Məhkəmə qərarları › İş №2(103)-1917/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1917/2023

03.03.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1917/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 mart 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması məqsədi ilə cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabatın” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman "xxxx" KB ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (İş № 2(103)-4008/2022) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçının verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (İş № 2(102)-5666/2022) ilə apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır. Göstərilən səbəbdən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. İşə apellyasiya qaydasında yenidən baxılan zaman iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə ərizə ilə Məhkəməyə müraciət edərək, hüquqlarını müdafiə etdiyi iddiaçı ilə iş üzrə üçüncü şəxs olan "xxxx" KB ASC ilə razılığa gəldiklərini, aralarında yaranmış mülki mübahisəni məhkəmədən kənar həll etdiklərini, iddiaçının "xxxx" KB ASC-yə olan kredit borcunun ödənilməsini, bu səbəbdən də hazırki iddianın iddiaçı üçün əhəmiyyətini itirdiyini, buna görə də iddiaçının iddiadan imtina etdiyini bildirdi. O bunu nəzərə alaraq iddiadan imtinanın qəbul edilməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Göstərilənlər ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-nin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. İddiadan imtina iddiaçının buna səlahiyyətli olan nümayəndəsi (vəkil) tərəfindən yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-nin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 263-cü maddəsini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 mart 2022-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar