Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1926/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) ərizəsi üzrə (Açar sözlər: istifadə faktının müəyyən olunması ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Ərizəçi Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 1050 kv.m torpaq sahəsinə çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sonuncu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsaəsən tələb olunan sənədlər təqdim olunmadığından torpaq sahəsinin rəsmi reyestrdə qeydə alınmasından imtina etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi (maraqlı şəxs: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 1050 kv.m torpaq sahəsinin onun istifadəsində olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 1050 kv.m torpaq sahəsi uzun illərdir ki, onun istifadəsindədir. Həmin torpaq sahəsində o, ev tikmiş, ailəsi ilə birlikdə orada yaşayır. Torpaq sahəsini daş hasara almış, dəmir darvaza qoymuş və orada bir mərtəbəli ev tikmişdir. Hal-hazırda da yenisini tikir. Artıq uzun illərdir ki, o, torpaq sahəsindən fasiləsiz, etirazsız istifadə edir, həmin torpaq sahəsinə onun istifadə hüququ yaranmışdır. Həmin torpaq sahəsinin istifadə hüququ üzrə onun adına çıxarışın verilməsi ilə bağlı o, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin oradan ona əsassız olaraq imtina etmişlər.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4614/22 saylı iş üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov) ərizə təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iş materialları və şahid ifadələri ilə Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 1050 kv.m torpaq sahəsinin Ərizəçi istifadəsində olması təsdiq olunduğundan bu barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2.5, 307.2.11, 308-ci, Torpaq Məcəlləsinin 50.3, 50.4, 55, 66.2, 67.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin əsasnaməsinə əsasən 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üzrə fəaliyyət göstərən DƏDKR tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxsdir. Göründüyü kimi, 1 saylı Bakı Ərazi idarəsi hüquqların dövlət qeydiyyatını aparan hüquqi şəxs olduğundan cari məhkəmə işi üzrə maraqlı şəxs qismində cəlb edilə bilməz. Müvafiq işlə bağlı məhkəmə tərəfindən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə məxsus olması araşdırılmamışdır. Belə ki, sözügedən əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsaəsn daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər-2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apelyatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 307.1. Məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
13. Maddə 307.2.5. məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.
14. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
15. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
16. Maddə 50.1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır.
17. Maddə 50.3. Torpaqdan müvəqqəti istifadə qısa müddətli və uzun müddətli olur. Qısa müddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər.
18. Maddə 50.4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir.
19. Maddə 55. Məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsasdır.
20. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
21. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə maraqlı şəxs tərəfindən mübahisələndirildiyindən və ərizə təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
25. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
26. Hazırkı iş üzrə ərizəçi Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 1050 kv.m torpaq sahəsinin onun istifadəsində olması faktının müəyyən olunmasını xahiş edir.
27. Ərizəçi bu faktı təsdiq edən sübut qismində Sabunçu rayonu, Kürdəxanı qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş “istifadə olunan torpaq sahəsinin qeydiyyat vərəqəsi”nə və şahid ifadələrinə istinad edir.
28. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə və şahid ifadələrinə əsaslanaraq ərizənin əsaslı olduğu qənaətinə gəlmişdir.
29. Halbuki, MPM-ə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81).
30. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
32. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək aiddir.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün - 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur.
34. Baxılan iş üzrə mübahisəli torpaq sahəsinə dair yuxarıda adı çəkilən sənədlər təqdim edilməmişdir.
35. Yuxarıda qeyd edilənlərə əsasən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mövcud olmadığından ərizənin təmin olunması üçün əsaslar da yoxdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla ərizə rədd edilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi (maraqlı şəxs: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 1050 kv.m torpaq sahəsinin onun istifadəsində olması faktının müəyyən olunması barədə ərizəsi təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.