Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1903/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 Saməddin oğlu, X4 və Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 Saməddin oğlu, X4 və Cavabdeh4 qarşı “evə köçürülmə və s. tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-658/2022 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı və Cavabdeh2 xx.xx.2016-cı ildə nikaha daxil olmuşdur, birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X8 doğulmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 Saməddin oğlu, X4 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iki övladı xx.xx.2017ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdehlərə və digər şəxslərə ona qoyulan maneələrin (fərdi yaşayış evinə köçürülmə və yaşamağa dair) qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu Şahin anadangəlmə xəstədir. Sağ yuxarı ətrafda hərəkəti yoxdur. Əzələ toxuması zəifdir, barmaqları hərəkətsizdir. Bununla bağlı əməliyyata ehtiyacı var və mütəmadi müalicələr alır, cavabdehlə ailə münasibətləri tamamilə bitmişdir. Cavabdeh, onun qardaşı, bacısı zorakı şəkildə onu birgə nikah dövründə aldığı, yaşadığı və hal-hazırda bütün əşyalarının olduğu mübahisəli evdən şər-böhtan ataraq qovmuş və bununla bağlı aidiyyəti üzrə polis orqanına şikayət edilmiş, cavabdehin qardaşı və bacısı barədə cinayət işi başlanılmış və istintaqı Xəzər RPİ İŞ-də aparılmış, daha sonra tərəfindən barışıq ərizəsi verilmiş, həmçinin xx.xx.2021-ci il tarixində “Zəfər günü” münasibətilə Milli Məclisinin elan etdiyi amnistiya aktını tətbiq edilərək “cinayət işinin icraatına xitam verilməsi”nə dair qərar qəbul edilmişdir. Dəfələrlə birgə nikah dövründə alınmış, təmir edilmiş sözügedən özbaşına tikiliyə geri dönmək istəsə də, cavabdehlər ona mane olmuş, fiziki məhdudiyyətli övladı ilə birlikdə natəmiz şəraitdə olan yataqxanada yaşamağa məcbur etmişlər. Onun sözügedən tikiliyə hər iki övladı ilə birlikdə köçürülməsi mütləq və zəruridir.
4. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-658/2022 saylı qətnaməsi ilə (hakim R. Xəzri) iddia rədd edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan halları ilə iddia tələbi öz təsdiqini tapmamışdır.
6. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək hüququ yoxdur. Ona görə də iddia təmin oluna bilməz. Belə ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, torpaq sahəsi fərdi evin tikintisi üçün Hicran Zülfüqarovun istifadəsinə verilmiş, sonuncu tərəfindən torpaq üzərində hüquqları etibarnamə əsasında Cavabdeh5 ötürülmüşdür.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materialında Cavabdeh5 Saməddin oğlunun adına hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığı halda həmin fərdi yaşayış evinin tikildiyi torpağın etibarnamə ilə Cavabdeh5 Saməddin oğlunun adına rəsmiləşdirilməsinə istinad etmişdir. Məhkəmənin bu yanaşması kobud qaydada savadsızlıq əlamətidir. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi etibarnamə hər hansı bir formada istifadə hüququnu və ya mülkiyyət hüququnu özündə ehtiva edən hüquq müəyyənedici sənəd deyildir. İddiaçının Cavabdeh5 Saməddin oğlunu cavabdeh qoyması həmin özbaşına tikiliyə digər cavabdehlərlə birlikdə daxil olmasına qoyduğu maneə ilə bağlıdır. Həmçinin, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının iddiaçının iddia etdiyi tələblə əlaqəsi yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 3889/2022 saylı qətnaməsi ilə (hakimlər V.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər X.Mərdanovadan və E.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılarmış, iddia təmin edilmiş, iddiaçının mübahisəli evə köçürülməsi qət edilmiş, cavabdehlərə və digər şəxslərə ona qoyulan manelələr (fərdi yaşayış evinə köçürülmə və yaşamağa dair) qadağan edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmamışdır. Mübahisəli evin Cavabdeh5 tərəfindən tikilməsi barədə məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarından belə bir hal müəyyən edilmir.
13. Məhkəmə, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsində ifadə vermiş şahid ifadələri ziddiyyətli olmuşdur. Şahidlər bilavasitə Ruslanı tanıdıqlarını, evin tikilməsinə sonuncunun nəzarət etməsini göstərməmişlər, əksəriyyəti evin tikilməsinə Eldənizin nəzarət etdiyini qeyd etmişdir. Eldəniz isə iddiaçının qayını, Cavabdeh2 qardaşıdır. İki şahid isə ifadəsində mübahisəli evdə iddiaçı ilə ailəsinin yaşadığını, onlar tərəfindən tikildiyini qeyd etmişdir. Göründüyü kimi şahid ifadələri özlüyündə ziddiyyətlidir, onlara əsasən evin Cavabdeh5 üçün tikilməsi qənaətinə gəlmək yolverilməzdir.
14. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, mübahisəli ev özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qüvvədə olan mənzil qanunvericiliyində özbaşına tikilidən istifadə hüququ ilə bağlı hər hansı norma yoxdur. Bununla belə, respublikamızda özbaşına tikintilərin mövcudluğu reallıq kimi qəbul edildiyindən, özbaşına tikiliyə köçürülmə barədə iddiaların təmin olunmaması sosial ədalət prinsiplərinə cavab verməmiş olardı.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli ev iddiaçı ilə Cavabdeh2 birgə nikahı dövründə tikilmişdir. Evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət faktiki olaraq həmin evin mövcudluğunu tanımışdır. İddiaçının fasiləsiz olaraq 4 ilə yaxın müddətdə əri və qayınanası ilə birlikdə mübahisəli evdə yaşaması da onu göstərir ki, o, evin tikilməsində maddi və fiziki cəhətdən iştirak etmişdir.
16. Məhkəmə kollegiyası torpağa etibarnamənin və qaz xəttinin Cavabdeh5 adına olması ilə bağlı qeyd etmişdir ki, bu halın özü mübahisəsiz qaydada evin məhz onun üçün tikilməsinə dəlalət etmir. İddiaçı bununla bağlı bildirmişdir ki, əri məcburi köçkün oluğu üçün dövlətdən mənzil əldə etmək istəmiş, buna görə də adlarında əmlak olmasının əleyhinə olmuşlar. Apellyasiya instansiyası məhkəməsi isə həmin xüsusatı inandırıcı hesab etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 11, 27, 157.8, 225.1-ci, MPM-in 14.2, 77.1, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
18. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5624/2022 tarixli qərarı ilə (hakimlər A.Hüseynovun məruzəsi ilə, hakimlər Ə.Nurməmmədov və Z.Əliyevdən ibarət tərkibdə) kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3889/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
20. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır.
21. Apellyasiya instansiyası məhkəməsi baxılan iş üzrə iddianın təmin olunması üçün hansı tərəfin işin hansı hallarını sübut etməli olduğu, MPM-in 77.1-ci maddəsinə əsasən sübutetmə yükünün hansı tərəfin üzrərində olduğu barədə hüquqi dəyərləndirmə aparmamış, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə tam hüquqluməhkəmə kimi işə mahiyyəti üzrə baxsa da MPM-in 14.1-ci maddəsinə əsasən bu məsələni tərəflərlə müzakiə etməmişdir.
22. Məhkəmə birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri arasında ziddiyyət olduğunu müəyyən etsə və bununla da mübahisəli evin Cavabdeh5 üçün inşa edilməsi qənaətinə gəlməyin mümkün olmadığını qeyd etsə də, mübahisəli evin iddiaçı ilə Cavabdeh2 birgə nikahı dövründə və onların birgə səyləri (maddi və fiziki iştirakı) hesabına və ya qohumları tərəfindən onlar üçün inşa edildiyini hansı sübutlar əsasında müəyyən etdiyini əsaslandırmamışdır.
23. Halbuki cavabdeh tərəfin iddiaya etirazı məhz mübahisəli evin iddiaçıya aidiyyətinin olmadığı, Cavabdeh5 məxsus olduğu, sadəcə sonuncunun evi müvəqqəti olaraq iddiaçı və Cavabdeh2 yaşamaq üçün verdiyi ilə əsaslandırılmışdır.
24. Eyni zamanda, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərlə yanaşı, digər şəxslər tərəfindən də iddiaçıya qoyulan manelələrin qadağan edilməsi hissəsində prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, həmin tələb qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış, iddiaçı həmin şəxsləri müəyyən edib cavabdeh kimi işə cəlb etməmişdir. Halbuki, MPM-in 149.2-ci maddəsinə əsasən iddia ərizəsində tələbin yönəldiyi şəxslərin cavabdehlərin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, o cümlədən, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
Proses iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, mübahisəli evin iddiaçı ilə Cavabdeh2 arasında nikah bağlandıqdan sonra inşa edilməsi onu göstərir ki, həmin ev birgə nikah dövründə onların vəsaiti hesabına inşa edilmişdir. Məcburi köçkün olduqları üçün evin kommunal xərclərlə bağlı sənədləri Cavabdeh5 Saməddin oğlunun adına rəsmiləşdirilmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərdi ki, hazırda evə və torpağa dair artıq Cavabdeh5 Saməddin oğlunun həyat yoldaşı Cavabdeh1 adına dövlət reyestrindən çıxarış alınmışdır.
27. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbələri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 43. İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 11. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: Maddə 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; Maddə 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Maddə 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb... Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
33. Hazırkı işdə iddia rədd edildiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Ape
34. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
36. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir.
37. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 64 nöməli qərarı ilə Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunda hər ailəyə, həmçinin Zülfüqarov Hicran Telman oğluna həyətyanı torpaq ayrılmışdır. O isə, həmin torpaq sahəsinə aid sənədləşmə işləri aparmağı, tikinti işləri aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı bütün hüquqi hərəkətləri etməyi və s. Cavabdeh5 etibar etmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən sənədlər iddiaçı ilə Cavabdeh2 nikahlarını bağlamamışdan əvvəl rəsmiləşdirilmişdir.
39. İşdən həmçinin müəyyən olunur ki, mübahisəli ünvana çəkilmiş qaz və elektrik xəttləri də Cavabdeh5 adına qeydiyyata alınmışdır.
40. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş şahidlərin əksəriyyətinin ifadələrindən görünür ki, mübahisəli ev iddiaçı və onun ərinə məxsus olmamışdır. Şahidlərdən yalnız X6 iddiaçıya iynə vurmağı ilə bağlı həmin evə getdiyini, evin iddiaçı və əri tərəfindən inşa edildiyini bildirmişdir.
41. Göründüyü kimi, iddiaçı mübahisəli evin onunla Cavabdeh2 birgə nikahı dövründə və onların birgə səyləri (maddi və fiziki iştirakı) hesabına və ya qohumları tərəfindən onlar üçün inşa edildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
42. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı və onu əri tərəfindən başqa şəxsə məxsus torpaq sahəsində evin inşa edilməsi ağlabatan və inandırıcı deyil.
43. O da qeyd edilməlidir ki, artıq iddiaçının köçmək istədiyi fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət reyestrində Cavabdeh5 arvadı Cavabdeh1 adına qeydiyyata alınmışdır.
44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində digər şəxslər tərəfindən də ona qoyulan manelələrin qadağan edilməsini xahiş etsə də, həmin şəxsləri konkret olaraq göstərməmiş, onları cavabdeh kimi işə cəlb etməmişdir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin . Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-658/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli
Akif İsgəndərov
Cəmilə Musayeva