Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1923/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Cavabdeh1 və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(001)-6804/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ə.Əlixanov küçəsi, 79 nömrəli evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 18 may 2004-cü ildə X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikaha daxil olduqdan sonra X3 məxsus olan ünvan 1 ünvanına köçmüş və həmin evə qeydiyyata düşmüşdür. 11 dekabr 2020-ci il tarixində X4 vəfat etmişdir. Hal-hazırda cavabdehlər onu həmin evə buraxmadıqlarına görə kirayədə yaşamağa məcbur olmuşdur. İddiaçı hesab edir ki, o, 2004-cü ildə ərinin mülkiyyətində olan evə köçməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən mənzildən istifadə hüququ əldə etmiş və mənzilin mülkiyətçisi ilə aralarında olan nikah xitam verilməsi mənzildən istifadə hüququnun itirilməsinə səbəb olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(001)- 6804/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ə.Əlixanov küçəsi, 79 nömrəli evin X2 adına qeydiyyata alınmış 2/3 hissəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzilə istifadə hüququnun yaranmasını təsdiq edən sübut təqdim etməmişdir. Bundan əlavə, məhkəmə tərəflər arasındakı mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməli olduğu halda, maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməyərək qanunsuz qətnamə qəbul etmişdir. Qeyd olunanlardan əlavə, məhkəmə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hazırda müddətli həqiqi hərbi xidmətdə olduqlarını nəzərə almaqla Mülki Prossesual Məcəllənin 255.0.1-ci maddəsinə əsasən hazırkı iş üzrə icraatı dayandırmalı idi. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və cavabdehlər Fərid və Cavabdeh3lər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 və onun nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(001)- 6804/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(001)-2377/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında 18 may 2004-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 09 avqust 2021-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 14 noyabr 2005-ci il tarixdən Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ə.Əlixanov küçəsi, 79 nömrəli evdə qeydiyyatdadır. Arayışdan görünür ki, cavabdehlər də həmin evdə qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş 16 sentyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Ə.Əlixanov (keçmiş 40-cı sovet ordusu) küçəsində yerləşən 79 saylı fərdi yaşayış evinin 2/3 hissəsi 1 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş 30 aprel 1982-ci il tarixli 1kn-57 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşin faktiki hallarından görünür ki, X4 11 dekabr 2020-ci il tarixində vəfat etmişdir. Cavabdeh1 mənzilin mülkiyyətçisi Yaqub Şamilovun mərhum qızı Mehdiyeva Aybənizin əri, digər cavabdehlər Fərid və Cavabdeh3lər isə onun nəvələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından görünür ki, İddiaçı 2004-cü ildə X4 ilə rəsmi nikaha daxil olaraq 2/3 hissəsi sonuncunun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ə.Əlixanov küçəsində yerləşən 79 nömrəli evə köçmüş və həmin evə qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, İddiaçı mülkiyyətçi X2 razılığı ilə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ə.Əlixanov küçəsində yerləşən 79 nömrəli evə köçərək Mülki Məcəllənin 228.5ci maddəsinin tələbləri baxımından həmin evin Yaqub Şamilovun mülkiyyətində olan 2/3 hissəsindən istifadə hüququ əldə etmiş, 30 sentyabr 2020-ci il tarixdə onların arasındakı nikah pozulsa da, İddiaçı mənzildən istifadə hüququ saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli evin 2/3 hissəsinin X2 (keçmiş mərhum ərinin) adına qeydiyyatdan keçdiyini nəzərə almaqla haqlı olaraq iddiaçının Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ə.Əlixanov küçəsində yerləşən 79 nömrəli evin X2 adına qeydiyyata alınmış 2/3 hissəsinə köçürülməsi qənaətinə gəlmişdir. İddiaçının Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ə.Əlixanov küçəsində yerləşən 79 nömrəli evdən istifadə hüququnun yaranması barədə məhkəməyə hər hansı sübut təqdim etməməsi, iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması və tərəflər arasındakı mübahisəyə qüvvədə olan Ailə Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq olunmalı olması barədə apellyasiya şikayətinin dəlilləri yanlışdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı mübahisəli mənzilə 2004-cü ildə köçdüyünə görə məhkəmə düzgün olaraq mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsini tətbiq etmişdir. Kollegiya qeyd edir ki, bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Buna görə də konkret halda İddiaçı mülkiyyətçi Yaqub Şamilovla müqavilə bağlamasına və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına zərurət olmamışdır. Cavabdehlər müddətli həqiqi hərbi xidmətdə olduqlarına görə məhkəmənin icraatı dayandırmalı olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı Kollegiya qeyd edir ki, əvvəla bu barədə birinci instansiya məhkəməsində hər hansı məlumat olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 255.0.1-ci maddəsinə əsasən həmin əsas üzrə icraatı dayandırmaq məhkəmənin vəzifəsi yox, hüququ kimi təsbit edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan və formal mülahizələrə əsaslandığından, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(001)- 6804/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1923/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1923/2022
15.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver