Məhkəmə qərarları › İş №2(103)-1904/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1904/2023

27.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1904/2023 27.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və bağ sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə (açar sözlər: tikilinin sökülməsi, bağ sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X9 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, vəkili Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı tikilinin sökülməsi və bağ sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(003)-221/2020 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və istismarı Birliyi ilə İddiaçı arasında 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Şüvəlan ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 38/3781 nömrəli bağ 10 illik müddətdə iddiaçının istifadəsinə verilmişdir.

2. İddiaçı bildirir ki, onun qanuni istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi cavabdehin qanunsuz sahibliyindədir, cavabdeh isə mübahisəli sahəni və üzərindəki tikilini başqasından aldığını bildirərək iddiaya etiraz edir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus, Bakı şəhəri Xəzər rayonu Şüvəlan ərazisində yerləşən sənəd üzrə 0,12 ha torpaq sahəsi olan, faktiki isə 0,10 ha təşkil edən 38/3781 nömrəli bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin sökülməsi, cavabdehin həmin bağ sahəsinin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsinə, yəni 400 kvadrat hissəsinə daxil olmasının qadağan edilməsi, onun bağ sahəsinin cavabdehin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsinin, yəni 400 kvadrat metr hissəsinin Cavabdeh tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə, cavabdeh iddiaçıya məxsus olan 0,12 ha torpaq sahəsinə qanunsuz olaraq, müdaxilələr edir, torpaq sahəsi üzərində istifadə hüquqlarına maneələr yaradır. Sözügedən bağ sahəsinin bir hissəsini qanunsuz zəbt edərək orada fərdi yaşayış evi tikmiş, ona məxsus torpağa girişini məhdudlaşdırmış, torpaq sahəsinin özünə məxsus olduğu bildirilərək, qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Dəfələrlə cavabdehə qanunsuz hərəkətlərə son qoyması barədə xəbərdarlıq edilsə də, o, tələbinə əməl etməmişdir. Ona məxsus torpaq sahəsi üzərində istifadə hüquqlarına maneələr yaratdığından, bununla da qanunla qorunan mülkiyyət hüquqlarını pozduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etməyərək bildirmişlər ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İddiaçıya verilmiş 0,12 ha torpaq sahəsi olan 38/3781 nömrəli bağ 10 illik müddətdə istifadəyə verilmişdir. Müqavilənin müddəti 2015-ci il tarixdə bitmişdir. Tərəflər arasında müqavilənin müddəti uzadılmamışdır. Belə olan halda iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. X3 tərəfindən verilmiş 30 oktyabr 2019-cu il tarixli, 34 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən, “Birlik” adlanan Bağçılıq ərazisindən 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin 1000 kv.metr (0,10 ha) təşkil etdiyi müəyyən olunur. iddiaçının faktiki olaraq istifadəsində 600 kv.metr torpaq sahəsinin olduğu 400 kv.metr torpaq sahəsində digər şəxsin fərdi yaşayış evi tikərək istifadə etdiyi müəyyən edilir. Bağçılıq sxeminin miqyası olmadığından, qalan 200 kv.metr torpaq sahəsinin hans qonşu tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(003)- 221/2020 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.

8. Qətnamənin əsaslarına görə, iddiaçıya mübahisəli torpaq sahəsi 10 noyabr 2005-ci ildə ayrıldığı halda, cavabdeh tərəfindən iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsinin daxilində, yəni 0,04 ha torpaq sahəsində fərdi yaşayış evi tikmiş, həmin 0,04 ha torpaq sahəsindən və onun üzərində olan fərdi yaşayış evindən istifadə edir. Nəticədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 Departamenti ilə iddiaçı arasında bağlanmış 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqavilə əsasında iddiaçının istifadəsi üçün ayrılmış olan torpaqdan maneəsiz istifadə hüququ məhdudlaşdırılmışdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təkcə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə istinad etməklə, bunu qətnamədə təkrar-təkrar qeyd etmişdir. Bununla yanaşı, hakim, iş materiallarında olan X3 tərəfindən verilmiş 30 oktyabr 2019-cu il tarixli, 34 nömrəli ekspert rəyini də mühüm sübut kimi qəbul etmiş, lakin ekspert İlham Xudiyevin yazılı məlumatını nəzərə almamışdır. Belə ki, iddiaçının istinad etdiyi müqavilənin (hansı ki, qüvvədə olma müddəti 10 il olmaqla 10 noyabr 2015-ci il tarixdə bitmişdir) məhz mübahisəli torpaq sahəsinə aid olması, həmin sahənin ölçüsü haqqında məlumat olmamışdır. X3 isə, iddiaçının 0,6 ha torpağından əlavə, 0,4 ha hissənin məhz cavabdeh tərəfindən zəbt edildiyini müəyyən edə bildiyi halda, necə olur ki, qalan 0,2 ha hissənin hansı qonşu tərəfindən zəbt edildiyini müəyyənləşdirə bilmir. Bu xüsusat, nümayəndəsi tərəfindən məhkəmənin diqqətinə çatdırılsa da, hakim tərəfindən nəzərə alınmamış, iddiaçının sözügedən müqavilə üzrə bağ sahəsinə dair hər hansı hüquqa malik olmasına və ya olmamasına əhəmiyyət belə verilməmişdir. Belə ki, müqavilənin müddəti uzadılmamaqla yanaşı, iddiaçı müqavilə şərtlərinə də əməl etməmiş, bağ sahəsindən istifadə haqqını ödəməmiş, hər il öz xərci və vəsaiti hesabına aqrotexniki becərmə işləri görməmiş, tikilini və bağı mühafizə etməmiş, talanmaqdan qorumamışdır. Cavabdeh isə, bağı və bağ sahəsində yerləşən evi xx.xx.2017-ci il tarixdə 22000 manata almış və artıq 3 il 6 aydır ki, bu sahədə yaşamaqla, ev inşa etmişdir. Həmin müddət ərzində heç kim hər hansı iddia ilə ona müraciət etməmiş, hazırkı torpaq sahəsinin ona məxsus olduğunu bəyan etməmişdir.

12. Apellyasiya icraatı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01 iyul 2021ci il tarixli, **********50 nömrəli məktubuna əsasən, bağ sahəsinin mişar daşından hasarla ayrılmış 640,0 kv.m hissəsi faktiki iddiaçının istifadəsində olması, sözügedən sahənin üzərində natamam köməkçi tikili və sanitar qovşağın olması, bağ sahəsinin qalan hissəsi isə cənub istiqamətində yerləşməsi və faktiki digər fiziki şəxs tərəfindən hasarlanaraq bağ evi və köməkçi tikililərin inşa olunması müəyyən edilmişdir. İdarənin arxiv əsaslarında sözügedən 38/3781 nömrəli bağ sahəsinə dair İddiaçı ilə bağlanılmış 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqavilə mövcuddur. Bağ sahəsinin cizgisi yoxdur, arxiv qovluğundakı bağçılıq yoldaşlığının bölgü sxemi mövcuddur.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC-nin 22 aprel 2022-ci il tarixli, **********95 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Birlik” adlanan Bağçılıq ərazisindən 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinə dair heç bir texniki sənədin (plan-ölçü, ayrıc aktı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmiş sxem və ya cizgi) təqdim edilməməsi, təqdim edilmiş bağların bölgü sxeminin miqyassız, koordinatsız və hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən sözügedən torpaq sahəsini sənəd üzrə naturada yerinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh hazırda istifadəsində olan iddiaçı tərəfindən iddia edildiyi torpaq sahəsinin və həmin torpaq sahəsində mövcud olan tikililərin naturada koordinatları müəyyən edilərək ölçülməklə rəyə əlavə edilmiş sxemdə “mübahisəli torpaq sahəsi” (S=437 kv.m) kimi öz əksini tapmışdır. Mübahisələndirilən torpaq sahəsinə hər hansı hüquqi və ya fiziki şəxsə hər hansı bir hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasına heç bir məlumatın, eləcə də həmin əraziyə iddiaçı və cavabdehə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən cavabdeh hazırda istifadəsində olan torpaq sahəsi ilə iddiaçıya 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hər hansı hissədə kəsişməsini və ya üst-üstə düşməsini koordinatlarla müəyyən edilməsi mümkün olmamışdır.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 04 may 2022-ci il tarixli, **********06 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının istifadəsində olan 640,0 kv.m sahənin və iddia olunan 439,0 kv.m sahənin yeri müəyyən edilərək cizgisi tərtib olunmuşdur. Ümumi iddia olunan sahə 1079,0 kv.m təşkil edir ki, bunun da 640,0 kv.m olan hissəsində natamam “B” literli tikili mövcuddur. Cavabdehin istifadəsində olan 439,0 kv.m yer müayinə zamanı müəyyən edilmişdir. Həmin 439,0 kv.m sahədə “A” literli 1 mərtəbəli mansardlı bağ evi və köməkçi həyət tikililəri inşa olunmuşdur. Cavabdeh tərəfindən həmin 439,0 kv.m sahəyə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Cavabdehin istifadə etdiyi 439,0 kv.m sahə iddiaçının iddia etdiyi ərazi ilə üst-üstə düşür. Həmin mübahisəli 439,0 kv.m sahənin cizgisi və koordinatları tərtib olunmuşdur.

15. Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli, 10/3201 nömrəli rəyinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mütəxəssis rəylərinə əsasən qeyd olunur ki, iddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Birlik” adlanan Bağçılıq ərazisindən 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinə dair heç bir texniki sənədin (plan-ölçü, ayrıc aktı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmiş sxem və ya cizgi) təqdim edilməməsi, təqdim edilmiş bağların bölgü sxeminin miqyassız, koordinatsız və hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən sözügedən torpaq sahəsini sənəd üzrə naturada yerinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Cavabdehin hazırda istifadəsində olan İddiaçı tərəfindən iddia edildiyi torpaq sahəsinin və həmin torpaq sahəsində mövcud olan tikililərin naturada koordinatları müəyyən edilərək ölçülməklə rəyə əlavə edilmiş sxemdə “mübahisəli torpaq sahəsi” (S=437 kv.m) kimi öz əksini tapmışdır. Mübahisələndirilən torpaq sahəsinə hər hansı hüquqi və ya fiziki şəxsə hər hansı bir hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasına heç bir məlumatın, eləcə də həmin əraziyə iddiaçı və cavabdehə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən cavabdehin hazırda istifadəsində olan torpaq sahəsi ilə iddiaçıya 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hər hansı hissədə kəsişməsini və ya üst-üstə düşməsini koordinatlarla müəyyən edilməsi mümkün olmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyul 2022-ci il tarixli, 2(103)-231/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia rədd edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində özəl hüquqi şəxs olan “X3” MMC-nin 30 oktyabr 2019-cu il tarixli, 34 nömrəli ekspert rəyi kimi tərtib etdiyi sənədi sübut kimi tanımışdır. Halbuki, həmin ekspert rəyi kimi tərtib edilərək məhkəməyə təqdim edilmiş sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Həmin Məcəllənin 101-1.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. “Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) – məhkəmə ekpsertizasının aparılması həvalə olunmuş, məhkəmə ekpsertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Qanuna özəl məhkəmə ekspertləri barədə edilmiş dəyişikliklərdən sonra bugünədək özəl məhkəmə eksperti kimi heç bir hüquqi və ya fiziki şəxs şəhadətnamə almamış və reyestr hazırda olmadığından reyestrə daxil edilməmişdir. Özəl hüquqi şəxs olan “X3” MMC tərəfindən 30 oktyabr 2019-cu il tarixdə 34 nömrəli ekspert rəyi kimi təqdim edilmiş sənəddə də, ekpsertizanı aparmış X5 cəmiyyətin tikinti-texniki ekpserti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində 20 ildən artıq ekspert iş təcrübəsinə malik olan, ali texniki təhsilli şəxs kimi X6 isə cəmiyyətin mühəndis yerquruluşçusu kimi təqdim edilməsinə baxmayaraq, həmin şəxslərin özəl məhkəmə ekspertləri kimi fəaliyyət göstərmək üçün hər hansı şəhadətnamə alıbalmadıqları, onların reyestrə daxil edilib-edilməmələri, onların müvafiq sahə üzrə ekspert kimi çıxış edə bilmələri üçün səlahiyyətlərinin olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Çünki həmin şəxslərin özəl məhkəmə eksperti kimi fəaliyyət göstərmək səlahiyyətləri yoxdur.

18. Apellyasiya instansiya məhkəməsi iş materiallarına, ekspert rəyinə əsasən hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini müəyyən etmək mümkün olmadığından hazırkı iddia tələbi təmin edilə bilməz.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 99.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə heç bir maddi hüquq normasına istinad etməmişdir. Bakı şəhər XDS İK-nin 13 iyun 1990-ci il tarixli, 1/145 nömrəli qərarına əsasən Əzizbəyov (hazırda - Xəzər) rayonu, Şüvəlan qəsəbəsi, “Şimal” DRES-in cənub-şərq, “Birlik” adlanan Bağçılıq ərazisindən ərazisindən Kosmik Tədqiqatlar EİB-in (hazırda - Azərbaycan Milli Aerokosmik Ağentliyinin) nəzdində yaradılmış Bağçılıq yoldaşlığına (“Günəş-3” Bağçılıq yoldaşlığına) torpaq sahəsi ayrılmışdır. Bakı şəhər XDS İK-nin 13 iyun 1990-cı il tarixli, 1/145 nömrəli qərarının icrası ilə əlaqədar. Memarlıq-planlaşdırma idarəsi tərəfindən 14 fevral 1991-ci il tarixdə ərazinin memarlıq-planlaşdırma sənədi təsdiq edilmiş, ayrılmış ümumi sahə 4,68 ha olmaqla, sahənin sərhədləri, istinad nöqtələri müəyyən edilmişdir. Bundan sonra “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinə onlara ayrılmış torpaq sahələrinə dair üzvlük kitabçaları verilmişdir. 90-cı illərdə “Günəş-3” Bağçılıq yoldaşlığının bəzi üzvləri, xüsusilə digər millətlərdən olan üzvləri işdən çıxaraq ölkəni tərk etdiyindən, bu və digər bu kimi səbəblərdən sahədən təyinatı üzrə istifadə etmədiyinə görə 03 iyul 1999-cu il tarixdə Azərbaycan Milli Aerokosmik Ağentliyinin (AMAKA) nəzdində yaradılmış “Günəş-3” Bağçılıq yoldaşlığının ümumi yığıncağı keçirilmişdir. Həmin tarixli ümumi yığıncağın qərarına əsasən AMAKA-nin baş direktorunun birinci müavini Tofiq Süleymanov tərəfindən “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü sxemi tərtib və təsdiq edilmişdir (surəti işə əlavə olunmuşdur). Bundan sonra “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü sxemi əsasında sahə naturada ayrılaraq üzvlərə təhvil verilmişdir. AMAKA TEKTİ-nin işçisi – mühəndisi İddiaçı “Günəş-3” Bağçılıq yoldaşlığı üzvlərinin 03 iyul 1999-cu il tarixli 2 saylı protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, bağçılıq yoldaşlığının üzvlərinin bölgü siyahısına daxil edilmişdir (“Günəş-3” Bağçılıq yoldaşlığı üzvlərinin bölgü siyahısı əlavə olunur, bax: həmin siyahıda 33-cü şəxs). Bundan sonra iddiaçıya üzvlük kitabçası verilmiş (surəti işə əlavə olunmuşdur) və sahəsi 1200 kv.m olan 38 nömrəli bağ sahəsi naturada ayrılaraq ona təhvil verilmişdir. Həmin vaxt sahə naturada ayrılaraq üzvlərə təhvil verilərkən eyni vaxtda bağçılıq üzvlərin ümumi (üzvlük) vəsaiti hesabına, o cümlədən iddiaçının vəsaiti hesabına “Günəş-3” Bağçılıq yoldaşlığının sədri mərhum Elmar Hacıyevin rəhbərliyi ilə bütün bağ sahələri 5 daş hündürlüyündə hasarlanmışdır. Belə ki, həmin dövrdə Bakı şəhər İHBA APBTİD X2 və İstismarı Birliyi tərəfindən bağçılıq üzvlərindən üzvlük kitabçaları əsasında müvafiq bağ sahələrinin ən azı 5 daş hündürlüyündə hasarlanması tələb edilirdi. Yalnız X2 və İstismarı Birliyinin ərazi üzrə nümayəndəsi həmin sahəyə baxış keçirdikdən və müvafiq bağ sahəsinin istifadəçisi tərəfindən hasara alındığını müəyyən etdikdən sonra üzvlük kitabçaları əsas sənəd kimi qəbul edilirdi. Qeyd edək ki, həmin dövrdə Bakı şəhər İHBA APBTİD X2 və İstismarı Birliyi tərəfindən bağçılıq üzvlərindən üzvlük kitabçaları əsasında müvafiq qaydada müqavilə bağlanması tələb edilirdi. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki 0,12 ha torpaq sahəsində yerləşən 38/3781 nömrəli bağ sahəsi də eyni qaydada Bakı şəhər İHBA APBTİD X2 və İstismarı Birliyi ilə bağlanmış 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən 10 il müddətinə iddiaçının istifadəsinə verilmişdir (müqavilənin təsdiq olunmuş surəti işə əlavə olunmuşdur). Həmin sahəyə dair müvafiq müqavilə bağlandıqdan sonra İddiaçı tərəfindən əvvəllər inşa edilmiş 5 daş hasara əlavə 5 daş hörülmüş, orada hazırda da mövcud olan müvafiq tikili və sanitar qovşaq inşa edilmişdir. Bu fakt işdə olan və Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01 iyul 2021-ci il tarixli, **********50 nömrəli məktubu (arayışı) ilə müəyyən olunur. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamının 2-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Cavabdeh həm birinci instansiya məhkəməsində izahatında, həm də apellyasiya şikayətində əsas dəlil kimi göstərmişdir ki, bağı və bağ sahəsində yerləşən evi 25 aprel 2017-ci il tarixdə 22000 manata almış və özü də ev inşa etmişdir. Lakin cavabdeh həmin bağ sahəsini kimdən və hansı hüquqmüəyyənedici sənədə əsasən almasını göstərmir (çünki belə bir sənəd yoxdur), həmçinin həqiqətən orada evi özü inşa etmişdirsə, həmin evin inşa edilməsinə dair müvafiq texniki və hüquqmüəyyənedici sənədləri də birinci instansiya məhkəməsinə təqdim etməmişdir (çünki belə bir sənəd də yoxdur). Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi təkcə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 10 noyabr 2005ci il tarixli, 36212 nömrəli müqaviləyə istinad etməklə, bunu qətnamədə təkrar təkrar qeyd etmişdir, halbuki həmin müqavilə 10 il müddətinə bağlanmış və müddəti 10 noyabr 2015-ci il tarixdə bitmişdir, bu xüsusat, nümayəndəsi tərəfindən məhkəmənin diqqətinə çatdırılsa da, hakim tərəfindən nəzərə alınmamış, iddiaçının sözügedən müqavilə üzrə bağ sahəsinə dair hər hansı hüquqa malik olmasına və ya olmamasına əhəmiyyət belə verilməmiş, belə ki, müqavilənin müddəti uzadılmamaqla yanaşı, iddiaçı müqavilə şərtlərinə də əməl etməmiş, bağ sahəsindən istifadə haqqını ödəməmiş, hər il öz xərci və vəsaiti hesabına aqrotexniki becərmə işləri görməmiş, tikilini və bağı mühafizə etməmiş, talanmaqdan qorumamışdır. Apelyasiya şikayətinin həmin dəlili tamamilə əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007- ci il tarixli, 2186 nömrəli sərəncamının 2-ci bəndinə əsasən İddiaçı qanuni istifadəsində olan həmin bağ sahəsi “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onun mülkiyyətinə verilmiş və həmin tarixdən onun mülkiyyəti sayılır. Belə ki, birinci instansiya məhkəməsi tamamilə haqlı olaraq Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarına istinad edərək göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2022ci il tarixli, 2(102)-5546/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2022-ci il tarixli, 2(103)- 231/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

23. Ali Məhkəmənin qərarının əsaslarına görə; “- 45. İş üzrə yuxarıda qeyd edildiyi kimi bir neçə dəfə ekspertiza tədqiqatı aparılmış və bu tədqiqatların nəticələri yuxarıda qeyd olunmuşdur (§ 12-15). - 46. Apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarına, ekspert rəyinə əsasən, iddiaçıya ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini müəyyən etmək mümkün olmadığından hazırkı iddia tələbi təmin edilə bilməz. - 47. Bununla belə, apellyasiya kollegiyası mübahisəli hala dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 04 may 2022ci il tarixli, **********06 nömrəli mütəxəssis rəyini nəzərə almamış və ona müvafiq qiymət verməmişdir. Qeyd edilən rəyə əsasən, iddiaçının istifadəsində olan 640,0 kv.m sahənin və iddia olunan 439,0 kv.m sahənin yeri müəyyən edilərək cizgisi tərtib olunmuşdur. Ümumi iddia olunan sahə 1079,0 kv.m təşkil edir ki, bunun da 640,0 kv.m olan hissəsində natamam “B” literli tikili mövcuddur. Cavabdehin istifadəsində olan 439,0 kv.m yer müayinə zamanı müəyyən edilmişdir. Həmin 439,0 kv.m sahədə “A” literli 1 mərtəbəli mansardlı bağ evi və köməkçi həyət tikililəri inşa olunmuşdur. Cavabdeh tərəfindən həmin 439,0 kv.m sahəyə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Cavabdehin istifadə etdiyi 439,0 kv.m sahə iddiaçının iddia etdiyi ərazi ilə üst-üstə düşür. Həmin mübahisəli 439,0 kv.m sahənin cizgisi və koordinatları tərtib olunmuşdur (§ 14). - 48. Kollegiya bildirir ki, qeyd edilən rəy iş materiallarına əlavə edilsə də, apellyasiya məhkəməsinin həmin sübuta münasibət bildirməməsi və onu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirməməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. - 49. Belə ki, məhkəmə ekspertiza rəyini məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməli, ekspertin rəyi ilə razılaşmadıqda öz mövqeyini qətnamədə əsaslandırılmalıdır (§ 31, 33-35). - 50. Baxılan işdə isə bu tələblərə əməl olunmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır (§ 30, 32, 36).”

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayətinin dəlilləri qətnamənin 11-ci bəndində göstərilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, ekspertizanın 26 oktyabr 2023-cü il tarixli 3-16-16/210/6772 nömrəli rəyi sübut kimi qəbul edilə bilməz. Çünki iş materiallarında olan ilkin ekspertiza rəyindən sonra həmin ekspertizanın keçirilməsi zamanı ekspertə əlavə sənədlər təqdim edilməmişdir ki, ilkin rəydən fərqli rəyə gəlmiş olsun. (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinnin xx.xx.2023-ci il tarixli ekspert rəyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən verilmiş və faktiki olaraq iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 04 may 2022-ci il tarixli, **********06 nömrəli mütəxəssis rəyi ilə eyniyyət təşkil edir. Halbuki, işdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC-nin 22 aprel 2022-ci il tarixli, **********95 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Birlik” adlanan Bağçılıq ərazisindən 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinə dair heç bir texniki sənədin (plan- ölçü, ayrıc aktı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmiş sxem və ya cizgi) təqdim edilməməsi, təqdim edilmiş bağların bölgü sxeminin miqyassız, koordinatsız və hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən sözügedən torpaq sahəsini sənəd üzrə naturada yerinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır.) 26 oktyabr 2023-cü il tarixli 3-16- 16/210/6772 nömrəli Ekspertiza rəyi mütəxəssisin ehtimala əsaslanan, faktiki olaraq istinad nöqtəsi, koordinatları, dəqiq ölçüləri, sxemi olmayan torpaq sahəsi barədə fikirlərinə əsaslanıb tərtib edildiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Bundan əlavə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmiş ortofoto və sxem sübut kimi qəbul edilə bilməz. Çünki qanunvericiliyə əsasən həmin ortofoto və sxemin sübut kimi qəbul edilməsi üçün müəyyən edilmiş şərtlər pozulmuşdur.

28. İddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

29. Bakı Apellyasiya Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(103)-1904/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6772 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan 640.0 kv.m sahənin və iddia olunan 439.0 kv.m sahənin yeri müəyyən edilərək cizgisi tərtib olunmuşdur. Ümumi iddia olunan sahə 1079.0 kv.m təşkil edir ki, bunun da 640.0 kv.m olan hissəsində natamam “B” literli tikili mövcuddur. Cavabdehin istifadəsində olan 439.0 kv.m yer müayinə zamanı müəyyən edilmişdir. Həmin 439.0 kv.m sahədə “A” literli 1 mərtəbəli mansardlı bağ evi və köməkçi həyət tikililəri inşa olunmuşdur. Cavabdeh tərəfindən həmin 439.0 kv.m sahəyə dair heçbir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Cavabdehin istifadə etdiyi 439.0 kv.m sahə iddiaçının iddia etdiyi ərazi ilə üst-üstə düşür. Həmin mübahisəli 439.0 kv.m şabanın cizgisi və koordinatları mütəxəssis rəyinə əlavə edilmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

33. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

37. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və istismarı Birliyi ilə İddiaçı arasında 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 38/3781 nömrəli bağ 10 illik müddətdə iddiaçının istifadəsinə verilmişdir. İddiaçı hazırda da həmin bağ sahəsindən istifadə edir.

38. İş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə qeyd etmişdir ki, məhkəmə kollegiyası mübahisəli hala dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 04 may 2022-ci il tarixli, **********06 nömrəli mütəxəssis rəyini nəzərə almamış və ona müvafiq qiymət verməmişdir.

39. 04 may 2022-ci il tarixli, **********06 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının istifadəsində olan 640 kv.m sahənin və iddia olunan 439 kv.m sahənin yeri müəyyən edilərək cizgisi tərtib olunmuşdur. Ümumi iddia olunan sahə 1079 kv.m təşkil edir ki, bunun da 640 kv.m olan hissəsində natamam “B” literli tikili mövcuddur. Cavabdehin istifadəsində olan 439 kv.m yer müayinə zamanı müəyyən edilmişdir. Həmin 439 kv.m sahədə “A” literli 1 mərtəbəli mansardlı bağ evi və köməkçi həyət tikililəri inşa olunmuşdur. Cavabdeh tərəfindən həmin 439 kv.m sahəyə dair heç bir hüquq müəyyənedici sənəd təqdim olunmamışdır. Cavabdehin istifadə etdiyi 439 kv.m sahə iddiaçının iddia etdiyi ərazi ilə üst-üstə düşür. Həmin mübahisəli 439 kv.m sahənin cizgisi və koordinatları tərtib olunmuşdur.

40. Hazırkı apellyasiya baxışında da bu nüansın, yəni Cavabdeh istifadəsində olan torpaq sahəsinin İddiaçı 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək məqsədi ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6772 nömrəli ekspert rəyi ilə də iddiaçının istifadəsində olan 640 kv.m sahənin və iddia olunan 439 kv.m sahənin yerinin müəyyən edilərək cizgisinin tərtib olunması, ümumi iddia olunan sahənin 1079 kv.m təşkil etməsi, bunun 640 kv.m olan hissəsində natamam “B” literli tikilinin mövcud olması, cavabdehin istifadəsində olan 439 kv.m yerin müayinə zamanı müəyyən edilməsi, həmin 439 kv.m sahədə “A” literli 1 mərtəbəli mansardlı bağ evinin və köməkçi həyət tikililərinin inşa olunması, cavabdeh tərəfindən həmin 439 kv.m sahəyə dair heçbir hüquqmüəyyənedici sənəd təqdim olunmaması, cavabdehin istifadə etdiyi 439 kv.m sahənin iddiaçının iddia etdiyi ərazi ilə üst-üstə düşməsi müəyyən edilmişdir.

41. Göründüyü kimi, iddiaçının hazırkı iddiasının əsasını təşkil edən faktiki hallar, yəni cavabdehin iddiaçıya məxsus olan 0,12 ha torpaq sahəsini zəbt etməsi və orada qanunsuz tikili inşa etməsi ekspert rəyi ilə öz təsdiqini tapır.

42. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi müqavilənin qüvvədə olma müddətinin 10 il olmaqla 10 noyabr 2015-ci il tarixdə bitməsini, bununla da sözügedən müqavilə üzrə bağ sahəsinə dair hər hansı hüquqa malik olmamasını nəzərə almamışdır.

43. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

44. Hazırkı işdə də iddiaçının barəsində iddia qaldırdığı torpaq sahəsi qanuni əsaslarla onun istifadəsinə verilmişdir və və o, hazırda da həmin torpaq sahəsindən istifadə edir. Digər tərəfdən, cavabdeh tərəfindən də bu torpaq sahəsinə və onun üzərindəki tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir.

45. Cavabdeh eyni zamanda torpaq sahəsinin dəqiq koordinatlarını, cizgi, plan, sxem və ölçülərini dəqiqləşdirməkdən ötrü Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rüeyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə yox, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin özü tərəfindən mütəxəssis rəyi alınmalı olmasını bildirir.

46. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC-nin 22 aprel 2022-ci il tarixli, **********95 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Birlik” adlanan Bağçılıq ərazisindən 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinə dair heç bir texniki sənədin (plan-ölçü, ayrıc aktı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmiş sxem və ya cizgi) təqdim edilməməsi, təqdim edilmiş bağların bölgü sxeminin miqyassız, koordinatsız və hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən sözügedən torpaq sahəsini sənəd üzrə naturada yerinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh hazırda istifadəsində olan iddiaçı tərəfindən iddia edildiyi torpaq sahəsinin və həmin torpaq sahəsində mövcud olan tikililərin naturada koordinatları müəyyən edilərək ölçülməklə rəyə əlavə edilmiş sxemdə “mübahisəli torpaq sahəsi” (S=437 kv.m) kimi öz əksini tapmışdır. Mübahisələndirilən torpaq sahəsinə hər hansı hüquqi və ya fiziki şəxsə hər hansı bir hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasına heç bir məlumatın, eləcə də həmin əraziyə iddiaçı və cavabdehə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən cavabdeh hazırda istifadəsində olan torpaq sahəsi ilə iddiaçıya 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hər hansı hissədə kəsişməsini və ya üst-üstə düşməsini koordinatlarla müəyyən edilməsi mümkün olmamışdır.

47. Göründüyü kimi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC iddiaçının istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin üst-üstə düşməyinin müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 04 may 2022-ci il tarixli, **********06 nömrəli mütəxəssis rəyi və müvafiq ekspert rəyi ilə torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən olunur ki, bu rəylərin mötəbərliyini şübhə altına alan əsaslar müəyyən edilməmişdir.

48. "xxxx" MMC tərəfindən verilmiş rəy ilə torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunsaydı, bu halda rəylər arasındakı ziddiyətdən və bu ziddiyyətin aradan qaldırılmasından danışmaq olardı. Hazırkı halda isə işdəki rəylər arasında ziddiyyət mövcud deyil, kollegiya bu rəylərin iddianın əsaslığını təsbit etməyə kifayət etdiyi qənaətinə gəlir.

49. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

50. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(003)- 221/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(003)- 221/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar