Məhkəmə qərarları › İş №2(103)-1915/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1915/2022

08.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1915/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmrinin ləğv edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 may 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla bağlanmış "xxxx" xitam verilməsi barədə MMC üzrə verilmiş 31.01.2020-ci il tarixli, 053/K saylı əmrin ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, 01.07.2019-cu il tarixdən işdən azad edilən tarixədək olan dövr üçün, hər ay aldığı 1.200 manat əmək haqqının və digər ödənişlərin, 06.11.2017 tarixdən – 06.11.2020-ci il tarixədək olan dövr üçün məzuniyyət pulunun, həmin dövrdə hər ay əmək haqqından "xxxx" hesabına tutulan məbləğin MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh MMC ilə bağladığı 06.11.2017-ci il tarixli "xxxx" əsasən Göyçay rayonunda satış üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir. İddiaçı işlədiyi müddətdə “Əmək müqaviləsi” üzrə üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirmiş, müdiriyyət tərəfindən heç bir intizam tənbehi almamışdır. 2019-cu ilin yanvar ayında cavabdeh MMC-nin müştəriləri və iddiaçını aldatması səbəbindən işdə ixtilaf yaranmış və 01.07.2019-cu il tarixdən cavabdeh MMC iddiaçını işdən kənarlaşdırmışdır. Belə ki, işəgötürən satdığı məhsulun qiymətinin artacağını bildirib müştərilərə daha çox satmağı təklif etmiş, lakin məhsulun qiyməti qalxmamış, mal satılmamışdır. İddiaçıya cavabdehin baş ofisindən işdən azad edildiyi bildirilmişdir. İddiaçı cavabdehdən işdən çıxarılmasının səbəbini soruşduqda və bu barədə əmrin surətinin verilməsini xahiş etdikdə, cavabdeh MMC-nin məsul şəxsləri tərəfindən heç bir reaksiya olmamışdır. İddiaçının vəkilinin verdiyi sorğulara və topladığı sənədlərə əsasən müəyyən edilmişdir ki, cavabdeh MMC özünün 31.01.2020-ci il tarixli, 053/K saylı əmri ilə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işdən azad etmiş, iddiaçı ilə bağlanmış "xxxx" xitam vermiş, əmrin verilməsinə əsas olmuş hal kimi əmrdə kənar auditor tərəfindən verilmiş rəy göstərilmişdir. İddiaçı bildirir ki, həmin rəy əsaslı deyil və hətta əsaslı olsa belə onun qeyd edilən maddə ilə işdən azad edilməsi üçün əsas ola bilməz. Çünki, iddiaçı doğurdan da cavabdeh MMC-yə maddi zərər vurmuşdursa, bu halda cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq bu zərəri iddiaçıdan tələb edə bilərdi. Başqa sözlə mübahisəli “kənar audit rəyi” əmrdə rəhbər tutulan Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi və 70-ci maddəsinin "xxxx" bəndi ilə uzlaşmır və ya maddələrin dispoziyasına uyğun gəlmir. in "xxxx" bəndi ilə əsassız və qanunsuz olaraq işdən azad etmişdir. Habelə cavabdeh MMC iddiaçının işdən azad edilməsinin qanunla nəzərdə tutulmuş qaydalarını pozmuş, MMC-nin təqdim etdiyi sənədlərdən iddiaçıdan Həmkarlar Komitəsinə üzvülük haqqı tutulduğunun qeyd olunduğu halda, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Həmkarlar Komitəsinin razılığı alınmamışdır. Cavabdeh MMC-nin məzuniyyətlə bağlı təqdim etdiyi ərizəni iddiaçı cavabdehə təqdim etməmişdir. Cavabdeh MMC-nin vəkil sorğusuna verdiyi cavabından aydın olmuşdur ki, guya iddiaçının əmək haqqı 06.11.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək 180 manat, bu tarixdən isə işdən azad edilənədək 315 manat məbləğində olmuşdur. Bu qətiyyən belə deyil. Belə ki, iddiaçı əmək fəaliyyətinə başlayan andan əvvəlcə 180 manat, daha sonra isə 315 manat məbləğində əmək haqqını bank kartı vasitəsilə alsa da, iddiaçı hər ay cavabdeh MMC-nin Göyçay filialının müdiri Seymur Fərzəliyevdən bundan ötrü hazırlanmış tabel cədvəli üzrə 700-1.000 manat arası nağd pul şəklində əmək haqqı da almışdır. İddiaçıya işlədiyi müddətdə məzuniyyət verilməmiş, habelə bunun əvəzində qanunla iddiaçıya verilməli məzuniyyət pulu da verilməmişdir. Bundan başqa işə başlayan aydan 2019-cu ilin iyul ayınadək iddiaçıya verilən nağd əmək haqqından işdən azad ediləndə hər hansı zərər və sair olarsa, həmin zərəri ödəmək üçün hər ay iddiaçıdan cavabdehin "xxxx" hesabına 80 manat pul tutulmuş, lakin bu məbləğ də iddiaçıya qaytarılmamışdır. Cavabdeh iddiaçını işdən azad edərkən iddiaçıya verilməli olan son haqq-hesab məbləğini də verməmişdir. Cavabdehə bununla bağlı 01.11.2020-ci il tarixdə rəsmi qaydada müraciət edilsə də, müraciət cavabsız qoyulmuşdur. Cavabdeh MMC-nin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı, aylıq əmək haqqı 180 manat olmaqla MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş və onunla bağlanmış "xxxx" MMC-nin 31.01.2020-ci il tarixli, 053/K saylı əmrin olmuşdur. Həmin əmrin verilməsinə əsas isə kənar auditin rəyi olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Auditorlar Palatasının sərbəst auditoru X4 MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş İddiaçı 03.07.2019-cu il tarixə olan mal qalığının auditini aparmış və bununla bağlı rəy vermişdir. 25.07.2019-cu il tarixli, 54/4 saylı audit rəyinə əsasən İddiaçı 03.07.2019-cu il tarixə 13.473,72 manat çatışmazlığın mövcud olması öz əksini tapmışdır. Auditin aparılmasında İddiaçı özü də iştirak etmiş və 03.07.2019-cu il tarixdə MMC-nin rəhbərinin adına yazdığı izahatında həmin məbləğdə əskikliyin olmasını etiraf etmişdir. MMC-nin 31.01.2020-ci il tarixli məktubu ilə İddiaçı, onunla bağlanılmış əmək müqaviləsinə 31.01.2020-ci il tarixdə xitam verildiyi bildirilmiş, ondan MMC-nin ofisinə gələrək əmək kitabçasını təhvil alması xahiş olunmuşdur. 31.01.2020-ci il tarixli xəbərnamədən müəyyən olunur ki, MMC tərəfindən 31.01.2020-ci il tarixdə ünvanlanmış məktub 02.02.2020-ci il tarixdə İddiaçı tərəfindən alınmışdır. Bundan başqa "xxxx" ASCnin 16.12.2020-ci il tarixli kart hesabından çıxarışına əsasən İddiaçı kart hesabına 31.01.2020-ci il tarixdə son haqq hesab üzrə 63,75 manat mədaxil edilmişdir. Göstərilənlərə əsasən MMC hesab edir ki, iddia əsassız hesab olunmalı və rədd edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, İddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən əmək münasibətlərinin həlli üçün qanunda nəzərədə tutulmuş iddia müddətini ötürmüşdür ki, bu hal özü-özlüyündə iddianın rədd edilməsi üçün əsasdır. MMC “iddiaya tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizəni Rayon Məhkəməsinə təqdim etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.07.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, iddiaçının audit rəyinə əsasən işdən çıxarılması qanunsuzdur. Çünki həmin rəy iddiaçının təqsirini sübuta yetirəcək mötəbər sübut deyil. bundan başqa, müəssisədə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərməyinə baxmayaraq, iddiaçı işdən çıxarılan zaman həmkarlar ittifaqının razılığı alınmamışdır. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, müəssisədə həmkarlar ittifaqı təşkilatı mövcuddur, lakin iddiaçı təşkilatın üzvü deyil, buna görə də, həmin təşkilatın razılığı alınmalı deyildir. İddiaçıdan səhvən cəmi 21,55 manat məbləğində üzvlük haqqı tutulmuşdur ki, MMC həmin məbləğləri geri qaytarmağa hazırdır. Bunun üçün iddiaçı cavabdeh MMC-yə müraciət etməlidir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, əmək müqaviləsinin bağlanması ilə bağlı 06.11.2017-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı 06.11.2017-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 180 manat olmaqla cavabdeh MMC-yə əsas iş yeri üzrə satış üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 06.11.2017-ci il tarixli tam maddi məsuliyyət daşınması haqqında müqavilədən müəyyən olunur ki, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübariz olmaq işçinin vəzifəsidir. MMC-nin Satış Departamentinin satış nümayəndəsinin vəzifə təlimatından müəyyən olunur ki, işçi olan İddiaçı təlimatı 06.11.2017-ci il tarixdə imzalamaqla təlimatla tanış olduğunu və bir nüsxəsini aldığını təsdiq etmişdir. İddiaçı cavabdeh MMC-yə ünvanladığı 26.10.2018-ci il tarixli ərizəsindən müəyyən olunur ki, İddiaçı ona 01.11.2018-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına icazə verilməsini xahiş etmişdir. MMC-nin 26.10.2018-ci il tarixli 003/M saylı əmrdən çıxarışdan müəyyən olunur ki, Satış Departamentinin satış üzrə nümayəndəsi İddiaçı onun ərizəsi əsasında 01.11.2018ci il tarixdən 22.11.2018-ci il tarixədək toplam 21 təqvim günü əmək məzuniyyəti verilmiş, əsas məzuniyyət bayram gününə - “Bayraq gününə” təsadüf etdiyi üçün 1 təqvim günü uzadılmış, işçi 23.11.2018-ci il tarixdən işə başlamalıdır. MMC-nin 2018-ci ilin noyabr ayı üzrə əmək haqqı cədvəlindən çıxarışdan müəyyən olunur ki, MMC-nin satış üzrə nümayəndəsi İddiaçı 21 gün məzuniyyət günlərinə görə 122,85 manat hesablanmışdır. MMC-nin 31.01.2020-ci il tarixli, 053/K saylı əmrdən çıxarışdan müəyyən olunur ki, MMC-nin Satış Departamentində satış üzrə nümayəndə vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndini rəhbər tutaraq 70-ci maddənin "xxxx" bəndinə əsasən, işçinin istifadə etmədiyi 14 gün üçün əsas məzuniyyətinin pul əvəzinin ödənilməklə, 31.01.2020-ci il tarixdən xitam vermişdir. Əmrdə, əmrin verilməsi üçün əsas kimi kənar auditin rəyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Auditorlar Palatası sərbəst auditor X3 25.07.2019-cu il tarixli 54/4 saylı audit rəyindən görünür ki, auditor cavabdeh MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş İddiaçı 03.07.2019-cu il tarixə mal qalığının auditini aparmış, audit 12.07.2019-cu il tarixdə başlanmış və 25.07.2019-cu il tarixdə başa çatmışdır. 03.07.2019-cu il tarixə İddiaçı 13.473,72 manat çatışmazlığın (əskikliyin) mövcud olması müəyyən edilir. 25.07.2019-cu il tarixli audit prosedurlarının aparılmasına dair aktdan görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 28.12.2016-cı il tarixli SA 074 saylı İcazə ilə fəaliyyət göstərən sərbəst auditor Ş.Bəşirov cavabdeh MMC ilə bağlanmış 08.07.2019-cu il tarixli 54 saylı müqaviləyə əsasən cəmiyyətin satış üzrə nümayəndəsi mühasibat uçotu sənədlərinə və tərtib olunan hesabata əsasən aparılmış auditin nəticəsi olaraq MMC-nin satış üzrə nümayəndəsi İddiaçı 02.07.2019-cu il tarixdən 03.072019-cu il tarixədək olan dövr ərzində mal-pul dövriyyəsinin auditini aparmış, auditin aparılmasında cəmiyyətin baş auditoru X5, cəmiyyətin auditoru X2 iştirak etmiş, daxili auditin aparılması zamanı MMC-nin sabiq satış üzrə nümayəndəsi İddiaçı audit yoxlamasında iştirak etmişdir. Auditə təqdim olunan sənədlərlə müəyyən olunmuşdur ki, araşdırma zamanı İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində işləyərkən, maddiməhsul şəxs olmaqla onunla bağlanmış fərdi əmək müqaviləsinin şərtlərini pozmaqla, pərakəndə ticarət obyektlərində satmaq məqsədi ilə cəmiyyətin anbarından götürdüyü malın pulunu tam olaraq cəmiyyətə təhvil vermədiyindən onun maddi məsuliyyətində 03.07.2019-cu il tarixə 13.473,72 manat məbləğində satış pulunun çatışmazlığı aşkar edilmişdir. İddiaçı tərəfindən 03.07.2019-cu il tarixdə yazılmış izahatdan görünür ki, o, həmin izahatla 13.473,72 manat məbləğində əksiyinin olmasını etiraf etməklə yanaşı, tezliklə bu məbləği cəmiyyətə ödəyəcəyinə söz vermiş, lakin bu günədək ödəməmiş, kənar audit yoxlamasına İddiaçı əlavə sənəd təqdim edə bilməmişdir. MMC-nin 31.01.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı onunla bağlanılmış əmək müqaviləsinə 31.01.2020-ci il tarixdə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndini rəhbər tutaraq, 70-ci maddəsinin ç bəndinə əsasən xitam verildiyi bildirilmiş, ondan Z.Bünyadov 13 ünvanında yerləşən MMC-yə gəlib əmək kitabçasını təhvil alması xahiş olunmuşdur. 31.01.2020-ci il tarixli xəbərnamədən görünür ki, MMC tərəfindən 31.01.2020-ci il tarixdə ünvanlanmış məktub 02.02.2020-ci il tarixdə İddiaçı yaşadığı ünvan üzrə qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 31.01.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı ilə 06.11.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə işəgötürənin 31.01.2020-ci il tarixli 053 saylı əmri ilə xitam verilmişdir. "xxxx" ASC-nin 16.12.2020-ci il tarixli kart hesabından çıxarışından görünür ki, İddiaçı kart hesabına 31.01.2020-ci il tarixdə son haqq hesab üzrə 63,75 manat mədaxil edilmişdir. "xxxx" ASC-nin verdiyi 05.05.2021-ci il tarixli çıxarışından görünür ki, MMC İddiaçı 31.01.2020-ci il tarixdə son haqq hesab üzrə 63,75 manat ödəniş etmişdir. İddiaçı 16.12.2020-ci il tarixli son haqq hesabın hesablanmasına dair MMC-nin çıxarışından görünür ki, MMC-nin satış üzrə nümayəndəsi İddiaçı son haqq hesab üzrə istifadə olunmayan 14 gün məzuniyyət günlərinə görə 66,07 manat hesablanmış, həmin məbləğdən 1,98 manat pensiya fonduna, 0,33 manat işsizlikdən sığortaya görə tutulmuş, ödəniləcək məbləğ 63,75 manat müəyyən edilmişdir. Göyçay Rayon Prokurorluğunun cavabdeh MMC-yə ünvanladığı 17.12.2020-ci il tarixli, 2072xid-20 saylı məktubdan görünür ki, MMC-nin özünün işçisinin – satış üzrə nümayəndə vəzifəsində işləmiş İddiaçı 06.11.2017-ci il tarixdən 02.07.2019-cu il tarixədək işlədiyi müddətdə fəaliyyətində 13.473,72 manat çatışmazlıq (mənimsəmə) aşkar edilməsi ilə bağlı MMC-dən Respublika Baş Prokurorluğu vasitəsi ilə rayon prokurorluğuna daxil olmuş material əsasında müvafiq araşdırma aparılması, material üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparıldıqdan sonra nəticəsi barədə ona məlumat veriləcəyi bildirilmişdir. Göyçay Rayon Prokurorluğunun MMC-yə ünvanladığı 12.04.2021-ci il tarixli, ********* saylı məktubdan müəyyən olunur ki, Respublika Baş Prokurorluğundan Rayon Prokurorluğuna daxil olmuş materialda MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş İddiaçı ilə 06.11.2017-ci il tarixdə əmək və tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilələr imzalandığı, İddiaçı Göyçay, Ağdaş və Ucar rayonu ərazisində yerləşən satış nöqtələrində 06.11.2017-ci il tarixdən 02.07.2019-cu il tarixədək işləməklə satış nöqtələrindən yığılmış pulları vəzifə səlahiyyətlərinə görə Göyçay şəhərində yerləşən MMC-nin filialına ödədiyi, sonuncu dəfə 02.07.2019-cu il tarixdə MMC-də keçirilmiş yoxlama zamanı auditor tərəfindən İddiaçı xidmət göstərdiyi ərazidə bütün satış nöqtələri üzrə fəaliyyəti yoxlanılmaqla 13.473,72 manat çatışmazlıq (mənimsəmə) aşkar edildiyi göstərilmişdir. Göyçay Rayon Prokurorluğuna daxil olmuş materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Göyçay rayon prokuroru tərəfindən həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqın aparılması müstəntiqə həvalə edilmişdir. Cinayət işi üzrə Cavabdeh MMC-nin müvəkkil edilmiş nümayəndəsinin zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması və dindirilməsi üçün rayon prokurorluğuna gəlməsinin təmin edilməsi xahiş olunmuşdur. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, cavabdeh MMC-nin işçisi, yəni İddiaçı MMC-də satış üzrə nümayəndə vəzifəsində işlədiyi dövrdə mal qalığının auditi aparılmış, audit araşdırması ilə müəyyən olunmuşdur ki, İddiaçı pərakəndə ticarət obyektlərində satmaq məqsədi ilə cəmiyyətin anbarından götürdüyü malın pulunu tam olaraq cəmiyyətə təhvil verməmiş və 03.07.2019-cu il tarixə 13.473,72 manat məbləğində satış pulunun çatışmazlığı aşkar edilmişdir. Baş vermiş hallar ilə əlaqədar əmək vəzifəsini kobud şəkildə pozduğuna görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşin müəyyən edilmiş halını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Əmək Məcəlləsinin 70-ci maddənin "xxxx" bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə görə, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozuntusuna yol verilmişdir və bu səbəbdən cavabdeh MMC onunla bağlanmış əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı audit rəyinin əsassız olmasına istinad etsə də, göstərilən audit araşdırmasının və cavabdeh MMC-nin iddiaçıya qərəzli mövqeyi apellyasiya baxışı ilə müəyyən edilməmişdir. Belə ki, cavabdeh MMC öz maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinin yoxlanılması məqsədi ilə auditor çağırmış və audit araşdırması nəticəsində İddiaçı tərəfindən törədilmiş pozuntular aşkar edilmişdir. Qeyd olunan auditor rəyi hüquqi əhəmiyyəti olan rəsmi sənəd olmaqla, mötəbər sübut kimi qəbul edilmişdir. Məhkəmə araşdırması ilə həmin rəyin əsassız olmasına dair heç bir hal aşkar edilməmişdir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi barədə 31.01.2020-ci il tarixli əmrin ləğv edilməsi üçün əsas yoxdur. Əmrin ləğv edilməsi barədə iddia tələbi əsassızdır. Məhkəmə qeyd edir ki, qeyd edilən əmrin ləğv edilməsi barədə tələb əsassız olduğu üçün işə bərpa barədə tələb də əsassız hesab edilməlidir və Məhkəmə bu tələbin əsaslılığının geniş və ayrıca müzakirəsinə lüzum görmür. İddiaçının digər bir tələbi işdən kənarlaşdırıldığı vaxt üçün əmək haqqı tələbi barədədir. Yəni iddiaçı 01.07.2019-cu il tarixdən işdən azad edilən tarixədək hər ay aldığı 1200 manat əmək haqqının cavabdeh MMC-dən tutularaq ona ödənilməsini xahiş edir. İş materiallarından, tərəflərin məhkəmələrə verdikləri izahatlardan müəyyən olunur ki, 01.07.2019-cu il tarixdən, yəni iddiaçının işində qüsurların mövcudluğunun ehtimalı ilə əlaqədar araşdırma aparılan dövrdə o işdən kənarlaşdırılmışdır və həmin müddət üçün işçiyə əmək haqqı ödənilməmişdir. İddiaçı apellyasiya şikayətində bu halın Əmək Məcəlləsinin 62-ci maddəsində əsaişdən kənarlaşdırılma üçün əsasların sırasına aid olmadığını bildirir və hesab edir ki, onun işdən kənarlaşdırıldığı dövr üçün əmək haqqı ödənilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının işdən kənarlaşdırılması əsası (onun fəaliyyətinin yoxlanılması) Əmək Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmasa da həmin dövr üzrə əmək haqqının ödənilməsi barədə tələbinin təmin olunması yolverilməzdir. Çünki həmin dövrdə iddiaçı faktiki əmək fəaliyyəti ilə məşğul olmamış və audit araşdırmasının sonunda isə işdə yaranmış qüsurlarla bağlı onunla əmək münasibətlərinə xitam verilmişdir. Bundan başqa, iddiaçı 1200 manat məbləğində əmək haqqı aldığını bildirsə də, iş materialları ilə bu hal təsdiq olunmur. Belə ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə görə, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinə görə, əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (maddə 154.). Göründüyü kimi işəgötürən ilə işçi arasında əmək münasibətləri əmək müqaviləsi əsasında yaranır. İş materiallarına əlavə edilmiş 06.11.2017-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı aylıq əmək haqqı 180 manat təşkil edir. Odur ki, iddiaçının “Əmək müqaviləsi”ndə göstərilməyən məbləği tələb etmək hüququ yaranmır. Tələb əsassızdır. İddiaçı həmçinin 06.11.2017 – 06.11.2020-ci illər üçün ödənilməmiş məzuniyyət pulunu da tələb edir. Məhkəmə bu tələblə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 128-ci maddəsinə görə, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ var. Məcəllənin 129-cu maddəsinin 1-ci hissəsinə görə, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Məcəllənin 110-cu maddəsinin 1-ci hissəsinə görə, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Məcəllənin 139-cu maddəsinin 1-ci hissəsinə görə, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə Əmək Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məcəllənin 131-ci maddəsinin 1-ci hissəsinə görə, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə görə, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. İş materiallarından görünür ki, iddiaçı MMC-də işlədiyi müddətdə məzuniyyət hüququndan istifadə etmiş, həmçinin işdən azad olunduğu zaman ödənilməmiş məzuniyyət haqları ona ödənilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı yazılı ərizə ilə cavabdeh MMC-yə müraciət edərək, 2018-ci il üçün məzuniyyət hüququndan istifadə etməsinə icazə verilməsini xahiş etmiş, MMC-nin 26.10.2018-ci il tarixli əmri ilə 01.11.2018-ci il tarixdən 23.11.2018-ci il tarixədək əmək məzuniyyəti verilmişdir. Sonrakı istifadə olunmayan məzuniyyət günləri üzrə isə 14 günə görə son haqq hesab ödənilmişdir. Apellyasiya şikayətində iddiaçı məzuniyyət hüququndan istifadə edilməsinə dair ərizənin onun tərəfindən imzalanmadığını bildirsə də, Məhkəmə bu dəlili əsaslı hesab etmir. Belə ki, 2018-ci ilin noyabr ayı üzrə əmək haqqı cədvəlindən çıxarışdan müəyyən olunur ki, iddiaçıya məzuniyyət günlərinə görə 122,85 manat məzuniyyət haqqı ödənilmişdir. Odur ki, məzuniyyət haqqını əldə edən iddiaçının məzuniyyətə çıxmaması barədə dəlili inandırıcı deyil. Məhkəmə 06.11.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək hər ay işçinin əmək haqqından tutulan 80 manatın geri qaytarılması tələbi ilə bağlı bildirir ki, məhkəmə araşdırması ilə iddiaçının əmək haqqından belə bir tutmanın həyata keçirilməsi müəyyən olunmur. İddiaçı da bu kimi qanunsuz tutmalar ilə bağlı hər hansı bir sübutu (əmək haqqından tutulmaları əks etdirən bankdan çıxarış və s.) məhkəmələrə təqdim edə bilməmişdir. Odur ki, sübuta yetirilməyən dəlili Məhkəmə əsassız hesab edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı iclasında iddiaçının vəkili (nümayəndəsi) bildirmişdir ki, cavabdeh MMC-də həmkarlar ittifaqı təşkilatı mövcud olması və iddiaçıdan üzvlük haqqı tutulmasına baxmayaraq, o işdən çıxarılan zaman həmkarlar ittifaqı təşkilatının rəyi alınmamışdır. Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin “b” və "xxxx" bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı zamanı bildirmişdir ki, müəssisədə həqiqətən də həmkarlar ittifaqı təşkilatı mövcuddur. Amma iddiaçı həmkarlar ittifaqı təşkilatına üzv deyil. Lakin texniki yanlışlıq nəticəsində 2018-ci ilin yanvar-dekabr ayları üzrə onun əmək haqqından əmək haqqının 1 faizi həcmində üzvlük haqqı tutulmuşdur. Həmin məbləğ 21,55 manat təşkil edir. Hazırda MMC həmin məbləğləri geri qaytarmağa hazırdır. Bunun üçün iddiaçı cavabdeh MMC-yə müraciət etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı həmkarlar ittifaqı təşkilatına üzv olmasını təsdiq edəcək sübutu (üzvlüyə qəbul barədə yazılı ərizə və s.) təqdim edə bilmədiyi üçün bu dəlil də əsassızdır. Çünki MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddia tələbi tam həcmdə əsassızdır. Rayon Məhkəməsi yuxarıda göstərilən əsaslar ilə eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. İşə baxmış Rayon Məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəsini həm də onunla əsaslandırmışdır ki, iddia əsaslı olmuş olsa idi belə təmin edilə bilməzdi. Çünki iddiaçı iddia müddətini ötürüb, cavabdeh isə “iddiaya iddia müddətinin tətbiqi barədə” ərizə vermişdir. Bununla bağlı Məhkəmə bildirir ki, iddiaçı işdən azad olunmasından 2020-ci ilin fevral ayında, yəni son-haqq hesabını alarkən xəbərdar olmuş, lakin iddia ərizəsi ilə Rayon Məhkəməsinə 24.11.2020-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1.-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1., .375.2-ci maddələri). Beləliklə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 may 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar