Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1900/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(005)- 1461/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsini cəlb etməklə ərizə ilə məhkəməyə müraciət edərək, DİN DQ-nin xx.xx.1998-ci il tarixli, 30/21 №-li və xx.xx.1999-cu il tarixli, 19/299 №-li bildirişlərinin, MN MHH-nın xx.xx.1993-cü il tarixli, 296 №-li arayışının ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1461/2025 nömrəli 17 yanvar 2025-ci il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi eyni tərəf, eyni predmet, eyni əsaslarla mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq, yenidən məhkəməyə müraciət edərək, hüquqi əhəmiyyətli faktın tanınmasını xahiş edir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində göstərilməklə sənədlərin ona məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir və həmin qətnamə qanuni qüvvəsini almışdır. Müvafiq ərizənin icraata qəbul edilməsi isə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməz hesab edilmişdir Həmin qərardaddan Ərizəçi şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1461/2025 nömrəli 17 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsini və tərəfindən verilmiş ərizənin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ikinci dəfə qərəzlə eyni işə hakim təyin edilib və eyni əsasla, eyni tələblə olduğundan məhkəməyə müraciət hüququnun yolverilməz olduğuna görə ərizə geri qaytarılıb. Bu qərardad qanunsuzdur, heç bir normativ hüquqi akta əsaslanmır, MPM-in 153-cü maddəsi düzgün tətbiq və təfsir olunmayıb, odur ki, ləğv olunmalıdır. Birincisi, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(005)-611/2024 saylı qətnaməsinin qanuni qüvvəyə minibminməmisəndən asılı olmayaraq onun təqdim etdiyi və baxılmayan sübutları, sənədləri üzrə qətnamə çıxarılmadığından həmin sübutlar, tələblər üzrə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu hüquq Ali Məhkəmə Plenumunun "Məhkəmə qətnaməsi haqqında" Qərarının 15.4-cü bəndi ilə təsbit olunub: "Əlavə qətnamə çıxarılmasından imtina olunması maraqlı şəxsi eyni tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququndan məhrum etmir". Amma Nərimanov Rayon Məhkəməsi faktiki olaraq onu bu hüquqdan məhrum edib ki, eyni tələblə olduğundan, məhkəməyə müraciət etmək hüququ yolverilməzdir. Əlbəttə, Ali Məhkəmənin Plenumu daha üstündür və məhkəmələr Plenumun qərarlarına əməl etməyə borcludurlar, nəinki ona kobud qadağa qoymaq. Eyni zamanda MPM-nin 229.2-ci maddəsində təsbit olunub ki, əlavə qətnamə və ya əlavə qərardadın çıxarılması qətnamə və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmır. Bu isə açıq şəkildə onu göstərir ki, məhkəmə MPM-nin 153.2.2-ci maddəsini yanlış tətbiq edib və düz təfsir etməyib. Çünki MPM-nin 229.2-ci maddəsi təsbit edir ki, əlavə qətnamə çıxarılması qətnamənin qüvvəsini təxirə salmır, MPM-nin 153.2.2-ci maddəsi isə təsbit edir ki, eyni tərəflər arasında, eyni predmet və əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə olduqda iddia yolverilməz sayılır. Halbuki onun ərizəsi eyni tələblə verilib və bu tələblər üzrə qətnamə çıxarılmayıb. Yəni çıxarılan qətnamə həmin tələblər üzrə deyil və bu qətnamənin qanuni qüvvəyə minib-minməsindən asılı olmayaraq onun baxılmayan sübutları üzrə eyni tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ var. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1461/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bu Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Ərizəçi Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə DİN DQ-nin xx.xx.1998-ci il tarixli, 30/21 №-li və xx.xx.1999-cu il tarixli, 19/299 №-li bildirişlərinin, MN MHH-nın xx.xx.1993-cü il tarixli, 296 №-li arayışının ona məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir; həmin qətnamə yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi ərizəçi qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələblərinə uyğun icraatına götürməkdən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1461/2025 saylı 17 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-1900/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1900/2025
04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver