Məhkəmə qərarları › İş №2(103)-1938/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1938/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1938/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“ipoteka müqaviləsinə xitam verilməsi, mənzilin ipotekadan çıxarılması və çıxarışın ləğvi”) hakimlər X7 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdeh Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, mənzilin ipotekadan azad edilməsi və çıxarışın ləğvi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5706/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı (nümayəndəsi vəkili Nümayəndə) Pakistan Milli Bankının Bakı Filialı ilə X4 arasında bağlanmış, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin banka ipotekaya qoyulması barədə 09 mart 2011-ci il tarixli 60 saylı ipoteka müqaviləsinə xitam verilməsi, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin ipotekadan azad edilməsi, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə dair Pakistan Milli Bankının Bakı Filialının adına verilmiş mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi barədə iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5706/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd edilmiş, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 29; “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 48; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158.3, 178.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbinin 09 mart 2011-ci il tarixli 60 saylı ipoteka müqaviləsi 3 illik müddətə bağlanmışdır. Müqavilənin bitmə müddəti 2014-cü ilin mart ayı olmuşdur. Hazırda müqavilə artıq qüvvədən düşmüşdür. Belə olan halda müqavilənin ləğv edilməsi ilə bağlı olan tələb təmin edilə bilməz. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-476/2019 saylı 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş öhdəliklərinin icrasına dair heç bir mötəbər sübut təqdim edə bilməmiş çıxarışın verilməsinə əsas isə məhkəmə qətnaməsinin icrası prosesində keçirilmiş hərracın nəticələri mübahisələndirilmədən çıxarışın məhkəmə qaydasında ləğv edilməsi yolverilməzdir, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-476/2019 saylı 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdehlər X8 09 mart 2011-ci il tarixli, 176 saylı kredit müqaviləsi üzrə üzrə 21886,10 manat məbləğində pul vəsaitinin iddiaçı Pakistan Milli Bankının Bakı filialının xeyrinə tutulması, tələbin cavabdeh X6 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində istifadə olunan 0.20172 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 136 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabadehlərin banka olan borcunun ödənilməsi, artıq qalan məbləğin X6 geri qaytarılması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 41/2020 saylı 16 avqust 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-476/2019 saylı, 22 avqust 2019-cu il tarixli qətnaməsinə düzəliş edilmiş və qətnamənin nəticə hissəsində tələbin yönəldiyi əmlak "Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, küçəsində istifadə olunan 0.20172 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 136a nömrəli mənzil” kimi oxunması qərara alınmış, qərardaddan X5 vəkili Nümayəndə tərəfindən şikayət verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-41/2020 saylı 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, qərardad ləğv edilərək ərizəyə baxılması üçün iclas təyin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(011)-41/2020 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-476/2019 saylı 22 avqust 2019-cu il tarixli qətnaməsinə düzəliş edilmiş və qətnamənin nəticə hissəsində qeyd olunan daşınmaz əmlakın "Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, küçəsində istifadə olunan 0.20172 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 136a nömrəli mənzil” kimi oxunması qərara alınmışdır; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 9/2021 saylı 09 mart 2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar X5 və X10 cavabdeh Pakistan Milli Bankının Bakı filialına qarşı “müqavilə öhdəliyinə xitam verilməsi və əmlakın ipotekadan azad edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. (səh. 11-19, 73-75). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. İddiaçı apellyasiya şikayəti verərək, Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(011)-5706/2023 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhəri Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Mülki məcəlləsinin 152.1, 152.5; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 77.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8, 136 saylı mənzil X2 mülkiyyətində olmuş və o vəfat etdikdən sonra yeganə varis, onun oğlu İddiaçıdur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının AR Mülki Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. İşə baxan məhkəmə yuxarıda göstərilən normanı düzgün tətbiq edərək iddianı təmin etməli olduğu halda, qanunsuz və əsassız olaraq iş üzrə AR Mülki Məcəlləsinin 152.1-ci maddəsini düzgün tətbiq etməmişdir. İşə baxan məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəməyə təqdim edilmiş sübutlardan məlum olur ki, Pakistan Milli Bankının Bakı X1 mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8, 136 saylı mənzilə dair saxta sənədlər təqdim etmişlər və AR DƏDRX 1 saylı ərazi idarəsi həmin saxta sənədlər əsasında, bilə-bilə həmin mülkiyyətlə bağlı cavabdeh Pakistan Milli Bankının Bakı Filialının adına çıxarış vermişdir. İşə baxan məhkəmə öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə edilən dəlillərlə, tərəflərin verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamışdır. Belə ki, iddiaçı məhkəməyə AR Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin25 iyun 2023- cü il tarixli sorğuya cavabını təqdim etmişdir. Həmin məktubda verilmiş sorğuya cavab olaraq göstərilmişdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 41/2020 saylı, 22 avqust 2019-cu il tarixli icra sənədinə əsasən X8 09 mart 2011-ci il tarixli, 176 saylı kredit müqaviləsi üzrə 21886,1 manat məbləğində pul vəsaitinin Pakistan Milli Bankının Bakı Filialının xeyrinə tutulması gösərilmişdir. Tələb cavabdeh X6 məxsus ünvan 3 ünvanda yerləşən mənzilə yönəldilmişdir. Həmin mənzilin ilkin satış qiyməti 85000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcu ödənilməli, artıq qalan məbləğ X6 geri qaytarılmalıdır. İcraata başlamaq haqqında qərar və icra sənədinin surəti borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Həmin mənzilin hərracda satılması ilə bağlı Daşınar və Daşınmaz Əmlakın satışı üzrə Hərrac Mərkəzinə sifariş verilmişdir. 28 sentyabr 2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildiriş 08 oktyabr 2021-ci il tarixdə, 26 oktyabr 2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildiriş 01 noyabr 2021-ci il tarixdə Xətai rayon icra şöbəsinə daxil olmuşdur. Lakin hal-hazırkı tarixədək hərracın yekunlaşmasına dair yekun protokol yerli quruma daxil olmamışdır. Sorğuda qeyd olunan X2 mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8, 136 saylı mənzil yuxarıda göstərilən icra sənədində qeyd olunmadığı üçün hərraca tərəflərindən çıxarılmamışdır. İşə baxan məhkəmə tam qanunsuz olaraq qətnamə qəbul edərkən rəsmi dövlət qurumundan verilmiş bu sənədə istinad etməmişdir. İşə baxan məhkəmə bu işlə bağlı Xətai Rayon İcra Şöbəsində olan icraat materiallarını əldə etmək üçün sorğu verilməsi barədə qərar qəbul etsə də, bu qərarın icrasını təmin etməmişdir. Məktubda açıqaydın yazılmışdır ki, X2 mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti,ev 8, 136 saylı mənzil yuxarıda göstərilən icra sənədində qeyd olunmadığı üçün hərraca çıxarılmamışdır. İşə baxan məhkəmə tam qanunsuz olaraq AR DƏDRX 1 saylı ərazi idarəsi tərəfindən 01 noyabr 2023-cü il tarixli məktubla məhkəməyə gödərilmiş saxta sənədlərə istinad etmişdir. Həmin məktuba əlavə edilmiş 13 dekabr 2023-cü il tarixli hərracın yekunlarına dair protokoldan və alğı-satqı müqaviləsindən həmin sənədlərin saxta olduğu dərhal diqqəti cəlb edir. Belə ki, hər iki sənəddə mülkiyyətçinin adı yerində X2 adı qələmlə, X5 adı isə çap formasında yazılmışdır. Həmin sənədlərdə hərracı sifariş vermiş İcra məmurunun imzası və İcra şöbəsinin möhürü olmalıdır. Bunların heç biri yoxdur. AR DƏDRX 1 saylı ərazi idarəsi onlara saxta sənədlər təqdim edilməsinə baxmayaraq tam qanunsuz olaraq Pakistan Milli Bankının Bakı Filialının adına mübahisəli mənzilə dair çıxarış vermişdir. İşə baxan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3–cü maddəsinin tələblərini pozaraq yekun qərarı özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinin də tələblərini pozmuşdur. Belə ki, iddiaçı X2 mülkiyyətində olmuş Bakışəhəri, Xətai rayonu,Xocalı prospekti,ev 8, 136 saylı mənzilin Pakistan Milli Bankının Bakı Filialının mülkiyyətinə keçməsinin saxtakarlıq yolu ilə baş verdiyini sübuta yetirsə də, cavabdehlər bunun əksini sübut edə bilməmişlər. AR Ədliyyə Nazirliyi Bakışəhəri Xətai Rayon İcra Şöbəsinin 25 iyun 2023- cü il tarixli məktubunda konkret göstərilmişdir ki, tələb cavabdeh X6 məxsus ünvan 3 ünvanda yerləşən mənzilə yönəldilmişdir və həmin əmlak hərraca çıxarılmışdır. Həmin mənzilin hərracda satılması ilə bağlı Daşınar və Daşınmaz Əmlakın satışı üzrə Hərrac Mərkəzinə sifariş verilmişdir. 28 sentyabr 2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildiriş 08 oktyabr 2021-ciiltarixdə, 26 oktyabr 2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildiriş 01 noyabr 2021-ci il tarixdə Xətai rayon icra şöbəsinə daxil olmuşdur. Lakin hal-hazırkı tarixədək hərracın yekunlaşmasına dair yekun protokol yerli quruma daxil olmamışdır. Sorğuda qeyd olunan X2 mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti,ev 8, 136 saylı mənzil yuxarıda göstərilən icra sənədində qeyd olunmadığı üçün hərraca tərəflərindən çıxarılmamışdır. Məhkəmə tam qanunsuz olaraq AR DƏDRX 1 saylı ərazi idarəsi tərəfindən 01 noyabr 2023-cü il tarixli məktubla məhkəməyə göndərilmiş saxta sənədlərə istinad etmişdir. Həmin məktuba əlavə edilmiş 13 dekabr 2023-cü il tarixli hərracın yekunlarına dair protokoldan və alğı-satqı müqaviləsindən həmin sənədlərin saxta olduğu dərhal diqqəti cəlb edir. İşə baxan məhkəmənin qeyri-obyektiv və qərəzli olduğu qətnamə qəbul edərkən saxtasənədlərə istinad etməyindən də məlum olur. Məhkəməyə təqdim edilmiş sübutlardan da görünür ki, X2 mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8, 136 saylı mənzilllə bağlı heç bir hərrac keçirilməmişdir, sadəcə ortada saxta sənədlər vardır. İşə baxan məhkəmə baş vermiş saxtakarlıqlarla bağlı xüsusi qərardad çıxararaq aidiyyatı orqanlara göndərməli olduğu halda, bunu da etməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

4. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə razı olmadıqlarını, iddiaçı tərəfin absurd tələblər irəli sürdüyünü, məhkəmə qərarında mənzilin nömrəsində texniki yanlışlığa yol verildiyini və bank tərəfindən məhkəməyə edilmiş ərizə əsasında qərardadla qətnaməyə düzəliş edildiyini və iddiaçı tərəfin həmin qərardaddan da şikayət verdiyini qeyd etmiş və birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olduqlarını bildirmişdir.

5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı və digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-48; Mülki Məcəllənin 139 - 146, 269-323-1, 385, 460, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmış, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil müəyyən edilməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

8. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3, 233.3-cü maddələrinə əsəsən: Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələri nəzərdən keçirilməlidir: 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına görə: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. 5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

12. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun aşağıda qeyd edilən maddələrinə əsasən : 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

13. Beləliklə, dəqiq təsvir edilməyən ipotekaya və ya müqaviləyə xitam verilmə (ipoteka perdmetinin azad edilmə) əsaslarını, habelə ipoteka predmetinə aidiyyəti üzrə iddiaçının subyektiv hüququnu müəyyən edən sübutların təqdim edilməməsi, zəruri olduğu təqdirdə məhkəmə qərarına edilmiş düzəlişə əsasən ipoteka predmeti olan mənzilin ünvanı üzrə (136 və ya 136a) dəqiqlik gətirilməməsi və bu əsasla öncəki məhkəmə qərarlarına aid prosessual tədbirlərin həyata keçirilməməsi (icrada dönüş və s.), saxta olması iddia edilən hərracın yekunlarına dair protokolun və alğı-satqı müqaviləsinin mübahisələndirilməməsi, bundan irəli gələrək də reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası apellyasiya şikayətinin təmin edilməsinə əsaslar yaratmır.

14. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilməsi üçün əsaslar olmadığından onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxsə aid edilməlidir.

15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5706/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar