Məhkəmə qərarları › İş №2(103)-192/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-192/2023

14.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-192/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı ,iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlunun cavabdeh İddiaçı və üçünçii şəxs "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mənzildə təmirlə bağlı çəkilmiş xərclərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair” ilkin, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlunun cavabdeh İddiaçı və üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə əsaslı təmirlə bağlı çəkilmiş xərclərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(004)-160/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən 54 saylı mənzil anası X1 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə həmin mənzil anası tərəfindən İddiaçı bağışlanmış və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrə ilə qeydə alınan çıxarışla xüsusi mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 54 saylı mənzildən çıxarılmaları və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 54 saylı mənzil anası X1 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə həmin mənzil anası tərəfindən ona bağışlanmış və xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrə ilə qeydə alınan çıxarışla xüsusi mülkiyyətindədir. Anası cavabdehlərə müvəqqəti olaraq mübahisəli mənzildə yaşamaları üçün icazə vermiş və onlar hazırda da qeydiyyatsız olaraq onun mənzilində yaşayırlar. Cavabdeh2 oğlu dayısı, Cavabdeh1 isə onun arvadıdır. Cavabdehlərə dəfələrlə mənzili təhvil verib çıxmalarını bildirmiş, lakin təkidlə heç bir əsas gətirmədən çıxmayacaqlarını bildirmişdirlər. Cavabdehlərin mənzilindən çıxmamaları isə həm ona ciddi şəkildə maddi ziyan vurur, həm də ki, kobud şəkildə mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Bütün bu səbəblərdən də məcbur olaraq cavabdehlərin mənziliən öz əşyaları ilə birlikdə çıxarılması və mənzilin təhvil verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Prosesin gedişatında Cavabdeh1 və Cavabdeh2 oğlu cavabdeh İddiaçı və üçünçii şəxs "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə əsaslı təmirlə bağlı çəkilmiş xərclərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 14 ünvanda yerləşən ümumi sahəsi 65.40 kv.m olan 54 sayl mənzilin təmirinə çəkilən 25.000 manat xərcin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödəniməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. 5.Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, hazırki işin əsl halı isə ondan ibarətdir ki, çıxarılmaları tələb olunan mənzil əslində elə onlara məxsusdur. Bu mənzildə 30 ildə artıq müddətdir ki daimi yaşayırlar, iki qız övladını da onlar ailə qurduqdan sonra buradan el adəti ilə köçürmüşlər. Mənzilin bütün xərcləri bu gün də onlar tərəfindən ödənilir. Eyni zamanda, Azadə Tahirova ilə Cavabdeh2 bacı-qardaşdırlar. Uzun illər bundan əvvəl ataları Cəmşid Əliyevin xeyir duası ilə yaxın məsafələrdə yerləşən iki mənzil alınmış, sadəcə aldığı mənzil bacısının adına rəsmiləşdirilmişdir. İllərdir ki, buna heç bir etiraz olmamış və bu gün də orada ailəsi ilə yaşayırİşin əsl tərəfi isə atası Cəmşid Əliyevdir. Belə ki, məhz onun təsiri ilə hazır ki iddia verilmişdir. Bir müddət bundan əvvəl atasının, ağsaqqal kimi, təklifi ilə həmin mənzil qanuni şəkildə adına rəsmiləşdirilmiş, sonradan kişi hansı əsasla bilmir, onu vadar etmişdir ki, mənzili bacısının adına qaytarsın. Bu əsasla da hazırda atasının təsirindən bacı-qardaş arasında nifaq düşmüş, münasibətləri kəsilmişdir. Bacısı oğlunun iddiası tam qanunsuz və əsassızdır, o ümumiyyətlə bu mənzildə heç vaxt yaşamamış, bir necə aydır ki, həmin mənzili onun adına keçirmişdir. Amma, belə olan halda hazırki qarlıqılı iddia ilə mənzilə uzun illərdir ki tərəfindən çəkilən xərclərin ödənilməsini tələb tməyə məcburdurlar. Çünki, bu mənzildə 25.000 manat həcmində əsaslı təmir işləri aparılmışdır. İlkin iddia üzrə iddiaçının isə hansı əsasla iddia qaldırması başa düşülən deyidir. Belə ki, o, bir neçə aydər ki həmin mənzilin mülkiyyətçisi olub. O, ümumiyyətlə hər hansı təklif verməmişdr ki (belə bir təklif ola da bilməzi) həmin mənzili tərk etsinlər. Qarşılqılı iddiaya əlavə olunmuş 19 saylı arayışla müəyyən edilir ki, 1993-cii ildən etibarən Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 14 mənzil 54 saylı ünvanda yaşayır, əsaslı təmir işləri onlar tərəfindən qarşlanmışdır və mənzilin əsl sahibləridirlər.

6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 fevral 2022-ci il tarixli, 2(004)-160/2022 saylı qətnaməsi ilə (hakim Məmmədov Ayaz) ilkin iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu özlərinə məxsus əşyaları ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 14 ünvanında yerləşən 54 saylı mənzildən çıxarılaraq, mənzil boşaldılması, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 14 ünvanında yerləşən 54 saylı mənzilin təmirinə çəkilən 24480 (iyirmi dörd min dörd yüz səksən) manat məbləğində pul tutularaq, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlunun xeyrinə ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

7. Qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin qismən qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməklə qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə prosesləri zamanı qarşılıqlı iddiaçı məhkəməyə həqiqətən də əsaslı təmir işləri görülməsi və hansı işlərin aparılmasını sübuta yetirən hər hansı bir sənəd təqdim edə bilməmişdir. Daha sonra qarşılıqlı iddiaçının vəkili və nümayəndəsi sadəcə məhkəməyə təqdimetdiyi"xxxx" MTK-a tərəfindən arayış alınmışdır ki, mənzildə təmir işləri qarşılıqlı iddiaçı tərəfindən edilmişdir. Lakin hansı işlər aparıldığı qeyd edilməmişdir. Məhkəmə qətnamədində guya qarşlıqlı iddiaçılar iştirak edib və iddialarını müdafiə etmişdir. Qarşılıqlı iddiaçıların heç biri məhkəməyə gəlməmişdir. Mübahisə olunan mənzil 2021-ci il tarixdə bağışlanma müqaviləsi heçbir qarşılıqlı şərt olmadan qarşılıqlı iddiaçılar və ilkin iddiaçının anası X1 mülkiyətinə verilmişdir ki, oda oğlu İddiaçı bağışlmaşıdır və mülkiyyətindədir. İlkin iddiaçı mənzilin yeni mülkiyyətçisidir və qarşılıqlı iddiaçı ilə hər hansı şərt və ya öhdəlikləri olmamışdır ki, ona qarşı hər hansı iddia tələbi ola bilməz. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 10/5186 saylıekspert rəyində konkret hansı işlərin görülməsi, materialların hansı keyfiyyətdə olması göstərilməmiş, yalnız mənzilin ümumi kv.m sahəsini 300 (üç yüz) manata vuraraq 24480.0 manat rəqəm almışdır. mənzilin ümumi kv.m sahəsini 300 (üç yüz) manata vuraraq 24480.0 manat rəqəm almışdır. Ekspertizanının keçirilməsidə birtərəfli olmuşdur. Məhkəmə ilkin iddia üzrə İddiaçıRüfət oğlunun mübahisəli mənzilə dair hüquqları (sahiblik, istifadə) işin mübahisəsiz halını təşkil etdiyini, ilkin iddia üzrə cavabdehlərin mübahisəli mənzildə qanunsuz yaşadığını, onların müvafiq mənzildə yaşamaları üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilmədiyini müəyyən edərək, hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzildə qanunsuz yaşamaları iddiaçının hüquqlarını pozur. Buna baxmayaraq qarşılıqlı iddianı əsassız olaraq təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və əlavə olaraq bildirdi ki, həmin mənzildə uzun illərdir cavabdhlər yaşamışdır və hazırda da yaşayırlar. Lakin həmin mənzildə hər hansı əsaslı təmir işləri aparılmamışdır. Buna görə də əsassız olaraq təmir işləri görülməsi təmsil etdiyi şəxsdən qətnamədə qeyd edilən məbləğdə pulun tutulması əsassızdır.

11. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilkin iddiaçı həmin mənzildə ümumiyyətlə yaşamamış və 30 ilə yaxındır ki, cavabdehlər həmin mənzildə yaşayırlar. Mənzildə yaşanıldığı üçün orada təmir işləri də aparılmışdır. Ev t’mirli olmamışdır. Əvvəllərdə evdə təmir işləri aparılıb. Son dövrlərdə də 2019-cu ildə də təmir işləri aparılıb.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

13. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 18.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya şikayəttinin məzmunundan göründüyü kimi, cavabdeh qətnamənin məhz iddianın təmin olunmuş hissəsinə münasibətdə ləğv olunmasını istəyir.

22. Birinci instansiya məhkəməsinin qətnaməsindən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində qətnamənin ləğv edilməsini və həmin hissədə rədd edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. İş materiallarındakı xx.xx.2021-ci il tarixli, 10/5186 saylı ekspert rəyindən görünür ki, aparılmış tədqiqatla, X7 küçəsi, ev 14 ünvanında yerləşən 54 saylı mənzilin daxili konstruktiv elementlərinin o cümlədən əsəs yük daşıyıcı elementləri üzərində yernidənqurma işlərinin aparılmasını və mühəndis-komunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsini nəzərə alaraq, mənzildə əsaslı təmir-tikinti işlərinin aparıldığı müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 14 ünvanında yerləşən 54 saylı mənzilində ararılmış müxtəlif növ tikinti- təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğu olaraq 1,0 kv.m sahəyə təqribən 300,0 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq mənzilin təmirinə 24480.0 manat (81,6x300) dəyərində vəsaitin sərf olunduğu müəyyən edilir.

25. Apellyasiya baxışı zamanı təmir işlərinin aparılması ilə bağlı qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən dəvət edilmiş şahidlər ifadələrində həmin mənzildə təmir işlərinin aparıldığını bildirmişlər. Xüsusilə, şahidlərdən Sənan Səfərov həmin mənzildə hərtərəfli təmir işləri, əsasən isə santexnik işləri gördüyünü, apardığı işlərə görə bahalı materiallardan istifadə etdiklərini və Cavabdeh2 tərəfindən aparılan işlərə görə onlara təxmini 8000-10000 arası pul veridiyini, orada Konstruktiv təmir işləri apardığını bildirmişdir. Eyni zamanda şahid Əhəd Ələkbərov ifadəsində həmin mənzildə 2 müxtəlif vaxtlarda, 1995-1999-cu illərdə, eyni zamanda isə axırıncı dəfə 2019-cu ildə təmir işləri apardığını bildirmişdir. Apardıqları təmir işlərinə görə Cavabdeh2 tərəfindən onlara 8000- 10000 manata arası pul verilmişdir. Cavabdeh2 tərəfindən təmir xərcinə ümumilikdə usta xərcləri ilə birlikdə 20000 manatdan çox pul sərf etmişdir. Kollegiya qeyd edir ki, göründüyü kimi həmin məzildə uzun müddətdir fasiləsiz olaraq (işin mübahisəsiz halı) cavabdeh tərəf yaşamaqla oradan istifadə etmişlər, ilkin iddiaçı isə orada ümumiyyətlə yaşamamışdır. Sadə məntiqlə yanaşıldıqda qeyd edilməlidir ki, bu qədər uzun müəddət yaşanılmış mənzildə orada yaşayan və istifadə edən şəxslər tərəfindən təmir işlərinin aparılması normal və mümkün olan haldır. İlkin iddiaçı təmir işlərinin aparılmamasını qeyd etsə də, bu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hətta mənzil təmirli halda olmuş olsaydı belə, təxmini 30 ilə yaxın bir müddət ərzində mənzildə təmir işlərinin aparılması labüd hesab edilə bilər. İlkin iddiaçının əksinə cavabdeh tərəfindən təqdim edilmiş şahidlər ifadələrində məhz 2019-cu ildə də təmir işlərinin aparıldığını, onların özlərinə 8000-10000 manat arası pul verildiyini, bahalı materiallardan istifadə edilməklə Cavabdeh2 tərəfindən ümumilikdə material və usta xərclərinə sərf etdiyi məbləğin 20000 manatdan çox olması bildirilmişdir. 26.Eyni zamanda 2021ci il tarixli ekspert rəyində də sözügedən mənzildə konstruktiv elementlərinin o cümlədən əsəs yük daşıyıcı elementləri üzərində yernidənqurma işlərinin aparılmasını və mühəndis-komunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsini nəzərə alaraq, mənzildə əsaslı təmir-tikinti işlərinin aparıldığı müəyyən edilir. Aparılmış təmir işlərinə görə xərcin isə 24480 manat məbləğində olması müəyyən edilmişdir. 27.Əlavə olaraq ekspertizanın yenidən keçirilməsi barədə apellyaisya şikayıtinin dəlillərinə əsasən yenidən iş üzrə ekspertiza tədqiqatının aparılmsı qərara alınmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 10/8408 saylı ekspert rəyi ilə 1 saylı dəhliz tikilisinin tavanına alçipan quraşdırılması, tavanına şpaklyovka çəkilərək boya ilə rənglənməsi, divarları divar kağızı ilə üzlənməsi, dğşəməsinə parket vurularaq laklanması, 2 saylı hamam tikilisinin tavanına lambirin quraşdırılması, divarlarınn kafellə üzlənməsi, döşəməsinə metlaq vurulması, 3 saylı ayaqyolu tikilisinin tavanına lambirin quraşdırılması, divarların kafellə üzlənməsi, döşəməsinə metlaq vurulması, 4 saylı mətbəx tiklisinin tavanına lambirin quraşdırılması, divarlar və dğşəməsinə kafel-metlaq vurulması, 5,6 və 7 saylı yaşayış otaqları tikilisinin alçıpan quraşdırılması, tavanına şpaklyovka çəkilərək boya ilə rənglənməsi, divarları divar kağızı ilə üzlənməsi, döşəməsinə isə parket vurularaq laklanması işlərinin aparılması müəyyən edilmişdir. Həmin işlərə görə (xidmət haqqı və tikinti materialları nəzərə alınmaqla) mənzilin fakti vəziyyəti, təmirlilik dərəcəsi, aparılmış təmir işləri nəzərə alınmaqla sərf edilmiş xərcin məbləği orta bazar qiymətləri nəzərə alınmaqla 24480 manat olması müəyyən edilmişdir. 28.Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, sözügedən mənzildə cavabdeh tərəfin təmir işləri aparması sübuta yetirilir və həmin təmir işlərinin görülməsinə görə qarşılıqlı iddia üzrə iddiaçıların həmin mənzildən çıxarılması barədə məhkəmə aktı qəbul edildiyindən tərəflərindən aparılmış yaxşılaşdırmalara münasibətdə çəkilmiş xərclərin İddiaçı tələb etmələri qanuni və əsaslıdır. 29.Belə ola halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıql iddianın təmin edilməsi hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməklə qanuni və əsaslı məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(004)- 160/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar