Məhkəmə qərarları › İş №2(103)-1917/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1917/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1917/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı x qızının cavabdeh "Cavabdeh" ASC-yə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3695/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 11 ünvanda yaşayır və evinin qonşuluğunda ailəsini dolandırmaq üçün kiçik mağaza işlədir. xx xxx 2019-cu il tarixdə iddiaçı evdə olarkən “xxxx” ASC-nin əməkdaşları onlara məxsus mağazaya gəlib sayğaca baxış keçirmək istədiklərini bildirmişlər. İddiaçının oğlu Niyaməddin mağazada olmuş və buna etiraz etməmişdir. Onlar mağazanın sayğacına baxış keçirib və sayğacdan kənar xəttin olduğunu bildirmişlər. İddiaçının oğlu onlara qəti etiraz edib, heç bir kənar xətt olmadığını, mağazanın arxasından daxil olan xəttin elektrik xəttinə birləşdirilmədiyini, həmin xəttin əvvəllər yaşadıqları mənzildən mağazaya çəkildiyini, daha sonra isə "xxxx” ASC-nin əməkdaşları tərəfindən mağazaya yeni xətt çəkilib sayğac qoyulduğunu? yaşadıqları mənzildən gələn xəttin isə elektrik şəbəkəsindən ayrıldığını bildirmişdir. İddiaçının oğlu Niyaməddin onlara gedib birlikdə baxış keçirməyi təklif etmişdir. Lakin həmin vaxt həmin şəxslər oradan uzaqlaşmışlar. Bir neçə gün sonra isə onlara guya kənar xətt olması barədə xx xxx 2020-ci il tarixli NDQ 007331 nömrəli Akt və 1515,51 manat məbləğində borcun olmasını əks etdirən xx xxx 2020-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqi gəlmişdir. Həmin akt iddiaçının və ya oğlunun iştirakı olmadan və heç bir araşdırma aparılmadan əsassız və qanunsuz olaraq tərtib edilmişdir. Belə ki, qeyd olunan xətt əvvəllər yaşadıqları mənzildən çəkilməklə mağazanı elektrik enerjisi ilə təmin edirdi. Lakin sonradan mağazaya ayrı xətt və sayğac çəkildikdən sonra həmin xətt şəbəkədən ayrıldı. Əslində aktı tərtib edən şəxslər sayğacdan gələn elektrik xəttini ayırmaqla müəyyən etmişlər ki, mağazaya əlavə elektrik xətti qoşulmayıb. Lakin heç bir söz demədən xəbərsiz getmiş və sonradan mübahisəli aktı tərtib etmişlər. Hazırda da qeyd olunan xətt yerində qalır və baxış keçiriləcəyi halda həmin xəttin nə mağazada, nə də digər başından xəttə birləşik olmadığı aydın olar. İddiaçının yaşadığı mənzildə də sayğac mövcuddur. Sayğac mövcud olduğu halda iddiaçının mənzildən mağazaya əlavə xətt çəkməyinin hansı əhəmiyyəti ola bilərdi. Bu iddia da özlüyündə absurd və məntiqsizdir. Bundan başqa mağazada ay ərzində sərfiyyat təxminən 30- 40 manat olmuş və mütəmadi olaraq tərəflərindən ödənmişdir. Mağazada mövcud olan bir neçə soyuducunun sərfiyyatı nəzərə alınsa, yenə də müəyyən olunar ki, mağazaya kənar xətt çəkilməmiş və buna ehtiyac da olmamışdır. İddiaçının oğlu mağazada olduğu halda xətlərə baxış və aktın tərtib olunmasında onun iştirakı təmin olunmamış, özbaşına, heç bir araşdırma aparmadan əsassız və qanunsuz olaraq müvafiq akt tərtib olunmuşdur. Göstərilənlərə əsasən əsassız olaraq “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli, NDQ 007331 nömrəli akta əsasən iddiaçı barəsində müəyyən edilmiş 1379,70 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci və 284-5.3-cü maddələrinə əsasən, hazırki mülki işə iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırma aparılması zərurəti yarandığından, hazırkı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx xxx 2020-ci il tarixli, NDQ № 007331 nömrəli aktın ləğv olunması və akt əsasında müəyyən edilmiş 1379,70 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3695/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh “xxxx” ASC tərəfindən tərtib olunmuş xx xxx 2020-ci il tarixli, NDQ № 007331 saylı aktın ləğv edilməsi və bununla əlaqədar cavabdeh «xxxx» ASC tərəfindən əsassız hesablanmış 1379,70 (bir min üç yüz yetmiş doqquz manat, yetmiş qəpik) manat cərimənin silinməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3695/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, təqdim edilmiş sənədlərdə göstərilənlər təhrif edilmiş və bununla da, "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamə qəbul edilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan «xxxx» ASC-nin xx xxx 2020-ci il tarixli, NDQ № 007331 saylı aktından görünür ki, «xxxx» ASC-nin əməkdaşlarının iştirakı ilə ünvan 1də yerləşən İddiaçı məxsus mağazada yoxlama keçirən zamanı obyektə kənar xəttin daxil olması müəyyən edilmişdir. İş materiallarında olan «xxxx» ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli abunə haqqında arayışdan görünür ki, xx xxx 2020-ci il tarixli, NDQ № 007331 saylı akta əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə 1379,70 manat cərimə hesablanmışdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli NDQ № 007331 saylı aktdan da göründüyü kimi sayğac çöl divarında quraşdırılmışdır. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılmasıüçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Hazırkı işin hallarından müəyyən edilir ki, abonentin sayğacı binanın çöl divarında yerləşir. Bundan başqa, həmin sayğaca cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən baxış keçirilərkən, abonentin və ya onun nümayəndəsinin baxışda iştirakı təmin edilməmişdir. Bu hal baxışla əlaqədar tərtib edilmiş aktda da öz əksini tapmışdır. Belə ki, həmin aktda iddiaçının oğlunun adı qeyd edilsə də, o, həmin aktı imzalamamışdır, yaxud onun həmin aktı imzalamaqdan imtina etməsi göstərilməmişdir. Belə olan halda, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin akt iddiaçının elektrik xəttinə qanunsuz qoşulduğunu təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3695/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar