Məhkəmə qərarları › İş №2(103)-1913/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1913/2020

20.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1913/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “mənzilin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-105/2019 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 22 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 22 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X13 tərəfindən verilmiş **********45-05301-093047 nömrəli Texniki Pasportun və xx xxxxxx 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə aralarında olan nikah Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan xx xxxx 2009-cu il tarixdə anadan olan X6 onun himayəsində qalmışdır. Cavabdehlə birgə nikah dövründə onlar Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 22 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzili əldə edərək onu birgə vəsaitləri hesabına əsaslı təmir etdirmişlər, lakin sonradan cavabdehlə aralarında olan münasibətlər pozulduğundan cavabdeh onu qızı ilə birlikdə həmin mənzilə buraxmadığına görə məcbur qalaraq Nizami Rayon Məhkəməsində əvvəl birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü, daha sonra isə həmin mənzilə köçürülməyi ilə bağlı iddialar qaldırmışdır. Onun həmin mənzilə köçürülməyi ilə bağlı iddia ərizəsinə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən onun iştirakı ilə həmin mənzilə baxış keçirilərkən ona məlum olmuşdur ki, cavabdeh xəbəri və icazəsi olmadan həmin mənzildə yenidənqurma işləri aparmış, mənzilin daxilində olan divarların, otaqlara olan giriş qapıların yerlərini dəyişmiş, mənzilin planına uyğun olmayan otaqların quruluşunu tamam dəyişdirmiş, mənzildə yenidən rekonstruksiya işləri aparmışdır. Bu da öz növbəsində mülki qanunvericiliyin müvafiq normalarına ziddir və onun hüquqlarını pozur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-142/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə həmin mənzildə onun və Cavabdeh2 hər birinin 1/2 hissədə payı müəyyən edilmiş, həmin mənzilə dair 29 ay 2013-cü il tarixli “Mənzil tikintisi haqqında” müqavilənin yeni müqavilə ilə əvəz olunması Cavabdeh1 MMC-yə həvalə edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmiş və Cavabdeh1 MMC, Cavabdeh2 və onun arasında yeni müqavilə bağlanmışdır. Baxmayaraq ki, adı gedən mənzilə onun mülkiyyət hüququ qanuni qüvvəsini almış məhkəmə qətnaməsilə təsdiq edilmişdir, cavabdeh yenə də öz qanunsuz hərəkətlərini davam etdirərək onun və qızının hüquqlarını kobud şəkildə pozaraq onları həmin mənzilə buraxmamışdır. Belə olan halda o, məcbur qalıb həmin mənzilə köçürülməsi və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsində onun həmin mənzilə köçürülməsi və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair mülki işə baxıldığı zaman sözügedən bina istismara qəbul olunmuş və o, həmin mənzilin 1/2 hissəsinə mülkiyyət hüququna dair çıxarış almışdır. Lakin cavabdeh öz adına mənzilin 1/2 hissəsinə mülkiyyət hüququna dair çıxarış almaqdan imtina etdiyinə görə, çıxarışda Cavabdeh2 1/2 hissədə payının mülkiyyətçisi kimi Cavabdeh1 MMC göstərilmişdir. Cavabdeh2 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, qarşılıqlı iddianı verməsi üçün əsaslar iş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyi verildikdən və bu rəylə tanış olmasından sonra yaranmışdır. Rəylə və iddiaçının məhkəməyə təqdim etdiyi, mübahisəli mənzillə bağlı verilmiş xx xxxxxx 2018-ci il tarixli texniki pasportla tanış olduqdan sonra ona məlum olmuşdur ki, həmin texniki pasport tərtib olunarkən mənzilin mövcud vəziyyəti bu texniki pasportda düzgün təsvir olunmamışdır. Texniki pasportdan görünür ki, bu sənəd xx xxxxxx 2018-ci il tarixdə tərtib olunmuşdur. Mənzilə dair texniki pasport verilərkən xidmətin müvafiq mütəxəssisi mənzilə baxış keçirməli, mənzilin mövcud vəziyyəti üzrə texniki pasport verməli idi. Əgər mənzildə aparılan yenidənqurma işləri mənzilin layihə sənədlərinə uyğun gəlmirdisə texniki pasportun verilməsi və mənzilə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmalı idi. Mənzildə aparılan yenidənqurma və təmir işləri texniki pasport verilənə qədər, yəni xx xxxxxx 2018-ci il tarixədək çoxdan yekunlaşmışdır, odur ki, tərtib olunmuş texniki pasport mənzilin bu sənəd tərtib olunarkən mövcud olan vəziyyətini düzgün əks etdirmir. Sözügedən ekspertiza rəyindən görünür ki, bu rəy texniki pasport əsasında verilmiş, yəni mənzilin mövcud vəziyyəti texniki pasportla müqayisə edilmişdir. Həmçinin bu sənəd tərtib olunarkən Daşınmaz Ənlakın Dövlət Reyestri Xidmətinin heç bir əməkdaşı gəlib mənzilə baxış keçirməmişdir. İddiaçı sözügedən mənzilin tərəfindən təmir olunduğunu bilmiş və təmir işləri zamanı mənzilə dəfələrlə gəlib getmişdir. Bundan əlavə iddiaçı mənzildə sahəsi 22,2 kv.m olan mənzilin 2 yerə bölünərək 2 mənzil halına gətirilməsindən də məlumatlı olmuş və buna heç bir etirazını bildirməmişdir. Mənzildə aparılan təzələnmə və yenidənqurma işləri iddiaçının mənzildən istiadəsini nə çətinləşdirmir, nə də sərfəsiz etmir. Əksinə, 1 otağın 2 otağa çevrilməsi iddiaçının mənzildən istifadəsini daha da sərfəli edir, mənzilin təmir olunaraq yaxşılaşdırılması isə mənzildən istifadəni yaxşılaşdırır. Nəzərə alınsa ki, iddiaçı ilə nikahları pozulub, eyni otaqdan yox, ayrı-ayrı otaqlardan istifadə etmələri hər ikisi üçün daha sərfəlidir. Paylar müəyyən olunduqdan sonra iddiaçıya məhkəmə qətnaməsinin icrası qaydasında Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2566-cı məhəllə ünvanında yerləşən yaşayış binasının G blokunun 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, 408 nömrəli mənzilinə dair çıxarış və Texniki pasport Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Qanunun tələbləri pozulmaqla verilmişdir. O, mənzildə təmiri 2014-cü ildə İddiaçı ilə nikah pozulandan sonra etdirmişdir. Texniki pasport verilən vaxt artıq mənzildə təmir-bərpa işləri yekunlaşmış və o, orada yaşamağa başlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X13 tərəfindən Texniki Pasport verilən vaxtı faktiki olaraq mənzilə baxış keçirilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 105/2019 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 22 (Yeni qaydalarla: ünvan 1 yerləşən mənzilin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin Cavabdeh2 və Cavabdeh1 MMC-nin üzərinə qoyulması, qarşılıqlı iddianın təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid edilməsi və məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100,0 manat pulun Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları qarşılıqlı iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-8337/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-105/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-7746/2019 saylı Qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)- 8337/2019 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi-vəkili apellyasiya apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların (nümayəndələrin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 İddiaçı hüquqları ilə bir araya sığan dərəcədə sözügedən mənzilə sahiblik, ondan istifadə edib-etməməsini, sonuncunun razılığını almasa da, onun təmir (bərpa), təzələnmə işlərini mənzilin dəyərini və işlənməyə yararlılığını qorumağa xidmət edib-etməməsini, eləcə də mənzildə aparılan dəyişikliklərin paylı mülkiyyətçilərdən biri olan İddiaçı üçün sərfəli olub-olmamasını, yəni mənzildən əvvəlki təyinatı üzrə istifadə etməsinin onun üçün hər hansı çətinliklər yaradıbyaratmadığını aydınlaşdırmadan və mülki qanunvericilikdə yalnız sadalanan hallar baş verdiyi təqdirdə digər payçıların razılıq verməsinin nəzərdə tutulmasına əhəmiyyət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Digər tərəfdən, mülki iş materiallarından, ekspertin rəyindən görünür ki, Cavabdeh2 mənzilin sahəsi 22,2 kv.metr olan otağını iki hissəyə bölərək iki otaq halına gətirib və o, mənzildə təmir-tikinti işlərini mənzilin dəyərini, səmərəliliyini, habelə ondan əlverişli istifadə etmək üçün aparıb. Ümumiyyətlə, mülki iş materiallarında mənzildə aparılan dəyişikliklərin paylı mülkiyyətçilərdən biri kimi İddiaçı üçün sərfəli olmamasına və mənzildən əvvəlki təyinatı üzrə istifadə etməsinin onun üçün hər hansı çətinliklər yaradacağına dair heç bir mötəbər yazılı sübut yoxdur və İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. ...Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, Cavabdeh2 tərəfindən mənzildə sözügedən təmir-tikinti işləri aparıldıqdan sonra məhkəmənin qətnaməsinə əsasən İddiaçı mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasına əhəmiyyət vermədən, mənzildə aparılmış təmir-tikinti işləri barədə İddiaçı məlumatlı olubolmamasını aydınlaşdırmadan, Cavabdeh2 mənzildə apardığı təmir-tikinti xərclərinin ½ hissəsini İddiaçı tələb etdikdən sonra sonuncunun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsini nəzərə almadan və hansı dəlillərə əsasən Cavabdeh2 apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, yalnız işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, həmçinin birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmiş halları və sair qətnaməyə köçürməklə öz vəzifəsini bitmiş hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi mənzilə dair texniki pasport verilərkən Reyestr Xidmətinin mütəxəssisləri tərəfindən mənzilə baxış keçirilib-keçirilmədiyini, texniki pasportun mənzilin mövcud vəziyyəti üzrə verilib-verilmədiyini, mənzildə aparılmış təmirtikinti işlərinin mənzilin layihə sənədlərinə uyğun gəlib-gəlmədiyini, Cavabdeh2 mənzilin daxilində apardığı təmir-tikinti işlərini aidiyyəti orqanlarla razılaşdırıb-razılaşdırmadığını aydınlaşdırmadan və bu barədə işə əlavə edilmiş sübutlara, o cümlədən ekspert rəyinə obyektiv baxıb hüquqi qiymət vermədən, yalnız İddiaçı istinad etdiyi arqumentlərə əsaslanaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır”. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakılar müəyyən edilir: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(004)- 358/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ilə X5 arasında Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2008-ci il tarixli 242 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx xxxx 2009-cu il tarixdə doğulmuş X2 18 yaşına çatanadək saxlanması üçün X1 xeyrinə Cavabdeh2 onun bütün növ qazancının və başqa gəlirlərinin 1/4 hissəsinin tutularaq verilməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X13 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 22 Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 131, M6, m 2 (ümumi sahəsi 88.3 kv.m) xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə Cavabdeh1 MMC-nin (qeydə alınmamışdır), 1/2 hissədə xx xxxxxx 2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X10 Daşınmaz Əmlakın Texniki İnventarlaşdırılması şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə tərtib olunaraq təsdiq edilmiş texniki pasportunun surətindən görünür ki, sözügedən mənzil haqqında məlumat aşağıdakı qaydada qeyd edilmişdir: yerləşdiyi mərtəbə 6; otaqların sayı 2; ümumi sahəsi 88,3 kv.m; yaşayış sahəsi 50,0 kv.m; dəhliz 13,6 kv.m; san. qovşağı 4,3 kv.m; mətbəx 15,5 kv.m; yaşayış otağı 22,2 kv.m; yaşayış otağı 27,8 kv.m; san. qovşağı 1,9 kv.m; balkon 1,4 kv.m (4,7x0,3=1,4); balkon 1,6 kv.m (5,4x0,3=1,6) (bütün sahələrin daxili hündürlüyü 3.0 metr olmaqla). Cavabdeh1 MMC-nin xx xxxxx 2018-ci il tarixli 10 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E. Süleymanov küçəsi, 137A nömrəli evdə yerləşən 22 nömrəli mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 131, M6, mən 2) MMC-nin komendantı X3 tərəfindən baxış keçirilərək mənzilin layihə sənədi ilə hazırkı vəziyyəti müqayisə edilmişdir. Komendantın verdiyi məlumata əsasən baxış zamanı mənzilin daxilində bir çox əsaslı konstruktiv dəyişikliklər aparılaraq, mənzilin 2 (iki) otaqlıdan 3 (üç) otaqlıya dəyişdirildiyini, sahəsi 22,2 kv.m olan yaşayış otağının sahəsi 4,7 kv.m eyvanla birləşdirilərək, sonradan arakəsmə ilə bir hissəsinin yaşayış otağı, digər hissəsinin isə mətbəx otağı kimi inşa olunduğunu, 1,9 kv.m olan sanitar qovşağının sökülərək həmin sahənin dəhlizə əlavə olunduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikiniti-texniki ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 18376 nömrəli rəyində xx.xx.2018-ci il tarixli texniki pasportda tədqiq olunan mənzilin səkkiz tikilidən ibarət olmaqla, sahəsi 13,6 kv.m olan dəhlizdən, sahələri 4,3 kv.m və 1,9 kv.m olan iki sanitariya qovşağından, sahəsi 15,5 kv.m olan mətbəxdən, sahələri 22,2 kv.m və 27,8 kv.m olan iki yaşayış otağından, sahələri 1,4 kv.m və 1,6 kv.m olan iki balkondan ibarət olduğu göstərilmişdir. Aparılmış tədqiqatla Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən, 137A nömrəli evin 22 nömrəli mənzili üzrə xx.xx.2018-ci il tarixli texniki pasportda göstərilən, sahəsi 4,7 kv.m olan balkonla sahəsi 22,2 kv.m olan yaşayış otağının arasındakı divarın söküldüyü, sahəsi 22,2 kv.m olan otağın daxilində arakəsmə divar inşa olunaraq həmin otaqdan iki ədəd - sahələri 10,5 kv.m (4,2x2,5m) və 17,0 kv.m (2,8x4,1+2,5x2,2) otaqlar yaradıldığı müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, hazırki mübahisə predmetini təşkil edən mənzil üzərində tərəflərin ½ hissədə payları müəyyən edilmişdir. Həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən mübahisəli mənzilin texniki pasportda göstərilən bir balkonu ilə yaşayış otağının arasındakı divar sökülmüş, bir otağın daxilində arakəsmə divar inşa olunaraq həmin otaqdan iki ədəd otaq yaradılmışdır. Mənzilin 1/2 hissədə mülkiyyəçisi olan İddiaçı isə buna dair razılığı olmamışdır, hansıki mənzil üzərində tərəflərin payları 1/2 hissədə müəyyən edilmişdir, dəyişiklik və yenidənqurma nəticəsində mənzilin əvvəlki təyinatı üzrə işlədilməsində və istifadəsində paylı mülkiyyətçilərdən İddiaçı üçün əhəmiyyətli dərəcədə sərfəsiz vəziyyət yaranmış, onun vəziyyətini çətinləşmişdir. Birinci instansiya məhkəməsi sadalanan halları nəzərə alaraq, ilkin iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Belə ki, baş vermiş dəyişiklik nəticəsində mənzilin mətbəxi balkona çıxarılmışdır ki, həmin mətbəxə də yalnız otaqdan daxil olmaq mümkündür. Belə olan təqdirdə, tərəflərin mətbəxdən sərbəst, yəni bir-birinə mane olmadan istifadə etməsi mümkün deyildir, belə ki, mətbəxə onun qarşısındakı (dəyişikliyə məruz qalmış) otaqdan giriş-çıxış həmin otaq sahibinin haqlı narazılığına səbəb ola bilər. Digər tərəfdən, mənzildə ciddi rekonstruksiya dəyişikliyinin aparılmasının İddiaçı razılığı ilə həyata keçirilməsi müəyyən olunmur. Halbuki, mənzil tərəflərin birgə nikahda olduqları vaxt alınmışdır və Cavabdeh2 iddiaçının mənzilin birgə mülkiyyətçi olduğunu bilərək, tərəflər arasında real bölgü olmadan mənzildə ciddi rekonstruksiya dəyişikliyini həyata keçirmişdir, halbuki cavabdeh bu işləri iddiaçının razılığı ilə etməli olduğu halda belə razılıq almamışdır. Yəni, təmir işlərinin iddiaçı çıxarış almamışdan öncə aparılması, buna görə iddiaçıya çıxarış və texniki pasport verilərkən həmin sənədlərin mənzildəki rekonstruksiya dəyişiklikləri nəzərə alınmaqla verilməli olması barədə cavabdehin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər. Məcəllənin 217.4-cü maddəsinə əsasən əşyanın dəyərini artırmaq və ya sərfəliyini və işlənməyə yararlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. Əşyanın əvvəlki təyinatı üzrə işlədilməsini və ya istifadəsini iştirakçılardan biri üçün əhəmiyyətli dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun razılığı olmadan aparıla bilməz. Əgər dəyişiklik iştirakçıların birindən onun imkanları xaricində olan, o cümlədən payının əmlak dəyəri ilə tənasübsüzlüyünə görə imkanları xaricində olan xərclər tələb edirsə, dəyişiklik onun razılığı olmadan yalnız o halda həyata keçirilə bilər ki, qalan iştirakçıların hamısı onun payına düşən məsrəfləri, bunlar onun üçün mümkün olan məbləğdən çoxdursa, öz öhdələrinə götürsünlər. Məcəllənin 217.5-ci maddəsinə əsasən əşyanın yalnız xarici görünüşünün yaxşılaşdırılması və ya ondan istifadənin əlverişliyinin artırılması üçün nəzərdə tutulan tikinti işlərini və ya başqa işləri ancaq bütün mülkiyyətçilərin razılığı ilə görməyə icazə verilir. Əgər eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə bu cür işlərin görülməsi haqqında sərəncam verilirsə, həmin işlər bununla razılaşmamış iştirakçının istəyindən asılı olmayaraq da görülə bilər, bu şərtlə ki, həmin işlərlə əlaqədar onun istifadə və sərəncam hüququ həmişəlik məhdudlaşdırılmasın və qalan iştirakçılar yalnız müvəqqəti məhdudiyyət üçün ona əvəz ödəsinlər və xərclərin onun payına düşən hissəsini öz üzərlərinə götürsünlər. Göründüyü kimi mübahisəli mənzil üzərində tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən mənzildə müəyyən dəyişikliklər və yenidənqurma işləri aparılmışdır ki, bunun nəticəsində mənzilin ½ hissəsinin mülkiyyətçisi olan İddiaçı üçün sərfəsiz vəziyyət yaranmışdır, onun mənzildən istifadəsini çətinləşdirən dəyişikliklər edilmişdir, İddiaçı isə razılığı olmamışdır. Cavabdeh2 İddiaçı məlumatlı olmasını bildirsə də, qeyd etdiyi halı təsdiq edən hər hansı sübut təqdim etməmiş və iş materialları ilə bu hal müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən doğru nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə mübahisəli mənzilə dair texniki pasportun və reyestrdən çıxarışın verilməsi zamanı qanunvericiliyin müvafiq tələblərinə əməl edilməsi və texniki pasportun və reyestrdən çıxarışın etibarsız hesab edilməsi üçün əsasların olmadığı barəsində də qanuni və doğru nəticəyə gəlmişdir. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) qarşılıqlı iddia ərizəsi və eyni məzmunlu apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-105/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar