Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1919/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: yaşayış sahəsinə köçürmə) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yaşayış sahəsinə köçürmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7126/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı X7 ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Müslümlü, arvada Müslümlü soyadı verilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə X15 və xx.xx.2014-cü il tarixdə X12 doğulmuşdur. Cavabdeh1 iddiaçının qayınanası, üçüncü şəxs X11 isə qayınatasıdır. Nikaha daxil olduqdan sonra iddiaçı özünə məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsində yerləşən 14 (27) nömrəli fərdi yaşayış evinə köçərək, cavabdehlər və üçüncü şəxslə birlikdə 2011-2021-ci illər ərzində həmin evdə yaşamışdır. Ona məxsus cehiz əşyaları hazırda da həmin evdədir. Qeyd edilən evə dair üçüncü şəxs Qarayev Yelmar (çıxarışda Elmar) Müslüm oğlunun mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu əmlak hazırda da onun mülkiyyətindədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 391/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş uşaqlar iddiaçının yanında qalmış, həmçinin, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 iddiaçının xeyrinə aliment tutulmuşdur. İddiaçının apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9054/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin qətnamə aliment məbləğinin tutulması müddəti ilə bağlı hissədə dəyişdirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi və tələbin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri, 14 ünvanında yerləşən və cavabdehlər Cavabdeh2 və qeyrilərinin yaşadığı fərdi yaşayış evinə onun və uşaqları X8 və X1 və ödənilmiş 100 manat mediasiya haqqının və dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X15 doğulmuşdur. O, ünvan 2 ünvanındakı yerləşən evə gəlin köçmüşdür. O, gəlin köçəndə cehiz əşyalarını evin üç otağına yerləşdirmişdir. O, ailəsi ilə birlikdə 10 il həmin, yəni ünvan 2 ünvanda yaşamışdır. Cavabdehlə ailə qurduğu ilk vaxtlarda münasibətləri normal olmuşdur. Lakin sonradan cavabdehin əsassız səbəbdən ailədə mübahisələr yaratmasına görə münasibətləri korlanmış, hər gün evlərində söz söhbət, uşaqlarının gözü qarşısında təhqirlər və mübahisələr yaşanmışdır. Cavabdeh dəfələrlə onu uşaqlarının gözü qarşısında təhqir etmiş, evdə səbəbsiz yerə münaqişələr yaradaraq onu uşaqları ilə birlikdə evdən qovmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən məhkəmənin qətnaməsi ilə nikahları pozulmuşdur. O, uşaqları ilə birlikdə 2011-ci il tarixdən mübahisəli evdə yaşamış və cehiz əşyalarını evin otaqlarına yerləşdirmişdir. Cehiz əmlakları hazırda da həmin evdədir. Onlar birgə nikah dövründə tikilmiş evdə cavabdehlə və uşaqları ilə bərabər yaşamışlar. O, ailə üzvü kimi həmin evə bağlılığı olmuşdur. Hətta həmin evdə yaşayarkən otaqlarda istifadə edərkən bir ailə kimi bərabər şəkillər çəkdirmiş, mübahisəli evdə bir gəlin kimi əziyyəti çox olmuşdur. Ailədə yaranmış narazılıq üzündən cavabdeh iki uşağını əlindən alaraq, 2021-ci il tarixdə onu evdən məcburi çıxarmış və nikahın pozulmasına təşəbbüs göstərmişdir. Torpaq, ev, habelə kommunal xidmətlər (qaz, su, elektirik enerjisi) nikahda olduğu Cavabdeh2 adına olsa da belə, onu evdən qovarkən bu cavabdeh evlərin heç birinin onun adına olmadığını bildirmişdir. O başa düşür ki, onu evdən çıxardandan sonra cavabdeh bütün evlərin dəyişdirilməsinə çalışmaqdadır. Qanunsuz tikili olsa da, o, həmin evdə ailə üzvü kimi yaşamış, onların həmin evdən istifadə hüququ yaranmışdır. Ev üzərində hər hansı mülkiyyət hüququ yoxdur. Evin yerləşdiyi torpaq sahəsi isə daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınmamışdır. Lakin torpaq sahəsində tikilmiş evlər birgə nikah dövründə əldə edilmişdir. O, bu evdə əri və uşaqları ilə yaşamışdır. Həmin evdən 2021-ci ildə qovulduqdan sonra qardaşının evində yaşayır. Onun başqa yaşayış yeri yoxdur. Cavabdehlərin qanunsuz hərəkətləri onun küçədə qalmağına səbəb olmuşdur.
4. Cavabdeh2 iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı öz ərizəsində göstərdiyi kimi, onlar xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və atasına məxsus Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsində yerləşən 14 nömrəli evdə (əvvəlki Aşıq Pəri, 27) yaşamağa başlamışlar. Həmin ev 2008-ci ildən atasının mülkiyyətində olmuş və hazırda da onun mülkiyyətindədir. İddiaçı ilə olan nikahı 2021-ci ilin fevral ayında məhkəmə qaydasında pozulmuş və məhkəmə qətnaməsi ilə birgə nikahdan olan uşaqları iddiaçı ilə qalmışdır. İddia ərizəsinin mətnindən görünür ki, bu ərizədə sanki başqa insanların həyatından bəhs edilir. Çünki ərizədə onların ailə həyatına və boşanma səbəblərinə uyğun olmayan faktlardan, hansısa tanımadığı Dadaş Şahbazovdan, Qaradağ rayonunda olan hansısa birmərtəbəli evdən, həmin evin 2005-ci ildə (yəni bizim evlənməmizdən 6 il əvvəl) tikilib-qurtarmasından, və guya bu evin onun da (yəni cavabdehin də, hansı ki 2005-ci ildə cəmi 15 yaşı var idi) gəlirləri hesabına tikilməsindən və s. həqiqətə uyğun olmayan hallardan bəhs edilir. İddiaçı əvvəlcə ərizəsində qeyd edir ki, guya mübahisəli ev təkcə atasının deyil, həm də onun əmlakıdır və bununla demək istəyir ki, mübahisəli ev birgə mülkiyyətləri olmuş, daha sonra isə özünü ailə üzvü hesab edərək, evdən istifadə hüququnun yaranmasını iddia edir. Halbuki sənədlər və faktlar bunların heç birini təsdiq etmir. İddiaçı mübahisəli evi qanunsuz tikili kimi təqdim edir və qeyd edir ki, guya həmin ev üzərində mülkiyyət hüququ mövcud deyil, torpaq sahəsi daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınmamışdır, həmin torpaq sahəsində tikilmiş evlər isə birgə nikah dövründə əldə edilmiş əmlakdır. Bunlar tamamilə həqiqətə uyğun deyil. Belə ki, xx.xx.2008-ci il qeydiyyat tarixi ilə Daşınmaz Əmlakın Dövlət Reyerstrindən ******* saylı Çıxarışına əsasən mübahisəli fərdi yaşayış evi tam mülkliyyət hüququ ilə atası X6 adına qeydiyyata alınmışdır. İddiaçı ilə o 2011-ci ildə, yəni mübahisəli evin mülkiyyət hüququnun rəsmiləşdirilməsindən 3 il sonra, evlənmişlər. Qanun yalnız nikah dövründə (nikah müddətində) ərlə-arvadın əldə etdikləri əmlakı onların birgə mülkiyyəti kimi tanıyır. Mübahisəli ev isə nə onların nikah müddətində (yəni 2011-ci ildən 2021-ci ilə kimi), nə də ki, onunla iddiaçının əldə etdiyi əmlakdır. Bu o deməkdir ki, mübahisəli fərdi yaşayış evi heç bir halda birgə nikah dövründə əldə edilmiş əmlak sayıla bilməz. Digər tərəfdən nə onun, nə də iddiaçının maddi imkanı olmamışdır ki, belə bir evin tikintisində və təmirində iştirak etsin. Çünki evin mülkiyyəti rəsmiləşdirildiyi zaman onun 18 yaşı, ev tikiləndə isə 15 yaşı var idi və həmin vaxt heç bir əmək fəaliyyəti ilə məşqul olmamış, heç bir gəlir əldə etməmişdir. İddiaçı ilə evlənəndə isə onun 21, iddiaçının 18 yaşı var idi. İddiaçı qeyd edir ki, həmin evdə çox əziyyət çəkib, lakin hansı əziyyətdən söhbət getdiyini anlamaq olmur. İddiaçı heç bir yerdə işləməmiş, onun heç bir gəliri olmamış və həmin evə heç bir xərc çəkməmişdir. Özünün yaşadığı otağı yığışdırıbsa, sadəcə istifadə etdiyi yaşayış sahəsini təmizlikdə saxlamış, bu isə həmin evdən ona hansısa haqqları qazandırmır. İddiaçı hesab edir ki, ailə üzvü kimi mübahisəli mənzildən istifadə hüququ əldə edib, çünki ailə qurandan etibarən mübahisəli evdə yaşayıb, həmin evdə onun cehiz əşyaları var və ümumiyyətlə bu evə əziyyət çəkib. Digər tərəfdən də düzgün olaraq Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsini rəhbər tutur. Həmin maddəyə əsasən “Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır”. İddiaçı ilə onun hüquqi münasibəti 2011-ci ildə rəsmi nikaha daxil olduqda yaranmış, bu da o deməkdir ki, tətbiq olunmalı maddi hüquq normaları 2009-cü ildə qanuni qüvvəyə minmiş Mənzil Məcəlləsi və qüvvədə olan Mülki Məcəlləsi (2011-ci ildən sonrakı dəyişikliklərlə) ola bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən “Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir”. Mübahisəli evin mülkiyyətçisi onun atasıdır və iddiaçı onun keçmiş gəlini olaraq qanunla ailə üzvü kateqoriyasına aid deyil. Bundan başqa iddiaçının istinad etdiyi Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir”. İddiaçı ilə mübahisəli evin mülkiyyətçisi arasında heç bir müqavilə bağlanmamışdır. Bu səbəblərdən iddiaçının mübahisəli evi öz evi kimi qələmə verməsi həqiqətə uyğun deyil, mübahisəli evə köçmə istəyi isə qanuna tamamilə ziddir. İddiaçı ilə aralarında olan hüquq münasibətləri 2011-ci ildə yarandığından yaşayış sahəsi ilə bağlı məsələlərə 2009-cu ildə qanuni qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən “Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır”. Bu o deməkdir ki, hətta o mübahisəli yaşayış evinin mülkiyyətçisi olsaydı və iddiaçının həmin evdən istifadə hüququ yaranmış olsaydı belə, boşandıqdan sonra iddiaçı istifadə hüququnu yenə də itirmiş olurdu. İddiaçı ərizəsində bildirir ki, guya o onu evdən qovduqdan sonra evlərin qeydiyyatın dəyişdirmişdir. Bununla bağlı bir daha təkrarlayır ki, daşınmaz əmlakın dövlət reyerstrində mübahisəli ev 2008-ci ildən atamın adına fərdi yaşayış evi kimi qeydiyyata alınmış və onun həmin vaxt 18 yaşı var idi; evin tikilməsinə, təmirinə və quraşdırılmasına heç bir vəsaiti yox idi. İddiaçı qeyd edir ki, evdə yaranmış narazılıq üzündən o və anası onu evdən məcburi çıxartmış, lakin yaranan narazılığın səbəbini göstərmir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, boşanmanın səbəbi iddiaçının xəyanəti olmuşdu və o onu atasının (yəni mənim əmimin) ünvan 3 ünvanda yerləşən evinə göndərmişdir. İddiaçının ərizəsində anası Cavabdeh1 cavabdeh kimi göstərilməsi də düzgün deyil, çünki anası nə mübahisəli evin mülkiyyətçisi deyil, nə də ki, iddiaçının evdən çıxıb getməsi ilə əlaqəsi var. İddiaçının xəyanəti üzə çıxdıqdan sonra özü evdə qalmaq istəmirdi və təbii olaraq, ya atasının, ya qardaşının evinə gedə bilərdi. O, birgə nikahdan olan uşaqlarını iddiaçının himayəsinə vermək qətiyyən istəmirdi. Çünki ailəsinə xəyanət etmiş qadının (iddiaçının) iki qız uşağına yaxşı tərbiyə verməsindən şübhə edirdi. Hazırda iddiaçı atasına məxsus olan ünvan 3 ünvanda yerləşən 3 mərtəbəli evdə yaşayır (iddiaçının əvvəlki iddia ərizəsində də həmin ünvan göstərilmişdir, iddia ərizəsinin surəti hazırki etiraza əlavə olunur). Məhkəmə qətnaməsinə əsasən uşaqlar ana ilə qalmalıdır və hazırda iddiaçının yaşadığı evdə qalırlar. Əgər iddiaçı uşaqlara baxa bilmirsə, onların himayəsinə öz üzərinə götürə bilər. Bundan əlavə iddiaçının qeydiyyatda olduğu ünvan 5 ünvanda yerləşən ev də atasına (yəni onun əmisinə) məxsus fərdi yaşayış evidir və hazırda həmin ev boş olduğundan iddiaçının istifadəsinə verilə bilər. Beləliklə, hesab edir ki, iddiaçının onun atasının mülkiyyətində olan evdə yaşamaq üçün heç bir qanuni əsasları mövcud deyil, həmin evdən istifadə hüququ yaranmadığından köçürülməsi mümkün deyil. Göstərilənlərin nəzərə alınması və iddianın tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7126/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim X13)
6. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçının kömək isdədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsində yerləşən 14 nömrəli fərdi yaşayış evi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 deyil də, X9 xüsusi mülkiyyətindədir. Belə olan halda nə qədər ki, iddiaçının köçmək isdədiyi ev cavabdehlərin mülkiyyətində deyildir, hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yönəlmiş iddia tələbi təmin edilə bilməz.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7126/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, cavabdehin etirazında göstərdiyi atasının adına olan ev birgə nikahda olduqları vaxt satılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 1-ci Aşıq Pəri küç 27 ünvanında olan ev hazırda sənədsizdir. Sabunçu RİHB-nın Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından da göründüyü kimi hazırda iddia etdikləri ünvan mövcuddur (xx.xx.2022-ci il tarixli, 141 nömrəli arayış əlavə olunur). İdda tələbinə dəqiqləşmə veriləndən sonra məlum olmuşdur ki, cavabdeh məhkəməni və onu aldatmış başqa fərdi yaşayış evinin sənədini təqdim etməklə hazırkı iş üzrə qaldırılan evin sənədini yox, başqa ünvandakı evin sənədini məhkəməyə təqdim etməklə onda əsaslı şübhələr yaratmışdır. Onun başqa yaşayış evi tikməyə maddi baxımdan imkanı yoxdur və sözügedən torpaq sahəsi və ev üzərində heç kimin mülkiyyət hüququ olmadığından evə köçürülmə tələbi təmin edilməlidir. Bunun kifayət qədər əsasları olsa da məhkəmə tərəfindən nəzərə alınmamışdır. İşdə olan məhkəmənin istinad etdyi sənədlərin doğruluğu və etibarlılığı barədə məhkəmə ekspertizası keçirilməmişdir. Məhkəmə işi tam obyektiv araşdırmadan bir tərəfli, tələsik cavabdehin mülahizəsinə əsasən qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qaldırdığı ünvana baxış keçirməli, iş üzrə tikinti-texniki ekspertiza təyin olunmalı halda məhkəmə heç buna təşəbbüs göstərməmiş, iddiaçının etirazına məhəl qoymayaraq bir tərəfli qərar qəbul etmişdir. O, mübahisəli torpaq sahəsində inşa edilmiş evdə ailəsi ilə birlikdə yaşamış, hazırda isə cavabdeh onu yaşadığı evə buraxmamaqla onun qanunla qorunan hüquqlarını pozur və öz evindən istifadə etməyinə əngəllər yaradır. Özbaşına inşa edilmiş mübahisəli ev onların yaşayış yeri olmuş, hazırda cavabdehlər həmin evdə yaşamaqla istifadə edir. Cavabdeh də mübahisəli tikiliyə onunla birlikdə eyni hüquqa malikdir. Özbaşına tikinti və onun nəticələrini tənzimləyən MM-nin 180cı maddəsində isə şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Bu səbəbdən də cavabdehlərin onun evdə yaşamağına mane olması əsassız və qanunsuzdur. Bərarbərlik prinsipinə uyğun olaraq onun da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Cavabdehlər evin məhkəmədə tərəf olmayan Elmar Qarayevə məxsus olmasını idda etsələr də, onun cehiz əşyaları Bakı şəhri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 1-ci Aşıq Pəri küç 27 ünvanında olan evdə yerləşdirilmişdir. Buna dair fotoşəkilləri olsa da məhkəmə həmin fotoları sübut kimi qəbul etməmişdir. Halbuki kifayət qədər şübhələr yaranmışdır. Qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139.1, 139.1.1, 139.1.1.1, 139-1.1.2 146.1, 152, 157, 158, 159, 166, 228.5-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, MM-nin 139.1,139.3,139.1.1, 139.1.1, 139.1.1.2-ci maddələrində əmlak hüquqlarının dövlət qeydiyyatı barədə danışılsa da məhkəmə həmin tələblərə əhəmiyyət verməmişdir. Halbuki sözügedən torpaq sahəsi və ev üzərində mülkiyyət hüququ yoxdur. MM-nin 146.1-ci maddəsində daşınmaz əmlaka hüququn əmələ gəlməsindən danışılsa da məhkəmə bu hala da baxmamışdır MM-nin 152-ci maddəsi mülkiyyət hüququnun anlayışı və məzmunundan, 157-ci maddəsi mülkiyyətin müdafiəsindən, MM-nin 158-ci maddəsi mülkiyyətçi olmayan şəxslərin hüquqlarından 158.1.2, 158.1.3, 158.2, 158.4-cü maddələrində bəhs olunmuşdur. Lakin işə baxan məhkəmə qeyd edilən tələblərə əhəmiyyət verməmişdir. MM-nin 159-cu maddəsində sahiblik hüququndan, MM-nin 166.3cü maddəsində mülkiyyətin sahiblik əsasında ehtimal edilməsindən bəhs edilsə də, məhkəmə qətnaməsində nəzərə alınmamışdır. MM-nin 228-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququndan bəhs edilsə də işə baxan məhkəmə maddənin tələblərini nəzərə almamış iddianın təmin edilməməsi əsaslarından biri kimi həmin maddəyə istnad etmişdi. Eyni zamanda, əsl cavabdehlə əvəz olunmasına dair ərizənin qəbul edilməsindən də imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə müdafiə etdiyi Elmar Qarayevin (cavabdehin atası) adına olan evi əsas göstərmiş, Elmar Qarayev şahid qismində işə cəlb olunmamışdır. Eyni zamanda, iş üzrə cavabdeh olan anası Cavabdeh1 iştirakı məhkəmədə təmin olunmamışdır. Lakin məhkəmə bu ziddiyyətli hala heç bir əhəmiyyət verməmişdir. Aşıq Pəri 27 ünvanında yerləşən evin iddiaçının köçmək istədiyi və cehiz əmlaklarını yerləşdiyi fərdi yaşayış evinə dair ilkin hüquqmüəyənedici sənədlərin olub olmaması barədə mütəxəssis rəyindən istifadə edilməmişdir. İş üzrə tərəf olmayan Elmar Qarayevin adına olan çıxarışa istinad edərək işini bitmiş hesab etmiş heç bir araşdırma aparmamış və buna cəhd etməmişdir. Kifayət qədər araşdırılması tələb olan işi araşdırmamış iki məhkəmə prosesi ilə tələsik qərar verməklə qətnamə qəbul etmişdir.
10. Məhkəmə kollegiyasının təşəbbüsü ilə X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh2 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Mülki Məcəllənin 180.1-ci maddəsinin hazırkı işə heç bir aidiyyəti yoxdur. Həmin maddədə özbaşına tikintiyə anlayış verilmiş, bu isə iddiaçının tikintidən istifadə hüququna əsas vermir. Burada iddiaçının mübahisəli yaşayış sahəsinə (qanunusuz tikintiyə) hansı hüquqlarından bəhs etdiyi aydın deyil. Əgər mülkiyyətçi öz torpağında nəsə tikibsə və onu kiməsə müvəqqəti istifadəyə veribsə, bu o demək deyil ki, həmin əmlak dərhal istifadəyə verdiyi şəxsin əmlakı sayılacaq. Bundan başqa iddiaçı öz cehiz əşyalarının mübahisəli yaşayış sahəsində olmasını qeyd edərkən, məhkəmə tərəfindən bu xüsusata dair fotoşəkillərin sübut növü kimi qəbul edilməməsindən şikayət edir. Bu şikayəti ilə iddiaçı faktiki olaraq məhkəməyə təqdim edilən sübutların mümkünlüyü və prosessual qanunvericiliyin tələblərindən bixəbər olduğunu göstərir. Belə ki, cehiz əşyalarının hansısa yaşayış sahəsində olmasını təsdiq edən fotoşəkillər cehiz sahibinin həmin yaşayış sahəsinə istifadə hüquqlarının mövcud olmasını sübut edən vasitə deyil. Bundan əlavə iddiaçının mübahisəli yaşayış sahəsinə heç bir hüquqları yaranmamışdır ki, onlar qeydiyyata alınsın, yəni bu o deməkdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün MM-nin 139-1-ci maddəsində göstərilən qanuni əsaslar yaranmamışdır. İddiaçının istinad etdiyi başqa bir maddənin MM-nin 146.1-ci maddəsinə istinad etməsinə gəldikdə isə bildirir ki, iddiaçının fərdi yaşayış evinin və torpağın mülkiyyətçisi ilə heç bir əqdi bağlanmamışdır ki, onu notariat qaydasında təsdiq etsin və əmlaka sahiblik və istifadə hüququ yaransın. İddiaçının istinad etdiyi MM-nin 152-ci, 157-ci, 158-ci, 159-cu maddələri mülkiyyətçinin və əmlaka digər hüquqları olan şəxslərin hüquqlarından bəhs edir. Lakin iddiaçının mübahisəli əmlaka heç bir hüquqları olmadığına görə bu maddələrə istinad etmək də yersiz və əsassızdır. Apellyasiya şikayətində qeyd edilən MM-nin 166-cı maddəsi sahiblik hüququndan bəhs etsə də, həmin maddədə “Daşınar əşyanın sahibi haqqında ehtimal”dan bəhs edilir, daşınmaz əmlakdan deyil. Yekun olaraq apellyasiya şikayətinin 6-cı bəndi MPM-nin 386-cı maddəsinin pozulmasını nəzərdə tutsa da, iddiaçı, bu maddənin pozulması ilə bağlı öz apellyasiya şikayətində heç bir məqamı göstərməmiş və sübut gətirməmişdir. MPM-nin 387.3-cü maddəsinə əsasən yalnız MPM-nin 387.2.1-387.2.9-cu maddələrində göstərilən prosessual pozuntular kobud pozuntular hesab olunur. Bu cür pozuntular isə hazırki işdə mövcud deyil. Digər tərəfdən iddiaçı MPM-nin 220-ci maddəsinin pozuntusundan da bəhs edir. Bu maddə isə qətnamənin məzmununa dair tələbləri nəzərdə tutur. Birinci instansiya məhkəməsinin qətnaməsinin məzmununa nəzər saldıqda həmin maddənin tələblərinə cavab verildiyini görmək olar. Bundan başqa məhkəməyə təqdim olunmuş bütün qanuni yollarla əldə olunmuş sübutlar məhkəmə tərəfindən diqqətlə və ətraflı araşdırılmış və tədqiq edilmişdir. İddiaçı MPM-nin 77-ci maddəsinə istinad etsə də, məhkəmə prosesində özü prosessual qanunuvericiliyin bu maddəsi ilə nəzərdə tutulan sübutetmə vəzifəsinə riayət etməmiş, vəsatətlər qaldırmamış, sübutetmə vəzifəsini məhkəmənin üzərinə yükləməyi düzgün hesab etmişdir. Son nəticədə iddiaçı hazırki absurd şikayəti irəli sürərək, eyni küçədə (Aşıq Pəri küçəsində) eyni torpaq üzərində tikilmiş fərdi yaşayış evinin əvvələr 14 saylı olması, sonradan ünvanlar Reyestrində dəyişilərək 27 saylı ev nömrəsi ilə qeydə alınmasını nəzərə almır, onun tərəfindən təqdim edilmiş sübutu (fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən sənədin) başqa bir evin sənədi kimi qələmə verərək, əsassız qətnamənin çıxarıldığını iddia edir. İddiaçı yaşayış evinin və torpağın mülkiyyətçisi olan Elmar Qarayevin mülki işə şahid qismində cəlb olunmamasından şikayət edir. Lakin iddiaçı məhkəmənin hazırlıq iclasında işə şahid qismində kiminsə dəvət olunması barədə vəsatət verməmişdir. Məhkəməni kimlərisə şahid qismində çağırmaq, sübut toplamaq kimi bir öhdəliyi yoxdur. Belə ki, mülki prosesdə sübutetmə yükü tərəflərin üzərindədir. Digər tərəfdən də, Elmar Qarayev məhkəmədə şahid qismində çıxış etsəydi belə, onun məhkəmədəki izahatları ilə iddiaçının yaşayış sahəsinə istifadə hüquq yaranmayacaqdı. Beləliklə, göründüyü kimi, məhkəmə burada heç bir pozuntuya yol verməmiş və qətnamənin ləğvi üçün əsas yaratmamışdır. İddiaçı eyni zamanda qeyd edir ki, iş üzrə cavabdeh olan Cavabdeh1 iştirakı məhkəmədə təmin olunmamışdır. Halbuki Cavabdeh1 iştirakı olmadan işə baxılmasına iddiaçı özü razılıq vermiş və burada heç bir ziddiyyətli məqam olmamışdır. İddiaçı qeyd edir ki, Sabunçu RİHB-nın Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından göründüyü kimi hazırda iddia etdiyi ünvan mövcuddur. Lakin həmin arayışda göstərilən ünvanı heç kim inkar etmir. İddiaçının məhkəməyə təqdim etdiyi arayış məhkəməyə heç bir əlavə və ya yeni məlumat vermir, iddia edilən ünvan isə onun və valideynlərinin yaşadığı ünvandır. Sadəcə olaraq əvvəllər ünvanlar reyestrində evin nömrəsi 14, indi isə 27 kimi qeyd olunub. Məlum olduğu kimi, bu cür dəyişikliklər təkcə onların evinin ünvanında deyil, şəhərin bir çox yerlərində baş verib. Həmin torpaq sahəsində olan bütün tikililər onunla iddiaçının evlənmə tarixindən əvvəl inşa və istifadə edilmişdir. Torpağın və tikililərin mülkiyyətçisi kimi atası onların istifadə etməsinə etiraz etməmiş, lakin bu o demək deyil ki, həmin əmlak onun və iddiaçının birgə əmlakıdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək və apellyasiya şikayətinə qarşı verilmiş etirazı qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
13. Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı etirazını müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının maddi vəziyyətini və yaşayış şəraitini nəzərə alaraq, onun, uşaqlarla birlikdə onlara məxsus olmaqla ünvan 9 ünvanında yerləşən iki mərtəbəli, beş otaqlı digər evlərinə köçməsinə razıdır. Həmin evdə bibisi yaşayır. Evin aidiyyəti otağının iddiaçıya verməyə və onun uşaqlarla birlikdə orada yaşamasına lazımi şərait yaratmağa hazırdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılmasını xahiş etmişdir.
14. 30 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evi onun mülkiyyətindədir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
22. Məhkəmə ilk olaraq qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülüb-köçürülməməsi bilavasitə fərdi yaşayış evinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, bu əmlakın hansı şəxsin mülkiyyətində (sahibliyində) olmasından, iddiaçının həmin fərdi yaşayış evinə hər hansı, o cümlədən istifadə hüququnun yaranıbyaranmamasından asılıdır. Belə ki, iddiaçının həmin evə cavabdehlə nikah bağladıqdan sonra onun arvadı olaraq köçməsi və bir neçə il orada yaşaması, hazırda onun həmin evə köçürülməsi üçün əsas ola bilməz.
23. Hazırki işin halları və apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmə kollegiyası vurğulayır ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi cavabdehlərdən hər hansı birinin deyil, daşınmaz əmlakın dövlət reyestrində aparılmış rəsmi qeydə əsasən xx.xx.2008-ci il tarixdən hazıradək üçüncü şəxs (cavabdehlərin müvafiq olaraq atası və əri) X6 (çıxarışda və Cavabdeh2 barədə məlumatlarda Elmar kimi göstərilsə də, söhbət eyni şəxsdən gedir) mülkiyyətindədir. İddiaçı mübahisəli fərdi yaşayış evinə onunla Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlandıqdan sonra köçmüş və 2011-2021-ci illərdə orada yaşamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsində yerləşən 27 nömrə ilə qeydə alınmış fərdi yaşayış evinin cavabdehlərin hər hansı birinin mülkiyyətində olması müəyyən edilmir. Verilmiş məlumata əsasən mübahisəli ev ilk olaraq 27 nömrəli olmuş, sonradan dəyişdirilərək, 14 nömrə ilə qeydə alınmışdır. Məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerində müayinə zamanı iddiaçının nümayəndəsi və vəkili iddiaçı ilə telefon (“whatsapp” sosial şəbəkə) vasitəsi ilə görüntülü əlaqə yaratmış və evi ona göstərdikdən sonra iddiaçı nikah bağlandıqdan sonra çıxarışda 14 nömrə ilə qeydə alınmış evə köçdüyünü və ona məxsus olan əşyaların hələ də həmin evdə qaldığını bildirmişdir. Bununla belə, iddiaçının köçürülməsini tələb etdiyi ev məhz 14 nömrə ilə qeydə alınmış və 2008-ci ildən üçüncü şəxs X6 mülkiyyətində olan evdir.
24. Lakin iddiaçı hazırki tələbini həmin evin mülkiyyətçisi olmayan şəxslərə qarşı irəli sürmüş və mövcudluğunu iddia etdiyi hüququnun reallaşmasını onlardan tələb edir. Lakin bu şəxslər həmin evə olan hüquqları baxımından onun qeyd edilən əmlaka köçməsi məsələsini həll etmək səlahiyyətinə malik deyillər. Hüquqi nəticə etibarı ilə cavabdehlər mövcud vəziyyətdə ümumiyyətlə hazırki iddiaya cavab verməli olan şəxs deyil. Bu da öz növbəsində iddiaçının mübahisəli evə hər hansı hüququnun olmasını (yaranmasını) araşdırmadan məhz qeyd edilən əsasla iddianın rədd edilməsini şərtləndirir.
25. Məhkəmə kollegiyası cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair ərizənin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarında belə bir məzmunlu ərizə mövcud deyil. Digər tərəfdən mübahisəli evə dair çıxarışın surəti iddia ərizəsinə etirazla birlikdə xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmiş, bundan sonra həmin etirazda və çıxarışda olan məlumatlar nəzərə alınmaqla iddia tələbi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında dəqiqləşdirilmiş, lakin bu barədə məlumatlı olmasına baxmayaraq, iddiaçı tərəf cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim edilməmişdir. Hətta Cavabdeh2 bu məlumatı da özündə əks etdirən izahatından sonra da bununla bağlı hər hansı tədbir görülməmişdir. Qeyd edilən məsələ ilə bağlı məhkəmə iclas protokoluna dair hər hansı qeyd də verilməmişdir.
26. Məhkəmə kollegiyası yerində müayinə zamanı mübahisəli evin yerləşdiyi torpaq sahəsi üzərində həmin evin arxa tərəfində ondan 30-40 metr aralıda başqa bir 2 mərtəbəli tikintinin olduğunu da müəyyən etdiyindən həmin tikinti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddiaçının bir müddət həmin tikintidə də yaşadığını bildirmişdir. Lakin iddiaçıya məxsus hər hansı əşyanın həmin tikintidə olması bildirilməmişdir. Digər tərəfdən həmin tikintiyə dair nəinki cavabdehlərin, ümumiyyətlə hər hansı digər şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, habelə bu tikintinin Cavabdeh2 vəsaiti hesabına inşa edildiyi müəyyən edilməmişdir. İddiaçı tərəf də bunun əksini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Başqa sözlə, bu tikinti də cavabdehlərin mülkiyyətində deyil və hüquqi vəziyyətinə görə özbaşına tikintidir.
27. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7126/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.