Məhkəmə qərarları › İş №2(103)-1948/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1948/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1948/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-586/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı işdən çıxarılma əmrinə düzəliş edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-586/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı işdən çıxarılma əmrinə düzəliş edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-586/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-586/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Əmək münasibətlərindən irəli gələn mübahisələrə dair işlərə məhkəmə qaydasında baxılmamışdan əvvəl tərəfin mediasiya təşkilatına müraciət halı qanundan irəli gələn tələbdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, o cümlədən iddiaçı cavabdeh təşkilatda işləməsi və işdən azad olmasını təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 150.0.8-ci maddəsininin tələbinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilən sənədlərdən biri kimi göstərilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən hakim “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənəd və qeyd etdiyi halları təsdiq edən sübutlar iddia ərizəsinə əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-586/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-586/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar