Məhkəmə qərarları › İş №2(103)-190/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-190/2025

23.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-190/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 ünvanında yerləşən fərdi yaşayış evi X2 adına qeydiyyatı aparılmışdır.

2. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdır və miras qalan əmlak Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 ünvanında yerləşən ümumi sahəsi 58.4 kv.m., yaşayış sahəsi 48.9 kv.m., yardımçı sahəsi 9.5 kv.m., 3 otaqlı olan fərdi yaşayış evindən ibarətdir.

3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3015/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X4 ilə X9 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan anadan olmuş uşaqları analarının himayəsində saxlanması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” məhkəməyə müraciət edərək, Cavabdeh və digər şəxslərin ünvan ünvandakı mənzildən çıxarılması və həmin mənzilin tam boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan ünvandakı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun qardaşının həyat yoldaşı olmuş və hazırda nikahları faktiki olaraq bitmişdir, eyni zamanda tərəflərin arasında nikahın pozulmasına dair mübahisə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmaqdadır. Həmin mənzilə ehtiyacları olduğu üçün müvəqqəti yaşamaq üçün qardaşı və ailəsinə etiraz etməmişdi. Qardaşı ailəsi ilə ayrıldıqdan sonra həmin mübahisəli evdən çıxsa da, cavabdeh onun tələb və israrlarına baxmayaraq mənzildə qalmaqla onun mülkiyyət hüquqlarını pozur və mülkiyyət hüquqularının həyata keçirilməsinə maneə yaradır. Hazırda cavabdeh və onun ailə üzvləri mənzilin könüllü olaraq boşaldılmasından və təhvil verilməsindən imtina etdiklərindən hesab etmişdir ki, mübahisə məhkəmə qaydasında həll edilməlidir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 saylı evdən (mənzildən) çıxarılması və ev (mənzil) boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ev hazırda iddiaçının mülkiyyətindədir. Cavabdeh onun keçmiş qardaşı arvadı olub və həmin mənzilə xx.xx.2019-cu ildə nikaha daxil olmaqla həmin evə köçmüşdür. Nəzərə alınmalıdır ki, işin məhkəmə tərəfindən müəyyən edilən halına görə Cavabdeh 2019-cu ildə qayınatanın (X5) mülkiyyətində olan mənzilə (qeydiyyat vəsiqəsi əsasında) köçüb, belə olan halda, mübahisəyə Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələri tətbiq edilməlidir. Həmçinin müəyyən edilir ki, hazırda Cavabdeh ilə X4 (Məhərrəm Kosayevin oğlu) arasında nikahın pozulmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən İddiaçı digər qohumu hesab edilmir. Odur ki, Cavabdeh mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Həmçinin qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdeh və ailə üzvləri mübahisəli evdən könüllü olaraq çıxmamaları nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli evdən cavabdehin çıxarılmasını və evin onun sahibliyinə verilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdeh mübahisəli evdən çıxarılmalı və ev boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə hesab edir ki, ünvan evə dair hər hansı bir hüquqları mövcud olmayan cavabdehin yaşaması iddiaçının evə olan mülkiyyət hüququnu məhdudlaşdıran haldır. Məhkəmə iddia tələbinin “digər şəxslərin mənzildən çıxarılma və s.” hissəsinə münasibətdə hesab edir ki, iddia ərizəsində qeyd olunan “digər şəxslərin” dairəsi dəqiq göstərilmədiyindən, yəni qeyri-müəyyən olduğundan iddia tələbi bu hissədə təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü, 29-cu maddəsinin İ və İİ bəndləri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 178.1, 203.1-ci maddələri, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarı, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş) 30.1, 30.2. 30.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 216- 220, 227, 233-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, onun və 2 uşağı; xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X7 Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1 döngə, 4 saylı ünvandakı evə yaşamaq hüquqlarının bərpa edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının qardaşı X4 ilə xx.xx.2019-cu ildə nikaha daxil olduqdan sonra qayınatası X3 məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1 döngə, 4 saylı ünvandakı mənzilə gəlin köçmüşdü. O, həmin mənzilə köçdükdən sonra qayınatası Kosayev Məhərrəm onu öz mənzilinə qeydiyyata almaq istəsə də onun sənədlərində adın yanlış yazılması səbəbi ilə qeydiyyata alınması mümkün olmamışdır. Buna baxmayaraq qayınatası onun və 2 azyaşlı uşaqlarının həmin mənzildə yaşamasına razılıq vermişdir. Qayınatası 2020-ci ildə rəhmətə getdikdən sonra o və ailəsi həmin evdə yaşamağa davam etmişlər. Qeyd etmişdir ki, keçmiş həyat yoldaşı həmin evdə qeydiyyatdadır. Qayınatası vəfat etdikdən sonra xx.xx.2023-cü ildə vərəsəlik işi açılmış və X2 vərəsəsi İddiaçı tanınmışdır. Keçmiş həyat yoldaşı Kosayev Rafiq həmin mənzildə olan miras payından imtina etmişdir. Hesab edir ki, həmin miras payında Rafiqin haqqı olduğu kimi, onun 2 övladının da həmin mənzildə yaşamaq hüququ saxlanılmalıdır. Hal hazırda Kosayev Rafiqin mülkiyyətində başqa ev olmadığı kimi, onun və 2 uşağının da yaşamağa yaşayış yeri yoxdur. Qeyd etmişdir ki, vəsatət verərək vərəsəlik işinin notariat kontorundan tələb edilməsini xahiş etsə də məhkəmə vəsatətlərinə əsaslı münasibət bildirməmişdir. Bu vəsatətlərinin nəticəsi olaraq, qayınatası X2 ölümündən qabaq hər hansı bir vəsiyyət tapşırığının olub-olmamasını məhkəmə müəyyən edə bilərdi. Belə ki, miras işi açılan zaman onların nikahları pozulmamışdır, belə fikirləri olmamışdır və ailə münasibətləri yaxşı olmuşdur.Qeyd etmişdir ki, iddiaçının mülkiyyətində başqa mənzillər vardır. Onun halhazırda həmin yaşayış yerinə yaşamaq üçün ehtiyacı yoxdur. Lakin onun və 2 uşağının yaşayış yeri ilə təmin olmağa çox ehtiyacları var.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

13. Tərəflər məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Konstitutsiyası Maddə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamə cavabdeh tərəfindən mübahisələndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normaları düzgün tətbiq edilmədiyinə görə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

21. İddiaçı Cavabdeh və digər şəxslərin ünvan ünvandakı mənzildən çıxarılması, ünvan ünvandakı mənzilin tam boşaldılaraq ona təhvil verilməsini tələb edir.

22. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi Cavabdeh mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin edilmişdir.

23. Birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə yanaşı Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

24. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilir ki, “...Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir”.

25. İşin halları odur ki, ünvan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının keçmiş qardaşı arvadıdır. Cavabdeh ailə qurub mübahisə predmeti olan mənzilə köçüb yaşayanda mənzil cavabdehin qayınatası X2 mülkiyyətində idi.

26. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdır və miras qalan əmlak Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 ünvanında yerləşən ümumi sahəsi 58.4 kv.m., yaşayış sahəsi 48.9 kv.m., yardımçı sahəsi 9.5 kv.m., 3 otaqlı olan fərdi yaşayış evindən ibarətdir.

27. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3015/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X4 ilə X9 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan anadan olmuş uşaqları analarının himayəsində saxlanması qət edilmişdir.

28. Kollegiya qeyd edir ki, cavabdeh 2019-cu ildə qayınatanın mülkiyyətində olan mənzilə köçüb yaşadığından Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən onun mənzilə istifadə hüququ yaranmamışdır. Daha sonra isə mənzil baldızın mülkiyyətinə keçmişdir. Bu halda da cavabdehin münahisə predmeti olan mənzilə istifadə hüququ yaranmamışdır.

29. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən istifadə hüququnun yaranma əsası ailə münasibətlərinin mövcudluğudur.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilən hüquqi mövqeyə əsasən Mənzil Məcəlləsində qeyd edilən “ailə üzvləri” anlayışına yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşayan və ailə qanunvericiliyinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər aid edilmişdir.

31. Ailə Məcəlləsinin tələbinə əsasən valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ, ər-arvadın və keçmiş ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi nəzərdə tutulmuş olsa da, qayınatanın, yaxud baldızın keçmiş gəlini saxlamaq vəzifəsi nəzərdə tutulmamışdır.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “...Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).”

33. Kollegiya qeyd edir ki, iddia tələbi Cavabdeh ünvan ünvandakı mənzildən çıxarılması və ünvan ünvandakı mənzilin tam boşaldılaraq ona təhvil verilməsi hissəsində təmin edilməlidir.

34. Məhkəmə kollegiyası digər şəxslərin mənzildən çıxarılması tələbinə münasibətdə qeyd edir ki, iddia tələbində göstərilən “digər şəxslərin” dairəsi qeyri-müəyyəndir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 saylı evdən (mənzildən) çıxarılsın və ev (mənzil) boşaldılaraq İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar