Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1930/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “qeyri-yaşayış sahəsinin həbsdən azad edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2024-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən və ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadakı müqavilə sahəsi 261,72 kv.m (çıxarışa əsasən sahəsi 182,6 kv.m) ölçüdə olan qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanında yerləşən 190,9 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin həbsdən azad edilməsi, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat olmaqla, cəmi 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunmasını qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla, şikayətin qismən təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi və mümkünlüyü məsələsinə yenidən və tərəflərin iştirakı ilə baxılması üçün işin Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Rayon Məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsi və mümkünlüyü məsələsinə yenidən və tərəflərin iştirakı ilə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsinin icraata qəbul edilməsindən (eyni əsasla) imtina etmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, qardaşı X2 barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılmış cinayət işi üzrə iddiaçıya məxsus üç daşınmaz əmlakın üzərinə həbs qoyulmuş, həmin əmlaklara dair xüsusi müsadirə tətbiq edilmişdir. Cinayət işi yekunlaşdıqdan sonra iddiaçının bir əmlakının üzərindən həbs götürülmüşdür. İddiaçı hesab edir ki, o, cinayət işi üzrə üzərinə əmlak məsuliyyəti qoyula biləcək şəxs hesab edilmədiyindən digər iki əmlakı da həbsdən azad edilməlidir. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 153.2.2-ci maddəsinə əsaslanaraq iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunması barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən, müəyyən edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur (Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-609/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı). İddiaçı qərardaddan verdiyi şikayətdə isə göstərir ki, MPM-in 153.2.2-ci maddəsi cinayət işləri üzrə çıxarılmış məhkəmə aktını nəzərdə tutmur. Cinayət işləri üzrə qüvvəyə minmiş məhkəmə aktı əmlak üzərinə qoyulmuş həbs və xüsusi müsadirə hissəsində preyudisial əhəmiyyət kəsb etmir. Digər tərəfdən, bu məsələyə dair artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 384/2022 nömrəli qərarı ilə vahid məhkəmə təcrübəsi də formalaşmışdır və həmin iş üzrə cinayət mühakimə icraatı çərçivəsində həbsdən azad edilməsindən imtina edilən əmlak yenidən mülki mühakimə icraatı qaydasında mübahisələndirilərək həbsdən azad edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki. MPM-in tələblərinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1.). Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər (maddə 151.2.). Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.): ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə (maddə 153.2.1.); Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa (maddə 153.2.2.). Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 5(001)-339/2014 nömrəli qərarından görünür ki, hazırki iş üzrə iddiaçının "xxxx" MTK tərəfindən inşa edilən və ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadakı müqavilə sahəsi 261,72 kv.m (çıxarışa əsasən sahəsi 182,6 kv.m ) ölçüdə olan qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulmuşdur. Eyni zamanda, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 5(001)- 351/2014 nömrəli qərarı əsasında isə ünvan 2 ünvanında yerləşən 190,9 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(102)-609/2021 nömrəli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından maraqlı şəxs kimi iddiaçı kassasiya şikayəti verərək, üç ədəd əmlak üzərinə qoyulmuş həbs və xüsusi müsadirə barədə qərarın ləğv edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətini təmin edilməmişdir. İddiaçı apellyasiya instansiya məhkəməsinin həmin qərarından yenidən eyni tələbin ifadə edildiyi kassasiya şikayəti vermiş, Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-390/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı onunla əsaslandırılmışdır ki, həmin şikayət əvvəlki şikayət ilə eyni məzmundadır. Bundan sonra, Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən verilmiş protest nəticəsində Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)- 1943/2022 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, hazırki iş üzrə iddiaçıya məxsus bir əmlakın - Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsindəki “Caspian Shopping” Ticarət Mərkəzində yerləşən 17,7 kv.m ölçüdə 40 nömrəli mağazanın müsadirə edilməsi hissəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, həmin əmlak üzərindən həbs götürülmüş və hazırki iş üzrə iddiaçıya qaytarılmışdır. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Lakin qanunvericilikdə əmlakın mənsubluğunun müəyyən edilməsi ilə bağlı iddia ilə müraciət etmək hüququ təsbit edilsə belə, mülki prosessual qanunvericilikdə bu hüququn həyata keçirilməsinin prosessual əsasları müəyyən edilməmişdir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılmasının həyata keçirilməsi qaydasının Mülki Prosessual Məcəllədə tənzimlənməsi Milli Məclisə tövsiyə olunmalıdır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə və Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Milli Məclisə tövsiyə edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilən hüquqi mövqedən də göründüyü kimi, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir. İşdə iştirak etməyə cəlb olunmayan, barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı həmin cinayət işi ilə bağlı məlumatlı olmuş, cinayət işi üzrə icraatda iştirak etmiş, məhkəmənin hökmü ilə maraqlarına toxunan şəxs (müsadirə olunan əmlakın mülkiyyətçisi) qismində cəlb olunmuş, işdə iştirak etmiş, müvafiq instansiya məhkəmələrinə şikayətlər vermişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Ailə Məcəlləsinin 41.3-cü maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki və bu qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsasən, əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə məhkəmə hökmü, həmin əmlakla bağlı mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamənin mövcudluğuna baxmayaraq icra edilməlidir. Bu baxımdan qeyd edilənlərə əsasən qəbul edilməlidir ki, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olması, iddiaçının bütün məhkəmə instansiyaları üzrə şikayət verərək məhkəmə müdafiəsi hüququndan istifadə etməsi və həmin tələb üzrə təkrarən mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsinin yolverilməzliyi səbəbindən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəni icraata qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsaslı deyil. Qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-1930/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1930/2024
20.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver