Məhkəmə qərarları › İş №2(103)-1906/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1906/2023

22.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1906/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əazərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetitinin nəzdində Humanitar Kollec” X7rşı qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərğa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec X7rşı əmrin ləğv edilməsinə, işə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(001)- 1665/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işəgötürən Bakı Humanitar Kolleci ilə işçi İddiaçı arasında xx.xx.2018ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanaraq İddiaçı aylıq əmək haqqı 375 manat olmaqla Bakı Humanitar Kollecinə metodist vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin (direktorun) xx.xx.2021-ci il tarixli, 330 nömrəli əmri ilə ləğv edilmişdir.

2. Müqavilənin ləğvinə səbəb Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X6 Hüquqi Şəxsinə çevrilməsi nəticəsində işəgötürən yenidən təşkili ilə bağlı kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılmasını təmin etmək məqsədi ilə işçilərin sayının və ya ştatların ixtisarını keçirməsi olmuşdur. 3.Təsdiq edilən yeni ştat cədvəlində metodist ştatı nəzərdə tutulmadığından İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam vermişdir.

4. Təsdiq edilən yeni ştat cədvəlində metodist ştatı nəzərdə tutulmadığından İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli 330 nömrəli əmrinin ləğv edilməsini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində metodis vəzifəsinə bərpa edilməsini və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, onun çalışdığı ştat ixtisara düşməmişdir. Bundan başqa o, bir sıra üstünlüklərə malikdir. Belə ki, onun 40 ilə yaxın iş stajı vardır. O, Mediasiya Şurasına müraciət etmiş, lakin, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Bundan başqa hesab edir ki, onunla bağlanan əmək müqaviləsinə qərəzli olaraq xitam verilmişdir. Belə ki, o, N.Qaralova direktor təyin edilərkən ona toplanması həvalə edilən məlumatları olduğu kimi N.Qaralovaya təqdim etmiş, daha sonra N.Qaralova barəsində kollektivin digər üzvləri ilə birlikdə şikayət etmişdir. Təhsili, təcrübəsi, yaşı ilə bağlı tyutor vəzifəsində işləyə bilməz. Hal-hazırda kollecdə ədəbiyyat müəllimi, direktor müavini vəzifələri boş olduğundan işəgötürən onu bu vəzifələrə işə götürə bilər.

7. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya cavabdehin xx.xx.2021-ci il tarixli struktur dəyişikliyi barədə 167 saylı əmri izah edilmişdir. Struktur dəyişikliyi barədə həmin əmrin 3.7-ci maddəsinə əsasən hərbi səfərbərlik üzrə mühəndis, fiziki hazırlıq rəhbəri, metodist, böyük kitabxanaçı, biblioqraf, texnik, laborant, katibə-makinaçı, katib ştatları ləğv edilmiş, əvəzinə təhsil ixtisasları şöbəsinin müdiri, kulturologiya şöbəsinin müdiri və incəsənət şöbəsinin müdiri ştat vahidləri təsdiq edilmişdir. İddiaçıya tyutor vəzifəsi təklif edilmiş lakin o, imtina etmişdir. Bundan başqa iddiaçı nəzərə almır ki, 40 ilə yaxın iş stajının olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu mədəsinin müddəaları altına düşmür. İddiaçı səhvən qanunvericilikdə nəzərdə tutulmuş üstünlük hüququnu əsas gətirmişdir. Lakin iddiaçı nəzərə almır ki, burada ixtisas və ya peşəkarlıq səviyyəsi onunla eynilik təşkil edən digər şəxs və ya şəxslər yoxdur, yəni, mübahisələndirilən hal üzrə əsas məsələ iddiaçının çalışdığı metodist vəzifəsının ixtisara düşməsi nəticəsində mövcud olmamasıdır. Bu səbəbdən Əmək Məcəlləsinin 78-ci maddəsinə istinad düzgün deyildir. İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə bağlı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Qeyd olunan qərarın icrası barədə Azərbaycan Respublikası Təhsil Naziri xx.xx.2020-ci il tarixli F-355 saylı əmr imzalamışdır.

8. Cavabdehin xx.xx.2021-ci il tarixli 141 saylı əmri ilə 2021-2022-ci tədris ili üçün yeni ştat cədvəli təsdiq edilmişdir. İşçilərin sayının və ştatların ixtisar edilməsi barədə 177 nömrəli xx.xx.2021-cı il tarixli əmrə əsasən əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməklə, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməklə ixtisara düşən müəllimlərin ixtisasları, əmək fəaliyyəti nəzərə alınmaqla yerləşdirilmişdir. Eyni zamanda İddiaçı və digər şəxslər əmək hüquqlarının pozulması ilə bağlı müxtəlif orqanlara müraciətlər etmiş və həmin müraciətlərə aidiyyəti olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilmədiyi müəyyən edilmişdir.

9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1665/2022 nömrəli iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin olunmamışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı onunla bağlanan əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı tədris müəssisəsində ixtisaradək mövcud olan ştat cədvəlində yeganə olan metodis vəzifəsində işləmiş, yeni ştat cədvəlində metodist vəzifəsi nəzərdə tutulmamış, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən işçini qanunvericiliyin tələblərinə uyğun xəbərdar etmiş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almış, məhkəmə iclasında isə iddiaçı ona təklif olunan tyutor vəzifəsinin onun yaşına uyğun olmadığını, işəgötürən tərəfindən ona hazırda boş olan direktor müavini vəzifəsinin verilməsini təklif etmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində istinad olunan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə əməl etməklə xitam verdiyindən iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz.

12. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 11, 68, 70, 71, 77, 78, 80-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4570/2022 nömrəli iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) iddia təmin edilmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 331 nömrəli əmrin ləğv edilməsi, İddiaçı həmin kollecdə əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “İşçilərin sayının ixtisarı” və “işçilərin ştatlarının ixtisarı” bir-birindən fərqləndirilməlidir. Sayın ixtisarı – bu, müəyyən vəzifə üzrə ştat vahidlərinin sayının azaldılmasıdır. Məsələn, müəssisədə 2 metodist ştatı mövcuddursa, 1 metodist ştatı ştat cədvəlindən xaric olunursa, bu, işçilərinin sayının azaldılmasıdır. Ştat ixtisarı – bu, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır. Məsələn, müəssisədə yalnız 1 metodist ştatı mövcuddursa, o, ştat cədvəlindən xaric olunursa, bu, işçilərin ştatlarının ixtisarıdır. Cavabdeh təşkilatda cəmi 1 metodist ştatı olub, həmin ştat vahidi ştat cədvəlindən xaric olunub. Ona görə də işdə saxlanmağa üstünlüyü olan şəxsləri müəyyənləşdirən normanın - Əmək Məcəlləsinin 78-ci maddəsindəki normanın hazırkı mübahisədə tətbiqi mümkün deyil.

17. Lakin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının razılığı alınmayıb. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “b” bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə görə həmkarlar ittifaqı təşkilatı bu məsələ ilə bağlı özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

18. Cavabdeh təşkilatda fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin xx.xx.2021- ci il tarixli iclasının 29 №-li protokolundan (apellyasiya icraatı zamanı məhkəməyə təqdim olunub) görünür ki, həmin iclasda qərara alınıb ki, ixtisar edilməsinə razılıq verilməyən və ixtisar edilməsi nəzərdə tutulan işçilərin siyahısı təsdiq edilərək iclas protokoluna əlavə edilsin. Həmin siyahı birinci instansiya məhkəməsinə təqdim edilib, ixtisar edilməsinə razılıq verilmiş işçilərin siyahısında iddiaçının adı var.

19. Protokoldan görünür ki, iclasda 7 nəfər komitə üzvü (Nigar İmanova, Gülnarə Məmmədova, Nərmin Qasımova, Tərlan Ağa-Mirzəyev, Samirə Tahirova, Sevinc Məmmədova və Günül Əhmədova) iştirak edib, 2 nəfər ixtisara nəzarət komissiyasının üzvləri (K.A.Məsimov və G.Ə.Quliyeva) iclasa dəvət olunub.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinin ləğvinə razılıq verilməsi məsələsinə 7 nəfərdən ibarət yığıncaqda deyil, həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında baxılmalı idi. Hər iki tərəfin etiraf etdiyinə görə cavabdeh təşkilatda təxminən 300 nəfər işləyir. Ona görə də əmək müqaviləsinin ləğv edilməsinə 7 nəfərin iştirakı ilə verilən “razılıq” həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirilə bilməz.

21. İddiaçı apellyasiya icraatı zamanı bildirmişdir ki, həmkarlar ittifaqı təşkilatının iclasına dəvət olunmayıb, hesab edir ki, əgər işdən azad olunması məsələsi onun bütün həmkarlarının iştirakı ilə həmkarlar ittifaqı təşkilatının iclasında müzakirə olunsaydı, həmkarları əmək müqaviləsinin ləğvinə razılıq verməzdi. Beləliklə, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə bu barədə olan əmr qanunsuzdur.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “Həmkarlar ittifaqları haqqında” Qanunun 11-ci maddəsinə istinad edərək göstərib ki, sanki həmkarlar ittifaqı komitəsi cavabdeh qurumda çalışan bütün işçilərin iştirakı ilə iclas keçirməli və qərar qəbul etməli idi. Həmin sayda işçilərin iclasda olmaması qərarın qəbul edilmədiyinə dəlalət edir. Məhkəmənin bu mövqeyi absurddur. Belə ki, istər göstərilən normada istərsə də “Həmkarlar ittifaqları haqqında” Qanunun heç bir maddəsində qeyd olunmayıb ki, əmək müqaviləsinə əmək məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilərkən keçirilən iclasda bütün işçilər iştirak etməlidirlər. Fərz edək ki, 10000 işçisi olan müəssisədə bir işçisi olan bir ştatın ixtisarı planlaşdırılır və bununla bağlı işəgötürən tərəfindən həmkarlar ittifaqına yazılı təqdimatla müraciət olunur. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmkarlar ittifaqı qərar qəbul edən zaman həmin 10000 nəfərin iştirakını cəlb etməli və əgər həmin şəxslərdən biri iştirak etməmişsə qəbul ediləcək qərar qanunsuz hesab ediləcəkdir. Məhkəmənin belə tipdə bir mövqeyi absurddur. Eyni zamanda məhkəmə bu mövqeyi ilə sanki tələbin işə bərpa olmasını deyil həmkarlar ittifaqının qərarının qanuni və yaxud qanunsuz olmasını göstərməyə çalışmışdır. Lakin nəzərə almamışdır ki, iddiaçının belə bir tələbi olmamışdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(102)-5590/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2022-ci il i tarixli, 2(103)-4570/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası qərarında qeyd etmişdir ki, cavabdeh təşkilatda cəmi bir metodist ştatı olmuş, həmin ştat vahidi ştat cədvəlindən xaric olunmuşdur. Ona görə də işdə saxlanmağa üstünlüyü olan şəxsləri müəyyənləşdirən normanın – Əmək Məcəlləsinin 78-ci maddəsindəki normanın hazırkı mübahisədə tətbiqi mümkün deyil. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşır.

25. Eyni zamanda qərarda qeyd edilmişdir ki, Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, tərəflər qəbul edir ki, təhsil müəssisəsində 300 nəfər işçi olmuş, ona görə 7 nəfərin vermiş olduğu razılıq təşkilat tərəfindən verilmiş razılıq kimi qəbul oluna bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi belə qənaətə həqiqətən təhsil müəsissəsində 300 nəfər işçinin olması, həmin şəxslərin həmkarlar ittifaqı təşkilatının üzvü olmaları, razılıq vermiş şəxslərin belə razılıq verməyə səlahiyyətli olub-olmamaları məsələlərinin araşdırılmasında sonra gələ bilərdi. Məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsində araşdırma predmeti olmayan halların araşdırılması zəruriliyi yaranmışdırsa, apellyasiya instansiyası həmkarlar ittifaqı təşkilatında belə razılığın verilməsinə səlahiyyəti olan orqanı (ümumi yığıncaq, onun vəkil etdiyi orqan və ya 7 nəfərdən ibarət təşkilat üzvünü) müəyyən etməli idi. Eyni zamanda, X1 həmkarlar ittifaqı təşkilatının qərarı bütün üzvləri tərəfindən deyil, yalnız iclasda iştirak edən komitə üzvlərinin əksəriyyətinin səsi əsasında qəbul edildiyi göstərilir. Baxılan iş üzrə razılığın qanunauyğunluğunu müəyyən etmək üçün cavabdeh təşkilatda qeydə alınmış həmkarlar ittifaqı təşkilatının nizamnaməsi tələb olunaraq baxış keçirilməsi zəruri olmuş, lakin apellyasiya instansiya məhkəməsi nizamnamənin tələb olunmasını tərəflərlə birlikdə müzakirə etməmiş, belə araşdırmanın aparılmasını təmin etməmişdir.

d) Hazırki Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

27. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən ona tyutor vəzifəsinin təklif edildiyini, lakin bu vəzifənin onun yaşına uyğun olmadığı üçün qəbul etmədiyini bildirmişdir. Hazərda həmin vəzifə rəsmi qaydada təklif edilərsə qəbul edər.

28. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, həmin vaxt sözügedən vəzifə təklif edilmişdir. Lakin iddiaçının özünündə qeyd edtiyi kimi, vəzifənin ona uyğun olmadığını bildirməklə qəbul etməmişdir. Hal hazırda isə həmin vəzifəni təklif edə bilmirik. Bu baxımdan ki, həmin vəifə üzrə ştat artıq doludur.

29. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

30. Maddə 68 (1-ci bəndi). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

31. Maddə 68 (2-ci bəndi). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar

32. Maddə 70. (b bəndi). Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər.

33. Maddə 71. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

34. Maddə 77. (1-ci hissə) İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

35. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

36. Maddə 78. (2-ci hissə). İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

37. Maddə 79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 38.Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 39.Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 40.Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 44.Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

47. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

49. Hazırkı işin mübahisəsiz hallarından aydın olur ki, ddiaçı cavabdeh müəssisədə metodist vəzifəsində işləmiş, 26 noyabr 2021-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatların ixtisarı edildiyi) əsasən xitam verilmişdir.

50. Birinci instansiya məhkəməsi məhz irəli sürülmüş həmin dəlillər üzrə araşdırma aparmış və haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı tədris müəssisəsində ixtisaradək mövcud olan ştat cədvəlində yeganə olan metodist vəzifəsində işləmiş, yeni ştat cədvəlində metodist vəzifəsi nəzərdə tutulmamış, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən işçini qanunvericiliyin tələblərinə uyğun xəbərdar etmiş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almışdır. İddiaçı tərəfindən mübahisəli əmr qəbul edilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulmasından ibarət mövqeyi əsaslı olmamışdır. Belə ki, həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci bəndinə isə göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İşdən görünür ki, işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl həmkarlar ittifaqı təşkilatına (ştat ixtisarına razılıq verilməsi üçün) müraciət etmiş, müəyyən olunmuş müddət daxilində razılıq alınmışdır.

51. Bundan başqa, Ali Məhkəmənin Mülki Kollegiyasının qərarında qeyd edilən mövqeyə uyğun olaraq işə yenidən baxan apellyasiya baxışı zamanı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec X9 sorğu göndərilərək, yaranmış zərurətlə əlaqədar olaraq cavabdeh təşkilatda qeydə alınmış X2 nizannaməsinin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş edilmişdir.

52. İş materiallarında olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsi qeyd edilən sorğuya 31 mart 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, kollecin həmkarlar ittifaqı təşkilatının nizannaməsi mövcud deyildir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təhsil işçiləri ilə bağlı Azərbaycan Təhsil İşçiləri X4 nizannaməsi nəzərə alınır. Azərbaycan Təhsil İşçiləri X4 nizannaməsinə əsasən isə həmkarlar ittifaqı təşkilatına (ştat ixtisarına razılıq verilməsi üçün) müraciət edilərkən verilən razılıq qanuni və əsaslı omuşdur. Yəni həmin razılığın verilməsi zamanı bütün üzvlərin iştirakının mütləq olması nəzərədə tutulmamışdır. 53 Eyni zamadna işin hallarından görünür ki, iddiaçı məhz Kollecin əmrinə istinadən vəzifə ştatlarının ixtisar olunacağı barədə xəbərdar olunduqdan sonra, onunla bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilməsinə əsas məhz ştat ixtisarına dair əmr olsa da, o həmin əmri də mübahisələndirməmişdir. 54.Digər tərəfdən işin halları ilə müəyyən olunur ki, cavabdeh müəssisədə ümumilikdə xeyli saylı işçi ixtisar prosesinə cəlb edilmişdir və bu səbəblə də iddiaçıya qarşı ayrıseçkiliyə yol verildiyi verilməmişdir. Hətta apellyasiya baxışı zamanı iddiaçı məhkəmə iclasında onunla əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən ona tyutor vəzifəsinin təklif edildiyini, lakin bu vəzifənin onun yaşına uyğun olmadığı üçün həmin vaxt qəbul etmədiyini bildirmişdir. Bu hal iş materiallarında olan işəgötürən tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışla da təsdiqini tapır. Hazırki halda isə iddiaçı həmin ştatın veriləcəyi təqdirdə qəbul etməsini bildirməsinə münasibətdə kollegiya tərəfindən işəgötürənə yenidən həmin vəzifənin iddiaçıya təklif edilməsinin mümkün olubolmamasının müzakirə edilməsi təklif edilmiş, lakin nümayəndə hazırda həmin ştatın boş olmadığından mümkün olmamasını bildirmişdir. 55.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(001)-1665/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(001)- 1665/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar