyü kimi işə götürən 13.11.2020-ci il tarixli, 1980 saylı əmri Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin birinci hissəsi yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırsa da apelyasiya instansiyası məhkəməsi qeyd edilən əmrin qanuniliyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin ikinci hissəsi yəni Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması ilə əsaslandırmaqla maddi hüquq normasını səhv tətbiq etmişdir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının törətdiyi nöqsan əmək vəzifələrinin kobud pozulması kimi hesab edilsə belə bu nöqsana görə tənbeh işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək, lakin intizam xətasının törədildiyi gündən altı aydan gec olmayaraq verilə bilər. Belə ki, AR Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İş materiallarından görünür ki, iddiaçının yol verdiyi nöqsan 2020-ci ilin aprel ayında baş vermiş həmin nöqsana görə tənbeh isə 7 ay müddət keçdikdən sonra 13.11.2020-ci ildə tətbiq edilmişdir. Bununla yanaşı iddiaçı kassasiya şikayətində göstərmişdir ki, o 15, 16, 17 və 18 noyabr 2020-ci il tarixlərində işdə olmaqla əmək müqaviləsi üzrə öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də cavabdeh buna əhəmiyyət verməyərək onunla bağlanmış əmək müqaviləsinə 13.11.2020-ci il tarixli əmrlə 13.11.2020-ci ildən xitam vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən halın araşdırılması hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamışdır. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmçinin iş materiallarından görünür ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, peşəkarlıq səviyyəsini, 30 ildən artıq bir müddətdə heç bir nöqsana yol vermədən işləməsini nəzərə almamışdır. Apelyasiya instansiyası məhkəməsi bu hala da hüquqi qiymət verməmişdir. (46) Qeyd edilənlərə əsasən kassasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək, yeni apelyasiya baxışına qaytarılmasını qərara almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin Qərarındakı göstərişləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən iddiaçı İradə İsrayılovanın iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X15 və X19 verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-605/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası cavabdeh tərəfin nümayəndələrinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq iş materiallarını araşıdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, mülki işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı 1989-cu ildən Cavabdeh1 MMC-nin Siyəzən Poçt filialında müxtəlif vəzifələrdə işləmiş, 02.12.2019-cu il tarixdə Cavabdeh1 MMC-nin X25 Müştəri Xidmətləri şöbəsinə əməliyyatçı vəzifəsinə təyin edilmişdir. Cavabdeh1 MMC-nin 13.11.2020-ci il tarixli 1980 saylı əmri ilə iddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 13.11.2020-ci ildən Azərpoçt” MMC-nin X25 Müştəri Xidmətləri şöbəsinin əməliyyatçısı vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi X25 təqdimatı, X25 Həmkarlar Komitəsinin Protokolu, izahat və digər təsdiqedici sənədlər göstərilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçı əmək vəzifələrinə zidd olaraq dövlət tərəfindən təyin edilmiş işsizliklə bağlı 190 manat birdəfəlik yardımı almalı olan şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edən yaxın qohumlarına heç bir səlahiyyətverici sənədlər olmadan təqdim etmişdir. Həmçinin işin mübahsə edilməyən hallarından görünür ki, iddiaçı təqdim olunan həmin pulların geri qaytarılmasını təmin etmişdir. Belə ki, iş materiallarında olan, işəgötürən Cavabdeh1 MMC ilə işçi İddiaçı arasında bağlanılmış 02.12.2019-cu il tarixli əmək müqaviləsinin məzmunundan görünür ki, işəgötürən qismində Cavabdeh1 MMC (Baş direktor) işçi qismində İddiaçı arasında əmək müqaviləsi bağlanmış, həmin müqvailəyə əsasən İddiaçı Cavabdeh1 MMC-nin X25 Müştəri Xidmətləri şöbəsinə əməliyyatçı vəzifəsinə işə qəbul edilmiş, işə 02 dekabr 2019cu il tarixdən başlamışdır.(İ.vər. 9 - 10) İş materiallarında olan, X25 Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağının 03 saylı, 01.11.2020-ci il tarixli Protokolunun təsdiq edilmiş surətindən görünür ki, Həmkarlar İttifaqı Komitəsinin qərarına əsasən MXŞ-nın əməliyyatçısı İddiaçı Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə etiraz olunmamışdır.(İ.vər. 58) İş materiallarında olan, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC-nin 1980 saylı, 13.11.2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 MMC-nin X25 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 13.11.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Siyəzən PF-nın təqdimatı, Siyəzən PF-nın Həmkarlar Komitəsinin Protokolu, izahat və digər təsdiqləyici sənədlər.(İ.vər. 56) İş materiallarında olan, Mirzəyeva (Şahverdiyeva) Bürhanə Allahverən qızının 28.09.2989-cu il tarixli ИЕ-İ № ******* saylı əmək kitabçasının kserosurətindən görünür ki, o, 02.12.2019-cu il tarixdə Cavabdeh1 MMC-nin X25 Müştəri Xidmətləri şöbəsinə əməliyyatçı vəzifəsinə təyin edilmiş, 13.11.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.(İ.vər. 12 - 15) İş materiallarında olan, Cavabdeh1 MMC-nin X25 17.11.2020-ci il tarixli və 18.11.2020-ci il tarixli mədaxil qəbzlərin dublikatlarından görünür ki, göndərən X6 alan X7 aid 17.11.2020-ci il tarixli ********* №-li mədaxil qəbzin dublikatı üzrə;(İ.vər. 40), - göndərən X22 alan X12 aid 17.11.2020-ci il tarixli ********* No-li mədaxil qəbzin dublikatı üzrə,(İ.vər. 41), - göndərən X23 alan X13 aid 17.11.2020-ci il tarixli ********* №-li mədaxil qəbzin dublikatı üzrə,(İ.vər. 42), - göndərən X24 alan X16 aid 18.11.2020-ci il tarixli ********* №-li mədaxil qəbzin dublikatı üzrə,(İ.vər. 44), - göndərən X17 alan X8 aid 18.11.2020-ci il tarixli ********* №-li mədaxil qəbzin dublikatı üzrə,(İ.vər. 45), - göndərən X9 alan X4 aid 18.11.2020-ci il tarixli ********* No-li mədaxil qəbzin dublikatı üzrə,(İ.vər. 46), - göndərən X1 alan X10 aid 18.11.2020-ci il tarixli ********* №-li mədaxil qəbzin dublikatı üzrə əməliyyatlar icraçı İddiaçı tərəfindən icra olunmuşdur.(İ.vər. 47). Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının işsizliklə bağlı 190 manat birdəfəlik yardımı almalı olan şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edən yaxın qohumlarına heç bir səlahiyyətverici sənədlər olmadan təqdim etməsi işəgötürən tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, qeyd edilən hal əmək funksiyasının və ya öhdəliyin pozulması yox, əmək vəzifələrinin pozulmasıdır. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə. 2. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən görünür ki, həmin müqavilədə işçinin öhdəliklərinin nədən ibarət olması konkret göstərilməmişdir. Əmək müqaviləsində yalnız işçinin vəzifə təlimatına uyğun olaraq əmək funksiyalarının yerinə yetirilməsi üzrə öhdəlik götürməsi göstərilmişdir. Məhkəmə izah etmişdir ki, işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri, əmək vəzifələrindən fərqlənir. Əmək funksiyası işçinin yerinə yetirdiyi iş və ya xidmətdir. Əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun olaraq yerinə yetirilməsidir. Əmək funksiyasının pozulması, işçinin yerinə yetirməli olan işlərin yerinə yetirilməməsidir. Əmək funksiyasını yerinə yetirərkən qanuna zidd hərəkət etməsi, verilmiş tapşırıqları yerinə düzgün yerinə yetirilməməsi əmək vəzifəsinin pozulması hesab edilir. Əmək vəzifələrinin işçi tərəfindən pozulması o halda kobud hesab edilir ki, həmin pozuntu Əmək Məcəlləsinin 72-ci maddəsində müəyyən edilmiş olsun. Məhz əmək vəzifələrinin kobud pozulması işəgötürənə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən intizam tənbehi kimi işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hüququ verir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının etdiyi nöqsan işəgötürən tərəfindən pozuntu kimi müəyyən edilsə də, həmin nöqsan yalnız Əmək Məcələlsinin 72-ci madəsində sadalanan hallar olduqda kobud hesab edilir. Yəni həmin nöqsan işəgötürənə işçi ilə bağlanmış əmək müqaviləsinə xtam verilməsi üçün o halda əsas verir ki, həmin pozuntu ƏM-nin 72-ci maddəsində sadalanan halların baş verməsinə səbəb olsun. Məhkəmə iclasında iddiaçının əmək vəzifələrinin pozulması halı müəyyən edilsə də, həmin pozuntunun ƏM-nin 72-ci maddəsində göstərilən hallarla nəticələnməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının törətdiyi və cavabdehin pozuntu kimi hesab etdiyi nöqsan işəgötürən tərəfindən düzgün qiymətləndirilməmiş və nəticədə bu hal düzgün əsaslandırılmamış əmrin qəbul edilməsinə səbəb olmuşdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, hətta cavabdeh tərəfindən qəbul edilmiş əmr düzgün əsaslandırılmış əmr kimi, yəni aşkar edilmiş nöqsan əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qəbul edilsə belə, bu hal iddiaçı barəsində mübahisəli əmrin qəbul edilməsinə əsas kimi çıxış edə bilməzdi. X25 rəisi tərəfindən Cavabdeh1 MM-nin baş direktoruna ünvanlanmış təqdimatdan görünür ki, İddiaçı Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşaraq, mövcud poçt qaydalarının tələblərini pozaraq, işsiz əhaliyə birdəfəlik (190 manat) ödənişlər zamanı müəyyən olunmuş prosedur və eyniləşdirmə qaydalarının tələblərinə cidd əməl olunması barədə Cavabdeh1 MMC tərəfindən dəfələrlə verilmiş tapşırıq və tövsiyələrə əməl etməyərək qanuna zidd hərəkətlərə yol vermişdir.(İ.vər. 66). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən işsiz əhaliyə birdəfəlik ödənilməsi nəzərdə tutulan 190 manat pul onu almağa hüququ olan şəxsin yaxun qohumlarına təqdim edilmişdir. Lakin sonradan iddiaçı təqdim olunan həmin pulların geri qaytarılmasını təmin etmiş, yəni etdiyi nöqsanı etiraf edərək üzr istəmiş və uzunmüddətli əmək fəaliyyətini nəzərə alınmasını xahiş etmişdir. Yəni iddiaçının bu nöqsanı nəticəsində mülkiyyətçiyə ziyan vurulması və ya müəssisənin mənafeyinə ciddi xələl gətirilməsi müəyyən olunmamış və məhkəməyə bunu təsdiq edən sübutlar təqdim olunmamışdır. Bu səbəbdən iddiaçının bu nöqsanı əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının törətdiyi nöqsan əmək vəzifələrinin kobud pozulması kimi hesab edildikdən sonra bu nöqsana görə tənbeh cavabdeh tərəfindən Əmək Məcəlləsində müəyyən edilmiş tələblərinin pozulması ilə tətbiq edilmişdir. Qanunvericiliyin tələblərinə görə işəgötürən işçiyə əmək vəzifələrinin kobud şəkildə pozmasına görə 6 ay ərzində intizam tənbehi verə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yol verdiyi nöqsan 2020-ci ilin aprel ayında baş vermiş, həmin nöqsana görə tənbeh isə 7 ay müddət keçdikdən sonra tətbiq edilmişdir. Digər tərəfdən cavabdeh tərəfindən intizam tənbehi tətbiq edilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri nəzərə alınmamış, yəni tənbeh tətdiq edilərkən iddiaçının şəxsiyyəti və peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır. Lakin məhkəmə qeyd edr ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinin tələbləri nəzərə alınmadığına görə qanunsuz hesab edilə bilməz. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci bəndindən göründüyü kimi intizam tənbehinin verilməsi səlahiyyəti diskresion xarakter daşıyır. Məhkəmə hesab etmişdir ki, işəgötürən işçinin əmək vəzifələrinin pozulmasına görə onun barəsində intizam tənbehi tətbiq etmkədə öz mülahizəsinə görə sərbəstdir və bu imkan qanunla müəyyən olunur. Bu səbəbdən tətbiq edilmiş intizam tənbehinin çox ağır olması əsası ilə qanunsuz hesab edilməsi barədə iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Bununla belə məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edilərkən Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslar və qaydalar pozulduğu üçün həmin əmr qanuni hesab edilə bilməz və bu səbəbdən də ləğv edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olunduğu üçün, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70(ç), 72, 83, 186, 187, 300-cü, Mülki Prosessual Məcəllənin 119.2, 216-220ci maddələrinə istinadla əsaslandırmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollеgiyası hesab edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70(ç), 72, 83, 186, 187-ci maddələrinin tələblərinə əməl edilmədiyindən iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “c” və “e” bəndinə əsasən, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, yaxud əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 186-cı madəsinin 2-ci bəndinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilə bilər. Həmin Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İradə İsrayılovanın əmək müqaviləsinə xitam verilərkən onun izahatı da alınmamış, beləliklə Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri də pozulmuşdur. Qeyd olunmalıdır ki, mübahisələndirilən əmrə əsas kimi göstərilən sənədlər arasında da iddiaçının izahatının olduğu göstərilməmişdir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi, Əmək Qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə görə işəgötürən işçiyə əmək vəzifələrinin kobud şəkildə pozmasına görə 6 ay ərzində intizam tənbehi verə bilər. Lakin, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yol verdiyi nöqsan 2020-ci ilin aprel ayında baş vermiş, həmin nöqsana görə tənbeh isə 7 ay müddət keçdikdən sonra tətbiq edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verərkən qanunun tələblərini pozduğu üçün həmin əmr qanuni hesab edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında verilən izahat, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi nəzərə alınmamış, əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Digər tərəfdən məhkəmə kollegiyası onuda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən intizam tənbehi tətbiq edilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri nəzərə alınmamış, yəni tənbeh tətdiq edilərkən iddiaçının şəxsiyyəti və peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan, Cavabdeh1 MMCnin X25 17.11.2020-ci il tarixli və 18.11.2020-ci il tarixli mədaxil qəbzlərin dublikatlarından görünür ki, həmin mədaxil qəbzlərində icraçı kimi məhs İddiaçı əməliyyatların icraçı kimi qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh iddiaçının 15, 16, 17 və 18 noyabr 2020-ci il tarixlərindən işdə olmaqla əmək müqaviləsi üzrə öz əmək funksiyanı və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə əhəmiyyət verməyərək, özünün 13.11.2020-ci il tarixli əmri ilə, cavabdehi 13.11.2020-ci il tarixdən tutduğu vəzifədən azad edərək, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi onu deməyə əsas verir ki, həmin əmr qanunsuz olmaqla özüözlüyündə etibarsız əmrdir. Beləliklə məhkəmə kollegiyası Cavabdeh1 MMC-nin baş direktoru Əfqan Cəlilovun apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası Cavabdeh1 MMC-nin baş direktoru Əfqan Cəlilovun apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-605/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X14 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-605/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar