Məhkəmə qərarları › İş №2(103)-1918/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1918/2021

14.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1918/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndələri X6 və X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) işdən çıxarma haqqında əmrin ləğvi və s. tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(006)-4429/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında Cavabdeh ASC tərəfindən verilmiş 16 iyul 2020-ci il tarixli, 144/A saylı saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, həmin əmrlə bağlı əmək kitabçasındakı qeydin etibarsız hesab edilməsi və bu barədə qeydin üzərində cavabdeh tərəfindən müvafiq yazı edilməklə imza və möhürlə təsdiq edilməsinin cavabdehə həvalə edilməsi, qanunsuz əmrin ləğv edilməsi barədə X4 əmək müqavilələrinin elektron qeydiyyatı hissəsinə daxil edilməsi vəzifəsinin cavabdehə və üçüncü şəxsə həvalə edilməsi, işə düzəlmə imkanı məhdudlaşdırıldığından cavabdehdən qətnamə icra olunan günədək hər ay üçün sonuncu iş yerində aldığı orta əmək haqqı hesabı ilə təzminat ödənilməsi və iddiaçının işgüzar nüfuzuna vurulan ziyanın əvəzi olaraq sonuncu orta illik gəlirin həcmində təzminatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 24 aprel 2013-cü il tarixdən "xxxx" X1 (indiki adı Cavabdeh ASC) məsləhətçi vəzifəsində işləməyə başlamış, 08 iyul 2013-cü il tarixdən bankın 11 saylı filialının müdiri vəzifəsinə təyin olunmuşdur. 17 iyul 2020-ci il tarixdə cavabdeh qərəz və təzyiq vasitəsi olaraq onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. İşdən azad olunması özü-özlüyündə qanunsuz olmaqla, işdən çıxarılması da qanun pozuntuları ilə aparılmışdır. Başqa işə keçməyi ilə əlaqədar 17 iyul 2020-ci tarixdə işdən könüllü çıxması barədə ərizə versə də, onun bir işçi olaraq ləkələnməsi və gələcəkdə işə düzəlməyində problemin yaranması məqsədilə işdən çıxması bir gün geri tarixlə rəsmiləşdirilmişdir. İşdən azad olunarkən həmkarlar təşkilatının razılığı alınmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(006)- 4429/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun işdən azad olunmasına əsas kimi göstərilən hallar əmrin verilməsindən bir neçə ay əvvəl baş vermiş, həmin pozuntulardan bəzilərinin ona aidiyyəti olmamış, bəzi pozuntulara görə isə tabeliyində olan işçilərə əvvəllər intizam tənbehi verilmişdir. Əmrdə bankın nüfuzuna və əmlakına ziyan dəyməsi qeyd olunsa da, bu ziyanın konkret olaraq nədən ibarət olması qeyd olunmamışdır. Bundan əlavə, o, işdən azad olunarkən həmkarlar təşkilatının razılığı alınmamışdır. İddiaçının rəhbərlik etdiyi qurumda nöqsanlar aşkar edilsə də, bu nöqsanlar onun vəzifə funksiyaları ilə birbaşa bağlı olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 71.2, 71.3, 76.2, 80.1, 299 və 300-cü maddələrinin tətbiqində səhvə yol verilmiş, Mülki Prosessual Məcəllənin 8, 9, 14, 76, 77, 80, 217 və 220-ci maddələrinin tələblərinə əməl edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, təmsil etdiyi şəxs işdən qanunsuz azad olunduğuna görə əmr ləğv edilməklə əvvəlki vəzifəyə bərpa olunmalı və ona işdən azad olunduğu vaxtdan işə bərpa olunduğu vaxtadək orta aylıq əmək haqqı ödənilməlidir. Lakin təmsil etdiyi şəxs həmin bankda işə bərpa olunmaq arzusunda deyil və onu bankın ödəyəcəyi təzminat maraqlandırmır. İddiaçı yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması barədə əmrin ləğv edilməsini və bu barədə qeydin cavabdeh tərəfindən təsdiq edilməklə X4 əmək müqavilələrinin elektron qeydiyyatı hissəsinə daxil edilməsini xahiş edir. Yəni iddiaçını işin mənəvi tərəfi daha çox maraqlandırır. Buna görə də məhkəmədən iddianın təzminat ödənilməsi hissəsi istisna olmaqla qalan hissədə təmin olunmasını xahiş edir. Vəkil təmsil etdiyi şəxsin bu məzmunlu ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh ASC-nin nümayəndələri X10 və X5 apellyasiya şikayətinin əsassız olduğunu, iddiaçının işdə yol verdiyi ciddi nöqsanlara görə işdən azad olunduğunu, filial müdiri kimi filialın əsasnaməsinə və vəzifə təlimatına uyğun olaraq əməliyyat risklərinin minimuma endirilməsi üçün tədbirlər görmədiyini, Cavabdeh ASC-də həmkarlar təşkilatının fəaliyyət göstərmədiyini, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdilər. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə üçüncü şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(006)-4429/2020 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan Cavabdeh ASC-nin 16 iyul 2020-ci il tarixli 144/A saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surətindən görünür ki, Bankın 11 saylı filialının müdiri əmək fəaliyyəti zamanı əmək vəzifələrinin kobud pozuntusuna yol vermiş, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmiş və bununla da Bankın hüquqlarına və qanunla qorunan mənafelərinə əhəmiyyətli ziyan vurmuşdur. Belə ki, İddiaçı filial müdiri işlədiyi dövr ərzində: 1) Aidiyyəti şəxsə qanunvericiliyin və nəzarət orqanının tələblərinə zidd olan kreditin rəsmiləşdirilməsini həyata keçirmiş; 2) Filialın əməkdaşları tərəfindən saxta arayışlarla kreditlərin verilməsi halı baş vermiş və buna nəzarət etməmiş; 3) Filialın əməkdaşları tərəfindən filialın müştərisinin əmək haqqı kartından qanunsuz yollarla pul vəsaitlərinin istifadəsi həyata keçirilmiş və buna nəzarət etməmiş; 4) Filialın kassiri tərəfindən valyuta əməliyyatlarının pozuntusuna yol verilmiş və buna nəzarət etməmişdir. Filial müdiri tərəfindən filialda filialın əsasnaməsinin 5.3-cü yarımbəndinin 10 və 11-ci paraqraflarında filial direktoru tərəfindən filialda daxili nəzarətin həyata keçirilməsi və əməliyyat risklərinə nəzarətin təmin edilməsi üzrə vəzifələr kobud surətdə pozulmuş, həmçinin 5.4-cü yarımbəndin filial tərəfindən bank əməliyyatlarının qanuni və səlahiyyət çərçivəsində həyata keçirilməsinin, qanunvericiliyə və bankdaxili normativ sənədlərə riayət edilməsinin və filialın cari fəaliyyətinin təşkil edilməsinə görə məsuliyyətin (o cümlədən maddi məsuliyyətin) filial direktoruna şəxsən aid olması tələbinə filial müdiri tərəfindən lazımınca əhəmiyyət verilməmişdir. Bunun nəticəsində Bankın nüfuzuna və əmlakına maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən Cavabdeh ASC-nin 11 saylı filialının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 iyul 2020-ci il tarixdə ləğv edilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 16.07.2020-ci il tarixli 144/A saylı əmr 17.07.2020-ci il tarixdə sistemə yerləşdirilmişdir. İş materiallarında olan İT-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 16 iyul 2020-ci il tarixli 144/A №-li əmrə əsasən, 17 iyul 2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin ləğvi haqqında 16.07.2020-ci il tarixli 144/A saylı əmrdən görünür ki, əmrin verilməsinə əsas audit rəyi olmuşdur. (i.v.11) İş materiallarında olan 27 fevral 2020-ci il tarixli audit rəyindən görünür ki, Cavabdeh ASC ilə "xxxx" ASC arasında 23 iyun 2016-cı il tarixli kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən sonuncuya 11,5 faiz dərəcəsi ilə 9 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi bağlanarkən bir sıra pozuntulara yol verilmiş, 24 fevral 2020-ci il tarixə "xxxx" ASC-nin Bank qarşısında ******* ABŞ dolları əsas, 396457 ABŞ dolları məbləğində faiz və 844629 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə ******* ABŞ dolları məbləğində gecikdirilmiş öhdəliyi yaranmışdır. Müəyyən edilmişdir ki, bankın adından kredit müqaviləsini 11 saylı filialın müdiri İddiaçı bağlamışdır. Kreditin verilməsinə icazə Cavabdeh ASC-nin İdarə Heyətinin sədr müavini Emil Məmmədov tərəfindən verilmişdir. Emil Məmmədovun həmçinin "xxxx" ASC-nin 100% səhminə malik səhmdarı olması müəyyən edilmişdir. Buna görə də zərərin əvəzi X2 tələb olunmuşdur. Göründüyü kimi, əmək müqaviləsinin ləğvi haqqında əmrdə İddiaçı filial müdiri işlədiyi dövrdə yol verdiyi intizam pozuntularından yalnız biri---aidiyyəti şəxsə qanunvericiliyin və nəzarət orqanının tələblərinə zidd olan kreditin rəsmiləşdirilməsinin həyata keçirilməsi audit rəyində öz əksini tapmışdır. Audit rəyindən görünür ki, həmin müqavilə 23 iyun 2016-cı il tarixdə X9 sədr müavinin razılığı ilə və öz mənafeyi üçün bağlanmışdır. Digər intizam pozuntuları rəydə əksini tapmamışdır. Əmrdə intizam pozuntusu kimi qeyd olunan filialın əməkdaşları tərəfindən saxta arayışlarla kreditlərin verilməsi halının baş verməsi və filial müdirinin buna nəzarət etməməsi ilə bağlı iş materiallarında olan "xxxx" İKB ASC-nin nizam-intizam komissiyasının 18.09.2019-cu il tarixli 7 saylı iclasının protokolundan çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən verilmiş iş yerindən arayışlarla e-gov portalından çıxarılmış arayışlar arasında uyğunsuzluq aşkar olunmuş, həmin saxta arayışlar əsasında kreditlər verilmişdir. (i.v.109-110) Yuxarıda qeyd olunan hal audit rəyində əks olunmamışdır. Filialın əməkdaşları tərəfindən filialın müştərisinin əmək haqqı kartından qanunsuz yollarla pul vəsaitlərinin istifadəsinin həyata keçirilməsi və filial müdirinin buna nəzarət etməməsi ilə bağlı iş materiallarında olan "xxxx" İKB ASC-nin nizam-intizam komissiyasının 26.11.2019-cu il tarixli 10 saylı iclasının protokolundan çıxarışdan görünür ki, bankın sabiq işçisi tərəfindən müştərinin icazəsi olmadan onun hesabı üzrə əməliyyat aparılmış, bununla hesab açılması və müştəriyə xidmət prosedurunun pozulması halı baş vermişdir. Həmin pozuntuya görə filial müdiri İddiaçı və filialın digər işçilərinə yazılı xəbərdarlıq edilmişdir. (i.v.107-108) Filialın kassiri tərəfindən valyuta əməliyyatlarının pozuntusuna yol verilməsi və filial müdirinin buna nəzarət etməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin pozuntu əmrdə istinad olunan audit rəyində yox, Bankın 11 saylı filialında 11.03.2020-ci il tarixdə aparılmış mübadilə əməliyyatlarının araşdırılmasına dair 23 iyun 2020-ci il tarixli xidməti məktubda öz əksini tapmışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi inzibati tənbeh verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə aşağıdakı şərtlər daxilində yol verilir : a) işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir, b) işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır, c) işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır və həmin işçi ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində Bankın mənafeyinə ciddi xələl gətirməsi əsaslandırılmamışdır. Bundan əlavə, cavabdeh müəssisə iddiaçının öz əmək funksiyasına daxil olan hansı vəzifələri yerinə yetirmədiyini və əmək müqaviləsi üzrə hansı öhdəlikləri icra etmədiyini əmrdə göstərməmiş, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı intizam tənbehi verilməmişdən əvvəl onun izahatı alınmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh bankın nümayəndələri bu barədə bankda sübutların olduğunu bildirsələr də, nə İddiaçı izahatını, nə də onun izahat verməkdən imtina etməsi barədə aktı məhkəməyə təqdim etməmişlər. Əmək müqaviləsinə xitam verilərkən həmkarlar təşkilatının razılığının alınmaması barədə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlili yoxlanılarkən müəyyən edilmişdir ki, Bankda həmkarlar təşkilatı fəaliyyət göstərməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmrdə qeyd olunan intizam pozuntuları əmr verilməmişdən bir neçə ay, hətta bir neçə il əvvəl baş vermiş, həmin pozuntulardan birinə görə hətta əvvəllər İddiaçı yazılı xəbərdarlıq edilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Kollegiya hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 16 iyul 2020-ci il tarixli 144/A saylı əmr qanunsuz olduğundan ləğv edilməlidir. İddiaçı məhkəməyə ünvanlanmış ərizəsindən və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o yalnız əmək müqaviləsinin ləğvi haqqında əmrin ləğv edilməsini, həmin əmrlə bağlı əmək kitabçasında olan qeydin etibarsız hesab edilməsini və əmrin ləğv edilməsi barədə məlumatın X4 əmək müqavilələrinin elektron qeydiyyatı hissəsinə daxil edilməsi vəzifəsinin cavabdehə və üçüncü şəxsə həvalə edilməsini xahiş edir. Lakin məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilərək ləğv edilməsi özlüyündə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsini ehtiva etdiyindən, əmr ləğv edilməklə yanaşı, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Əvvəlki vəzifəsinə bərpa olunmaq istəmədiyi təqdirdə iddiaçı (tələbkar) bu barədə qətnamənin icrası mərhələsində qətnamənin həmin hissədə icrasından imtina edə bilər. Məhkəmənin 14 iyul 2021-ci il tarixli 2(103)-1918/2021 saylı qərardadı ilə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı hissədə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əmrin ləğv edilməsi barədə məlumatın X4 əmək müqavilələrinin elektron qeydiyyatı hissəsinə daxil edilməsi vəzifəsi yalnız cavabdehə həvalə edilməlidir, üçüncü şəxsin üzərinə isə belə vəzifənin qoyulması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(006)- 4429/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. “Əmək müqaviləsinin ləğvi haqqında” Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinin 16 iyul 2020-ci il tarixli 144/A saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh ASC-nin 11 saylı filialının müdiri vəzifəsinə bərpa olunsun. Həmin əmrlə bağlı İddiaçı əmək kitabçasındakı qeyd etibarsız hesab edilsin və bu barədə qeydin üzərində cavabdeh tərəfindən müvafiq yazı edilməklə imza və möhürlə təsdiq edilməsi, habelə əmrin ləğv edilməsi barədə X4 əmək müqavilələrinin elektron qeydiyyatı hissəsinə daxil edilməsi vəzifəsi cavabdehə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar