Məhkəmə qərarları › İş №2(103)-1925/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1925/2025

04.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1925/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Sabunçu Rayon Məhkəməsinin 2(008)-3387/2024 nömrəli, xx.xx.2024-cü tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “mənzildən çıxarılma və əmlakın boşaldılması” tələbinə dair iddia təmin edilmişdir.

2. Həmin qətnamədən Cavabdeh4 elektron qaydada verdiyi apellyasiya şikayəti dövlət rüsumu ödənilmədiyi üçün ilkin olaraq Məhkəmənin eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır.

3. Həmin qərardaddan Cavabdeh4 verdiyi şikayət növbəti dəfə də məhkəmə aktının qanunsuz hesab edilməsinin əsasları və hansı hissənin mübahisələndirilməsi göstərilmədiyindən rayon məhkəməsinin eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır.

4. Qeyd edilən qərardaddan Cavabdeh4 verdiyi şikayət rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

7. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

8. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

9. 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

10. 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;

11. 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;

12. Göründüyü kimi Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinə əsasən apellyasiya şikayəti Bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası MPM-nin 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

13. Cavabdeh4 tərəfindən verilən apellyasiya şikayəti ilk öncə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən geri qaytarılmış, daha sonra isə verilən şikayət məhkəmə aktını düzgün hesab etmədiyi əsasları göstərmədiyindən geri qaytarılmışdır. İddiaçının həmin şikayətindən görünür ki, məhkəmə aktının hansı hissəsini mübahisələndirdiyi və ümumiyyətlə şikayətindəki mövqeyi qeyri-müəyyəndir. Bununla da müəyyən edilir ki, Cavabdeh4 tərəfindən həmin şikayət prosessual qanunvericiliyin tələblərinə aşkar riayət edilmədən, pozuntularla verilmişdir.

14. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin şikayətini geri qaytarmaqda haqlı olmuşdur.

15. Beləliklə də, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

16. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və NMR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

17. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

18. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

q ə r a r a a l d ı:

Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3387/2024 nömrəli, xx.xx.2024-cü tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar