Məhkəmə qərarları › İş №2(103)-192/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-192/2022

22.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-192/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X6 və inşaat” MMC-yə, “X6 və İnşaat” MMC-nin cavabdehlər İddiaçı, Dəmir Zəhraya, Dəmir Barışa və Çelik Esmaya qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qeyri-yaşayış binasından məcburi çıxarılması və həmin binada olan ona məxsus avadanlıqların geri qaytarılması, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Dəmir Zəhranın, digər cavabdeh Barış Demirin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər “X6 və İnşaat” MMC-yə, Dəmir Zəhraya, Dəmir Barışa və Çelik Esmaya qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış binasından qanunsuz istifadə və sahiblik edən cavabdehlərin həmin qeyri-yaşayış binasından məcburi çıxarılması və həmin binada olan ona məxsus avadanlıqların geri qaytarılması” tələbinə dair ilkin, iddiaçı “X6 və İnşaat” MMC-nin cavabdehlər İddiaçı, Dəmir Zəhraya, Dəmir Barışa və Çelik Esmaya qarşı şirkətə məxsus avadanlıqlara dair müdaxilələrin cavabdehlərə qadağan edilməsi və avadanlıqların Şirkətin mülkiyyətində (sahibliyində və istifadəsində) saxlanılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-38/2019 saylı, 14 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı, cavabdehlər Dəmir Barış, Dəmir Zəhra və Esma Çelik tərəfindən ayri-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları : "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi Dəmir Barış olmuşdur. Dəmir Barış, Dəmir Zəhra və Çelik Esma şirkətin əvvəlki payçıları olmuşdur. xx.xx.2017-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən Demir Zəhra, Demir Barış və Çelik Esma cəmiyyətdə sahib olduqları paylarını X1. Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 2135-ci məhəllə, 11 “A” ünvanda yerləşən ümumi sahəsi 1277,6 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi 10 dekabr 2013-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 2135-ci məhəllə, 11 “A” ünvanda yerləşən ümumi sahəsi 1277,6 kv.metr təşkil edən qeyri-yaşayış sahəsində fəaliyyət göstərmişdir. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “X6 və inşaat” MMC-yə qarşı (üçüncü şəxslər: Dəmir Zəhra, Dəmir Barış və Çelik Esma) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 2135ci məhəllə 11A ünvanda yerləşən qeyri-yaşayış binasını zəbt edən "xxxx" MMC-nin və Türkiyə vətəndaşları Dəmir Barış, Dəmir Zəhra və Çelik Esmanın qeyri-yaşayış binasından məcburi çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq onun sahibliyinə və istifadəsinə qaytarılması və adi mülki dövriyyə şəraitində əldə etməli olduğu gəlirlərdən məhrum olmasına görə vurulmuş maddi ziyan kimi 263.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi, qeyri-yaşayış binasında yerləşən ona məxsus suvarka (qaynaq) aparatı, dəmir kəsən aparatlar, metal aksessuarlar, müxtəlif metaldan hazırlanmış məhsulların hazırlanmasında istifadə olunan avadanlıqlar, nərdivan birləşmələri, hazır vaqon ofislər və s. avadanlıqların mülkiyyətinə (sahibliyinə və istifadəsinə) geri qaytarılması və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh “X6 və İnşaat” MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlkin iddia onunla əsaslandırılmışdır ki, öz mülkiyyətindən istifadə edə bilmir. Çünki cavabdeh “X6 və İnşaat” MMC bir müddət öncə ona məxsus qeyri-yaşayış binasının istifadəsi ilə bağlı görüşlər keçirmiş və ilkin razılıq olaraq qərara alınmışdır ki, cavabdeh “X6 və İnşaat” MMC ilə icarə müqaviləsi yox, birgə fəaliyyət haqqında müqavilə bağlansın və bu müqavilə əsasında cavabdeh həmin qeyri-yaşayış binasından və həmin binada olan ona məxsus suvarka (qaynaq) aparatı, dəmir kəsən aparatlar, metal aksessuarlar, müxtəlif metaldan hazırlanmış məhsulların hazırlanmasında istifadə olunan avadanlıqlar, nərdivan birləşmələri, hazır vaqon ofislər və s. avadanlıqlardan istifadəyə görə heç bir haqq ödənilməyəcək və fəaliyyət nəticəsində əldə olunan gəlir 50/50 nisbətində bölünəcəkdir. Cavabdehlə razılaşmaya əsasən onlar onun mülkiyyətində olan qeyri-yaşayış binası və avadanlıqlarla tanış olub əlavə özləri üçün lazım olacaq şəraiti tənzimləmək üçün 1 (bir) aydan sonra rəsmi müqavilə bağlanaraq fəaliyyətə başlasınlar. Ancaq artıq 2 (iki) aydan çox müddət keçməsinə baxmayaraq, cavabdeh “X6 və İnşaat” MMC və şirkətin keçmiş təsisçiləri olan Dəmir Zəhra, Dəmir Barış və Çelik Esma onunla nəinki müqavilə bağlamır və pul ödəmir, hətta onun mülkiyyətinə sahiblənərək həmin qeyri-yaşayış sahəsindən və avadanlıqlardan qanunsuz istifadə edirlər. Dəfələrlə onlara bu barədə xəbərdarlıq etməsinə baxmayaraq, onlar onun heç bir müraciətinə məhəl qoymamışlar.

3. “X6 və İnşaat” MMC cavabdehlər İddiaçı, Dəmir Zəhraya, Dəmir Barışa və Çelik Esmaya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şirkətə məxsus avadanlıqlara dair müdaxilələrin cavabdehlərə qadağan edilməsi və suvarka (qaynaq) aparatı, dəmir kəsən aparatlar, metal aksessuarlar, müxtəlif metaldan hazırlanmış məhsulların hazırlanmasında istifadə olunan avadanlıqlar, nərdivan birləşmələri, hazır vaqon ofislər və s. - avadanlıqların Şirkətin mülkiyyətində (sahibliyində və istifadəsində) saxlanılması və ödənilmiş 20 manat dövlət rusumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binası ilkin iddiaçının mülkiyyətində olsa da, bir müddət Şirkət olaraq onlar həmin ünvanda fəaliyyət göstərmişlər. Həmin ünvanda fəaliyyət göstərməkləri üçün İddiaçı ilə rəsmi icarə müqaviləsi bağlanmasa da, qeyri-rəsmi olaraq razılaşmışlar ki, onlar həmin ünvanda fəaliyyət göstərərək “birgə fəaliyyət haqqında ” müqavilə bağlayacaq və əldə edəcəkləri gəlir aralarında bölünəcəkdir. Həmin qeyri-yaşayış binasında olan bütün avadanlıqlar ”X6 və İnşaat” MMC-yə məxsusdur. Həmin avadanlıqların nə ilkin İddiaçı Hüseynqulu oğluna, nə də ki Şirkətin keçmiş təsisçisi olmuş Dəmir Barışa və onun ailəsinə heç bir aidiyyatı yoxdur. Məhz razılaşma da ona dəlalət edir ki, Şirkət avadanlıqları ilə həmin ünvanda faəliyyət göstərəcək və icarə haqqı verilməyəcək, əldə olunacaq gəlir isə 50/50 nisbətində İddiaçı ilə bölünəcəkdir. Məhz bu razılaşma hətta Şirkətdəki təsis payları cavabdehlər Dəmir Barış və ailəsindən alarkən ilkin olaraq onlarla olmuş şirkətin direktoru X5 isə bu söhbətlərdə Şirkətin yeni təsisçisi və rəhbəri olaraq davam etdirmişdir. Ancaq o, Şirkəti cavabdehlər Dəmir Barış və ailəsindən alarkən Şirkətin 310.000 manatdan artıq təminatsız kredit öhdəlikləri olduğundan və Şirkətin fəaliyyətini hazırki iqtisadi vəziyyətdə düzəltmək çətinləşdiyindən, eləcə də, Şirkətin keçmiş təsisçiləri ilə mübahisələr yarandığından ilkin iddiaçı ilə rəsmi qaydada heç bir müqavilə bağlanmamış və ona pul ödənilməmişdir. Sonradan şirkətin direktoru X2 başqa əsaslarla həbs edilməsindən istifadə edən Dəmir Barış və ailəsi Şirkəti onun balansında olan bütün avadanlıqlarla birlikdə ona satmaqlarına baxmayaraq, Şirkəti və eləcə də onun bütün avadanlıqlarını ələ keçirmişdir. İlkin İddiaçı məxsus qeyri-yaşayış sahəsində də hazırda onlar fəaliyyət göstərirlər. Şirkət olaraq onlar həmin ünvanda olan avadanlıqlardan qanunsuz olaraq məhrum olmuşlar.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-38/2019 saylı, 14 yanvar 2019- cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) ilk iddia qismən təmin edilərək, cavabdehlər “X6 və inşaat” MMC, Dəmir Zəhra, Dəmir Barış və Çelik Esmanın mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 2135-ci məhəllə 11A ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması qət edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə, "İcarə haqqında" Azərbaycan Respublikasının Qanununun 1, 7 və Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin bilavasitə mülkiyyətçisidir. Cavabdehlərin həmin mübahisəli ərazidə fəaliyyət göstərmələri sübut edilsə də, oranın qanunsuz zəbt edilməsi faktı iddiaçı tərəfindən sübut edilməmişdir. Yəni, cavabdeh şirkətin yeni təsisçisi X5, Dəmir Barış, onun ailəsi və işçiləri həmin binaya iddiaçının razılığı ilə daxil olmuş və faəliyyət göstərmişlər. Sonra münasibətləri pozulduğuna görə İddiaçı cavabdehlər və digər şəxslərdən ona məxsus mülkiyyəti tamamilə boşaltmağı tələb etsələr də, onlar mülkiyyətçinin tələbini könüllü şəkildə icra etməmişlər. Cavabdehlər isə mülkiyyətçi ilə onun daşınmaz əmlakına daxil olma, əvəzli və ya əvəzsiz qaydada istifadə etməyə dair hər hansı rəsmi razılaşmanı məhkəməyə təqdim edə bilməmişlər. Cavabdehlər mübahisəli qeyri-yaşayış sahəsini zəbt etməmiş, iddiaçının razılığı ilə orada fəaliyyət göstərmişlər. Belə olan halda, iddiaçının cavabdehlərdən əldən çıxmış fayda olaraq hər hansı məbləği tələb etməsinin hüquqi əsası yoxdur.

7. Məhkəmə eyni zamanda qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı suvarka (qaynaq) aparatı, dəmir kəsən aparatlar, metal aksessuarlar, müxtəlif metaldan hazırlanmış məhsulların hazırlanmasında istifadə olunan avadanlıqlar, nərdivan birləşmələri, hazır vaqon ofislər və.s – avadanlıqların “X6 və İnşaat” MMC-nə məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən qarşılıqlı iddia təmin edilə bilməz.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. “X6 və inşaat” MMC qətnamədən apellyasiya şikayəti verməmiş, onunla razılaşmışdır.

9. Həmin qətnamədən iddiaçı və cavabdehlər Dəmir Barış, Dəmir Zəhra və Esma Çelik ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

10. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işin təkcə birinci instansiyada baxılma müddəti dayandırmalar nəticəsində bir il yeddi ay olmuşdur ki, həmin müddətdə də cavabdehlər onun obyektindən istifadə etmiş və külli miqdarda gəlir əldə etmişlər.

11. Cavabdehlər Dəmir Barış, Dəmir Zəhra və Esma Çelik ayrı-ayrılıqda apelyasiya şikayətləri versə də, onlar mahiyyət etibarı ilə eyni olan şikayətlərində qeyd etmişlər ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilib. xx.xx.2017-ci ildən MMC-də olduğu təsis paylarını satdıqlarından MMC-də təsisçi olaraq iştiraklarına xitam verilib. Paylar satıldıqdan sonrakı dövrlərdə mübahisəli qeyri-yaşayış sahəsində hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıblar.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) Demir Barış, Demir Zehra və Esma Çelik tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi qismən “X8 ve İnşaat” MMCnin iddiaçıya məxsus qeyri-yaşayış binasından çıxarılması və ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək ilkin iddia tələbinin qismən təmin edilib “X8 ve İnşaat” MMC-yə münasibətdə qeyri-yaşayış sahəsindən çıxarılması tələbi rədd edilmişdir. Həmin qətnamə ilə qeyri-yaşayış binasında yerləşən iddiaçıya məxsus qaynaq aparatı, dəmir kəsən aparatlar, metal aksessuarlar, müxtəlif metal məhsulların hazırlanmasında istifadə olunan avadanlıqlar, nərdivan birləşmələri, hazır vaqon ofislər və sair avadanlıqların İddiaçı sahiblik və istifadəsinə qaytarılması və əldən çıxmış faydaya görə 263.000 manatın müştərək qaydada Demir Barış, Demir Zehra və Esma Çelikdən alınaraq İddiaçı verilməsi, qətnamənin Demir Barış, Demir Zehra və Esma Çelikə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi Dəmir Barış, Esma Çelik və Dəmir Zəhranın qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh “X6 və inşaat” MMC-nin iddiaçıya məxsus qeyri-yaşayış sahəsində hüquqi şəxs olaraq mövcud olmadığından qətnamənin cavabdeh MMC-nin həmin qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində əsassız, cavabdehlər Dəmir Barış, Dəmir Zəhra və Esma Çelikin qeyri-yaşayış sahəsində qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edildiyindən maddi zərər hissəsində əsaslı saymışdır. Kassasiya instansiyası məhkəməsində icraat

14. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5172/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh Demir Barışın kassasiya şikayəti təmin, Demir Zehranın kassasiya şikayəti isə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 11 dekabr 2019-cu il tarixli qətnaməsi cavabdehlər Demir Barış, Demir Zehra və Çelik Esmanın İddiaçı məxsus qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsində olan avadanlıqların İddiaçı mülkiyyətinə qaytarılması və əldən çıxmış faydaya görə ziyanın ödənilməsi tələbinə dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddiaçının apellyasiya şikayətini müdafiə, cavabdehlərin apellyasiya şikayətlərinə isə etiraz edərək iddiaçının apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında cavabdeh Barış Demirin nümayəndəsi və vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 11 dekabr 2019-cu il tarixli qətnaməsi cavabdehlər Demir Barış, Demir Zehra və Çelik Esmanın İddiaçı məxsus qeyri-yaşayış sahəsindən çıxarılması, qeyriyaşayış sahəsində olan avadanlıqların İddiaçı mülkiyyətinə qaytarılması və əldən çıxmış faydaya görə ziyanın ödənilməsi tələbinə dair hissədə ləğv edildiyindən apellyasiya baxışının predmetini qətnamənin həmin hissələrdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli və ilkin iddia qismən təmin edilməli, cavabdeh Barış Demirin apellyasiya şikayəti təmin edilməməli, digər cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməlidir.

29. Kollegiya bu nəticəyə gələrkən aşağıdakılara əsaslanır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə xx.xx.2020-ci il tarixli qərarında göstərmişdir ki, cavabdehlər Demir Barış, Demir Zehra və Çelik Esmaya münasibətdə iddianın təmin olunmasını, yəni onların qeyri-yaşayış sahəsindən çıxarılmasını əsaslı sayıb qətnaməni dəyişdirmədən saxlayarkən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmamış və onların müəssisəni satdıqları vəziyyətdə qeyri-yaşayış sahəsində qalmağa davam etmələrini təsdiq edən heç bir sübuta istinad etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin avadanlıqlara iddia edənlərin hər birinin dəlillərini və sübutlarını tam və hərtərəfli tədqiq etmədən yalnız İddiaçı sözləri əsasında avadanlıqların ona məxsus olması barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı dəymiş ziyanın 263.000 manat təşkil etməsi barədə nəticəyə gəlib iddianı həmin məbləğdə təmin edərkən həmin ziyanın məhz hansı müddət üçün hesablanmasını aydınlaşdırmamışdır. Belə ki, məhkəmə iddia ərizəsinin məzmunundan tərəflər arasında birgə fəaliyyət haqqında razılaşmanın təxminən iyun 2017-ci ildə bağlanmasının ehtimal olunduğunu, habelə hazırkı işə baxan Nərimanov rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə cavabdehlərə qeyri-yaşayış sahəsində olan avadanlıqlardan istifadənin qarşısının alındığını nəzərə almalı və bundan sonra tələb olunan ziyanın məbləğini dəqiqləşdirməli idi.

31. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

32. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, hazırkı mübahisə İddiaçı məxsus qeyri-yaşayış sahəsindən “X8 ve İnşaat” MMC tərəfindən birgə fəaliyyət məqsədi ilə istifadə olunması ilə əlaqədar yaranmışdır. MMC-nin təsisçiləri 2017-ci ilin mart ayına kimi Demir Barış, Demir Zehra və Çelik Esma olmuş və onların həmin müəssisədəki payları M.B.Tağıyevə satılmışdır. Hazırkı mübahisə ilə əlaqədar İddiaçı tərəfindən iddia tələbi həm MMC-yə, həm də keçmiş təsisçiləri olmuş Demir Barış, Demir Zehra və Çelik Esmaya qarşı yönəlmişdir.

33. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. Hazırkı iş üzrə İddiaçı tələbi cavabdehlərin ona məxsus qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsində olan avadanlıqların mülkiyyətinə qaytarılması və əldən çıxmış faydaya görə ziyanın ödənilməsi barədədir.

35. Kollegiya iddiaçının ilkin olaraq cavabdehlərin ona məxsus qeyri-yaşayış sahəsindən çıxarılmasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir:

36. İddiaçı bu tələbini cavabdehlərin ona məxsus qeyri-yaşayış sahəsindən qanunsuz istifadə etməsi ilə əsaslandırmış və tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.2, 21-ci maddələrinə istinad etmişdir.

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç əsas şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Ona görə də, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət, özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

38. Kollegiya nəzərə alır ki, hazırkı mübahisə üzrə tələbin əsaslılığına qiymət vermək üçün ilk növbədə cavabdehlərin hüquqa zidd hərəkətlərinin nədə ifadə olunması, həmin hərəkətlərin qanuni olub-olmaması araşdırılmalıdır.

39. İddiaçı iddia edir ki, cavabdeh “X6 və İnşaat” MMC ilə icarə müqaviləsi yox, birgə fəaliyyət haqqında müqavilə bağlanması və bu müqavilə əsasında cavabdeh həmin qeyriyaşayış binasından və həmin binada olan ona məxsus avadanlıqlardan istifadəyə görə heç bir haqq ödənilməyəcəyi və fəaliyyət nəticəsində əldə olunan gəlirin 50/50 nisbətində bölünəcəyi, 1 (bir) aydan sonra rəsmi müqavilə bağlanaraq fəaliyyətə başlamaqları barədə razılığa gəlmişlər. Lakin 2 (iki) aydan çox müddət keçməsinə baxmayaraq, cavabdeh “X6 və İnşaat” MMC və şirkətin keçmiş təsisçiləri olan Dəmir Zəhra, Dəmir Barış və Çelik Esma onunla nəinki müqavilə bağlamır və pul ödəmir, hətta onun mülkiyyətinə sahiblənərək həmin qeyri-yaşayış sahəsindən və avadanlıqlardan qanunsuz istifadə edirlər.

40. Cavabdehlər isə iddianı qəbul etməyərək, xx.xx.2017-ci ildən MMC-də olan təsis paylarını satdıqlarından sonrakı dövrlərdə mübahisəli qeyri-yaşayış sahəsində hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını bildirmişlər.

41. İş materialarından görünür ki, İddiaçı iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizə verərək mübahisəli ünvanda yerləşən ona məxsus avadanlıqların, hazır vaqon ofislərin və s. siyahıya alınaraq üzərinə həbs qoyulması və cavabdehə həmin əşyaların özgəninkiləşdirilməsi, dağıdılması, istifadəsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.

42. Həmin qərardaddan üçüncü şəxs (hazırda cavabdeh) Barış Demir şikayət vermiş, şikayətini cavabdehin fəaliyyətinin xx.xx.2017-ci ildə dayandırıldığı, məhkəmənin əmlak üzərinə həbs qoymaqla və avadanlıqların istifadəsini cavabdehə qadağan etməklə, bütün sahibkarlıq fəaliyyətinin dayanması, digər şirkətlərlə bağladığı müqavilələr üzrə müqavilə öhdəliklərini vaxtında icra edə bilməməsi, obyektdə çalışan 15-ə yaxın işçinin əmək haqqını verə bilməməsi ilə əsaslandırmışdır.

43. Göründüyü kimi, cavabdeh Barış Demir özünün verdiyi şikayətdə “bütün sahibkarlıq fəaliyyətinin dayandığı, digər şirkətlərlə bağladığı müqavilələr üzrə müqavilə öhdəliklərini vaxtında icra edə bilmədiyini” bildirməklə, 2017-ci ilin avqust ayında qeyri-yaşayış sahəsinin onun istifadəsində olduğunu faktiki olaraq etiraf etmişdir. Halbuki, 2017-ci ilin mart ayından etibarən MMC-nin təsisçiləri təsis payını M.Tağıyevə satmışlar. Göstərilən dəlillər, Barış Demirin müəssisəni satdığı vəziyyətdə belə, qeyri-yaşayış sahəsində qalmaqla orada istehsalat fəaliyyətini davam etməsini təsdiq edir.

44. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Barış Demirin göstərilən faktları etiraf etməsi iddiaçını mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etdiyi faktını sübut etmək vəzifəsindən azad edir.

46. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı cavabdeh Barış Demirin qeyri-yaşayış sahəsindən MMC-dəki təsis payını özgəninkiləşdirdikdən sonra da istifadə etməsini sübuta yetirdiyindən birinci instansiya məhkəməsi Barış Demirin mübahisəli qeyriyaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması hissəsində düzgün nəticəyə gəlmişdir.

47. Lakin Kollegiya Rayon Məhkəməsinin cavabdehlər Demir Zehra və Çelik Esmanın qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir.

48. Belə ki, işin yeni apellyasiya baxışı zamanı Zehra Demir 4 azyaşlı uşağının olduğunu, onlara qulluq etdiyini, müəssisənin fəaliyyətində iştirak etmədiyini, təsisçilər siyahısında formal olaraq özünün və bacısı Esma Çelikin qeyd olunduğunu, faktiki olaraq müəssisəni həyat yoldaşı Barış Demirin işlətdiyini, Barış Demirin hazırda Qarabağda aparılan bərpa işlərində fəaliyyət göstərdiyini bildirmişdir.

49. Cavabdehin göstərilən məzmunda izahatına qarşı tərəf etiraz etsə də, bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

50. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Demir Zehra və Esma Çelikin mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir.

51. Kollegiya iddiaçının ikinci – qeyri-yaşayış sahəsində olan avadanlıqların mülkiyyətinə qaytarılması tələbinə münasibətdə aşağıdakıları qeyd edir.

52. İşdən görünür ki, mübahisə predmeti olan istehsal avadanlıqlarına həm İddiaçı, həm MMC-nin keçmiş təsisçisi olmuş cavabdeh Demir Barış, həm də MMC-nin özü iddia etmişlər.

53. Bununla bağlı kollegiya qeyd edir ki, göstərilən avadanlıqların cavabdeh Demir Barışın istifadəsində olmasını iddiaçı mübahisələndirməsə də, bu avadanlıqların ona məxsus olmasını iddia etdiyindən, həmin hissədə iddianı sübut etmək yükü də iddiaçının üzərinə düşür. Lakin iddiaçı həmin avadanlıqların ona məxsus olmasını təsdiq edən hər hansı bir sübutu (onların əldə edilməsinə dair sənədlər, şahid ifadələri, qeyd edilən avadanlıqların cavabdehin istifadəsinə verilməsinə dair yazılı razılaşma və s.) məhkəməyə təqdim edə bilməmişdir.

54. Kollegiya hesab edir ki, avadanlıqların iddiaçıya məxsus qeyri-yaşayış sahəsində olması faktı özü-özlüyündə həmin avadanlıqların binanın mülkiyyətçisinə məxsus olmasını ehtiva etmir. Belə ki, həmin avadanlıqlar daşınar əşya olmaqla, iddiaçıya məxsus binanın ayrılmaz hissəsi deyil və bir ünvandan digərinə asanlıqla daşınması və quraşdırılması mümkündür.

55. Belə olan halda, kollegiya həmin avadanlıqların iddiaçıya məxsus olması və onun mülkiyyətinə qaytarılması hissəsində iddianı əsassız hesab edir və birinci instansiya məhkəməsinin iddianı həmin hissədə rədd etməsi ilə bağlı gəldiyi nəticəni düzgün desab edir.

56. Kollegiya İddiaçının üçüncü - əldən çıxmış faydaya görə 263.000 manat pulun ödənilməsi tələbinə münasibətdə aşağıdakıları qeyd edir.

57. Birinci instansiya məhkəməsi əldən çıxmış faydanın ödənilməsi hissəsində belə qənaətə gəlmişdir ki, cavabdehlər mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 2135-ci məhəllə 11A ünvanda yerləşən qeyri-yaşayış sahəsini zəbt etməmiş, iddiaçının razılığı ilə orada fəaliyyət göstərmişlər. Belə olan da, iddiaçının cavabdehlərdən əldən çıxmış fayda olaraq hər hansı məbləği tələb etməsinin hüquqi əsası yoxdur.

58. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini işin hallarına uyğun hesab etmir.

59. Belə ki, MMC 2017-ci ilin mart ayına kimi Demir Barış, Zehra Demir və Çelik Esmanın, ondan sonra isə M.Tağıyevin mülkiyyətində olmuşdur. M.Tağıyevin qarşılıqlı iddia ərizəsindən görünür ki, onun tərəfindən də qeyri-yaşayış sahəsi istifadə olunmuşdur. İddiaçı iddia ərizəsinin məzmunundan görünür ki, birgə fəaliyyət barədə müqavilənin bağlanması barədə razılaşmadan 2 aydan çox müddətin keçməsinə baxmayaraq, şirkət tərəfindən onunla müqavilə bağlanmadığından o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi isə işdən göründüyü kimi məhkəməyə 14 avqust 2017-ci il tarixdə təqdim olunmuşdur. Belə olduqda ehtimal olunur ki, birgə fəaliyyət barədə razılaşma onların arasında təxminən 2017-ci ilin iyun ayında olmuşdur. Cavabdeh Barış Demir 2017-ci ilin iyun ayından həmin ilin avqust ayınadək (2 aylıq müddət) qeyriyaşayış sahəsindən istifadə etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə qeyri-yaşayış sahəsində olan avadanlıqlardan istifadə edilməsi cavabdehlərə qadağan olunmuş, həmin qərar dərhal icra olunmaqla, cavabdehlərin qeyri-yaşayış sahəsindən istifadələrinin qarşısı alınmışdır. Yalnız Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə qeyri-yaşayış sahəsindəki avadanlıqların özgəninkiləşdirilməsi və dağıdılması cavabdehlərə və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə qadağan edildikdən və bu qərar icraya yönəldikdən sonra cavabdeh mübahisəli qeyriyaşayış sahəsindən istifadəni bərpa etmişdir. Qərardan göründüyü kimi cavabdehlərə yalnız avadanlıqların özgəninkiləşdirilməsi və dağıdılması qadağan edilmiş, istifadələrinə məhdudiyyət qoyulmamışdır. İddiaçı xx.xx.2018-ci il ildə iddia ərizəsinə əlavə və dəqiqləşdirilmə təqdim etmiş və tələbin həcmini 263.000 manata artırmışdır. Beləliklə, müəyyən olunur ki, cavabdeh Demir Barış qeyri-yaşayış sahəsindən 2017-ci ilin iyun ayından başlamaqla 2 ay ərzində, habelə 2018-ci ilin fevral ayından həmin ilin avqust ayınadək olan 6 aylıq müddət ərzində qanunsuz istifadə etmişdir.

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

61. İş üzrə tərəflərin öz təşəbbüsü ilə, həmçinin, məhkəmənin təyin etdiyi qiymətləndirici təşkilatlar tərəfindən 6 rəy təqdim olunmuşdur.

62. Birinci instansiya məhkəməsi tərəfindən rəyi alınmış “X12” MMC tərəfindən tərtib edilmiş Əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 2135-ci məhəllə, 11A ünvanda yerləşən qeyri-yaşayış sahəsinin bir aylıq icarəsinin hazırki dövrə bazar qiyməti 14.000 manat təşkil edir.

63. Mülki iş materiallarına olan iddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş 105 nömrəli 06 aprel 2018-ci il tarixli rəydən görünür ki, mübahisəli daşınmaz əmlakın icarə haqqının orta bazar qiyməti 1 ay üçün 16.600 (on altı min altı yüz) manatdır.

64. İşin yeni apellyasiya baxışı zamanı cavabdeh Zehra Demir tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli rəyi ilə mübahisəli əmlakın 2018-2020-ci illər üçün aylıq icarə haqqı yuvarlaq şəkildə 3850 manat təşkil edir.

65. Yeni apellyasiya baxışı zamanı məhkəmə qərardadı əsasında rəyi alınmış "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyi ilə qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 13.415 manat təşkil edir.

66. Yeni apellyasiya baxışı zamanı məhkəmə qərardadı əsasında rəyi alınmış "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən mübahisəli əmlakın 2017-ci il üçün icarə haqqı 4855, 2018-ci il üçün 4983, 2019-cu il üçün 5110, 2020-ci il üçün 4982, 2021-ci il üçün 5494, 2022-ci il üçün 5749 manat təşkil edir.

67. Yeni apellyasiya baxışı zamanı məhkəmə qərardadı əsasında rəyi alınmış “X3 Company” MMC-nin xx.xx.2022-ci il tarixli rəyi ilə qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 2017-ci il üçün 4200, 2018-ci il üçün 4400, 2019-2020-ci illər üçün 5000, 2020-2021-ci il üçün 4000, 2021-2022-ci illər üçün 5600 manat təşkil edir.

68. Kollegiya qeyd edilən rəylərin arasında "xxxx" MMC-nin rəyini daha dolğun, mötəbər və işin hallarına uyğun hesab edir. Belə ki, "xxxx" MMC-nin rəyi oxşar ərazidə, oxşar obyektlərlə müqayisəli tədqiqat əsasında, dəqiq araşdırma aparılmaqla tərtib edilmişdir. Kollegiya iddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin rəyində göstərilmiş rəqəmləri şişirdilmiş qəbul edir və iş üzrə təqdim olunmuş digər rəylərlə müqayisədə mötəbərliyini şübhə altına alır. Cavabdeh Zehra Demir tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin rəyini isə kollegiya işin hallarına uyğun hesab etmir. "xxxx" MMC-nin xx.xx.2021ci il tarixli rəyi və “X12” MMC-nin rəyi eyni mütəxəssis - X9 tərəfindən tərtib edilməsinə baxmayaraq, bu rəylərdə qiymətləndiricinin eyni qeyri-yaşayış sahəsi ilə bağlı eyni zaman kəsiyi üçün icarə qiymətlərini müxtəlif məbləğdə müəyyən eməsini nəzərə alaraq, kollegiya hər iki rəyi mötəbər sübut kimi qiymətləndirmir.

69. Bu baxımdan Kollegiya "xxxx" MMC-nin rəyinə əsasən qeyri-yaşayış sahəsinin 2017-2018-ci illər üçün aylıq icarə haqqı müəyyən edilmiş məbləği yuvarlaq olaraq 4970 manat qəbul edir və belə qənaətə gəlir ki, cavabdeh Demir Barışdan qeyri-yaşayış sahəsindən qanunsuz istifadəyə görə əldən çıxmış fayda kimi (4900 manat x 8 ay=39760) yuvarlaq olaraq 40.000 manat pul tutulmalıdır.

70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

71. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.4-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

İddiaçı, cavabdehlər Zehra Demir və Çelik Esma tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-38/2019 saylı, 14 yanvar 2019cu il tarixli qətnaməsi qismən ləğv edilsin. İlkin iddia qismən təmin edilsin. Cavabdeh Demir Barışdan 40.000 (qırx min) manat pul adi mülki dövriyyə şəraitində əldə etməli olduğu gəlirlərdən məhrum olmasına görə vurulmuş maddi ziyan kimi İddiaçı xeyrinə tutulsun. İlkin iddia Zehra Demir və Çelik Esmanın Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 2135-ci məhəllə, 11A ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində rədd edilsin. Cavabdeh Demir Barış tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 manatın 150 manatı İddiaçı, 150 manatı isə cavabdeh Dəmir Barışdan tutularaq "xxxx" MMC-nin hesabına (icraçının VÖEN:**********; Hesablaşma hesabı: “Unibank” KB-nin 11 saylı Dərnəgül filialı; KOD: 502058; VÖEN **********; SWİFT kod: UBAZAZ22; H\h: AZ46NABZ********************; Benefisiarın adı: "xxxx" MMC; Müştərinin hesab №si: AZ65UBAZ**********0060AZNN001) ödənilsin. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 400 manatın 200 manatı İddiaçı, 200 manatı isə cavabdeh Dəmir Barışdan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, H/h: № AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 500 manatın 250 manatı İddiaçı, 250 manatı isə cavabdeh Dəmir Barışdan tutularaq tutularaq “X3 Company” MMC -nin hesabına (VÖEN:**********; Hesab nömrəsi: AZ61İ BAZ********************; Bank: ABB Şərifzadə filialı; VÖEN:**********; M/H: AZ03NABZ********************; Kod:805142, Swift: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar