Məhkəmə qərarları › İş №2(103)-193/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-193/2021

20.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-193/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-222/2017 saylı mülki iş üzrə qəbul etdiyi 14 dekabr 2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və “xxxx” Firması) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində (Y.Əliyev küçəsi) yerləşən Dərman Bitkilərinin tədarükü və istehsalı zavodunun qanuni istifadəsindəki 10.000 kv.metr torpaq sahəsinin ayrıcı cizgisində göstərilən BQ (“xxxx” firması ilə) sərhədi boyunca təqribən 2000 kv.metr sahəsində cavabdehlər tərəfindən tikinti işlərinin aparılmasının qanunsuz hesab edilməsi, göstərilən ünvanda cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərin onların hesabına sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinin qeyd-şərtsiz ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli 2(008)- 222/2017 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli 2(103)-1478/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2017-ci tarixli 2(008)-222/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(102)-5699/19 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli 2(103)-1478/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh2 nümayəndəsi və vəkili isə apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh1 və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 904 nömrəli 29.06.1994-cü il tarixli sərəncamı ilə İddiaçına Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində “Dərman bitkilərinin tədarükü və istehsalı” üçün zavod layihələşdirilməsinə və tikintisinə 10.000 kv.metr torpaq sahəsi ayrılmışdır. 25 avqust 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsinin şimal qərb hissəsində Dərman bitkilərinin tədarük və istehsal zavodu tikintisi üçün torpaq sahəsi ayrılmasına dair 9373 nömrəli inşaat pasportu təsdiq edilmişdir. 18.04.2002-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsi, Y.Əliyev küçəsində yerləşən İddiaçına məxsus qeyri-yayış sahəsinə dair texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin ölçüsü 10.000 kv.m və ümumi tikinti altı sahənin 1619,1 kv.m təşkil etməsi göstərilmişdir. 22.05.2002-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən Dərman Bitkilərinin tədarük və istehsalı zavodunun İddiaçı mülkiyyətində olması barədə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.05.2004-cü il tarixli 115 nömrəli sərəncamı ilə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 23.02.2004-cü il tarixli 5/23 saylı razılıq məktubu nəzərə alınaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi icarə əsasında Cavabdeh1 istifadəsinə verilmiş, 06.09.2004-cü il tarixli 11463 saylı inşaat pasportu əsasında 16.09.2004-cü il tarixdə onunla 0370 saylı icarə müqaviləsi bağlanmışdır. 06.12.2004-cü il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində həmin 0,15 ha (1500 kv.m) ölçüdə olan torpaq sahəsində inşa edilməsi nəzərdə tutulan məişət evinin eskiz layihəsi razılaşdırılmışdır. 22.12.2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.05.2004-cü il tarixli 115 nömrəli sərəncamı və 16.09.2004-cü il tarixdə onunla 0370 saylı icarə müqaviləsi ilə Cavabdeh1 məişət evinin tikintisi üçün 49 illik müvəqqəti istifadəyə ayrılan 1590 kv.m torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir. ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.06.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı bildirir ki, ona məxsus olan 10.000 kv.metr torpaq sahəsinin ayrıc cizgisində göstərilən BQ nöqtələri arasında “xxxx” firması ilə sərhəd boyunca yerləşən təqribən 2000 kv.metr sahəsi məcburi köçkün statusu almış şəxslər tərəfindən zəbt edildiyi və orada müvəqqəti olaraq yaşadıqları üçün həmin 2000 kv.metr torpaq sahəsi xaricdə qalmaq şərti ilə daş hasara alınmışdır. Sonradan keçirilmiş monitorinq zamanı müəyyən olunmuşdur ki, həmin hissədə olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmiş və qanunsuz tikinti işlərinin inşasına başlanılmışdır. Cavabdeh2 iddiaya etiraz edir və bildirir ki, onlar tərəfindən tikinti işləri Bakı şəhər İcra Hakimiyyəti Başçısının 115 saylı, 29.05.2004-cü il tarixli sərəncamı ilə qanuni istifadələrinə ayrılmış, eyni zamanda daşınmaz əmlakın texniki pasportunda qeyri-yaşayış binasının həyətyanı sahəsi kimi göstərilmiş sahədə aparılmış və həmin sahənin iddiaçıya heç bir aidiyyatı yoxdur. İddiaçı tikintiyə mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq 22.05.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə təqdim etsə də, cavabdehin də həmin əraziyə mülkiyyət hüququnu təsdiq edən çıxarışı mövcuddur. Lakin hər iki sənəd hər hansı bir formada məhkəmə mübahisəsinin predmeti deyildir. Cavabdehin tikinti apardığı sahənin məhz iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş özbaşına tikililərin sökülməsi barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi). Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. İddiaçı tərəfindən irəli sürülmüş digər iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi və Torpaq Məcəlləsinin 111-ci maddəsi təşkil edir. Həmin maddələrin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (111) . Qeyd olunan maddələrin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Həmçinin qeyd edilir ki, iddia tələblərinin əsaslı olub-olmadığının yoxlanılması üçün ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, yəni iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehin sahibliyində olan torpaq sahəsinin üst-üstə düşübdüşməməsi məsələsi aydınlaşdırılmalıdır. Qeyd olunanların araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin ekspertiza tədqiqatı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun tərtib etdiyi mütəxəssis rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “mülkiyyət hüququ haqqında” 22.05.2002-ci il tarixli şəhadətnaməsinə əsasən İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən olunmuşdur. Faktiki daş hasarla olan istifadə vəziyyəti iş materialına əlavə edilmiş “mülkiyyət hüququ haqqında” 22.05.2002-ci il tarixli şəhadətnamə verilərkən hazırlanmış texniki pasporta və Cavabdeh1 (qeyri-yaşayış sahəsi üçün istifadəsinə sahəsi 0,38 ha) verilmiş şəhadətnaməyə uyğundur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10000 kv.m torpaq sahəsində müdaxilə olunmamışdır. Bundan sonra Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18.10.2017-ci il tarixli 14235 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun tərtib etdiyi mütəxəssis rəyində, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “mülkiyyət hüququ haqqında” 22.05.2002-ci il tarixli şəhadətnaməsinə əsasən İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları 1:1500 miqyasda araşdırılaraq, Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə olunmadığı göstərilmişdir. Lakin rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası “xxxx” MMC-nin tərtib etdiyi arayışı və baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq, iş materiallarında olan İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 22.05.2002-ci il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçının mülkiyyətində olan Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilərək, həmin torpaq sahəsinin 0.1 ha hissəsinə müdaxilə edilməsi, yəni İddiaçının ayrıc aktında qeyd edilmiş torpaq sahəsinin 0.03 hektarında “Ülvi” şadlıq sarayının inşa edilməsi, 0.02 hektarında qeyri-yaşayış sahəsinə və şadlıq evinə gedişgəliş üçün yolun salınması, 0.03 hektarında şadlıq sarayının arxa tərəfindəki qeyri-yaşayış binasının inşa edilməsi, 0.02 hektarının isə boş torpaq sahəsi olduğu müəyyən edilmişdir. Hazırki apelyasiya baxışı zamanı iş üzrə əlavə-komisyon məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 dekabr 2020-ci il tarixli 1730 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 22.05.2002-ci il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçının mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 m2 torpaq sahəsinin və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 29.05.2004-ci il tarixli 115 nömrəli sərəncamına əsasən məişət evinin lahiləşdirilməsi və tikinti üçün icarə əsasında Cavabdeh1 istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən torpaq sahəsinə dair tərtib olunmuş kadastr plan ilə torpaq sahəsinin faktiki vəziyyəti müqayisə olduğu zaman, Cavabdeh1 kadastr planı üzrə ayrılan 1500 m2 torpaq sahəsindən artıq torpaq sahələrinin olduğuna görə, faktiki istifadə olunan torpaq sahələrinin ayrıc aktında və kadastrda göstərilən cizgilərə uğun gəlmədiyi müəyyən edilmişdir. «Azərbaycan Əzaçılar İttifaqı»nın faktiki istifadəsində olan ərazi üzrə (ayrıc aktında olan sahələr daxil olmaqla) müvafiq ölçü işləri aparılan zaman, torpaq sahəsinin təqribən 1,14 ha olduğu müəyyən edilmişdir. Cavabdeh1 faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzrə müvafiq ölçü işləri aparılan zaman, torpaq sahəsinin təqribən 3860m2 olduğu müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi (ayrıc aktında göstərilən torpaq sahəsi) nəzərə alınaraq mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 m2 torpaq sahəsi təqribən 25,0 m2 az olduğu müəyyən edilir. Qeyd olunur ki, həmin 25,0 m2 torpaq sahəsi texniki pasport üzrə «D» literli tikilinin arxasında yerləşən «Ülvi» şadlıq evinin yol hissəsində yerləşən boş torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi (kadastr məlumatlarına əsasən) icarə əsasında onun istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən torpaq sahəsi üzrə müvafiq ölçü işləri aparılan zaman torpaq sahəsinin faktiki olaraq 3860m2 təşkil etdiyini nəzərə alaraq kadastr üzrə 1500 m2 olan torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.06.2016-cı il tarixində tərtib olunmuş texniki pasportun məlumatları ilə faktiki vəziyyətin uyğun olduğu müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahələri mülki iş materialında olan ayrıc aktı ilə müqayisə aparıldığı zamanı torpaq sahəsinin faktiki olaraq (ayrıc aktında) göstərilən sahədən təqribən 1412,0 m2 çox olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, ayrıc aktında göstərilən torpaq sahəsinin hüdudları daxilində hündür mərtəbəli yaşayış evlərinin bir hissəsinin yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.06.2016-cı il tarixdə tərtib olunmuş texniki pasportun məlumatları ilə faktiki vəziyyəti torpaq sahələrinin plan və ölçülərdə (cizgilərdə) əks olunmuş sərhədlərdən kənara çıxmalar (birindən digərinə və ya digər qonşu sahələrə müdaxilənin) olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, İddiaçının ayrıc aktı ilə ayrılmış torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahələri mülki iş materialında olan ayrıc aktının məlumatlarında göstərilən sahələr ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.06.2016-cı il tarixində tərtib olunmuş texniki pasportun məlumatlarında göstərilən boş torpaq sahəsi ilə təqribən 25,0 m2 sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11 06.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3024,2 m2-dən ibarət qeyri-yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti başçısının 29.05.2004-cü il tarixli 115 nömrəli sərəncamına əsasən onun istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində inşa olunduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən “X3” MMC-nin 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəydə göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdiriləməsi Departamenti tərəfindən 22.05.2002-ci il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 kv.metr torpaq sahəsinin sərhədləri və ölçüləri (cizgiləri) müəyyən edilərkən məlum oldu ki, ittifaqın faktiki istifadəsində 9000 kv.metr yəni sənəd üzrə ona ayrılmış torpaq sahəsindən 1000 kv.metr az torpaq sahəsi vardır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.05.2004-cü il tarixli 115 nömrəli sərəncamına əsasən məişət evinin layihələşdirilməsi və tikintisi üçün icarə əsasında Cavabdeh1 istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən 0,15 ha torpaq sahəsinin sərhədləri və ölçüləri (cizgiləri) müəyyən edilərkən isə məlum oldu ki, onun istifadəsində faktiki olaraq 0,386 ha (3860 kv.metr) yəni 0,236 ha (2360 kv.metr) artıq torpaq sahəsi vardır. İddiaçının faktiki istifadəsində 9000 kv.metr, Cavabdeh1 faktiki istifadələrində 3860 (0,386 ha) torpaq sahələrinin olduğu müəyyən edildi. “İddiaçı"nın faktiki istifadəsində olan torpaq sahəsinin 9000 kv.metri rəsmi sənəd üzrə onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 kv.metr torpaq sahəsinin hüdudlarındadır. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsindən artıq ərazilərdən istifadə etdiyi üçün 2360 kv.metri rəsmi sənəd üzrə icarə əsasında onun istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən 0,15 ha torpaq sahəsinin hüdudlarından kənardadır. İddiaçı ona ayrılmış torpaq sahəsinin hüdudlarından kənara çıxmalar müəyyən edilməmişdir. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi rəsmi sənədlər üzrə onun adına olan torpaq sahəsinin planı və ölçüsündə (cizgilərdə) əks olunmuş sərhədlərdən 2360 kv.metr ölçüdə kənara çıxmışdır. Bu kənara çıxmış torpaq sahəsinin 1000 kv.metri İddiaçına ayrılmış torpaq sahəsinə, yerdə qalan torpaqlar isə ətrafdakı Dövlət mülkiyyətinə aid ərazilərə düşür. İddiaçının ərazisinə Cavabdeh1 tərəfindən müdaxilə olunmuş 1000 kv.metrlik ərazinin 500 kv.metri Şadlıq evinə və yanından keçən yola, 300 kv.metri anbara və yanından keçən yola, 200 kv.metri isə anbarın arxa hissəsindəki sahəyə düşür. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.06.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.05.2004-cü il tarixli 115 nömrəli sərəncamına əsasən onun istifadəsinə verilmiş torpaq sahəsində inşa edilsə də, İddiaçına məxsus 300 kv.m. torpaq sahəsinə müdaxilə olunmuşdur. Göründüyü kimi birinci ekspert rəyi ilə ikinci ekspert rəyi arasında qismən ziddiyyət, həmçinin ikinci ekspert rəyi ilə ikinci mütəxəssis rəyi arasında və sonuncu ilə birinci mütəxəssis rəyi arasında ziddiyyətlər mövcuddur. Həmçinin ekspertlərin və mütəxəssislərin tədqiqat üsulları da fərqli olmuşdur. Belə ki, iş materiallarında olan Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş və İddiaçına verilmiş ayrıc cizgisinə əsasən müəyyən olunur ki, ayrıc göstəriciləri kimi “AB”, “BV”, “VQ”, “QD”, “DA” xətləri qeyd olunmuşdur. Mübahisəli əraziyə keçirilən yerində müayinə zamanı isə müəyyən edildi ki, yalnız hasarın dönmə nöqtəsi olan “B” nöqtəsi əsas götütülməklə iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən etmək mümkündür. Hər iki tərəfin nümayəndələri də etiraf etdi ki, mübahisəli ərazidə tərpənməz nöqtə məhz ayrıc aktında qeyd olunan “B” nöqtəsidir. Digər nöqtələr bu və ya digər qaydada dəyişikliyə məruz qalmış və yaxud ümumiyyətlə mövcud deyil. Lakin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli 1730 saylı ekspert rəyinin təsviri hissəsinə əsasən müəyyən olunur ki, ekspert tədqiqat zamanı başlanğıc nöqtə kimi ayrıc cizgisində göstərilən “B” nöqtəsini deyil, “A” nöqtəsinin götürmüşdür. Həmin nöqtəni isə mübahisəli torpaq sahəsindən aralıda yerləşən körpünün sütununu götürmüşdür. Yerində müayinə zamanı ekspert Elmar Səidov bildirmişdir ki, o, istinad nöqtəsi kimi mübahisəli torpaq sahəsindən aralıda yerləşən körpünün sütununu götürmüş və həmin yerdən mübahisəli torpaq sahəsinin ayrıc aktında qeyd olunan “A” nöqtəsinə kimi məsafəni hesablamış, daha sonra ayrıc aktında qeyd olunan məsafələri qeyd etməklə digər nöqtələri müəyyən etmiş və mövcud nəticəyə gəlmişdir. Lakin ekspert körpünün sütunundan “A” nöqtəsinə kimi məsafənin nə qədər olması ilə bağlı sədrlik edənin sualına cavab verə bilməmişdir. Eyni zamanda başlanğıc nöqtə kimi nə üçün mövcud və tərpənməz olan “B” nöqtəsini deyil, faktiki mövcud olmayan və müəyyən edilməsi üçün mübahisəli torpaq sahəsindən aralıda yerləşən körpünün sütununa əsasən hesablanmalı olan “A” nöqtəsinin götürməsi ilə bağlı sədrlik edənin sualına cavab olaraq ekspert Elmar Səidov bildirdi ki, hava şəraiti ilə əlaqədar “B” nöqtəsi olan ərazi palçıqlı olduğuna görə başlanğıc nöqtəsi kimi “A” nöqtəsini müəyyən etmişdir. Həmçinin ekspert Elmar Səidov tərəfindən verilmiş rəyə əlavə olunan ortofoto görüntülərindən görünür ki, onun qeyd etdiyi “B” nöqtəsi həmin ərazidə yerləşən bir mərtəbəli tikilinin faktiki üzərində (sərhədində) yerləşir. Yerində müayinə zamanı isə müəyyən olundu ki, həmin tikili “B” nöqtəsindən 10 metr aralıda yerləşir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, ekspert Elmar Səidov tərəfindən gəlinən nəticə və verdiyi rəyə əlavə edilmiş “Google Yer” proqramından çıxardığı ortofoto görüntülərdə qeyd olunan məlumatlar Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş və İddiaçına verilmiş ayrıc cizgisində qeyd olunan ayrıc göstəricilərinə uyğun deyil. Bu baxımdan kollegiya hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli 1730 saylı ekspert rəyi həmin hissələrdə, yəni iddiaçıya məxsus torpaq sahəsinin yerində dəqiq koordinatlarının müəyyən edilməsi və həmin torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi hissəsində iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə də təngidi yanaşır və hesab edir ki, həmin rəy bütövlükdə mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin rəydə tədqiqat prosesi dəqiq və aydın, yəni mütəxəssisin əsas götürdüyü istinad nöqtələri və ona uyğun ümumi ərazinin sərhədlərinin müəyyən edilməsi prosesi təfsir olunmamışdır. Həmçinin rəydə Cavabdeh1 istifadəsinə 0,38 ha torpaq sahəsinin verilməsi barədə şəhadətnaməyə istinad olunmuşdur. Lakin belə şəhadətnamə ümumiyyətlə mövcud deyil və Cavabdeh1 istifadəsinə 0,38 ha deyil, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.05.2004-cü il tarixli 115 nömrəli sərəncamı ilə məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi verilmiş və bunun əsasında 1590 kv.m torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir. Cavabdehin adına 11.06.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışda isə istifadədə olan torpaq sahəsinin ölçüsü 0,09186 ha göstərilmişdir. Bundan başqa mütəxəssis tərəfindən torpaq sahəsinin faktiki vəziyyəti və texniki pasporta əsasən tədqiqat aparılmışdır. Halbuki texniki pasport hüquq müəyyənedici sənəd deyil və iddiaçıya məxsus torpaq sahəsinin koordinatları və dəqiq yeri yalnız Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş və İddiaçına verilmiş ayrıc cizgisinin göstəricilərinə əsasən müəyyən edilə bilər. Lakin mütəxəssis rəyində həmin ayrıc cizgisinə istinad olunmamışdır. Cavabdehlə sərhəddə olan hasarın faktiki vəziyyəti isə iddia ərizəsində izah olunmuşdur (“xxxx” firması ilə sərhəd boyunca yerləşən təqribən 2000 kv.metr sahəsi məcburi köçkün statusu almış şəxslər tərəfindən zəbt edildiyi və orada müvəqqəti olaraq yaşadıqları üçün həmin 2000 kv.metr torpaq sahəsi xaricdə qalmaq şərti ilə daş hasar inşa edilmişdir). Bunun əksinə, iş üzrə verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 18.10.2017-ci il tarixli 14235 nömrəli ekspert rəyinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən deyil, ekspertin baxış zamanı əldə olunmuş məlumatlara əsasən gəldiyi nəticə və X1 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyi verilərkən, tədqiqat prosesi məhz ayrıc cizgisində qeyd olunan “B” nöqtəsi başlanğıc tərpənməz nöqtə kimi qəbul olunmaqla ortofoto görüntüləri üzərinə köçürülməklə həyata keçirmişdir. Ona görə də kollegiya hesab edir ki, həmin ekspert və mütəxəssis rəyləri iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin 18.10.2017-ci il tarixli 14235 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçının mülkiyyətində olan Bakıxanov qəsəbəsinin şimalqərb hissəsində yerləşən 10.000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilərək, həmin torpaq sahəsinin 0.1 ha hissəsinə müdaxilə edilməsi, yəni İddiaçının ayrıc aktında qeyd edilmiş torpaq sahəsinin 0.03 hektarında “Ülvi” şadlıq sarayının inşa edilməsi, 0.02 hektarında qeyri-yaşayış sahəsinə və şadlıq evinə gedişgəliş üçün yolun salınması, 0.03 hektarında şadlıq sarayının arxa tərəfindəki qeyri-yaşayış binasının inşa edilməsi, 0.02 hektarının isə boş torpaq sahəsi olduğu müəyyən edilmişdir. X1 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindən isə daha dəqiq müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus tikilinin 549 kv.m. (208 kv.m + 341 kv.m = 549) sahəsi, o cümlədən 472 kv.m yola düşən sahə iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin nəzərə alınır ki, Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,15 ha (1500 kv.m) deyil, 3860 kv.m təşkil edir. Beləliklə, müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsinin cəmi 1021 kv.m hissəsi Cavabdeh1 tərəfindən zəbt edilib, həmin sahənin 549 kv.m hissəsində həmin cavabdehə məxsus qeyri-yaşayış sahəsi yerləşir, 472 kv.m hissəsindən isə yol kimi istifadə olunur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsi və Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Cavabdeh1 tərəfindən zəbt olunmuş və onun qanunsuz sahibliyində olan 472 kv.m olan torpaq sahəsinin boşaldılaraq ona təhvil verməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, qalan hissədə iddia təmin edilə bilməz. Belə ki, Cavabdeh1 tərəfindən inşa olunmuş tikili (şadlıq sarayı) onun mülkiyyətindədir və həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyinə görə Mülki Məcəllənin 180.4-cü maddəsinin mənasında özbaşına tikili hesab edilə bilməz. Eyni zamanda həmin tikiliyə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat inzibati qaydada mübahisələndirilməyib və bu məsələyə hüquqi qiymət verilməsi hazırki məhkəmənin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi və 29-cu maddəsinin 4-cü bəndində isə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.http://frameworks.eqanun.az/0/f_897.html Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən inşa edilən və hazırda onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (şadlıq sarayının) 549 kv.m hissəsinin qanunsuz olaraq iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi müəyyən edilsə də, hazırki işdə həmin tikilinin sökülməsi iddiası təmin edilə bilməz. Eyni zamanda kollegiya izah edir ki, qeyd olunan nəticə iddiaçı tərəfindən cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməsi və həmin iddia təmin olunduğu təqdirdə yeni əsasla hazırki iddianın irəli sürməsinin qarşısını almır. İddia tələbləri digər Cavabdeh2 münasibətdə isə təmin edilə bilməz. Çünki iş materiallarında həmin cavabdehin adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir və onun tərəfindən mübahisəli sahənin zəbt olunması müəyyən olunmur. Hazırki iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(102)-5699/19 saylı qərarında göstərilmişdir ki, Cavabdeh2 Əvəz oğlunun nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində iddia tələbinin dəlillərinin əsassız olması ilə əlaqədar göstərmişdir ki, “iddiaçı tikintiyə mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq 22.05.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə təqdim etsə də, cavabdehin də həmin əraziyə mülkiyyət hüququnu təsdiq edən çıxarışı mövcuddur. Lakin hər iki sənəd hər hansı bir formada məhkəmə mübahisəsinin predmeti deyildir.” (i/v 172-173,293). Bununla əlaqədar işə yenidən apellyasiya qaydasında baxılarkən nəzərə alınmalıdır ki, torpaq sahəsinə (daşınmaz əmlaka) mülkiyyət hüququnun əldə edilməsi üzrə əqdlər “mücərrəd” əqdlərə aid olmayıb, “hüquqi əsası olan” əqdlərə aiddir. Buna görə iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə sonradan hüquqi əsas olmadan həmin torpaq sahəsinin bir hissəsinə başqa şəxsin adına qeydiyyatı təsdiq edən çıxarış verilməsi həmin hissədə öz-özlüyündə etibarsız olduğundan onun məhkəmə qaydasında mübahisələndirilməsinə zərurət yoxdur. Buna görə işə yenidən baxılarkən iddiaçının iddia tələbinə Mülki Məcəllənin 157-ci və digər maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri Cavabdeh1 aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-222/2017 saylı mülki iş üzrə qəbul etdiyi 14 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçına məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 10.000 kv.metr torpaq sahəsindən Cavabdeh1 tərəfindən zəbt olunmuş 472 kv.metr torpaq sahəsi Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçına təhvil verilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar