Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1917/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Firmasına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1917/2024 (Açar sözlər: əmrin ləğvi, iddiaçının işə bərpası, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Firmasına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1717/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 06 mart 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2022-xx.xx.2023-cü il tarixədək İddiaçı “Xəzər- 1” şirkətində insan resursları və kargüzarlıq işinin təşkili şöbəsi, İR üzrə baş mühasib vəzifəsinə işə qəbul edilmişdir.
2. Cavabdeh Firmasının 16 may 2023-cü il tarixli, 356 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh Firmasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Firmasının 16 may 2023- cü il tarixli Əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi olaraq işsiz qaldığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi və keçirdiyi mənəvi sarsıntıya görə 20.000 (iyirmi min) manat məbləğində təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia tələbini belə əsaslandırmışdır ki, ”Xəzər-1” Firmasının təsisçisi X1 16 may 2023-cü il tarixili əmri ilə Cavabdeh X5 üzrə baş mütəxəssis vəzifəsindən 70 (ç) bəndi ilə işdən azad edilmişdir. Bununla bağlı Əmək müfəttişliyinə dəfələrlə şikayət etmiş, Mediasiya Şurasına müraciət etmiş və qarşı tərəf görüşməyə gəlmədiyi üçün Mediasiya ona məhkəməyə müraciət etməyə dair arayış təqdim etmişdir. İşdən azad edilməsinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, o, 2022-ci ilin aprel ayının 11-də Cavabdeh X11 üzrə baş mütəxəssis vəzifəsinə 1 (bir) il müddətinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı şirkət rəhbərinə xəbərdarlıq etmişdir. Təhvil-təslim üçün şirkətə müraciət etdikdə onu təsisçi X3 nəzarətçi vasitəsilə şirkətdən qovmuşdur. İşdən ayrılmaqla bağlı müraciət etdikdə ona aqressiv davranışlar sərgiləyərək təhqir etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin birinci cümləsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu maddəyə əsasən işçi tərəfindən işdən ayrılma xəbərdarlığı öz əksini tapır. Bununla bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi 68-ci maddəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) ilə xitam verilməli idi. Sadalanan normanın məzmunundan göründüyü kimi əslində onunla müddətli əmək müqaviləsi bağlanmışdır və həmin müqavilənin bitməsi ilə deyil, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Göründüyü kimi onun əmək müqaviləsinə qərəzli olaraq əsassız xitam verilmiş, işdən çıxarılmağı firmanın təsisçisi Fariz Mustafayevin heç bir səbəb olmadan verdiyi qərar əsasında həyata keçirilmişdir. Ona görə də, əmək müqaviləsinə xitam verilən 16 may 2023-cü il tarixli Əmr ləğv edilməli, qanunsuz işdən çıxarıldığı üçün əvvəlki vəzifəsinə bərpa olunmalı və məcburi olaraq işsiz qaldığı dövr üçün əmək haqqı ödənilməli və keçirdiyi mənəvi sarsıntıya görə isə ona 20.000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməlidir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 1717/2023 saylı qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia ərizəsi təmin edilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69.1, 70-ci maddəsinin ç bəndi, 73.1, 84.1, 84.2, 292, 296-cı maddələrinə, “Mediasiya haqqında Qanun”un 32.4.2, 35.1, 35.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinihn dəlillərinə uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əmək müqaviləsinə əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay 6 gün müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixində əsassız və qanunsuz olaraq xitam verilmiş, 1 aylıq müddət ötürülmüşdür. Lakin birinci instansiya tərəfindən buna qiymət verilməmişdir. Aralarında bağlanmış əmək müqaviləsində göstərilən müddət qurtardıqdan sonra o, əmək münasibətlərinin davam etdirilməsini, lakin qarşı tərəf davam etdirilməməsini istəmişdir və buna əsasən o, xx.xx.2023-cü il tarixdə iş yerindən məcburi qaydada uzaqlaşdırılmışdır. Beləliklə, işçinin son iş günü xx.xx.2023-cü il tarix kimi qəbul edilməli və xx.xx.2023-cü il tarixdə əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam verilməli idi. Birinci instansiya məhkəməsi qeyd olunanlara hüquqi qiymət verməmişdir. Həmçinin qeyd etmək istəyir ki, o, işdən qanunsuz çıxarıldığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 müraciət etmişdir. Müraciəti əsasında DƏMX-in Bakı Şəhər İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, onun əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri ciddi sürətdə pozulmuşdur. Həmçinin X13 qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
12. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
13. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
14. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
15. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
16. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi.
17. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur
18. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
19. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
20. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
21. Maddə 300. 1-ci hissə. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
25. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
31. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
32. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, xx.xx.2022-xx.xx.2023-cü il tarixədək İddiaçı “Xəzər1” şirkətində insan resursları və kargüzarlıq işinin təşkili şöbəsi, İR üzrə baş mühasib vəzifəsinə işə qəbul edilmişdir.
33. İş materillarında olan xx.xx.2023 tarixli aktan görünür ki, Günəş Ələkbərzadə (Xəzər1 Şirkəti İşə qəbul üzrə baş mütəxəssis), Sona Babayeva (Xəzər-1 Şirkəti mühasib/xəzinadar), Hümmətova Zeynəb (“FS Şirkətlər Qrupu“ MMC), bu aktı ona görə tərtib edir ki, Cavabdeh X6 üzrə baş mütəxəssisi İddiaçı, satınalma bölməsinin operatoru X9, "xxxx" MMC-nin Daxili nəzarət bölməsinin nəzarətçisi X10, həqqiqətən xx.xx.2023 və xx.xx.2023 tarixlərində işə gəlməyiblər və bu faktı təsdiq edirlər.
34. Müstəqil auditorun hesabat rəyindən görünür ki, aparılmış audit nəticəsindən müəyyən edilmişdir ki, Cavabdeh firmasının “İnsan resursları və kargüzarlıq şöbəsinin baş mütəxəssisi İddiaçı fəaliyyətində ciddi nöqsanlara yol verilmişdir. Auiditin nəticəsi olaraq İddiaçı fəaliyyəti qeyriqənaətbəxş qiymətləndirilir.
35. İş materiallarında olan Cavabdeh firmasının xx.xx.2023 tarixli əmrdən görünür ki, Cəmiyyətin İnsan Resursları və Kargüzalıq işinin təşkili şöbəsinin insan resursları üzrə baş mütəxəssisi ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə heç bir üzürlü səbəb olmadan işə gəlmədiyinə və əmək funksiyasını icra etmədiyinə görə tutduğu vəzifədən xx.xx.2023-cü il tarixdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr vermişdir. Son haqq-hesabda istifadə edilməmiş 30.44 təqvim məzuniyyəti günü ödənilməsi əmrdə öz əksini tapmışdır. Əmrin verilməsinə əsas kimi audit rəyi və aktlar olmuşdur.
36. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhəri idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “...İddiaçı ilə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müddətli əmək müqaviləsi bağlanılmış və xx.xx.2023-cü il tarixində əmək münasibətlərinin davam etdirilməməsi barədə müəssisənin elektron poçt ünvanına məlumat göndərsə də, İddiaçı ilə əmək münasibətləri qanunvericiliyin tələbi pozularaq birtərəfli qaydada davam etdirilmişdir. ... Həmçinin müəssisə tərəfindən təqdim edilmiş məktubda İddiaçı xx.xx.2023cü il tarixində keçirilən iclası və iş yerini səbəbsiz tərk etməsi və üzrlü səbəb göstərmədən bugünkü tarixədək işə gəlməməsi bildirilmişdir. xx.xx.2023-cü il tarixində iş yerinizi tərk etməsi və xx.xx.2023-cü il tarixinədək işə gəlməməsi əmək müqaviləsi üzrə öhdəliklərinizi yerinə yetirilməməsi kimi qiymətləndirilsə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə biləcəyi nəzərə alınmadan İddiaçı bağlanmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xitam verilmişdir...” Qeyd edilən məktubla cavabdehin fəaliyyətində digər pozuntular da aşkar edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən xx.xx.2023-cü il tarixli, MN1497493 inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati icraata başlanılmış və həmin Məcəllənin 192.6-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. 30 (otuz) gün ərzində əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli №356 nömrəli əmri ləğv edərək törədilmiş hüquq pozuntusunun aradan qaldırılmasını, eyni zamanda 15 (on beş) gün müddətində son haqq-hesabın qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməsini təmin edib X13 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi məqsədilə "xxxx" Firmasının rəhbərliyinə məktub göndərilmişdir.
37. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 3(009)-1242/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı işdən azad olunması ilə bağlı ”Xəzər-1” firmasının direktoruna göndərdiyi ərizə məhkəməyə təqdim edilmədiyindən inzibati tənbəhvermə haqqında xx.xx.2023 tarixli, MN ******* nömrəli qərar ləğv edilmiş və intibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
38. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1933/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Səbail Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qərarından X13 Xidməti tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş və qərar ləğv edilərək X4 (cavabdeh müəssisənin direktoru) İXM-in 192.6-cı maddəsinə əsasən təqsirli bilinərək 1600 manat məbləğində cərimə olunmasına dair X13 Xidmətinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
39. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir və o, üzrsüz olaraq işə gəlməmiş, bununla da əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Bu səbəbdən işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmiş, iddiaçının hazırki tələbləri əsassız olmuşdur.
40. Kollegiya hesab edir ki, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, nəticədə mübahisənin həlli ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyinin düzgün olmadığını vurğulayaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla xitam verilməsinə hüquqi zəmin olmamış, o cümlədən əmrin verilməsi ilə bağlı qanunvericiliyin bir sıra normaları kobudcasına pozulmuşdur.
42. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
43. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
44. Qanunvericiliyin yuxarıda qeyd olunan mənasına görə işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə işdən azad olunması üçün qeyd olunan bu halın qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsi və bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.
45. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
46. İş materiallarından görünür ki, cavabdeh işçinin əmək vəzifələrinin kobud şəkildə pozuntusu kimi onun xx.xx.2023-cü il tarixdən heç bir üzrlü səbəb olmadan işə gəlməməsinə əsaslanmışdır. Halbuki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhəri idarəsi tərəfindən aparılan araşdırmanın da nəticəsindən bəlli olduğu kimi, iddiaçı qanunvericiliyin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinin müddətinin qutarmasından (xx.xx.2023-cü il) sonrakı 1 həftə ərzində, yəni xx.xx.2023-cü il tarixində əmək münasibətlərinin davam etdirilməməsi barədə müəssisənin elektron poçt ünvanına məlumat göndərmiş, İddiaçı ilə əmək münasibətləri cavabdehin özü tərəfindən qanunvericiliyin tələbi pozularaq birtərəfli qaydada davam etdirilmişdir.
47. Beləliklə, sadalanan qanunvericilik normalarına və işin faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi göstərilmiş hallar hazırki iş materialları ilə öz təsdiqini tapmır.
48. Daha sonra kollegiya qeyd edir ki, istər iş materiallarından, istərsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən aparılmış araşdırma və onun nəticəsində inzibati tənbehin tətbiq edilməsi ilə bağlı qəbul edilmiş məhkəmə aktlarından məlum olur ki, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozaraq intizam tənbehini işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçdikdən sonra tətbiq etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi işəgötürən olaraq cavabdeh iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində keçirilən iclası və iş yerini səbəbsiz tərk etməsi və üzrlü səbəb göstərmədən işə gəlməməsi səbəbindən iddiaçı ilə əmək müqaviləsinə xitam vermişdir və bu da o deməkdir ki, cavabdeh işçi tərəfindən əmək və ya icra intizamının pozulduğunu məhz xx.xx.2023-cü il tarixdə aşkar etmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən qeyd edilən pozuntu ilə bağlı intizam tənbehi göstərilən tarixdən 1 aydan çox müddət, daha dəqiq desək, xx.xx.2023-cü il tarixində tətbiq edilmiş və bununla da qanunvericiliyin normaları pozulmuşdur. Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Hazırki iş üzrə cavabdeh tərəfindən qeyd edilən dövr aralığı ərzində iddiaçının qeyd edilən maddədə göstərilən hansısa hala görə işdə olmaması və ona görə də həmin müddətin 1 aylıq dövrə aid edilməməsinə dair hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya intizam tənbehi qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verilmişdir.
49. Kollegiya o cümlədən qeyd edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Lakin iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, həmin əmr verilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə yalnız ümumi şəkildə işçinin üzrsüz səbəbdən işə gəlmədiyi göstərilmiş, lakin bu qənaətə hansı sübutlarla gəlindiyi və işin digər halları, ümumiyyətlə, qeyd edilməmişdir.
50. Həmçinin Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçıya intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatın verilməsi tələb edilməmiş (bununla bağlı hər hansı sübut iş materiallarında mövcud deyildir), ehtimal edilən nöqsan barədə fikri dinlənilməmiş, onun cavabdeh təşkilatda işlədiyi müddətdə intizam məsuliyyətinə cəlb edilməməsi, şəxsiyyəti və peşəkarlıq səviyyəsi kimi hallar nəzərə alınmamışdır.
51. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.
54. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
55. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şəxsin işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.
56. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair əsaslı olan tələblərini təmin etməməkdə haqlı olmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
57. İddia tələbinin iddiaçının keçirdiyi mənəvi sarsıntıya görə 20.000 manat məbləğində təzminat ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya, həqiqətən də, qeyd edilən hadisələrin fonunda mənəvi zərərin dəyməsi barədə məhkəməyə sübut təqdim edilmədiyindən, o cümlədən keçirilmiş iztirabın və ona müvafiq olaraq tələb edilən təzminatın məbləğinin tam olaraq hansı faktlara əsasən hesablandığına dair hər hansı dəlil olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz.
58. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
59. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
61. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
62. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 1717/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin olunsun. Cavabdeh Firmasının 16 may 2023-cü il tarixli, 356 saylı əmri ləğv edilsin, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh X7 və Kargüzalıq işinin təşkili şöbəsinin insan resursları üzrə baş mütəxəssisi vəzifəsinə bərpa edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova