Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1902/2024 18.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ( “hasarın sökülməsi və torpaq sahəsinin boşaldılması”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-478/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı (iddia tələbin dəqiqləşdirilməsi barədə) ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş hasarın cavabdehin hesabına dərhal sökülməsi, habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisin xx.xx.2023-cü il tarixli, **********88 nömrəli məktubuna əlavə edilmiş izahlı eskizdə göstərilən ümumi sahəsi 57,5 kv.m olan torpaq sahəsinin boşaldılması və iddiaçının torpaq sahəsindən istifadə və sahibliyinə olan maneələrin dayandırılması, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, ekspertiza xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-478/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsi ünvanında yerləşən, ümumi sahəsi 0,0295 ha olan 62A saylı torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olan 57,5 kv.m hissəsi cavabdehin hesabına boşaldılaraq, iddiaçıya qaytarılması, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və Cavabdeh faktiki istifadəsində olan 57,5 kv.m torpaq sahəsindən iddiaçının istifadə və sahibliyinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 60; Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3. 152.4, 152.5, 157.4; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə, ekspert rəyini nəzərdən keçirərək hesab etmişdir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla tərtib edilmişdir və işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz və hərtərəfli olaraq qiymətləndirməklə, həmçinin iş üzrə müəyyən olunmuş halları da araşdırmaqla belə qənaətə gəlmişdir ki, iddia qismən - sübuta yetirilən hissədə təmin edilərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsi ünvanında yerləşən, ümumi sahəsi 0,0295 ha olan 62A saylı torpaq sahəsinin faktiki Cavabdeh qanunsuz istifadəsində olan 57,5 kv.m torpaq hissəsi cavabdehin hesabına boşaldılmalı və iddiaçının həmin hissədə torpaq sahəsindən istifadə və sahibliyinə olan maneə aradan qaldırılmalıdır. Bununla belə, iddia tələbinin qalan hissədə əsaslı olmasına dair sübutlar yetərli olmadığından, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş hasarın cavabdehin hesabına dərhal sökülməsi tələbi təmin edilə bilməz. Belə ki, ekspert rəyində hasar tikilisinin iddiaçıya məxsus torpaq sahəsinin, yaxud ümumi istifadədə olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etməyin mümkün olmadığı, eyni zamanda sözügedən hasarın Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun inşa edildiyi qeyd edilmişdir.
3. Birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki: - X2 və İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, sonuncuya ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0295 ha olan torpaq sahəsi satılmışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0295 ha olan torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır; - XXX Qədir Seyfulla oğlu və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış bağışlanma müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 3C (yeni qaydalarla - ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,0953 ha olan torpaq sahəsinin 0,04 ha sahəsi Cavabdeh bağışlanmışdır; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, **********91 reyestr nömrəli torpaq sahəsi Cavabdeh mülkiyyətindədir; - Bakı şəhəri Sabunçu RİH-nin xx.xx.2018-ci il tarixli məktubuna əsasən ünvan 4 ünvanında yaşayış evinin tikintisi ilə bağlı layihə razılaşdırılmaq üçün həmin quruma təqdim edilmişdir; - A № 455693 seriya nömrəli, xx.xx.2019-cu il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 62B saylı sahənin 1:1000 miqyasda planı, torpaq sahəsinin döngə nöqtələri və aradakı məsafə göstərilmişdir; - xx.xx.2019-cu il tarixdə tərtib edilmiş A № 455692 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində sahəsi 0,0295 ha olan torpaq sahəsinin 1:1000 miqyasda planı, torpaq sahəsinin döngə nöqtələri və aradakı məsafə göstərilmişdir; - Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2(008)-5014/2022 nömrəli qəradadı əsasında, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və ona əlavə edilmiş izahlı eskiz nəzərə alınmaqla məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/1868 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 62A saylı torpaq sahəsinin və qonşuluqda yerləşən Cavabdeh mülkiyyətində olan **********91 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış torpaq sahəsinin hər birinin ayrı-ayrılıqda olmaqla sərhədləri və sahələri müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan 0.0295 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0.04 ha torpaq sahələri qonşu torpaq sahələri olmaqla sənəd üzrə üst- üstə düşmür. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən mübahisə predmeti olan hasar tikilisinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi idarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemdə hasar tikilisinə dair hər hansı bir məlumat olmadığından, qeyd olunan hasar tikilisinin iddiaçıya məxsus torpaq sahəsinin, yaxud ümumi istifadədə olan torpaq sahəsinin hüdudları daxilində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin, yuxarıda qeyd olunan mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən İddiaçı mülkiyyətində olan 0,0295 ha torpaq sahəsinin 57.5 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur; - xx.xx.2023-cüil tarixdə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı ünvan 5 ünvanında Cavabdeh yaşadığı iki mərtəbədən ibarət ev, evin həyətyanı sahəsi və sağ tərəfdə daş hasarın olduğu, həmçinin həmin hasardan sağ tərəfdə iddiaçıya məxsus daş hasarla əhatələnmiş dörd hissədən ibarət torpaq sahəsinin yerləşdiyi müəyyən edilmişdir. Ekspert və mütəxəssisin iştirakı təmin edilmədiyindən, sözügedən hasarın iddiaçıya məxsus torpaq sahəsində inşa edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Bununla belə, Cavabdeh mübahisənin sülh yolu ilə həlli, qonşular arasında gərgin münasibətin davam etməməsi üçün tərəfindən həmin hasarın yerinin bir neçə santimetrlik dəyişdirilməsinin mümkün olduğunu məhkəmənin diqqətinə çatdırmış, lakin iddia tərəfi həmin təklifi qəbul etməmişdir.
4. Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(008)-478/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 152; Mülki Prosessual Məcəllənin 14, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisənin yaranma səbəbi kimi, hər iki torpaq sahəsinin sərhədləri ilə bağlı olmuşdur ki, guya iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməklə onun tərəfindən istifadə edilir və ona görə də zəbt edilmiş torpaq sahəsi iddiaçıdan alınaraq cavabdehə verilməlidir. Halbuki, hazırkı mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 10/1868 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 62A saylı torpaq sahəsinin və qonşuluqda yerləşən Cavabdeh mülkiyyətində olan **********91 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış torpaq sahəsinin hər birinin ayrı-ayrılıqda olmaqla sərhədləri və sahələri müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan 0.0295 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0.04 ha torpaq sahələri qonşu torpaq sahələri olmaqla sənəd üzrə üstüstə düşmür. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən mübahisə predmeti olan hasar tikilisinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin 1 saylı Ərazi idarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemdə hasar tikilisinə dair hər hansı bir məlumat olmadığından, qeyd olunan hasar tikilisinin iddiaçıya məxsus torpaq sahəsinin, yaxud ümumi istifadədə olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin, yuxarıda qeyd olunan mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən İddiaçı mülkiyyətində olan 0,0295 ha torpaq sahəsinin 57.5 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Həmçinin, xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı ünvan 5 ünvanında Cavabdeh yaşadığı iki mərtəbədən ibarət ev, evin həyətyanı sahəsi və sağ tərəfdə daş hasarın olduğu, həmçinin həmin hasardan sağ tərəfdə iddiaçıya məxsus daş hasarla əhatələnmiş dörd hissədən ibarət torpaq sahəsinin yerləşdiyi müəyyən edilmişdir. Ekspert və mütəxəssisin iştirakı təmin edilmədiyindən, sözügedən hasarın iddiaçıya məxsus torpaq sahəsində inşa edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Bununla belə, Cavabdeh mübahisənin sülh yolu ilə həlli, qonşular arasında gərgin münasibətin davam etməməsi üçün tərəfindən həmin hasarın yerinin bir neçə metrlik dəyişdirilməsinin mümkün olduğunu və darvazanın yerinin dəyişməklə iddiaçının öz torpaq sahəsinə giriş-çıxışının sərbəst şəkildə təmin edilməsinə razılığını bildirdiyini məhkəmənin diqqətinə çatdırmış, lakin iddia tərəfi həmin təklifi qəbul etməmişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının prinsipial mövqeyi həmin torpaq sahəsində sərbəst yaşamaq deyil, cavabdehə məxsus torpaq sahəsində normativ qaydalara əsasən inşa edilmiş hasarın sökülməsinə nail olmaqla ədavət aparmaqdan ibarətdir ki, bu ümumiyyətlə yolverilməzdir. Mülki mübahisənin yeganə həlli yolu kimi, cavabdehin təklifinə uyğun olaraq darvazanın istiqamətinin məhz cavabdehin öz torpaq sahəsinə sərbəst giriş-çıxışının təmin edilməsi üçün hər iki torpaq sahələrinin sərhədlərinin ən optimal qaydada təmin edilməsi olardı ki, məhkəmə bunu nəzərə almamışdır. Yəni, mülki mübahisə yenə də həll edilməmiş qalmışdır. Bununla yanaşı, araşdırmalı olan məsələlərdən biri də keçirilmiş ekspertiza birtərəfli, yəni məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları ilə bağlı olmuşdur ki, burada cavabdehin xüsusi mülkiyyət hüququnun pozulması nəzərə alınmamışdır. Belə ki, tədqiq edilən ekspertiza araşdırmasına əsasən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan 0.0295 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0.04 ha torpaq sahələri qonşu torpaq sahələri olmaqla sənəd üzrə üst-üstə düşmür. Belə olan halda isə hansı əsasla iddianın qismən də olsa təmin edilməsi başa düşülən deyildir. İkinci bir məsələ ondan ibarətdir ki, təəssüf ki, tədqiqat obyekti kimi məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsi olmuşdur ki, birinci instansiya məhkəməsi Cavabdeh mülkiyyətində olan **********91 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış 0.04 ha torpaq sahəsinin sərhədləri ilə bağlı hər hansı araşdırma aparmamışdır. Bir halda ki, ekspertiza rəyinə əsasən hər iki torpaq sahələrinin sərhədləri üst-üstə düşməmişdir, iddianın qismən təmin olunmuş hissəsi hansı əsasla müəyyən edilməsi tam qanunsuzdur. Məhz ona görə də hesab edirlər ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı olan hal kimi cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin də müəyyən edilməli olmasıdır. Son olaraq isə qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqları cavabdehin öz torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasında 2 ay sonra əmələ gəlmişdir ki, burada nə zəbt nə də ki, qanunsuz istifadədən söhbət belə gedə bilməz. İşə baxan birinci instansiya məhkəməsi konstitusion hüququ və onun tərkibi olan mülkiyyətdən sərbəst istifadə etmək hüququnun nəzər almayaraq ciddi maddi pozuntuya yol vermişdir. Belə ki, məhkəmə MM-nin qeyd edilən müddəalarına istinad etməyinə baxmayaraq, bunu hər hansı bir formada əsaslandırmayaraq formal olaraq qətnamə qəbul etmişdir. Məhkəmə sadəcə olaraq qeyd edilən maddi normaları sadalamaqla kifayətlənmiş iddianın qismən təmin edilməli olmasını formal mülahizəsi ilə qəbul etmişdir. Halbuki, mülki mübahisənin həlli yolu kimi, iki qonşu arasında yaranmış ixtilafın həllinə nail ola bilər, hər iki torpaq sahələrinin girişinin müəyyən edilməsinə dair mövqe bildirməklə mübahisənin həll edilməsinə nail olmaq olardı. Sübutların qiymətləndirilməsinin məhkəmə qətnaməsində ifadəsini tapması mülki prosessual qanunvericiliyin tələblərindən biridir. Azərbaycan Respublikası MPMnin 220-ci maddəsi tələbedir ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri göstərilməlidir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi həmin tələblərə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində hansı faktiki halların məhkəmədə araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, mülki iş üzrə müvafiq ekspert rəyi olmağına baxmayaraq və həmin rəyə əsasən qonşu torpaq sahələri olmaqla sənəd üzrə üst-üstə düşməməsi müəyyən edildiyi halda məhkəmə buna hər hansı qiymət verməmiş və beləliklə də maddi pozuntularla yanaşı həm də ciddi prosessual puzuntulara yol vermişdidir. Həmçinin, məhkəmə yalnız iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı ekspertiza təyin etmiş, cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə bağlı, məsələn, Cavabdeh mülkiyyətində olan 0,04 ha-dan ibarət torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı hər hansı tədbir görməmiş, bununla bağlı araşdırma etməmişdir. Məhkəmə öz qətnaməsini yalnız iddiaçının verdiyi izahata və onun tərəfindən təqdim edilmiş sənədlərə uyğun, xüsusən də müvafiq ekspertiza rəyini təhrif etməklə qəbul etmiş, işin aydınlaşdırılmalı olan halları kimi cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə müdaxilənin hansı əsaslarla olmasını araşdırmamışdır. Məhkəmədə sübut edilməmişdir ki, cavabdeh iddiaçının torpaq sahəsindən hansı hədlərdə istifadə edir ki, sonuncunun hüquqları pozulmuş olsun. Belə ki, hər iki torpaq sahələri tədqiqat obyekti olmaqla ilk öncə onların hər birinin sərhədləri müəyyən edilməklə torpaqdan guya qanunsuz istifadənin hansı formada olması araşdırılmamışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə etiraz təqdim etmiş, etirazda Avropa İnsan Hüquqları Konvensiyasının 1 nömrəli Protokolunun 1; Azərbaycan Respublikası Konstitusiyasının 13, 60; Mülki Prosessual Məcəlləsinin 2, 76; 89.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia iddiaçı tərəfindən verilir, çünki pozulan hüquq-iddiaçının hüququdur, cavabdehin hüququ deyil, iddiaçı-hüququnun pozulması səbəbindən məhkəməyə müraciət edib. Hər hansı başqa münasibətdə cavabdehin hüququ pozulsa, o da eyni qaydada hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət edə bilər, bu hər bir Azərbaycanda yaşayan kəsin hüququdur-bu hüququn adı - səmərəli hüquqi müdafiə vasitələri hüququdur. Ekspertizanın təyin edilməsi vəsatətinin təmin edilməsi, mütəxəssis rəyinin, ekspertin rəyinin işə əlavə edilməsi ilə iddiaçının hüququnun pozulması müəyyən olunub, sübut olunub. Ekspert rəyini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən verib.Həmin rəyə izahlı eskizdə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən Cavabdehin həmin torpaq sahəsinin hansı hissəsində, torpağın uzunluğu - 9,62, eni 6 olmaqla, ümumi sahəsi 57,5 kv.m -ni zəbt etməsi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi Ekspertinin rəyində də (4-cü səhifə, “Qərardadın 4-cü və 5-ci sualları üzrə hissəsi”nin 2-ci cümləsi) bu hal öz təsdiqini tapmışdır.Məhkəmə ekspertiza mərkəzinin ekspertinin “üst-üstə düşmür” ifadəsi isə, “sənəd üzrə üst-üstə düşmür” halına aiddir. Bunu da ekspert qərardadın 2-ci sualı üzrə cavabında göstərmişdir. Bildiyimiz kimi, hər bir halın hüquqi (de-yuri) və faktiki (de-fakto) vəziyyəti olur, bu da həmin o hüquqi, yəni sənəd üzrə vəziyyətə aiddir, yəni sənəd üzrə torpaq sahələri eyni coğrafi koordinatlarda yerləşmirlər, fərqli koordinatları var, mübahisənin səbəbi-sənəd deyil, mübahisənin səbəbi-faktdır. Faktı da müətəxəssis də, ekspert də öz rəylərində göstəriblər ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsi zəbt olunub. İddiaçı öz mülkiyyət hüquqlarının müdafiəsini həyata keçirir (hüquqlarına sahib çıxır), öz hüquqlarını cavabdehə hansı əsasla və səbəblə güzəşt edilməsi iddiaçıya aydın deyil. Hüquqların məcburi qaydada güzəşt edilməsinin tələb edilməsi qanunvericiliyə ziddir. Cavabdeh öz adına qeydiyyata alınan mülkiyyətdən istifadə edə bilər, lakin İddiaçının adına qeydiyyata alınan torpaq sahəsindən istifadə edə bilməz, bu qanunsuzdur, qanunsuz olması da mütəxəssis, ekspert rəyləri ilə sübut olunmuşdur. Yəni qanunsuzluğu təsdiq edən sübut - sənəd var. İş üzrə Cavabdehin İddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməsi barədə sübut var (mütəxəssis rəyi, ekspert rəyi). Cavabdeh iddiaçının Azərbaycan Respublikasında qeydiyyata alınmış mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasında mülkiyyət hüquqları müdafiə olunur. Hüquqların müdafiəsini təmin edən orqan - Məhkəmədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2 -ci bəndinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, apellyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmuna uyğun izahat verməklə, hər hansı bir şəkildə zəbt olunmadan söhbət getmədiyini, ekspert rəyində 57.5 kv.m hissəsin cavabdeh tərəfindən istifadə olunduğunun qeyd edildiyini, əgər ümumi istifadə halı varsa, bu istifadənin hansı formada olmasının aydınlaşdırılması, iddiaçı ilə cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahələrinin sərhədlərinin dəqiq müəyyən edilməsi, hazırkı vəziyyətdə torpağın cizgi planına əsasən cavabdehin mülkiyyətində olan torpaq sahəsinə sərbəst giriş-çıxışının təmin edilməsi mümkünlüyünün araşdırılması üçün iş üzrə əlavə tikinti-texniki ekspertizanın təyin edilməsi zərurəti olduğunu qeyd etməklə vəsatət vermişdir, cavabdehin mülkiyyət hüquqlarının iddiaçıdan iki ay əvvəl yarandığını, hasarın əvvəl tikildiyini, cavabdeh tərəfindən tikilmiş hasarın söküləcəyi halda, onun torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşacağını qeyd etmiş, şikayətin təmin edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə etiraz ərizəsinə uyğun məzmunda izahat vermiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əlavə edilmiş eskizdə cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 57,5 kv.m hissəsinin zəbt edildiyinin qeyd olunduğunu və ekspert rəyində sənəd üzərində deyil, faktiki olaraq cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin zəbt olunduğunun öz təsdiqini tapdığını bildirmiş və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
9. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
12. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 146.8. Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2.Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.
14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən: Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən: 4 8 . 5.-ci maddəsinə əsasən Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66. 1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. 5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.
111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».
17. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən: 7.1. Yeni ayrılmış torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq struktur bölməsinin mütəxəssisinin, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin nümayəndəsinin, rayon (şəhər, şəhər rayonu) icra hakimiyyəti başçısının nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və onunla qonşu olan digər torpaq sahələrinin mülkiyyətçilərinin (istifadəçilərinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. 7.2. Mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq struktur bölməsinin mütəxəssisinin, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. 7.3. Torpaq sahələrinin yerdə (naturada) sərhədlərinin müəyyən edilməsindən və razılaşdırılmasından sonra həmin sərhədlərdə bu Qaydaların 11-ci bəndində göstərilən nümunələr əsasında hazırlanmış müvəqqəti və ya daimi mərz nişanları bərkidilir (basdırılır) və bu Qaydaların 7.1-ci və 7.2-ci bəndlərində göstərilən şəxslər tərəfindən akt tərtib edilir və imzalanır. Mərz nişanları mühafizə üçün müvafiq rayon (şəhər, şəhər rayonu) icra hakimiyyəti başçısının nümayəndəsinə, müvafiq bələdiyyəyə və fiziki və ya hüquqi şəxsə təhvil verilir .
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaİarına (1 nömrəli əlavəyə) əsasən: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. 8.1. Ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi (11 nömrəli əlavə) alındığı tarixdən 3 (üç) gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına qeydiyyat şöbəsi tərəfindən 48 saat ərzində səhvlərin aradan qaldırılması barədə bildiriş (12 nömrəli əlavə) verilməlidir. 8.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağını və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
20. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139 -176, 178,179, 560; Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, qanunvericiliyə müvafiq faktiki hallara dair ziddiyyətli dəlillər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərdir ki, bu ixtisaslaşmış orqanın mütəxəssisi tərəfindən müvafiq cizgi tərtib edilmiş və cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə müdaxilə öz təsdiqini tapmış, ekspertiza bu halı təsdiq etmiş və bu halı istisna edən xülasə müəyyən etməmiş, cavabdeh də bunu istisna edən (alternativ mütəxəssis, ekspert rəyi və sair) sübut təqdim etmədiyindən, əlavə ekspertizanın aparılması üçün əsaslar və ya iş üzrə fərqli qənaət müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, mərzçəkmə və texniki inventarlaşdırılma işlərinin aparılması buna hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir, müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir, hazırki iş üzrə isə bu qeydiyyatlar və onlardan irəli gələn hərəkətlər müvafiq prosedur çərçivəsində mübahisələndirilmədiyindən, mülki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət və istifadə hüquqlarına əsassız müdaxilə hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Nəzərə alınmalıdır ki, ekspert rəyində müəyyən ziddiyyətli hallar məhz müvafiq icra hakimiyyətinin səlahiyyətlərini əhatə edir. Apellyasiya icraatı zamanı əlavə tədqiqatlar aparılmasına isə zərurət yoxdur və iddiaçıya məxsus torpaq sahəsinin məhz mübahisə edilən torpaq sahəsi (hissəsi) ilə eyni olduğu mütəxəssis rəyi (cizgi) ilə təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən iddiaçının mülkiyyətində olan 0,0295 ha torpaq sahəsinin 57.5 kv.m hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmiş, bu rəy əsasında tərtib edilmiş ekspert rəyində isə torpaq sahəsinin hər birinin ayrı-ayrılıqda olmaqla sərhədləri və sahələrinin müəyyən olunduğu, sənəd üzrə üst-üstə düşmədiyi, hasar tikilisinin Şəhərsalma və Tikinti tələblərinə uyğun inşa edildiyi, hasar tikilisinin iddiaçıya məxsus torpaq sahəsinin, yaxud ümumi istifadədə olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadığını qeyd etsə də, mütəxəssis rəyini təsdiq etmişdir. Ekspert rəyi öz-özlüyündə ziddiyyətli olsa da, rəydə mütəxəssis rəyi inkar edilmədiyindən və ona istinad edildiyindən, iş üzrə əlavə ekspertizanın keçirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu sübut iddianın əsasını təşkil edir və cavabdeh bunu inzibati icraat qaydasında qeydiyyatı və mərzlənməni həyata keçirdikdən (müraciət etdikdən) sonra müvafiq icraat qaydasında mübahisələndirə bilər. Belə ki, cavabdeh mübahisə edilən torpaq sahəsinin ümumi istifadə üçün nəzərdə tutulduğunu və giriş-çıxışın burada yerləşdiyini bildirsə də, mütəxəssis və ya ekspert rəyində, habelə digər sübutlarla bu hal müəyyən edilmir. Qeyd edilməlidir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dəqiq mərzlənmə həyata keçirilməlidir ki, razılıq olmadığı halda tərəflər arasında bu və ya digər mübahisələr istisna edilsin. Məhz ona görə apellyasiya icraatı zamanı müvafiq qurum üçüncü şəxs qismində cəlb edilmişdir.
21. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya üzrə ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-478/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.