Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1902/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("evin qanunsuz sahiblikdən alınıb təhvil verilməsi ") hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, onun nümayəndəsi Vəkil, cavabdeh və onu vəkili X10 və maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin nümayəndəsi-sədri X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evin qanunsuz sahiblikdən alınıb təhvil verilməsi tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1056/2022 saylı işi üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı evin qanunsuz sahiblikdən alınıb təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Albalıq qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən iddiaçıya məxsus və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilən tikilinin boşaldılması və oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1056/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2, 165.1, Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 217.4-ci maddələrinə istinadən) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Albalıq qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən iddiaçıya məxsus və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilən tikilinin Cavabdeh tərəfindən boşaldılması və cavabdehin oradan çıxarılması qət edilmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - X1 ifadə verərək qeyd etmişdir ki, o, iddiaçının dostudur. Onlar ikisi də mühəndisdilər. Gənclikdən iddiaçının və onun ailəsini tanıyır. Onlar ikisi birlikdə adıçəkilən evi layihələndirib inşaatını həyata keçirtmişdilər. İddiaçının mərhum qardaşı kirayədə qalmasın deyə iddiaçı evi ona yaşaması üçün vermişdir; - Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə həmin ünvanda yerləşən 400 kv metr torpaq sahəsi alğı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı ******* AZM ödəyərək həmin torpağı əldə etmişdir (259 №-li, xx.xx.2005-ci il tarixli kasa mədaxil orderi); - Sabunçu rayon Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 392 №- li arayışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Yeni yaşayış massivində yerləşən torpaq və əmlak sahəsi İddiaçı məxsusdur; - İmzaları notarial qaydada təsdiq edilmiş beş qonşu tərəfindən məhkəməyə ərizələr göndərilmişdir. Həmin ərizələrdə qonşular mübahisəli evin cavabdeh və onun həyat yoldaşı tərəfindən inşa edilməsini və cavabdehin 2011-ci ildən həmin evdə yaşaması faktının təsdiq etmişdirlər(iş səh. 9-11, 14, 16, 44-48).
4. Cavabdehin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə təmin edilərək, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir.
5. İddiaçının kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5270/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2022-ci il tarixli, 2(103)-4289/2022 saylı qətnaməsi ləğv edilməsi, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2, 158.2, 158.4, 159,163.1, 164.1, 164.2; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Bilgəh bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli, 094 saylı qərarına və sonuncu ilə iddiaçı arasında bağlanmış eyni tarixli "Torpaq sahəsinin alğı-satqısına dair” Akta əsasən Bilgəh qəsəbəsi, Yeni-yaşayış missivində yerləşən 400 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ******* manata iddiaçıya satılıb. 22 aprel 2005-ci il tarixli, 259 saylı kassa mədaxil orderinə əsasən iddiaçı tərəfindən sözügedən topaq sahəsinin alğı-satqısı üçün Bilgəh bələdiyyəsinin hesabına ******* manat pul ödənilib. Habelə, işə əlavə edilmiş Bilgəh bələdiyyəsinin 30 oktyabr 2021-ci il tarixli arayışına, əmlak və torpaq vergilərinin ödənilməsinə dair tədiyə bildirişlərinə görə, Bilgəh qəsəbəsi, Yeniyaşayış massivində yerləşən torpaq sahəsi və orada olan tikili iddiaçıya məxsusdur, torpaq və əmlak vergisi onun tərəfindən ödənilir. Həmçinin, işə əlavə edilmiş sözügedən ünvan üzrə qaza, suya, işığa görə bağlanmış alğı-satqı müqavilələrindən, abunə haqqında məlumatdan, həmin ünvan üzrə verilmiş abonent kodundan, o cümlədən abonentin saldosundan görünür ki, mübahisəli ünvan üzrə qazdan, işıqdan və sudan istifadəyə görə alğı-satqı müqavilələri məhz iddiaçı ilə bağlanıb, abonent kodu və abonent saldoları onun adınadır. Hazırda iddiaçı, sözügedən torpaq sahəsinin qanuni əsaslarla bələdiyyə tərəfindən ona satıldığını, həmin torpaq sahəsində 2013-cü ildə mübahisəli evi inşa etdiyini, qardaşı Aydın Həsənov kirayədə yaşadığı üçün qeyri-rəsmi nikahda olduğu arvadı Cavabdeh köçüb həmin evdə yaşamalarına icarə verdiyini, 05 avqust 2021-ci il tarixdə qardaşı Aydın Həsənov öldükdən sonra cavabdehə evi boşaltması barədə rəsmi məktub göndərdiyini, lakin cavabdehin bundan imtina etdiyini göstərib, evin boşaldılaraq cavabdehin həmin evdən çıxarılmasını iddia edir. Cavabdeh isə həmin torpaq sahəsinə dair hər hansı sənəd əldə etmədən, 2011-ci ildə mərhum əri Aydın Həsənovla mübahisəli tikilini rəsmi icazə almadan özbaşına tikərək uzun müddət həmin evdə yaşadığını, əri Aydın Həsənov 05 avqust 2021-ci il tarixdə öldükdən sonra iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyini, iddiaçının istər torpaq sahəsi, istərsə də tikili üzərində hər hansı hüququnun əmələ gəlmədiyini, başqa sözlə iddiaçının müvafiq subyektiv hüquqa malik olmadığını göstərib, iddiaya etiraz edir. Göründüyü kimi, tərəflər arasında sözügedən torpaq sahəsinin, onun üzərində inşa edilmiş evin ünvanı, yerləşmə yeri, habelə həmin evin məhz bələdiyyənin qərarı və alğı-satqı Aktına əsasən iddiaçıya satılmış 400 kv.metr torpaq sahəsində inşa edilməsi ilə bağlı fikir ayrılığı yoxdur, onlar arasında əslində evin kimin tərəfindən, nə vaxt tikilməsi ilə bağlı mübahisə vardır.Belə ki, cavabdeh etiraz ərizəsində, apellyasiya şikayətində sözügedən torpaq sahəsinə dair hər hansı sənəd əldə etmədən həmin torpaq sahəsində mərhum əri Aydın Həsənovla birlikdə rəsmi icazə almadan özbaşına tikili inşa edərək uzun müddət orada yaşadığını göstərsə də, torpaq sahəsinin bələdiyyənin qərarı və alğı-satqı Aktına əsasən iddiaçıya satılmış torpaq sahəsi olmadığını inkar etməmişdir. Apellyasiya instansiyası məhkəməsi Reyestr Xidmətinin 11 aprel 2022-ci il tarixli arayışına istinad edərək, torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumatın aşkar edilmədiyini əsas tutub, iddiaçının torpaq sahəsinə hər hansı hüququnun olmadığı qənatinə gəlsə də, onun həmin torpaq sahəsinə sahiblik, istifadə hüququnun olub-olmaması ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. “V.Q.Teryoxinin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin, daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Bundan başqa, bələdiyyənin sözügedən qərarı, alğı-satqı Aktı hazırda qüvvədə olduğu, ümumiyyətlə məhkəmə qaydasında mübahisələndirilmədiyi, həmin qərarın və alğı-satqı Aktının qanunilyinin və əsaslılığının yoxlanılması hazırki işə baxılmasının predmeti olmadığı halda, apellyasiya instansiyası məhkəməsi həmin qərarı, alğı-satqı Aktını müzakirə predmetinə çevirməklə, habelə iş üzrə müvafiq ekspertizalar keçirib torpaq sahəsinin kateqoriyasına, statusuna, ölçüsünə, həmçinin qərarda, alğı-satqı Aktında göstərilən torpaq sahəsinin mübahisəli evin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb- düşməməsinə aydınlıq gətirmədən, başqa sözlə bələdiyyənin mübahisəli məsələyə münasibətini öyrənmədən, bələdiyyə qərarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilib-edilmədiyini araşdırmadan, hər hansı mötəbər yazılı sübuta istinad etmədən sözügedən qərarın, alğı-satı Aktının mübahisəli torpaq sahəsinə aidiyyətinin və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olmamasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, işə əlavə edilmiş sübutlarla, o cümlədən Bilgəh bələdiyyəsinin 30 oktyabr 2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 400 kv.metr torpaq sahəsi bələdiyyəyə məxsusdur və sonuncunun 22 aprel 2005-ci il tarixli, 094 saylı qərarına və eyni tarixli alğı-satqı Aktına əsasən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alğı-satqı yolu ilə) iddiaçının mülkiyyətinə verib və sonuncu 22 aprel 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən bələdiyyənin hesabına ******* manat (AZM) pul ödəyib və işdə, bunun əksini təsdiq edən başqa sübutlar yoxdur. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 372.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Göründüyü kimi cavabdeh, etiraz ərizəsində, apellyasiya şikayətində bələdiyyənin sözügedən qərarının, alğı-satqı Aktının qanunuliyini mübahisələndirmədiyi və bu barədə hər hansı dəlil irəli sürmədiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin qərarın və alğı-satqı Aktının etibarlılığını "yoxlayıb” iddianı rədd etməklə, əslində iddiaçının torpaq sahəsinə "qanuni gözləntiyə” malik əmlak hüququnu pozmaqla yanaşı, cavabdehin həmin torpaq sahəsinə yiyələnməsi üçün qanunsuz əsas yaratmışdır. Halbuki, "Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 30 noyabr 2004-cü il tarixli Qərarında göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, "mülkiyyət” anlaşıyı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvercilikdə formal təsnifatından asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "əmlak hüquqları” sayılır və mülkiyyət kimi qiymətləndirilə bilər. "Mülkiyyət” anlayışı "mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və "qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Həmçinin, Torpaq Məcəllənin 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Bu baxımdan kassasiya instansiya məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, əksi, yəni mübahisəli evin sözügedən torpaq sahəsində deyil, başqa torpaq sahəsində yerləşməsi, ünvanların fərqli olması və sair hallar sübuta yetirilmədiyi üçün, habelə mülki qanunverciliyə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayıldığından, mülkiyyətçi olmayan iddiaçının sözügedən torpaq sahəsinə əmlak hüquqları istənilən şəxs, o cümlədən cavabdeh tərəfindən pozulmaqdan müdafiə edilməlidir (Mülki Məcəllənin 158.1.2, 158.2, 158.4-cü maddələri). Daha sonra apellyasiya instansiyası məhkəməsi, cavabdehin sözügedən torpaq sahəsinə hər hansı sənəd əldə etmədən, 2011-ci ildə mərhum əri Aydın Həsənovla birlikdə mübahisəli evi rəsmi icazə almadan özbaşına tikərək uzun müddət orada yaşadığını, həmin evin iddiaçıya heç bir aidiyyətinin olmadığını qeyd edib, gəldiyi nəticəni cavabdehin məhkəməyə təqdim etdiyi Məmmədxan Hacıyev, Gülnar Əhmədova, Gülbacı İbadullayeva, Dadaş İbadullayev və Elvin Həsənovun notarial qaydada təsdiq edilmiş yazılı ərizələri ilə əsaslandırmağa çalışsa da, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, əvvəla iddiaçı, sözügedən evin 2011-ci ildə cavabdeh və onun mərhum əri Aydın Həsənov tərəfindən inşa edildiyini qəti şəkildə inkar edir, əksinə iddia edir ki, sözügedən evi 2013-cü ildə inşa edib və kirayədə yaşamaması üçün həmin evi qardaşı Aydın Həsənovun və onunla qeyri-rəsmi nikahda olan arvadı Cavabdeh istifadəsinə verib. Digər tərəfdən, işə əlavə edilmiş çoxsaylı sübutlarla müəyyən olunur ki, sözügedən tikili iddiaçıya məxsusdur, torpaq və əmlak vergisi onun tərəfindən ödənilir. Hətta mübahisəli ünvan üzrə qazdan, işıqdan və sudan istifadəyə görə alğısatqı müqavilələri də iddiaçı ilə bağlanıb, abonent kodu və abonent saldoları da onun adınadır. Bütün bu faktları cavabdeh özü də izahatında, etiraz ərizəsində, apellyasiya şikayətində inkar etməmişdir.Apellyasiya instansiyası məhkəməsi, cavabdehin təqdim etdiyi sözügedən yazılı ərizələrin iş üçün əhəmiyyətli hansı hallar barədə məlumat verməsini lazımi şəkildə araşdırmadan, həmin ərizələrdə göstərilən hallar barədə məlumatların mötəbərliliyini ərizələri imzalamış şəxsləri şahid qismində məhkəmə iclasında dindirməklə yoxlamadan, iş üzrə toplanmış və iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, iddiaçı tərəfindən təqdim edilmiş yazılı sübutların mötəbərliliyini nəyə görə və hansı yazılı sübutlara əsasən qəbul etmədiyini qətnamədə göstərmədən, yalnız cavabdehin etirazının əsası kimi istinad etdiyi sözügedən yazılı ərizələrə istinad edərək, sözügedən evin 2011-ci ildə cavabeh və onun mərhum əri Aydın Həsənov tərəfindən tikildiyi və evin iddiaçıya məxsus olmadığı qənaətinə gəlmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.Eyni zamanda hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub- olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.Bu baxamdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Məcəllənin 159-cu maddəsində göstərilir ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur; 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır; 164.2-ci maddəsində göstərilir ki, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sadalanan maddələrin, habelə Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Halbuki, həmin maddələrin mənasına görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır; sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər; məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Məcəllənin 418.1 -ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
6. Cavabdehin apellyasiya şikayətində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67; Mülki Məcəllənin 178.2, 180.1; Mülki Prosessual Məcəllənin 217.2, 217.4, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən mübahisəli ev özbaşına tikilidir. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi Sabunçu rayon Bilgəh bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə iddiaçıya alğı-satqı yolu ilə satıldıqdan sonra həmin ev tiklmişdir. Həmçinin, məhkəmə belə nəticəyə gəlmişdir ki, guya həmin ev 2011-ci ildən əvvəl inşa edilməklə o və həyat yoldaşı X11 qeyd edilən evə iddiaçının razılığı ilə köçmüşlər. Məhkəmə belə bir nəticəyə gələrkən hər hansı sübuta deyil, fərziyələrə əsaslanmışdır. Çünki onun təqdim etdiyi beş nəfər şahid ifadəsi ilə təsdiq edilmişdir ki, həmin torpaq sahəsi üzərində olan evi o və həyat yoldaşı mərhum X11 faktiki yaşadıqları müddətdə 2011-ci ildə inşa etmişlər. Həmin şahid ifadələrini məhkəmə heç bir əsas olmadan sübut kimi qəbul etmədən belə bir nəticəyə gəlmişdir ki, guya ev 2011-ci ildə hazır vəziyyətdə olmuş və onlar iddiaçının razılığı ilə həmin evə köçmüşlər. Halbuki iddiaçı iddia ərizəsində evi 2013-cü il tarixdə inşa etdiyini, özü usta olduğu üçün evin lahiyə quruluşunu özü tərtib etməklə tikdiyini və bunu qonşuluqda yaşayan qonşularında təsdiq edə biləcəyini göstərmişdir. Məhkəmə işə baxarkən həmin qonşular notariat qaydasında təsdiq edilən ərizələrlə məhkəməyə müraciət etmişlər və evi həyat yoldaşı Həsənov Aydınla 2011-ci ildə tikdirdiklərini təsdiq etmişlər. Göründüyü kimi məhkəmənin belə bir nəticəyə gəlməsi ki, həmin ev 2011-ci ildə hazır vəziyyətdə olmuşdur, bunu nə iddiaçı, nə cavabdeh kimi o, nə də şahidlər təsdiq etmişlər. Bütün bunlar onu göstərir ki, məhkəmə hər hansı sübut olmadan səhv nəticəyə gəlmişdir. Məhkəmə iddiaçının qeyd edilən torpaq sahəsini xx.xx.2005-ci il tarixdə bələdiyyə sənədi ilə əldə etdikdən sonra nə səbəbə görə qeyd edilən hüququn dövlət qeydiyyatına alınmamasına heç bir əhəmiyyət verməmişdir. Məhkəmə yuxarıda qeyd edilən torpaq sahəsi üzərində iddiaçının qeydiyyatdan keçməmiş hüququnu müdafiə etmiş, bununla da dövlətin təminat vermədiyi hüququ iddiaçının vəkili rolunda çıxış edərək müdafiə etmişdir. Məhkəmə dövlət qeydiyyatından keçməmiş hüququ müdafiə etməklə iddiaçını faktiki olaraq özbaşına tikiliyə mülkiyyətçi kimi tanımışdır. Məhkəmə tikilini özbaşına tikili kimi qiymətləndirsə də, həmin tikilinin guya iddiaçıya məxsus olmasını hər hansı sübut olmadan müəyyən etmiş və guya onun tərəfindən qanunsuz olaraq zəbt edildiyi qənaətinə gəlmişdir. Məhkəmə bu halın hansı sübutlarla təsdiq edildiyini qətnamənin əsaslandırıcı hissəsində göstərməmişdir. Ümumiyyətlə qətnamənin əsaslandırıcı hissəsi qətnamədə yoxdur.Göründüyü kimi İddiaçı istər torpaq sahəsinə, istərsə də tikiliyə hər hansı hüququnun olması sübut olunmadığından qeyd edilən iddia subyektiv hüquqa malik olmayan şəxs tərəfindən qaldırılmış iddia kimi qiymətləndirilərək rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüququ şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmə hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüquqdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə də məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Məhkəmə iş üçün əhəmiyyəti olan sübutları qiymətləndirməmiş, təqdim etdikləri beş nəfər qonşunun notarial qaydada təsdiq edilmiş ərizələri qiymətləndirməmiş, evin tikilməsinə dair tarixi saxtalaşdırmış, iddiaçının evi guya 2013cü il tarixdə tikdirməsinə dair iddia ərizəsindəki ifadəsinə heç bir əhəmiyyət vermədən ziddiyyətli sübutlar əsasında iddianı təmin etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, o, iddiaçının ailə üzvü olmadığına görə mübahisəli ev boşaldılıb iddiaçıya təhvil verilməlidir. Məhkəmənin gəldiyi bu nəticə öz statusuna görə özbaşına tikili hesab etdiyi evə iddiaçını mülkiyyət hüququnun tanınması deməkdir ki, bu da yuxarıda qeyd edilən maddi hüquq normalarının tamamilə pozulması deməkdir. Məhkəməyə məhkəmə baxışı zamanı təqdim edilmiş (halbuki həmin sübut məhkəmə tərəfindən məhkəmə baxışı zamanı təqdim edildiyinə görə qəbul edilməməli idi) Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinin və həmin tarixli 259 nömrəli kassa-mədaxil orderinin saxta olub-olmamasına dair vəkili tərəfindən verilmiş vəsatətə əhəmiyyət vermədən həmin günü qətnamə çıxarmışdır. Qətnamə çıxarıldıqdan sonra vəkili tərəfindən verilmiş sorğunun cavabı apellyasiya məhkəməsinə təqdim ediləcək. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsi cəlb edilməklə, mülki iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə- Ekspertiza Mərkəzinin 18 iyul 2023-cü il tarixili məktubuna əsasən tədqiqat obyektinə dair əlavə materialların(ƏMDX-nin müvafiq mütəxəssis rəyi təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir: İddiaçı Cavabdeh qarşı "evin qanunsuz sahiblikdən alınıb təhvil verilməsi” tələbinə dair iş üzrə müraciətinizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır.Müraciətinizlə təyin olunmuş tarixdə tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmişdir. Bakı şəhəri, Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 094 nömrəli, 22 aprel 2005-ci il tarixli qərarı və həmin qərara əsasən ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyən etməyə imkan verən cizginin təqdim edilməməsi səbəbindən xx.xx.2023-ci il tarixli, 2(103)-1902/2023 nömrəli qərardadla mütəxəssis qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X10 mübahisə predmetinin torpaq sahəsi deyil, onun üzərindəki tikili olduğunu, tikilinin cavabdehin faktiki istifadəsində olduğunu, onun mənzildə yaşamasına dair şəkillər və şahid ifadələrinin olduğunu, sübutetmə yükünün iddiaçının üzərinə düşdüyünü, həmin tikilinin iddiaçı tərəfindən tikildiyinə dair heç bir mötəbər sübutun məhkəməyə təqdim edilmədiyini, torpaq sahəsinin 2005-ci il tarixli bələdiyyə qərarı əsasında ayrılsa da, mübahisəli yaşayış yerinin həmin torpağa aid olub-olmamasının müəyyən edilmədiyini qeyd etmişdir.
10. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdeh torpaq sahəsinə və tikiliyə görə vergi ödəmədiyini, yalnız kommunal xərcləri- işıq pulu və qaz pulunu ödədiyini, müvafiq sayğacların iddiaçının adına olduğunu, sayğacların bələdiyyə tərəfindən ayrılmış həmin torpaq sahəsində yerləşdiyini bildirmiş, sayğacları öz adına keçirmək üçün müraciət etdiyi halda nəticə əldə etmədiyini qeyd etmiş, mübasihəli evin iddiaçıya verilmiş həmin torpaq sahəsində yerləşdiyini inkar etməmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil tikilinin mövcud olması faktının mübahisə predmeti olmadığını, tələblərinin tikilidən cavabdehin çıxarılmasının olduğunu, tikili ilə bağlı bütün kommunal xidmətlərin iddiaçının adına olduğunu, torpaq sahəsinin də iddiaçı tərəfindən alındığını, bu səbəbdən iddiaçının subyektiv hüququnun yarandığını, cavabdehin isə hüququ olmadığı halda həmin evdə yaşadığını, cavabedehlə Həsənov Aydın arasında rəsmi nikahın olmadığını, son iclasda şahid kimi çıxış edən İbadullayev Dadaş tərəfindən də tikilinin iddiaçıya aid olduğunun təsdiq edildiyini bildirmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı barışıq yolu ilə razılığa gəlməyin mümkün olmadığını, bələdiyyə sənədlərinin indi də həmin formada verildiyini, istinad nöqtələrinin və koordinatların olmadığını qeyd etmiş, torpaq sahəsi və tikili üçün əmlak və torpaq vergisi ödədiyini bildirmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin nümayəndəsi-sədri X13 torpaq sahəsinin bələdiyyə torpağı olduğunu və bələdiyyə tərəfindən İddiaçı satıldığını, buna dair müvafiq sənədin olduğunu və qüvvəsini saxladığını, iddiaçının həmin torpaq sahəsinə görə hər il ödəniş etdiyini, portalda onun adının qeyd olunduğunu qeyd etmiş, torpaq sahəsinin koordinatlarını müəyyən edən hüquqmüəyyənedici sənədlərin olmadığı, həmin torpaq sahəsində bir tikilinin yerləşdiyini bildirmişdir.
14. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X7 cavabdehin və onun mərhum həyat yoldaşının 2010-cu ildə torpaq sahəsini aldıqlarını,həyat yoldaşı usta olduğu üçün 2011-ci ildə ondan evin tikilməsini xahiş etdiklərini və həmin vaxtdan mübahisəli evə gedib gəldiyini bildirmişdir.Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X2 torpaq alınanda torpaq sahəsinin cavabdehin həyat yoldaşının adına olmadığını bildiklərini, amma həmin yerdə cavabdehi və onun həyat yoldaşı Həsənov Aydını gördüyünü,həmin evə 2011-ci ildə təzə tikiləndə getdiyini bildirmişdir.Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X5 torpaq sahəsinin iddiaçıya aid olduğunu bildiyini,lakin həmin evdə cavabdeh və həyat yoldaşı Həsənov Aydının yaşadığını bildirmişdir.
15. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Bununla bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki, qətnamə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 136.3. Yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir; 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; 165.1.Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən: 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
20. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-180, 385-388, 560; Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390, 420-cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki,Bilgəh bələdiyyəsinin 30 oktyabr 2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 400 kv.metr torpaq sahəsi bələdiyyəyə məxsusdur və sonuncunun 22 aprel 2005-ci il tarixli, 094 saylı qərarına və eyni tarixli alğı-satqı Aktına əsasən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alğı-satqı yolu ilə) iddiaçının mülkiyyətinə verib və sonuncu 22 aprel 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən bələdiyyənin hesabına ******* manat (AZM) pul ödəyib və işdə bunun əksini təsdiq edən başqa sübutlar yoxdur, qərarın və alğısatqının qanuniliyi və əsaslılığı mübahisələndirilməmişdir.Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə "qanuni gözləntiyə” malik əmlak hüququnu pozmaqla yanaşı, cavabdehin həmin torpaq sahəsinə yiyələnməsi üçün qanunsuz əsas yaradır. Həmçinin, torpaq sahəsinın mülkiyyət hüquqi əsası ilə iddiaçının sahibliyində olması, daşınmaz əmlakın kimin tikməsindən asılı olmayaraq, üzərində olan tikililərin də ona mənsubluğunu müəyyən edir. Halbuki, cavabdeh heç bu tikililərin onun və ya onunla hüquqi bağlılığı müəyyən edilməyən iddiaçının qardaşı tərəfindən tikilməsinə dair belə sübutlar təqdim etməmiş, torpaq vergisi və digər kommunal münasibətlər üzrə iddiaçının çıxış edərək ödənişlərin onun adına olduğu sübuta yetirilmişdir. Qeyd edilməlidir ki, tikintidə kiminsə faktiki iştirakı belə, hələ o əmlaka sahibliyin əldə edilməsini sübut etmir. Belə ki, əmlak-pul dövriyyə səciyyəsi daşıyan bu hərəkətlərin ixtiyar sahibi tərəfindən aparılmasından əlavə əmlak hüquqlarının yaranması dayanıqlı və təkzibedilməz sübutlarla təsdiq edilməlidir. Diqqətə çatdırılmalıdır ki, pul-əmlak vəsaitlərin dövriyyəsi ilə əlaqədar çıxış edə bilən sübutlar onların dəyəri, məbləği və çeşidini dəqiq əks etdirən təkzibedilməz və mötəbər olmalıdır. Digər sübutlar bu sübutların vəhdətində qiymətləndirilə bilər. Hazırki münasibətlərə tətbiqi baxımından mötəbər sübutların olmaması və qanunvericiliyin tələbinə müvafiq bunların yazılı sənəddə ifadə edilməməsi, habelə dispozitiv müstəvidə digər halların sübut kimi təqdim edilməməsi birinci instansiya məhkəməsinin qənaətindən fərqli əsaslar müəyyən etmir.
21. Nəzərə alınmalıdır ki, iddaçının mülkiyyət hüququ üzrə gözləntiləri müəyyən edən və qüvvədə olan bələdiyyə aktı ondan irəli gələn inzibati münasibətləri əhatə etsə də, hazırki münasibətlərdə cavabdeh tərəfindən istifadə etdiyi (iddia edilən) tikilinin iddiaçıya aid torpaq sahəsində olduğunu təsdiq edildiyindən artıq bəlli olan hal kimi ekspertizanın keçirilməsinə zərurət qalmır. Məhkəmə kollegiyasının iclasında iştirak edən bələdiyyə orqanı iddiaçının sahibliyini təsdiq edir, maraqlarına toxuna bilən və cəlb edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iş üzrə proseslərə gəlməmiş və etiraz təqdim etməmişdir.
22. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1056/2022 saylı işi üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.