Məhkəmə qərarları › İş №2(103)-1908/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1908/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1908/2020 10.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1270,40 manat və 1065,60 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbləri daxilində məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1273,40 manat, 1065,60 manat, 486 manat və 32,40 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, təbii qazdan istifadəyə görə **********00010 saylı abonent istifadəçisidir. Təbii qazdan istifadəyə görə ödənişləri vaxtlıvaxtında edir. xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh əməkdaşları yaşadığı ünvandan 1202AQ**********3 nömrəli sayğacı dövlət yoxlamasından keçirilməsi üçün çıxarmış və əvəzində yeni sayğac quraşdırmışlar. Cavabdeh tərəfindən ona göndərilmiş rəyə əsasən 1202AQ**********3 saylı zavod nömrəli sayğacın dövlət yoxlaması nəticəsində yararsız hesab edilməsi göstərilmişdir (sayğacın çıxış plastmas borusu deşik olduğu üçün əvəz olundu). Daha sonra xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh əməkdaşları yaşadığı ünvandan 1702AZ**********99 nömrəli sayğacın dövlət yoxlamasından keçirilməsi üçün çıxarmış və əvəzində yeni sayğac quraşdırmışlar. Cavabdeh tərəfindən ona göndərilmiş rəyə əsasən 1702AZ**********99 saylı zavod nömrəli sayğacın dövlət yoxlaması nəticəsində yararsız hesab edilməsi (sayğacın çıxış plastmas borusunda dəlik aşkar olundu) göstərilmişdir. Yoxlamaların nəticəsi ilə razı deyil. Sayğac yararsız hesab edilə bilər, lakin onda olan zədələrin onun tərəfindən edilməsi mümkün deyildir. Bəlkə elə Cavabdeh əməkdaşları sayğacı çıxaran zaman, ya da ki, sonradan həmin qüsurlar meydana gəlmişdir. Çinki həmin qüsurlar əvvəldən mövcud olsa idi, mütəmadi sayğaclara baxış keçirən idarə əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər ya da ki, sayğacı çıxararkən bu barədə tərtib etdikləri aktda həmin qüsurlar göstərilərdi. Daha sonra “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Odur ki, dövlət yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəblər göstərmişlər. Bundan başqa, təqdim edilmiş abonent saldosunda onun əsassız aktlara görə borcunun 1273,40 manat, 1065,60 manat, 486 manat və 32,40 manat olması göstərilmişdir. Həmin borcun hansı əsasla yaranması barədə idarəyə müraciət edib aydınlaşdırmaq istədikdə, idarə əməkdaşları borcun hansı əsasla yaranması səbəblərini ona izah etməmişlər. O, əsassız borcun silinməsi barədə Cavabdehnə müraciət etmişdir. Lakin onun müraciətinə verilmiş cavabda da borcun yaranma səbəbi sübutlarla əsaslandırılmamışdır, xeyli müddətdir ki, qaz xətti kəsilmiş, nəticədə evində təbii qazın kəsilməsi ucbatından ailəsinə və ona əsaslı maddi ziyan dəymişdir. Hazırda da təbii qazın olmaması ucbatından ailə təsərrüfatını həyata keçirə bilmir. Odur ki, dövlət yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəblər göstərmişlər. Həmin müdaxilə ona təbii qazdan qanunsuz yolla istifadə etmək imkanı vermir. O, çöldə olan sayğaca edilmiş müdaxiləyə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 1273,40 manat, 1065,60 (799,20+266,40) manat və 486 manatın silinməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh İB apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. İddiaçı, Cavabdeh İB-nə məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı, Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyərək, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Cavabdeh İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 5370575nömrəli xx xxxxxx 2018-ci il tarixli aktının surətindən görünür ki, iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğac çıxış plastmas borusunda deşik aşkar olunduğu üçün yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 5520278nömrəli xx xxxxxxx 2018-ci il tarixli aktının surətindən görünür ki, iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğac çıxış borusunda dəlik aşkar olunduğu üçün yenisi ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli aktın surətindən və abonentin saldosundan görünür ki, İddiaçı məxsus mənzilə baxış keçirilərkən sayğacın çıxış plastmas borusunda dəlik aşkar edilmiş və nəticəsində qaz sərfinə görə 6367 kub metr qaz sərfinə görə 1273,40 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli aktın surətindən və abonentin saldosundan görünür ki, İddiaçı məxsus mənzilə baxış keçirilərkən sayğacın çıxış plastmas borusunda deşik aşkar edilmiş və nəticəsində qaz sərfinə görə 4860 kub metr qaz sərfinə görə 486 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və abonentin saldosundan görünür ki, İddiaçı məxsus mənzilə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmiş və nəticəsində qaz sərfinə görə 7992 kub metr qaz sərfinə görə 799,20 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və abonentin saldosundan görünür ki, İddiaçı məxsus mənzilə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmiş və nəticəsində qaz sərfinə görə 2664 kub metr qaz sərfinə görə 266,40 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və abonentin saldosundan görünür ki, İddiaçı məxsus mənzilə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar edilmiş və nəticəsində qaz sərfinə görə 324 kub metr qaz sərfinə görə 32,40 manat borc hesablanmışdır. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, İşin hallarından görünür ki, Cavabdeh iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış zamanı sonuncunun sayğacdan kənar təbii qazdan istifadə ediyi üçün iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1273,40 manat, 1065,60 manat, 486 manat və 32,40 manat tələb edilir. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh mütəxəssisinin iştirakı ilə İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Əbdülkərim küçəsində yerləşən 95 saylı evə və evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı cavabdeh tərəfindən tərtib edilmiş aktlar üzrə hesablanmış 1273,40 manat, 1065,60 manat, 486 manat və 32,40 manat borcdan yalnız məhkəmə prosesi gedişində cavabdehin nümayəndəsi tərəfindən xx xxx 2019-cu il tarixli ******* nömrəli akta (324 kub metr, 32,40 manat) əlavə edilərək məhkəməyə təqdim edilmiş fotoşəkildəki qaz sayğacının iddiaçıya məxsus olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxx 2019-cu il tarixli ******* nömrəli akt tərtib olunarkən baxış keçirilən sayğacın iddiaçıya məxsus olması sübut edildiyindən, həmin akt əsasında 324 kub metr qaz sərfinə görə hesablanmış 32,40 manat məbləğində borcun silinməsi hissəsində iddia tələbi rədd etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Eyni zamanda, işin araşdırılan hallarına əsasən məhkəmə kollegiyası, Cavabdeh İB tərəfindən İddiaçı **********00010 saylı abunə koduna hesablanmış 1273,40 manat, 1065,60 (799,20+266,40) manat və 486 manat borcun silinməsini qanuni və əsaslı hesab edir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlara əlavə edilmiş fotoşəkillərdə sayğacınİddiaçı məxsus olması sübuta yetirilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə qətnamənin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar