Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1925/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin ona qaytarılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-1279/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun (iddiaçı) tərəfindən xx.xx.2017-ci il tarixdə X1 18.000 manata aldığı boş torpaq sahəsində tikdirdiyi iki ədəd fərdi yaşayış evindən və fundamenti qoyulmuş evə aid torpaq sahəsindən çıxarılması və həmin iki ədəd fərdi yaşayış evinin və fundamenti qoyulmuş evə aid torpaq sahəsinin ona (iddiaçıya) qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, kirayədə yaşadıqları üçün 2017-ci ilin aprel ayında mərhum həyat yoldaşı X13 ilə birgə qazancları olan pul hesabına Bakı şəhəri, Binəqədi rayonu, 1 mədən, korpus 15 ünvanda qiyməti 18.000 manat olan torpaq sahəsini X1 almış, elə həmin ildə torpaq sahəsində yenə də birgə qazancları olan pul hesabına özlərinə ev tikdirmişlər. Həyat yoldaşı X13 xx.xx.2019-cu ildə “qaraciyər serrozu” xəstəliyindən vəfat etmişdir. İnşa etdirdikləri evdə qaz, su və işıq xətləri tamamlanmadığından evdə yaşaya bilməmişdir. Eyni zamanda pulu tükəndiyi üçün həmin evi satmaq qərarına gəlmiş, 2019-cu ilin avqust ayında həmin evi X10 şifahi razılaşma əsasında 25.000 manata nisyə olaraq satmışdır. Belə ki, Amil Babazadə ilə aralarında olan şifahi razılaşmaya əsasən ilkin olaraq 18.000 manat verilmiş, qalan pulun isə notarial qaydada razılaşmaya əsasən hər ay 300 manat verilməsini razılaşdırmışlar. xx xxxxxxxx 2019-cu ildə Amil Babzadənin nişanlısı onun mobil telefonuna zəng edərək aldıqları evə tanımadığı şəxsin daxil olduğunu bildirmiş, dərhal evə gedərək evin darvazasının qarşısında 4 nəfər tanımadığı şəxsləri görmüş və onlardan kimliklərini soruşduqda onlar evin sahibi olduqlarını bildirmişlər. Bu zaman evin Amil Babazadəyə satılması üçün alqısatqıda iştirak etmiş Vahid adlı maklerin ora gəldiyini görmüş, həmin vaxt əlində əsa olan cavabdeh X4 onun üzərinə gəlmiş və əsa ilə onu vurmağa cəhd etdikdə makler Vahid araya girərək evin ona məxsus olduğunu bildirmişdir. Bu zaman cavabdeh maklerin üzərinə gələrək əsa ilə başına və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr endirmiş, Vahidin hücuma məruz qaldığını, başından zərbələr aldığını görüb dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş, hadisə yerinə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları gələrək Vahidi və onu həmin ərazidən çıxarmışlar. Sonra 43-cü Polis Bölməsinə gedib hadisənin hansı səbəblərdən baş verməsi barədə izahat yazmışlar. Binəqədi rayon X12 Şöbəsində ilkin olaraq araşdırma polis mayoru Əli İsmayılovun icraatında olmuş, sonuncu hazırki mübahisə tələbinin mülki xarakterli olduğunu əsas gətirməklə xx.xx.2019-cu il tarixində “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul etmişdir. Qeyd olunan qərardan Binəqədi rayon məhkəməsinə şikayət verərək qərarın ləğv edilməsini və işin yenidən prossesual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 6(001)82/2019 saylı qərarı ilə şikayəti təmin edilərək yenidən istintaqa qaytarılması qərara alınmış, buna baxmayaraq Binəqədi rayon X12 Şöbəsinin müstəntiqi, polis mayoru X18 xx xxxxxx 2019-cu il tarixdə yenidən “cinayət işinin başlanmasının rədd edilməsi” haqında qərar qəbul edərək hazırki mübahisə tələbinin mülki xarakterli olmasını göstərmişdir. Araşdırma zamanı izahatları alınmış makler X6 və mənzili satdığı X19 da öz izahatlarında qeyd olunan torpaq sahəsinin ona məxsus olduğunu, lakin X2 həmin evə qanunsuz daxil olaraq orada yaşadığını göstərmişlər. Torpağın və torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin ona məxsus olması Binəqədi rayon X12 Şöbəsinin müstəntiqi, polis mayoru X18 tərəfindən qəbul edilmiş qərarda da öz əksini tapmışdır. Bundan əlavə 2017-ci ilin aprel ayında torpaq sahəsinin X1 alınması ilə bağlı Elşən Əsədullayev, mərhum həyat yoldaşı və torpağın alqı-satqısında iştirak edən digər şəxslərin iştirakı ilə akt tərtib olunmuş və həmin aktda X5 da imza edərək Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1 korpus mədən 15 ünvanında yerləşən torpaq sahəsini 18.000 manata İddiaçı satdığını təsdiq etmişdir. Qanunun tələblərinə görə, mülkiyyət dövlət tərəfindən qorunan hüquqdur və heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Lakin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz mülkiyyətindən öz istədiyi kimi istifadə edə bilmir. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-1279/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, torpağın akt sənədi var. Bələdiyyənin verdiyi ancaq çertyoj var idi. Evin tikintisi ilə, təmiri ilə bağlı bütün materialları o, almış, evin tikintisində iştirak edən ustaya kimi hamını şahid qismində məhkəmə iclasına dəvət edə bilər. Faktiki nikahda olan yoldaşı ilə 2017-ci ildə Binəqədi rayonu, mədən 17-də torpaq sahəsi almışlar. Torpağın alınmasına 18000 manat pul vermiş və 2017-ci ildə tikintiyə başlamışdır. Sonradan onda onkoloji zob olduğuna görə həkim ona həmin yerdə yaşamağa icazə verməmiş və ondan sonra satmağa başlamışdır. O, 3 evdən birini Amil Balazadəyə satmış, yoldaşının sağlığında ortadakı evi Aidəyə satmışdır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində ifadə vermiş X19 ifadəsində bildirmişdir ki, 2019-cu ilin avqustunda evi Sevgiyyə xanımdan almışdır. Torpağın sənədi olmadığından notariat qaydasında podrat müqaviləsi bağlamışlar və Sevgiyyə xanıma 18.000 manat pul vermişdir. Evdə düzəldilməli şeylər olduğundan evə köçməmiş, 20 gün sonra isə qayınatası zəng edərək evdə kiminsə yaşadığını demişdir. Sonradan Sevgiyyə xanım onun pulunu qaytarmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, torpağı Mamed adlı şəxsdən 11.000 manata almışdır. Həmin torpaq Mamedin atasından qalmış, lakin heç bir sənədi olmamışdır. Torpaq bələdiyyənin balansındadır. Sonradan oranı 18.000 manata Fəqana satmışdır. Cavabdehi isə tanımır. Mülki işin materiallarından görünür ki, İddiaçı “xx.xx.2019-cu il tarixdə ona məxsus Binəqədi qəsəbəsi, mədən 1, korpus 15 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə tanımadığı şəxslərin daxil olaraq oradan çıxmamaları, onların evdən çıxarılmasına köməklik edilməsi və barələrində tədbir görülməsi” barədə ərizəsi Binəqədi RPİ-də araşdırılmış, nəticə etibarı ilə mübahisənin mülki xarakterli olduğu müəyyən edilərək cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və ərizəçi İddiaçı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, onlar iddiaçı ilə qonşu olmuşlar və həmin evi iddiaçı tikib. Sonradan onun evini zəbt ediblər. İddiaçı əvvəldən orada yaşayan olub. Evdə tikinti olan zaman onlardan kömək istəyib, kömək etmişlər, ustalara çay vermişlər. Yoldaşı vəfat edənə kimi iddiaçı orada yaşayıb. Orada 3 ev tikiblər, 3 qapıdır. Evlərin fundamenti birdir. Həmin ərazidə heç kəsin evinin sənədi yoxdur. Neftin ərazisinə düşür deyə onlara sənəd verilmədi. İddiaçı ilə onun evinin arasında 5 dəqiqəlik yol var. Onlar orada çoxdan yaşayırlar, təxminən 20 ildir ki, orada yaşayırılar. İddiaçı 4-5 ilə yaxındır ki, orada ev tikməyə başlamışdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, həmin ərazi zibilxana idi. İddiaçı həmin ərazini alıb, öz əziyyəti ilə orada ev tikib. O, 2017ci ildən həmin ərazidə kirayəçi kimi yaşamış, 3-4 aydır ki, oradan çıxmışdır. Hal-hazırda orada ev var, 1 tikilidir, evi iddiaçı tikdirib. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, həmin evdə usta işləmişdir. Fəqan adlı biri üstlərində rəhbər idi. Materialı iddiaçı qadın alırdı. Pullarını da iddiaçı qadın verirdi. Evi hardasa 2017-ci ilin oktyabr, noyabr ayında bitirmişlər. Onlar hörgünü etdikdən sonra həmin evdən çıxmışlar. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, O mübahisəli mənzildə yerə materiallar vurmuşdur. Onları 4 il bundan qabaq vurmuşdur. Görmüşdür ki, qonşuluqda tikintidir, o da qoşulmuşdur. İddiaçını qonşu kimi tanıyır. İddiaçı 150-200 manata yaxın pul verdi. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, iddiaçının evində santexnik işləmişdir. Mübahisəli mənzil Sevgiyyə xanımın yoldaşı Fəqana məxsusdur. Ona pulu Sevgiyyə xanım verirdi. Sevgiyyə xanımın evi bir damın altında 3 evdir. Evdə kişi olaraq Sevgiyyə xanımın yoldaşını tanıyırdı. O, evdə həmçinin elektrik işi görürdü. Cəlilabaddan fəhlə var idi, onunla birgə işləmişdir. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır. Ona görə də, özbaşına tikilidən çıxarılma məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından kollegiyanın qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz…Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır. Kollegiya Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulubpozulmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırkı mübahisəyə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin iddiaçıya məxsus olan əmlakı uzun illər ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Kollegiya xüsusilə vurğulayır ki, mübahisəli tikili xüsusi mülkiyyətdə olmasa da, iş üzrə dindirilmiş şahid ifadələrindən və iş materiallarından mübahisəli tikilinin iddiaçının maddi vəsaiti ilə inşa edildiyi və bununla da tikilinin iddiaçıya aid olması müəyyən edilir. Mübahisəli yaşayış sahəsinin özbaşına tikili olması, hazırki iddia tələbinin təmin edilməsinə mane ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin tikili üzərində hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiay məkhəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Cavabdehn alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-1279/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 1 mədən, korpus 15 ünvanda yerləşən İddiaçı məxsus özbaşına tikilidən çıxarılsın və tikili iddiaçıya qaytarılsın. Cavabdeh iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1925/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1925/2021
22.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver