Məhkəmə qərarları › İş №2(103)-1944/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1944/2021

13.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1944/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair 2(005)-2522/2020 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun müalicə sənədlərinin və anası tərəfindən xəstəliyi ilə bağlı apardığı gündəlik qeydlərin qanuna müvafiq qaydaya uyğun olaraq qeyd edilən faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun uşaqlıqdan sağlamlıq imkanı məhdud olan şəxs kimi (birinci qrup) əlillik faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Anadangəlmə epilepsiya xəstəsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi HƏEK-nin rəyinə əsasən ona generalizə olunmuş tez-tez olan qıcolma tutmaları ilə kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi diaqnozu qoyulmuşdur. Müxtəlif illərdə xəstəliyi ilə bağlı bir çox şəhərlərdə müvafiq müalicələr almışdır. X2, Respublikanın Baş Psixiatrı professor Ağabəy Sultanov, professor Nadir İsmayılov və professor Mollazadə tərəfindən müayinə və müalicələr almışdır. 1971-ci ildən Bakı Şəhər Psixonevroloji Dispanserdə qeydiyyatdadır. 1972-ci ildə Kiyev şəhərinin Psixonevroloji Dispanserində professor Laptiyev, 1973-cü ildə Moskva şəhərində yerləşən X3 Dispanserində baş epileptoloq professor A.S.Remezova, aparıcı həkim professor A.A.Terentiyeva, baş həkim professor O.A.Trifonov, professor P.A.Konstantinov və professor Ledenyov tərəfindən ildə iki dəfə müayinə və müalicə olunmuşdur. Hal-hazırda Bakı şəhəri, Nərimanov rayonu 4 nömrəli poliklinikanın psixiatrı Aziyat Mustafayev tərəfindən müalicələri davam etdirilir. 2000-ci ildən isə birinci qrup əlildir. Anası Maraqlı şəxs1 Bakı şəhəri, Nərimanov rayonu 6 nömrəli uşaq poliklinikasının Uşaq Pulmonoloji şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Yuxarıda qeyd olunan və onda baş verən qıcolmaları anası özünün şəxsi gündəliyində qeyd etmişdir. Moskva şəhərində olduqları zaman müalicələrin gedişatını bir həkim kimi izləmiş və yaxından iştirak etmişdir. Bu faktın müəyyən olması ona görə zəruridir ki, o, birinci qrup əlildir, uşaqlıqdan yuxarıda qeyd olunan xəsləlikdən əziyyət çəkir və bununla yanaşı gələcəkdə atasından anası Maraqlı şəxs1 keçən pensiya pulunu o birinci qrup əlil olduğundan gələcəkdə anasının vəfatından sonra anası alan pensiyanı öz adına keçirərək ala bilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin məhkəməyə müraciət etdiyi fakt qanuna uyğun deyil və məhkəmə qaydasında baxıla bilməz. Qeyd etməyi zəruri hesab edir ki, digər tərəfdən ərizəçinin yetkinlik yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu faktının şahid ifadələri (anası tərəfindən xəstəliyi ilə bağlı apardığı gündəlik qeydlər) ilə təsdiq olunmasıdır. Hansı ki, bu fakt xüsusi bilik tələb olunan hallara aid olduğundan, haqlı olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 saylı xx xxxxx 2019-cu il tarixli qərarında “məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir ” nəzərdə tutulmuşdur. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Ərizəçi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər maraqlı şəxs məhkəmə iclasında təmsil olunmamış, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə digər maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır (maddə 307). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Beləliklə, prosessual qanunvericiliyin müddəalarında xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən olunmuşdur. Məcəllə xüsusi icraat qaydasında digər işlərə baxılmasını da istisna etmir, lakin bunun üçün həmin hala baxılması Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmalıdır. Mülki prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərin bir növü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini nəzərdə tutur. Həmçinin Məcəllənin 307.2.11-ci maddəsi MPM-in 307-ci maddəsində nəzərdə tutulmayan hüquqi əhəmiyyətli halların müəyyən edilməsini o halda mümkün hesab edir ki, bunun qanunvericilikdə başqa qaydası nəzərdə tutulmasın. Eyni zamanda ərizəçinin hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi bu işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 14-cü maddəsində ifadə edilmiş hüquqi mövqeyinə əsasən, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1-ci bəndinə əsasən əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3-cü bəndinə görə əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Hazırkı iş üzrə, iddiaçı müalicə sənədlərinin və anası tərəfindən xəstəliyi ilə bağlı apardığı gündəlik qeydlərin qanuna müvafiq qaydaya uyğun olaraq qeyd edilən faktın müəyyən edilməsini məhkəmədən xahiş edir. Lakin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair tələblərə xüsusi icraat qaydasında baxılır və prosessual qanunvericiliyin müddəalarında xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən olunmuşdur. İddiaçının hazırkı tələbi həmin işlərin dairəsinə daxil deyildir. Bundan başqa, ərizəçi anadangəlmə epilepsiya xəstəsi olmasına əsasən, atasından anasına keçən pensiya pulunu birinci qrup əlil olduğundan gələcəkdə anasının vəfatından sonra öz adına keçirərək ala bilmək istədiyini bildirir. Lakin qanunvericiliklə müəyyən edilmişdir ki, şəxslərin əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında aparılır. Beləliklə, əlilliyin baş verməsi anı və əlillik qrupları kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməz olduğundan ərizəçi müvafiq tələblə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edə bilər. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən izah edir ki, ərizəçi əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 2522/2020 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi müalicə sənədlərinin və anası tərəfindən xəstəliyi ilə bağlı apardığı gündəlik qeydlərin qanuna müvafiq qaydaya uyğun olaraq qeyd edilən faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar