Məhkəmə qərarları › İş №2(103)-1911/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1911/2022

24.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1911/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə X3 Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyat vəsiqəsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Baba Malik oğluna qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 72 saylı evin 60 saylı mənzilinin 13.12.1965-ci il tarixli 40648 saylı orderlə nənəsi X6 verildiyini, nənəsinin 25.09.1993-cü il tarixdə vəfat etdiyini, sözügedən mənzilin 57 saylı MİS-in Forma-2 arayışı, bir neçə şəxsin razılıq ərizələri, X4 ölüm haqqında şəhadətnaməsinə əsasən 02.12.1997-ci il tarixdə mərhum dayısı X9 adına qeydiyyatdan keçdiyini və hazırda onun oğlu Cavabdeh mülkiyyətində olduğunu, dayısının 03.08.2007-ci il tarixdə Bakı şəhərində vəfat etdiyini, son vaxtlara qədər mənzilin nənəsinin adında olduğunu düşündüyünü, mənzil dövlət qeydiyyatına alınarkən X5 digər övladlarının nəzərə alınmadığını və onların vərəsəlik hüquqlarının kobud şəkildə pozulduğunu, 01 mart 1965-ci ildən 01 sentyabr 2000-ci il tarixindək qüvvədə olan Mülki Məcəllənin 532-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqların (övladlığa götürülənlər), arvadın (ərin), ölənin valideynlərinin birinci növ vərəsələr hesab olunduqlarını, miras qoyan şəxsin nəvə və nəticələrinin vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynlərinin ölmüş olmaları şərtilə vərəsə ola biləcəklərini, nənəsi X7 məxsus ünvan 1 ünvanında yerləşən 60 saylı mənzilin qanunsuz olaraq dayısı X9 adına rəsmiləşdirildiyini, nənəsindən qalan mənzilin yenidən onun mülkiyyətinə qaytarılmalı və qanuni əsaslarla notariat ofisində vərəsəlik işi açılmalı olduğunu irəli sürmüş, buna görə də X9 adına Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 72 saylı evin 60 saylı mənzilinə dair verilmiş qeydiyyat vəsiqəsinin və ********** saylı 18.02.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş edən iddiaçı şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işi birtərəfli araşdırdığını, hüququn tətbiq edilməsində səhv buraxdığını, habelə tətbiq edilməli olan qanun tətbiq etmədiyini irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı, habelə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və iddia ərizəsində üçüncü şəxs kimi göstərilmiş 57 saylı Mənzil İstismar Sahəsinin nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 60 saylı mənzil order əsasında atasına verilmiş, atasının ölümündən sonra onun mülkiyyətinə keçmişdir və iddiaçının iddia etdiyi kimi heç zaman X6 məxsus olmamışdır. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apellyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin vərəsəliklə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, o, iddia tələbinin faktiki əsası kimi ünvan 1 ünvanında yerləşən 60 saylı mənzilin 25.09.1993-cü il tarixdə vəfat edən nənəsi X2 qalan miras əmlak olduğunu və vərəsə kimi hüquqlarının pozulduğunu irəli sürmüşdür. 01 sentyabr 2000-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsində təsbit edilmişdi ki, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənin valideynləri birinci növ vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər payı alırlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiya məhkəməsinin sorğusu əsasında göndərdiyi sənədlərlə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 60 saylı mənzil 13.12.1965-ci il tarixli 40648 saylı order əsasında X13 verilmiş, 05.12.1997-ci il tarixdə orderdə adı olan şəxslərin razılığı ilə onun mülkiyyətinə keçirilmiş (özəlləşdirilmiş), Malik Quliyevin 03.08.2007-ci il tarixdə vəfat etməsindən sonra oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və mənzil Cavabdeh adına qeydiyyata alınmışdır. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 60 saylı mənzil X4 mirasının kütləsinə daxil olmamışdır; bu isə o deməkdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə ümumiyyətlə uzlaşmamaqdadır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(005)-3979/2021 saylı iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar