Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1933/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2437/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və “X1 LTD” Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin giriş-çıxış qapısının istiqamətinin dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29, XXİ blok, İİ mərtəbə, 695 saylı mənzilin giriş-çıxış qapısının binanın ümumi layihəsinə uyğun olaraq içəri açılmasının cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2437/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın İddiaçı tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim etdilər. Barışıq sazişinin predmetinə görə: - İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29, 21 blok 21, 2-ci mərtəbədə yerləşən 695 saylı mənzilin giriş-çıxış qapısını öz vəsaiti hesabına dəyişdirib quraşdırır. - İddiaçı Cavabdeh1 məxsus mənzilin giriş qapısını öz vəsaiti hesabına dəyişəcəyi təqdirdə, Cavabdeh1 mənzilin qapısının içəri açılmasına razılaşır və bu qaydada iddianı qəbul edir. Məhkəmə iclasında İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda barışıq sazişinin bu şərtlərlə təsdiq edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2437/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 261.0.5, 263, 264, 370, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı və Cavabdeh1 təqdim etdiyi barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: - İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29, 21 blok 21, 2-ci mərtəbədə yerləşən 695 saylı mənzilin giriş-çıxış qapısını öz vəsaiti hesabına dəyişdirib quraşdırır; - İddiaçı həmin mənzilin giriş qapısını öz vəsaiti hesabına dəyişəcəyi təqdirdə, Cavabdeh1 mənzilin qapısının içəri açılmasına razılaşır və bu qaydada iddianı qəbul edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2437/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1933/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1933/2022
21.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver