Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-191/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh, X13, X10, X15 və X11 qarşı (Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-191/2023 (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin və evin boşaldılaraq qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X16 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, Cavabdeh, X13, X10, X15 və X11 qarşı (Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “zəbt olunmuş torpaq sahəsinin və evin boşaldılaraq qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(001)-129/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh, üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon X3 qarşı “zəbt olunmuş torpaq sahəsinin və evin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş evdən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş evin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005- ci il tarixli 1654/1 saylı sərəncamı ilə iddiaçıya Binəqədi qəsəbə ərazisindən 200 kv.m torpaq sahəsini alqı-satqı müqaviləsi ilə almışdır. Belə ki, o, uzun müddətdir istifadəsində olan boş qalmış torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün alqı-saqtı yolu ilə mülkiyyətinə verilməsi barədə ərizə ilə Binəqədi rayon bələdiyyəsinə müraciət etmiş, həmin torpaq sahəsinin alqı-satqı üçün “Kapital Bank” hesabından 800.000 manat ödəniş edilmiş və torpaq sahəsinə dair sərəncam verilmişdir. Sonradan həmin torpaq sahəsində tikinti işləri aparmaqla 2009-cu ildə iki otaq, mətbəx və sanitar qovşaq inşa etməklə, həmin evi bacısıgilin istifadəsinə vermişdir. Sonrada iddiaçının bacısına məcburi köçkün kimi ev verildiynə görə onlar həmin evdən köçmüşlər. Evin boş olmasında istifadə edən bacısı gəlini həmin evi saxta sənədlərlə cavabdeh Zahid adlı şəxsə satmışdır. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş ev iddiaçıya məxsus olmaqla cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Hazırda cavabdeh ailə üzvləri ilə birlikdə həmin evi boşaltmaqdan imtina edir. Cavabdeh həmin evdən hər hansı müəyyənedici sənədi olmadan istifadə edir. Cavabdehin ona məxsus torpaq sahəsini zəbt etməsi iddiaçıya mənsub olduğu əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur.
2. Sonradan tələbin dəqiqləşdirilməsi dair ərizə təqdim edərək, Cavabdeh və ailə üzvləri X6, X1, X8 və X9 iddiaçıya məxsus torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evdən çıxarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-129/2021 saylı, 20 may 2021ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia tələbi təmin edilməmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 14.3, 139.1, 157.2, 158.1, 158.2, 158.4, 164.1, 166.3-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəllənin 4.1, 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri ala bilər. Torpaq və Torpaq islahatları icra orqanları tərəfindən verilmiş ilkin sənədi torpağın sahibliyi kimi tanınır. Binəqədi qəsəbə Bələdiyyəsinin 1654/1 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı ilə 200 kv.m torpaq sahəsinin ona məxsus olması öz təsdiqini tapır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7603/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İsgəndərov, İ.Kərimli və E.Kazımov) İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılsı qət edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi birinci instansiya məhkəməsinin istinad etdiyi maddi normalara istinad etmişdir
c) Kassasiya instansiya məhkəməsində icraat
9. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-999/2022 saylı, 05 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov, E.Şamayev və E.Vəliyeva) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7603/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsin, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır.
11. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...işin məhkəmələr tərəfindən müəyyən edilən halına görə Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1654/1 saylı sərəncamı əsasında Binəqədi qəsəbə ərazisindən 200 kv.m torpaq sahəsi iddiaçıya satılıb, müvafiq alqı-satqı aktı var və bu faktı bələdiyyənin də nümayəndəsi məhkəmədə təsdiq edib. Cavabdehin adına isə hər hansı torpaq ayırma sənədinin olması müəyyən edilməyib. Bundan başqa, iddiaçı da məhz Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1654/1 saylı sərəncam və alqı-satqı aktına əsasən torpaq sahəsini və üzərindəki evin boşaldılmasını tələb edib, tələbinin əsası kimi ona istinad edib ki, torpaq sahəsində ev tikib, evi məcburi köçkün olan bacısının istifadəsinə verib, sonradan isə bacısının gəlini evi hazırki cavabdehə satıb. Cavabdeh isə etirazının əsası kimi göstərib ki, həmin torpağı Nübar adlı şəxs Solmaza, Solmaz da 26 min manata Cavabdeh satıb. İşin məhkəmələr tərəfindən müəyyən edilən bir halı da ondan ibarətdir ki, xx.xx.2018-ci il tarixdə notarial qaydada verilmiş ərizəyə əsasən X14 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 10 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, orta təmirli 25.000 manat dəyərində olan fərdi yaşayış evinin X2 adına keçməsinə etiraz etməmiş, xx.xx.2018-ci il tarixdə notarial qaydada verilmiş ərizəyə əsasən isə X12 həmin evin Cavabdeh adına keçməsinə etiraz etməmişdir. Göründüyü kimi, işin bu halını, yəni evin cavabdehə başqa şəxs tərəfindən satılmasını müəyyən edən məhkəmələr Nübar və Solmaz adlı şəxslərin kimliyini, onların mübahisədə adı keçən torpaq sahəsi və evə aidiyyatlarını, həmin şəxslərdən hansının iddiaçının bacısının gəlini olub-olmamasını araşdırmadan iddiaçının subyektiv hüququnun olmaması barədə əsasız nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ekspert rəyində torpaq sahəsinin dövlət mülkiyyəti kimi sənaye təyinatlı torpaq kateqoriyasına aid olması da özü-özlüyündə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki torpağın təyinatından asılı olmayaraq onun üzərində evin mövcud olması faktı var. Bu baxımdan, ancaq torpağın təyinatına əsasən iddiaçının həmin torpağa və evə münasibətdə subyektiv hüququnun olmamasını demək səhvdir. Həmçinin, "xxxx" MMC-nin qiymətləndirmə aktında və kommunal ödəniş qəbzlərində cavabdeh tərəfin hazırda yaşadığı mübahisəli evin Binəqədi qəsəbəsində deyil, Biləcəri qəsəbəsində yerləşdiyi və ünvanının “M.Aslanov küçəsi 10” olduğunun qeyd edilməsinə istinadən iddianın rədd edilməsi düz deyil. Əvvəla, "xxxx" MMC-nin qiymətləndirmə aktının nə dərəcədə ünvanı müəyyən edən sübut olmasına qiymət verilməyib. Ümumiyyətlə, həmin qiymətləndirmə aktında ünvanla bağlı hansı sənədə istinad edilməsi də göstərilməyib. İkincisi, iddiaçı özü də iddia tələbində hər hansı konkret ünvan göstərməyib ki, cavabdehin yaşadığı ünvanın rəydə və kommunal ödəniş qəbzlərində “M.Aslanov küçəsi 10” olmasına əsasən mübahisədə adı keçən evin başqa ev olmasını demək mümkün olsun...”
d) Proses iştirakçılarının izahatı
12. Təkrar apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Digər şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və kollegiya məhkəmə iclasının gəlməyən şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
13. Əvvəlki məhkəmə prosesində iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsinin xahiş etmidir. Əlavə olaraq göstərmişdir ki, o, mübahisəli torpaq sahəsini Binəqədi rayonu Biləcəri bələdiyyəsindən almışdır. Bundan başqa Qeyd edilən torpaq sahəsində inşa edilən mənzilin komunal ödənişlərinə dair bildirişlərdə fərdi yaşayış evinin yerləşdiyi ünvan kimi ünvan 2r.
14. Əvvəlki məhkəmə prosesində iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın əsaslı olduğu üçün təmin edilməsini xahiş etmidir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
16. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
19. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
20. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
“Bələdiyyələrin statusu” haqqında Qanun
21. Maddə 19, 4-cü hissə. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
22. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.
23. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
24. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada).
"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə
25. 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
26. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir.
27. 14. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 5 gün müddətində baxılır (14 fevral 2014-cü il tarixli 906-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək olan redaksiyada).
28. 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.
29. 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət verilə bilər.
30. 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. 39. 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. 40. 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir).
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
31. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər (15 fevral 2016-cı il tarixli qanunla edilən dəyişikliyə qədər olan redaksiyada).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
39. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.
40. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Belə ki, iş materiallarında olan 1654/1 nömrəli, xx.xx.2005-ci il tarixli Sərəncama və akta əsasən müəyən edilir ki, vətəndaş İddiaçı ərizə ilə X3 müraciət edərək, uzun müddət istifadəsində olan boş torpağı fərdi yaşayış evinin tikintisi üçün alqısatqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmiş, müvafiq sərəncamla Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadədə olan 200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılmışdır.
43. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 10 ünvanda yerləşən fərdi yaşayış evi (əmlakın sahibi X14) xx.xx.2009-cu il tarixdə 26.900 manata qiymətləndirilmişdir.
44. xx.xx.2018-ci il tarixdə notarial qaydada verilmiş ərizədən görünür ki, X14 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 10 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, orta təmirli 25.000 manat dəyərində olan fərdi yaşayış evinin X2 adına keçməsinə etiraz etməmişdir.
45. xx.xx.2018-ci il tarixdə notarial qaydada verilmiş ərizədən görünür ki, X12 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 10 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, tam təmirli 26.800 manat dəyərində olan fərdi yaşayış evinin Cavabdeh adına keçməsinə etiraz etməmişdir.
46. Kommunal ödənişlərlə bağlı qəbzlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv, ev 0000, mənzil 2494ə aid kommunal xidmətlər X7 adınadır.
47. İddiaçının nümayəndəsinin əvvəlki məhkəmə iclasında bildirdiyinə görə keçmiş gəlini (yəni iddiaçının bacısının gəlini) Bəsti anası Nubarla birlikdə evi Somaz adlı şəxsə satmış o, isə evi Zahidə satmışdır.
48. Azərbaycan Respublıikası ƏMDK yanında DƏKÜRX-i tərəfindən verilmiş mütəxəssis rəylərindən və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, mübahisələndirilən tikilinin (hazırda cavabdehin yaşadığı ev) yerləşdiyi torpaq sahəsi Dövlət mülkiyyəti olub, sənaye və təynatlı torpaq kateqoriyasına aiddir.
49. Belə ki, iddiaçı tələbinin faktik əsası kimi, ona bələdiyyə tərəfindən satılmış torpaq sahəsində onun tərəfindən inşa edilmiş fərdi yaşayış evinin cavabdeh tərfindən zəbt edildiyini bildirir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.
52. İddiaçı Binəqədi qəsəbəsinin ərazisində yerləşən 200 kv.m torpaq sahəsini Binəqədi qəsəbə Bələdiyyəsi sədrinin 1654/1 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən alqısatqı yolu ilə əldə etdiyini və orada fərdi yaşayış evi tikdiyini, torpaq sahəsinin qanuni əsaslarla ona məxsus olduğunu və cavabdehin həmin evə və torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu bildirərək hazırkı iddianı qaldırmışdır.
53. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur.
54. Burada bəhs olunan bələdiyyə aktı, “Bələdiyyələrin statusu haqqında” qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarıdır. Bələdiyyənin bu qərarı ümumi yığıncağın qərarıdır.
55. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə görə, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə barədə məsələlər, bələdiyyələrin iclaslarında həll edilir.
56. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.
57. Bələdiyyə sədrinin sərəncamı isə, “Bələdiyyələrin statusu haqqında” qanunun 19-cu maddəsində nəzərdə tutulan, bələdiyyənin sədrinin səlahiyyətlərinə aid aktlardır.
58. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir.
59. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
60. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
61. Bu baxımdan nəzərə alınmalıdır ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
62. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin üçüncü abzasına görə, həmin Əsasnamənin 19-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər (15 fevral 2016-cı il tarixli qanunla edilən dəyişikliyə qədər olan redaksiyada).
63. Göründüyü kimi, iddiaçıya verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd yoxdur və ekspertdə Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə sərəncamla iddiaçıya verilmiş torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, iddiaçıya verilmiş torpaq sahəsi ilə mübahisəli torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən edə bilməmişdir.
64. Bundan başqa kollegiya qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin qərarının, habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
65. Bundan başqa, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsi başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir.
66. Həmçinin, iddiaçının mötəbər sübut kimi istinad etdiyi Binəqədi qəsəbə Bələdiyyəsi sədrinin 1654/1 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamında iddiaçıya ayrılan 200 kvm torpaq sahəsinin Binəqədi qəsəbəsinin ərazisində yerləşdiyi göstərilsə də, mübahisələndirilən evə dair təqdim olunmuş digər sənədlərdə ("xxxx" MMCnin qiymətləndirmə aktı, kommunal ödəniş qəbzləri və s.) cavabdeh tərəfin hazırda yaşadığı mübahisəli evin Binəqədi qəsəbəsində deyil, Biləcəri qəsəbəsində yerləşdiyi qeyd edilmişdir.
67. Bundan başqa iş materiallarında olan "xxxx" ASC-nin və "xxxx" ASC-nin bildirişlərindən görünür ki, Nübar Əzimovanın adına qeyd edilən mübahisəli mənzilin ünvanı ünvan 3ilmişdir.
68. Təkrar apellyasiya baxışı zamanı mübahisəli torpaq sahəsinin Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin, yaxud Binəqədi rayonu Biləcəri bələdiyyəsinin inzibati ərazinə aid olması müəyyən etmək üçün ekspertiza təyin edilmişdir. Lakin müətəxəssis rəyi verilmədiyi üçün ekspertiza keçirilməmişdir. Mütəxəssis rəyinin verilməməsinə səbəb isə müəyyən edilmiş rüsumun ödənilməməsi olmuşdur. Tərəflərə rüsumun ödənilməsi ilə bağlı təklif olunsa da, onlar rüsumu ödəməkdən imtina etmişlər.
69. İş materiallarında olan sənədlərin tədqiq və işin faktiki halları ilə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması nə onun özü tərəfindən təqdim olunmuş, nə də araşdırma zamanı məhkəmə tərəfindən əldə edilmiş sübutlarla birmənalı şəkildə təsdiq olunmamışdır.
70. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
71. Məhkəmə kollegyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe belə əsaslandırılmışdır (misal: 2(102)-3371/2022 saylı qərar).
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-129/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova