Məhkəmə qərarları › İş №2(103)-1938/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1938/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1938/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı (əvvəlki adı "xxxx" İKB ASC) “ipoteka müqaviləsinin ləğvi və ipoteka yüklülüyünün götürülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-943/2023 saylı 10 yanvar 2023-cü il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə (əvvəlki adı "xxxx" İKB ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmeti olan əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-943/2023 saylı 10 yanvar 2023cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə (hazırda Cavabdeh ASC) qarşı “ipoteka müqaviləsinin ləğvi və ipoteka yüklüyünün götürülməsi tələbinə dair” iddia ərizəsinin qəbulundan imtina edilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia ərizəsindən müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-57/2019 saylı qətnaməsi ilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun İddiaçı tutulması və tutmanın ipoteka predmetinə - ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə yönəldilməsi qət edilmişdir. Göründüyü kimi, həmin qətnamədə ipoteka müqaviləsinin etibarlı olmasına artıq qiymət verilmişdir. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişini nəzərə alaraq mübahisələndirilən ipoteka müqaviləsinin etibarlı olması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır (Qərardadın nəticə hissəsi). O da vurğulanmalıdır ki, əqdə əsaslanan tələb hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər (bənd 54). Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (bənd 55). Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir (bənd 54). Göründüyü kimi ipoteka predmetinə tutma yönəldilməsi tələbi əşya hüququna əsaslanan iddia olduğu üçün və həmin iş üzrə icraat çərçivəsində hazırkı iş üzrə iddiaçı tərəfindən ipoteka hüququnun əsaslandığı qeydin mötəbərliyinə yazılı tələb (o cümlədən qarşılıqlı iddia) irəli sürülməklə etiraz edilmədiyi üçün həmin işə baxan məhkəmənin ipoteka qeydinin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmamışdır. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunanlar nəzərə alınmadığı üçün Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-943/2023 saylı 10 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar