Məhkəmə qərarları › İş №2(103)-1910/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1910/2020

25.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1910/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X5 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, X1, Cavabdeh iştirakları ilə, X1 Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-1194/2019 saylı xx xxxx 2019cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən ona məxsus mənzildən əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlunun keçmiş həyat yoldaşıdır. Cavabdeh oğlu ilə ailə qurarkən o, onlara müvəqqəti olaraq həmin evdə yaşamağa icazə vermişdir. Onlar qısa müddətdə özlərinə mənzil alaraq onun evi tərk edəcəklər. Müvəqqəti yaşayacaqlarına görə onu ailə üzvü kimi qəbul etməmiş və onun həmin yaşayış sahəsindən istifadə hüququ yaranmadığından, evə pasport qeydiyyatına düşməsinə də icazə verməmişdir. Cavabdeh hazırda Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi ev 179-da qeydiyyatdadır və onun daimi yaşayış yeri də oradır. Cavabdehlə oğlunun nikahı Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa 154 manat aliment verilməklə, xx xxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X9 cavabdehin yanında qalmaları müəyyən edilmişdir. Cavabdehin onunla və oğlu ilə eyni evdə yaşaması onun əsəbi olması səbəbindən mümkün deyil, o əsassız olaraq dava-dalaş salır, dəfələrlə onun və oğlu barədə heç bir əsas olmadan polis orqanlarına şikayət vermişdir. Uşaqları ona və atasına qarşı kobud davranmağa təhrik edir. Onunla eyni evdə yaşaması və əşyalarının onların evdə yerləşdirməsi nəinki onun mülkiyyət hüququnu, habelə evində normal yaşayışını pozur, əsassız olaraq onun kommunal xərclərinin artmasına səbəb olur. Ona görə belə hesab edir ki, onun mülkiyyət hüququ məhkəmə qaydasında müdafiə edilməli, cavabdeh uşaqları və əşyaları ilə birlikdə evdən məcburi qaydada çıxarılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-1194/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən evdən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-5796/2019 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)- 7118/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)- 5796/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev özbaşın tikilidir, nəinki DƏDRX-də hüquqi qeydiyyatdan keçməmiş, ümumiyyətlə həmin evə dair heç bir hüquq müəyyən edən sənəd mövcud deyil. Bundan başqa iddia ərizəsindən və iş materiallarından göründüyü kimi birgə nikahdan olan uşaqlar onun himayəsində saxlanılmışdır. Lakin qətnamədə yalnız onun evdən çıxarılması göstərilir. Bu halda ziddiyət yaranır ki, qanuni qüvvəsini almış qətnamə ilə uşaqların onun yanında saxlaması qət edilməsinə baxmayaraq, hazırkı qətnamə ilə birgə nikahdan olan uşaqların onadan ayrılması və qanuni qüvvəsini almış qətnaməyə ziddiyyət yaranır. Bundan başqa mübahisəli evin əvvəllər bir mərtəbəli olması, nikahdan sonra onun və yoldaşının yaşaması üçün tikildiyi də məhkəmə tərəfindən müəyyən edilmişdir. Lakin evin ikinci mərtəbəsi onun, keçmiş həyat yoldaşı və uşaqlarının yaşaması üçün tikildiyi, orada onların istifadə hüquqlarının olması məhkəmə tərəfindən nəzərə alınmamışdır, iki azyaşlı övladı ilə küçəyə atılması ədalətsizlik olmaqla məhkəmə hakimiyyətinin nüfuzuna da xələl gətirir. Birgə nikahdan olan uşaqların saxlanılması üçün tutulmuş aliment uşaqların tələbatlarını tam ödəməyə kifayət etmir, uşaqların yaşını nəzərə alınsa da, işləməyi də qeyri-mümkündür. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən X2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyildir və həmin Məcəllənin 30.2-ci maddəsi əsasında qaynatasının sahibliyində olan yaşayış sahəsindən istifadə etmək səlahiyyətinə malik deyildir. Ona görə də iddia ona münasibətdə təmin olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra halları araşdırmamış və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X2 atasına məxsus olmuş və hazırda da onun özünün yaşadığı X.Dadaşov küçəsi 13 ünvanında 1964-cü ildən yaşayır və hal-hazırda bu ünvanda qeydiyyatdadır. Həmin ünvanda iddiaçı ilə birgə onun həyat yoldaşı X10, oğlu X11 qeydiyyatdadır.Cavabdehlə iddiaçının oğlunun arasındakı xx.xx.2010-cu il tarixli nikah xx.xx.2018- ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Cavabdeh həmin evin 2-ci mərtəbəsinin 2 otağında qeydiyyatsız olaraq yaşayır.Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi ev 13 üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evin ilkin olaraq iddiaçı tərəfindən tikilməsi mübahisələndirilmir. Mübahisəli mənzil isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də dövlət qeydiyyatına alınmamışdır. Bundan başqa müəyyən olunmuşdur ki, mübahisəli mənzilin 2-ci mərtəbəsi cavabdehlə həyat yoldaşının istifadəsi üçün 2009-cu il tarixdə inşa edilmişdir. Cavabdeh həmin mənzilə 2010-cu il tarixdə gəlin gəlmiş və iddiaçı ilə birlikdə təsərrüfat aparmışlar. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1dən sonra yarandığından kollegiya hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən iddiaçının və onun azyaşlı uşaqarının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilib-itirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci və 180.2-ci maddələrinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi,digər tikili,qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.Onun tikintiyə dair sərəncam vermək-onu satmaq,bağışlamaq,icarəyə vermək,digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,bu hüquqların məhdudlaşdırılması,əmələ gəlməsi,başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunnvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mübahisəli ev iddiaçının olsa da iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamışdır. Həmin evin texniki pasportunun olması və səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən verilməsi həmin evin xüsusi mülkiyyət olması deyildir və hazırda mübahisəli ev qanunsuz tikilidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin evin onun adına özəlləşdirilməsində gözlənti hüququ olması iddiaçının iddiasının Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2 maddələrinə istinad etməklə təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki,Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir.Daşınmaz əmlaka aid olan (qanunun analogiyası),bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin,yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüquq analogiyası) nəzərdə tutur. Hazırki mübahisəyə də yuxarıda göstərilən aspektdən yanaşılmalı və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün nəzərdə tutulmuş vasitələrdən istifadə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, özbaşına tikilidən bir iqtisadi dəyər kimi yararlanmanı tənzimləyən norma(lar)ın mövcud olmadığına istinad etməklə cavabdehin sözügedən evdən çıxarılması tələbinin təmin edilməsi mübahisə predmeti olan evdə yaşamış,orda birgə təsərrüfat aparmış və tikiliyə münasibətdə artıq iqtisadi marağı formalaşmış cavabdehlə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu heçə endirə bilər.Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi,eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır və yolverilməzdir. Odur ki, Kollegiya, mübahisə predmeti olan fərdi yaşayış evinin özbaşına tikili olduğunu,dolayısı ilə həmin fərdi yaşayış evinin iddiaçının mülkiyyətində deyil, məhz faktiki sahibliyində olduğunu,eləcə də, ədalət mühakiməsinin səmərəliliyini təmin etmə vasitələrindən biri kimi analogiya institunun çıxış etdiyini nəzərə alaraq hesab edir ki,hazırki işdə bu və ya digər şəxsin istifadəsində olan yaşayış sahəsinə köçürülməni təminedən qanunvericilik aktına istinad edilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən,icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.İcarədarın ailə üzvləri icarədarın arvadı(əri),onların uşaqları və valideyinləri hesab olunur.İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə,icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini),uşaqlarını valideylərini,habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi buluğa çatmamış uşaqların öz valideyinlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa,bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin hər birinin həmin evə münasibətdə əşya hüququ yoxdur və onların yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur.Həmin evdən çıxarılmış cavabdehin mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. İddiaçı və başqaları mübahisəli evdə ailə üzvü kimi yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə,bərabərlik prinsipinə uyğun olaraq cavabdeh də eyni imkana,yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır.Başqa sözlə cavabdehin faktiki vəziyyətə uyğun olaraq,evdən iddiaçıyla birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma,bərabərlik prinsipinin pozulmasına,yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərməsi ilə nəticələnə bilər. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin mənzildən çıxarılması onun qanunla qorunan hüquqlarının pozulmasına səbə ola bilər. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-1194/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-1194/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar