Məhkəmə qərarları › İş №2(103)-1938/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1938/2020

18.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1938/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(009)-3248/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Səbail rayonu 1128-ci keçid 21 saylı evin 62 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Cavabdeh mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi beləəsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğlu Veysəl Heydərli ilə 02.10.2004-cü ildə nikah bağlayaraq ailə həyatı qurmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Nikahlarının pozulmasına baxmayaraq, Cavabdeh hələ də iddiaçının xüsusi mülkiyyətində olan, Bakı şəhəri Səbail rayonu 1128-ci keçid 21 saylı evin 62 saylı mənzilində yaşayır. Cavabdeh mütəmadi olaraq səbəbsiz yerə onunla və onun həyat yoldaşı Yaqut Heydərli ilə mübahisə edir, evinə yad insanları gətirir. O və onun həyat yoldaşı Yaqut Heydərli öz mənzillərində sakit yaşaya bilmirlər. Göstərilən hallar bir mülkiyətçi kimi onun hüquqlarını pozur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(009)- 3248/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsi Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri Səbail rayonu 1128-ci keçid ev 21 mənzil 62-yə istifadə hüququnun olmamasını müəyyən etsə də,onun xüsusi mülkiyyətində olan mənzilindən Cavabdeh çıxarılması barədə iddianı təmin etməmişdir.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsində X3 və X6 iddiaçıya məxsus evdən çıxarılmaları barədə tələb irəli sürülmədiyinə görə və onlar da Cavabdeh himayəsində olduğuna görə, Cavabdeh ona məxsus evdən çıxarılması barədə iddia təmin edilməməlidir.İddiaçı hesab edir ki, cavabdehin nəvələri ilə birgə yaşaması və onun nəvələrinin evdən çıxarılması tələbini irəli sürməməsi cavabdehin onun mənzilindən çıxarılmamasına əsas vermir. Nəvələri istənilən vaxt valideynlərinin razılığı ilə onun mənzilindən istifadə edə, mənzilində yaşaya bilərlər. Onlar hal-hazırda yetkinlik yaşlarına çatmadıqlarından onların yaşayış yeri Cavabdeh yaşayış yeri sayılır (və onun razılığı ilə müəyyən edilir). Lakin onlar yetkinlik yaşlarına çatdıqları vaxt öz seçimlərinə əsasən onun mənzilində də yaşaya bilərlər. Bu səbəbdən də o,nəvələrinin məhkəmə qətnaməsi ilə mənzilindən çıxarılmalarını tələb etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı öz izahatında bildirdi ki, cavabdehlə bir mənzildə yaşamaq qeyrimümkündür. Cavabdeh onu və həyat yoldaşını təhqir edir, hər gün evdə dava salır, iddiaçının öz mülkiyyətində olan mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneçilik edir. Ev onun xüsusi mülkiyyətindədir, nəvələrinin orada qalmasına etiraz etmir, istədikləri vaxta kimi orada qala bilərlər. Onun əsas tələbi cavabdehin mənzildən çıxarılmasıdır. İzahatının sonunda iddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərdi ki, onun hal-hazırda yaşamağa yeri yoxdur. Uşaqlar da onun himayəsindədirlər. Eyni zamanda uşaqlarının hər ikisi xəstədir, müalicəyə ehtiyacları vardır. Keçmiş həyat yoldaşı Heydərli Veysəl isə aliment pulunu ödəmir. Qaynatasıgilin onunla əsas mübahisəsi aliment üstündədir. O, alimentin ödənilməsini tələb etdiyimə görə onlar da onunla mübahisə edir və buna görə də onu evdən çıxartmaq istəyirlər. İzahatının sonunda cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(009)-3248/2019 saylı qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarında olan alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayonu 1128-ci keçid 21 saylı evin 62 saylı mənzili 24.11.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Səbail rayonu 1128-ci keçid (keçmiş A.Abbaszadə küçəsi) 21 saylı evin 62 saylı mənzili tam müikiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 09.04.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli 2(009)-675/2018 saylı qətnaməsinin surətindən görünür ki, X11 ilə X8 arasında 02.10.2004-cü il tarixdə bağlanmış nikah pozulmuş, 16.11.2005-ci il təvəllüdlü X9 və 07.05.2009-cu il təvəllüdlü X6 anaları X4 yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 04.10.2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 manat olmaqla, ümumilikdə iki uşaq üçün 308 manat sabit pul məbləğində alimentin hər ay X5 alınıb X7 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 326542 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Heydərli Veysəl İmran oğlu ilə Cavabdeh arasında nikahın ləğv edilməsi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* nömrəli 30.10.2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri Səbail rayonu 1128-ci keçid 21 saylı evin 62 saylı mənzilində X12, X15, X16, X11, Cavabdeh, X9, X13 qeydiyyatdadırlar. Beləliklə, iş materiallarında olan sübutlarla müəyyən olur ki, Bakı şəhəri Səbail rayonu 1128-ci keçid 21 saylı evin 62 saylı mənzili 24.11.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən alınmış və xüsusi mülkiyyət kimi 09.04.2008-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçının oğlunun keçmiş arvadı Cavabdeh isə iddiaçıya məxsus mənzilə qeydiyyata alınmışdır. Məhkəmənin 04.10.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçının oğlu Veysəl Heydərli ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir. Cavabdeh hazırki vaxtadək iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından da görünür ki, mübahisə predmeti olan mənzil 2008-ci il tarixdən iddiaçının mülkiyyətindədir və cavabdeh mübahisə predmeti olan mənzilə qeydiyyata düşmüşdür. Cavabdeh iddiaçının oğlu ilə ailə qurduqdan sonra həmin mənzildə yaşamağa başlamışdır. Göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətləri yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi vaxtadək, yəni 01 oktyabr 2009-cu il tarixədək yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan mübahisəli hüquq münasibətləri məhz Mülki Məcəllənin 228-ci maddəsinin normaları əsasında həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 228-ci maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvləri, “digər ailə üzvləri” və "digər şəxslər" prizmasından yanaşılır və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, birmənalı olaraq yaşayış sahəsindən istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Yuxarıda istinad olunan normalara əsasən birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənməli olduğu qənaəti ilə belə nəticəyə gəlmişdir ki, ilk növbədə cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməzdən əvvəl, onun həmin mənzilə münasibətdə hazırda istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. Bu kontekstdə araşdırma apararaq məhkəmə belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin mənasına görə, digər ailə üzvü olmuş cavabdeh Bakı şəhəri Səbail rayonu 1128-ci keçid (keçmiş A.Abbaszadə küçəsi) 21 saylı evin 62 saylı mənzilində qeydiyyatda olsa da, həmin mənzildən istifadə hüququ qazanmamışdır. Belə ki, cavabdehlə mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Odur ki, hətta cavabdehin mübahisəli mənzilə qeydiyyata alınmasına mənzilin mülkiyyətçisi olan iddiaçının rəsmi razılığı olmuşdursa belə, bu razılıq özlüyündə cavabdehə sözügedən evə mülki hüquqi mənada əşya hüququ kimi istifadə hüququ qazandırmır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsini təmin etməməkdə haqlı olmuşdur. Çünki mövcud olmayan hüququn itirilmiş hesab edilməsinin mübahisələndirilməsi hüquqi baxımdan mümkünsüz hesab edilməlidir. Bundan əlavə, məhkəmə iddia tələbinin mənzildən çıxarılma hissəsinin rədd edilməsi qənaətinə gələrkən ona istinad etmişdir ki, cavabdehin himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları---16.11.2005-ci il təvəllüdlü X9 və 07.05.2009-cu il təvəllüdlü X13 iddiaçının mənzilində qeydiyyatdadırlar, iddiaçı onlara qarşı həmin mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılma barədə tələb irəli sürmədiyinə görə və uşaqların yaşayış yeri həmin ünvan olduğundan, uşaqlar da cavabdehin himayəsinə verildiyindən cavabdeh həmin mənzildən çıxarıla bilməz. Məhkəmə gəlmiş olduğu bu nəticəni Mülki Məcəllənin 27, 228.5-ci maddəsinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə istinad edərək əsaslandırmışdır. Lakin iddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlar və istinad olunan maddi hüquq normasına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, Cavabdeh ilə mübahisəsi gedən mənzilin mülkiyyətçisi olan İddiaçı oğlu Veysəl Heydərlinin arasında olan nikah münasibətlərinə məhkəmə qətnaməsi əsasında 04.10.2018-ci il tarixdə xitam verilmişdir. İddiaçı ilə Cavabdeh arasında, sonuncunun mübahisəli mənzilə qeydiyyata alınması və istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma dövlət reyestrində qeydə alınmadığından və notariat qaydada yazılı razılaşma olmadığı üçün onun istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ olmadığına görə onun həmin mənzildən çıxarılması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi Mülki Məcəllənin 27.2-ci maddəsini düzgün təfsir etməmişdir. Belə ki, həmin maddənin məzmununa görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Göründüyü kimi, həmin maddə valideynin yaşayış yerini on dörd yaşına çatmamış uşağın yaşayış yerinə yox, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerini valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinə bağlayır. Buna görə də İddiaçı öz nəvələrinə qarşı mənzildən çıxarma iddiasını irəli sürməməsi, Cavabdeh qarşı mənzildən çıxarılma iddiasının rədd edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülki hüquq normalarının tətbiq edilməsində səhv buraxdığına görə, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2019cu il tarixli 2(009)-3248/2019 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbi mənzildən çıxarılma hissəsində əsaslı olduğundan, həmin hissədə iddia təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(009)- 3248/2019 saylı qətnaməsi qismən, mənzildən çıxarılma tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu 1128-ci keçid 21 saylı evin 62 saylı mənzilindən çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar