Məhkəmə qərarları › İş №2(103)-192/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-192/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-192/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh1 vəkili-nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(010)-6428/2018 saylı qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada İddiaçı ASC-in xeyrinə 24 iyul 2014-cü il tarixli 100.LN.2105.240714.00001 saylı kredit müqaviləsi üzrə 22594.08 manat faiz və 22594.08 manat cərimə olmaqla, cəmi 45188.16 manat və 17 aprel 2014-cü il tarixli 100.LN.2105.170414.00001 saylı kredit müqaviləsi üzrə 103.694.84 manat əsas, 57056.56 manat faiz və 41302.49 manat cərimə olmaqla, cəmi 202053.89 məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; tutmanın Cavabdeh2 mülkiyyətindəki Yer qazan Soilmec R-312 markalı yük avtomobilinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi; satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 və ”Cavabdeh3” MMC-dən ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6428/2018 saylı 28.12.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada iddiaçı “İddiaçı" ASC-in xeyrinə 17 aprel 2014-cü il tarixli 100.LN.2105.170414.00001 saylı kredit müqaviləsi üzrə 103694.84 manat əsas, 57056.56 manat faiz və 2000 manat cərimə olmaqla, cəmi 162751,4 AZN məbləğində borc və 24 iyul 2014-cü il tarixli 100.LN.2105.240714.00001 saylı kredit müqaviləsi üzrə 22594.08 manat faiz və 2000 manat cərimə olmaqla, cəmi 24594,08 manat olmaqla ümumilikdə 187345,48 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması,tutmanın Cavabdeh2 mülkiyyətindəki Yer qazan “Soilmec R-312” markalı yük avtomobilinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq cavabdehlərdən tələb edilən borcların ödənilməsinə yönəldilməsi,ipoteka predmetinin satışından artıq qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması qət edilmiş,iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onların Banka qətnamədə göstərilən məbləğ miqdarında borcu qalmamış, ona görə ki, götürülmüş iki kredit müqaviləsi üzrə ümumilikdə 340000 manat pul vəsaitindən 2017-ci il iyun ayına faizlə birlikdə 398000 manat pul vəsaiti ödənilən halda, Bank qanunsuz olaraq və Mərkəzi Bankın təlimatlarına uyğun olmayaraq, 07.03.2018-ci il tarixli məhkəməyə təqdim etmiş arayışından görünür ki, 100000 manat pul vəsaiti civarında onlara qarşı faiz və dəbbə pulu hesablanmışdır. Əsas məqam ondan ibarətdir ki, məhkəmə dəqiq məbləğ üzrə qərar qəbul etməmişdir və məhkəmə-mühasibatlıq ekspertizası keçirməmiş, yuxarıda qeyd edildiyi kimi Bank tərəfindən qanunsuz tərtib edilmiş arayışı əsas gətirərək, mülki-prosessual qanunvericiliyə uyğun olmayan qətnamə qəbul etmişdir. Bununla yanaşı, bankın əməkdaşları tərəfidən o aldanılaraq, 20 iyun 2017-ci il tarixdə yuxarıda qeyd edilən borcların bağlanması məqsədi ilə, ona məxsus əmlakı (evi) alqı-satqı ilə rəsmiləşdirib sataraq 167000 manata, həmin pul vəsaitini birbaşa Bankın hesabına alıcı tərəfindən keçirsə də, bank qanunsuz olaraq həmin məbləği özü istədiyi kimi israf edərək, yaranmış qanunsuz faiz və dəbbə puluna silmişdir. İddia ərizəsində və məhkəmənin qətnaməsində 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun olması göstərilsə də, 24 iyul 2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun “0”-a endirilməsinin göstərilməsi və həmin borc üzrə qanunsuz faiz və dəbbə pulunun hesablanması, birbaşa Bankın saxtakarlığı Mərkəzi Bankın təlimatları ilə aşkar sürətdə sübuta yetirilir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili-nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi H.Rəfiyev apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onları və nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyatorlara münasibətdə yoxlanılması təşkil edir. Digər tərəflər apellyasiya şikayəti vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, 17 aprel 2014-cü il tarixli 100.LN.2105.170414.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən illik 22% olmaqla, 36 ay müddətinə 170000 manat məbləğində kredit verilmişdir. 17 aprel 2014-cü il tarixli 100.CL.170414.00001/b saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 MMC 17 aprel 2014-cü il tarixli 100.LN.2105.170414.00001 saylı kredit müqaviləsi üzrə öhdəliyin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 24 iyul 2014-cü il tarixli 100.LN.2105.240714.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən illik 22% olmaqla, 33 ay müddətinə 170000 manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus “Yer qazan Soilmec R- 312” markalı yük avtomobili 100.CL.170414.00001/a saylı, 17 aprel 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə 1 saylı Əlavə ilə ipoteka ilə yüklü edilmiş əmlak – “Yer qazan Soilmec R-312” markalı yük avtomobili 350.000 manat məbləğində qiymətləndirilmişdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı əsasında müəyyən edilmişdir. Buna baxmayaraq məhkəmə kollegiyasının 02 aprel 2019-cu il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2019-cu il tarixli 11490 saylı ekspert rəyinə əsasən, 17 aprel 2014-cü il tarixli kredit müqavilə üzrə öhdəliklərin icrasının sonuna, yəni, 17 aprel 2017-ci il tarixə 105.690,13 manat əsas borc, 41.274,69 manat faiz borcu, cəmi 146.994,82 manat müyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında əsas borc 103694,84 manat, faiz borcu isə 57056,56 manat təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə bank tərəfindən ödənilməsi tələb olunan əsas borc məbləğinin çox, faiz borcunun isə az hesablandığı müəyyən olunmuşdur. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil apellyator tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88-ci maddələri). Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin kredit borcu üzrə faiz borcunun ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi faiz borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Buna baxmayaraq, kollegiya qeyd edir ki, iddiaya tələbdə göstərilən həddə baxıldığından əsas borcunun ekspert rəyində göstərilən məbləğdə nəzərə alınması hüquqmüəyyənlik prinsipinə ziddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən Banka ödənilməmiş faiz borcu 41.274,69 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi maliyy arayışından görünür ki, qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddəti bitdikdən sonra 10.000 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, qeyd olunan kredit müqaviləsi üzrə cəmi 144.969,53 manat (103.694,84+41.274,69=144.969,53) borcdan müqavilə üzrə öhdəliklərin icrasının müddəti bitdikdən sonra ödənilmiş 10.000 manat çıxılmaqla, ümumi borc 134.969,53 manat müəyyən edilməlidir. İddianın cərimə borcu hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müqavilə üzrə ağlabatan vəədalətli məbləğdə cərimə borcu müəyyən etmişdir. Kollegiya 24 iyul 2014-cü il tarixli kredit müqaviləsi ilə bağlı qeyd edir ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2019-cu il tarixli 11490 saylı ekspert rəyinə əsasən, həmin müqavilə üzrə faiz borcu 19.031,26 manat müəyyən edilmişdir. Belə olan halda 24 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcunun məbləği 19.031,26 manat müəyyən edilməlidir. Belə ki, qeyd olunan rəyin mötəbərliyinə 24 iyul 2014-cü il tarixli müqavilə üzrə mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. İddianın cərimə borcu hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cərimə borcu əsas borca mütənasib hesablandığından, qeyd olunan müqavilə üzrə isə əsas borc müəyyən edilmədiyindən, 24 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimə borcu müəyyən edilə bilməz. Belə olan halda 24 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə hesablanmış cərimə borcu silinməlidir. Bundan başqa kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, həmin daşınar əmlakın açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməsi barədə düzgün nəticəyə gəlsə də, ipoteka predmetərinin ilkin satış qiyməti müəyyənləşdirilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka müqaviləsi bağlanarkən “Yer qazan Soilmec R-312” markalı yük avtomobilinin bazar dəyəri 350.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair “xxxx” MMC-nin QXM/281-M saylı 29.01.2020-ci il tarixli rəyinə əsasən, bağlanarkən “Yer qazan Soilmec R-312” markalı yük avtomobilinin bazar dəyəri 80.000 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, bağlanarkən “Yer qazan Soilmec R-312” markalı yük avtomobilinin hazırkı dövrə olan bazar dəyəri ekspert rəyi ilə müəyyən edildiyindən, “Yer qazan Soilmec R-312” markalı yük avtomobilinin bazar dəyəri 80.000 manat müəyyən edilməlidir. Bundan əlavə, kollegiya qeyd edir ki, apellyatorlar öz apellyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş pozuntular barədə qeydlər etsələr də, mülki işin materialları ilə birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntular müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat apellyatorlar Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentlinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(010)-6428/2018 saylı qətnaməsi qismən ləğv edilməli, “xxxx” ASC-nin xeyrinə 17 aprel 2014-cü il tarixli 100.LN.2105.170414.00001 saylı kredit müqaviləsi üzrə tutulmalı olan ümumi borc 134.969,53 manat; 24 iyul 2014-cü il tarixli 100.LN.2105.240714.0001 saylı kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcu 19.031,26 manat müəyyən edilməli, Cavabdeh2 mülkiyyətində olan “Yer qazan Soilmec R-312” markalı yük avtomobilinin bazar dəyəri isə 80.000 manat müəyyən edilməli; məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat apellyatorlar Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(010)-6428/2018 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçının xeyrinə 17 aprel 2014-cü il tarixli 100.LN.2105.170414.00001 saylı kredit müqaviləsi üzrə tutulmalı olan ümumi borc 134.969,53 manat; 24 iyul 2014-cü il tarixli 100.LN.2105.240714.0001 saylı kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcu 19.031,26 manat müəyyən edilsin. Cavabdeh2 mülkiyyətində olan “Yer qazan Soilmec R-312” markalı yük avtomobilinin bazar dəyəri isə 80.000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat apellyatorlar Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentlinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar