Məhkəmə qərarları › İş №2(103)-1950/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1950/2023

01.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1950/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçı X2, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı X3 xx.xx.2010-cu il tarixdə AFB Bank ASC-nin Sahil filialında mühasib əməliyyatçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə strukturda edilmiş dəyişikliklərlə əlaqədar tutduğu vəzifədən azad edilmiş və həmni tarixdən Sahil filialının əməliyyat bölməsinin mühasib-əməliyyatçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdən bankın yeni ştat cədvəlinə əsasən vəzifəsi Sahil filialının əməliyyat bölməsinin baş əməliyyatçısı olmuşdur. xx.xx.2022-ci il tarixli 85-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (ƏM-in 72-ci maddəsinin “a” bəndində sadalanan hal) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı İİ qrup əlildir və onkoloji xəstəlikdən əziyyət çəkir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X3 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli, 85-K nömrəli əmrinin ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcbui işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə aralarında bağlanılmış xx.xx.2010-cu il tarixli əmək müqaviləsi əsasında müəssisədə baş əməliyyatçı vəzifəsinə işə qəbul edilmiş, işlədiyi dövrdə heç bir intizam pozuntusuna yol verməmiş, barəsində heç bir intizam tənbehi tətbiq edilməmiş, hətta işəgötürən tərəfindən ona xəbərdarlıq belə edilməmişdir. Onkoloji xəstə olduğundan, bu səbəbdən də ona İİ qrup əlillik təyin edildiyindən dövri olaraq kimya terapiyası müalicələri alır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstəliyi ilə əlaqədar müalicə aldığı üçün işə çıxa bilməmiş və bununla bağlı müvafiq xəstəlik vərəqəsi tərəfindən işəgötürənə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə (həftənin 5-ci günü) işəgötürənə rəsmi müraciət edərək xx.xx.2022-ci il tarixdən (növbəti həftənin birinci günündən) məzuniyyətə çıxmaq üçün icazə istəmişdir. Cavabdeh ASC tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci tarixli xəbərdarlıq bildirişində göstərilmişdir ki, o, 17, 18, 19, 21 və 24 yanvar 2022-ci iltarixlərində işə çıxmamışdır. Məktubda qeyd edilir ki, onun bu əməli AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən kobud pozuntu hesab edilir. Eyni zamanda qeyd edilmişdir ki, işçi tərəfindən məzuniyyətlə bağlı ərizənin iş yerinə təqdim edilməsi faktı işçinin işə çıxmaması üçün əsas deyildir. Bu səbəbdən də ondan işə çıxmamağının səbəbi barədə məlumat verməyi istənilmişdir. Tərəfindən Cavabdeh ASCyə göndərilmiş xx.xx.2022-ci il tarixli məlumatda göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə məzuniyyətə çıxmaq üçün rəsmi müraciət etmiş və xx.xx.2022-ci il tarixdən məzuniyyətə çıxmağına icazə verilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 87- Ş nömrəli əmrinə əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 52 gün müddətində məzuniyyətində olmuşdur. Əmrdə işə başlamalı olduğu vaxt xx.xx.2022-ci il tarixi göstərilmişdir. xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixədək İİ qrup əlil olduğu üçün səhhətində olan problemlə əlaqədar müalicə almış və bununla bağlı müvafiq xəstəlik vərəqəsi təqdim etmişdir. Belə olan halda məzuniyyətinin son 6 günü (15, 16, 17,18,19 və 20 mart 2022-ci il tarixİəri) xəstəlik dövrünə düşmüşdür və o, xx.xx.2022-ci il tarixdə həmin 6 günün əvəzinə əmək məzuniyyətinin uzadılması ilə bağlı işəgötürənə müraciət etmişdir. Cavabdeh ASC tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci tarixli 233/13 nömrəli xəbərdarlıq bildirişində göstərilmişdir ki, o, 07 və 08 iyun 2022-ci il tarixlərində işə çıxmamışdır. Bu səbəbdən də hesab edir ki, onun xəstəlik dövrünə təsadüf edən məzuniyyətindən istifadə etməyi üçün ayrıca əmrin verilməsinə ehtiyac olmamışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-134/23 saylı iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçı işə üzürsüz səbəbdən gəlmədiyinə görə onu işdən azad etmişdir. Lakin iş materiallarından da göründüyü kimi işçi (iddiaçı) əmək məzuniyyəti dövrünə təsadüf edən müddətin uzadılması ilə bağlı işəgötürənə məlumat vermiş və bu barədə yazılı müraciət etmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”, 71, 79-cu maddəsinin 3-cü hissəsi, 110, 133.3, 134.3, 186.2, 294-cü maddəsinin 7-ci hissəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə almamışdır. Almışdısa, bunu işəgötürənə və hətta məhkəməyə bildirməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi arayışlardan da görmək olur ki, o, xəstəliyi ilə əlaqədar olaraq vaxtaşırı müəyyən tibb müəssisələrində (klinikalarda), ambulator qaydada polikimyəvi müalicə (kimyaterapiyası) almışdır. Bundan başqa, İddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən statusda olan işçi də deyildir. Bir sözlə, məhkəmə bu halda hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Mübahisənin predmeti məzuniyyətin birbaşa uzadılıbuzadılmamasına hüquqi qiymətin verilməsindən ibarət olmuşdur. Bunu görmək üçün iddiaçının işəgötürənə yazdığı həmin müraciəti (ərizəni) baxmaq kifayət edər. Belə ki, işçi hesab etmişdir ki, məzuniyyətdə olduğu müddətdə (müddətin son 1 həftəsində) xəstələndiyi üçün, sonradan xəstəlik kağızı bağlanmasına baxmayaraq orada göstərilən işə çıxmalı olan tarixdə işə çıxmaya bilər, xəstəlikdən əvvəlki məzuniyyəti xəstəlikdən dərhal sonra “uzadılmalıdır” və işəgötürənə yazıb göndərdiyi məlumat (ərizə) onun məzuniyyətinin “uzadılması” üçün kifayətdir. Göründüyü kimi, işçi xəstəlikdən sonra artıq sağalmışdır və işə çıxmalı idi, lakin yenidən məzuniyyətə çıxmağa qərar vermişdir (bu onun dediyi kimi “uzadılma” da sayılmır, çünki onun məzuniyyəti artıq 2 ay bundan əvvəl bitmişdir) və bunun üçün işəgötürənin razılığının olmasına ehtiyac olmadığı qənaətinə gəlmişdir. Qeyd edilənlərdən aydın olur ki, məhkəmə bu məsələdə qəsdən səhv qənaət formalaşdıraraq, işçinin işə çıxmamasının guya onun xəstəliyi ilə əlaqədar olduğunu qətnamədə qeyd etmişdir. Daha sonra məhkəmə növbəti pozuntu kimi işçi ilə bağlanmış əmək müqaviləsini ləğv edərkən (əslində xitam verilmişdir) işəgötürən tərəfindən işçinin şəxsiyyətinin, kollektivdə nüfuzunun, peşəkarlıq səviyyəsinin və s. qanunvericilikdə qeyd edilən faktların nəzərə alınmadığını qeyd etmişdir. Lakin məhkəmənin bu qənaətə niyə və hansı səbəbdən gəldiyi bəlli deyil. Belə ki, hətta məhkəmə araşdırması zamanı da iddiaçı tərəfindən bu məsələ qaldırılmış və Bank tərəfindən bildirilmişdir ki, bütün bu hallar işəgötürən tərəfindən nəzərə alınmış, lakin işçi tərəfindən əmək vəzifələri kobud şəkildə bu formada pozulduğu üçün məlum intizam tənbehinin verilməsi qərarlaşdırılmışdır. Hazırkı halda işçinin bütün günü qeyd edilən üzrlü səbəblərdən günlərlə işə gəlməməsi, yəni kobud pozuntu faktının baş verməsi mübahisəsizdir, çünki işçi məzuniyyətini “uzatdığını” işəgötürənə bildirmişdir və əmrdə də səbəb kimi məhz işçinin bütün günü üzrsüz səbəbdən işdə olmaması qeyd edilmişdir. Göründüyü kimi ,əmr əsaslı və qanuni əmrdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçı izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

12. Maddə 12, i) bəndi. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri kimi təsbit edilmişdir.

13. Maddə 70, ç bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

14. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

15. Maddə 79, 3-cü hissə. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

16. Maddə 110. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

17. Maddə 133.3. Əlilliyi olan şəxslərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər.

18. Maddə 134.3. Əmək qabiliyyəti müvəqqəti itirildikdə işçinin təşəbbüsü ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.

19. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

23. İddiaçı xx.xx.2010-cu il tarixli əmək müqaviləsi əsasında Cavabdeh ASC-yə işə qəbul edilmişdir. Daha sonra onkoloji xəstə olduğundan ona İİ qrup əlillik təyin edildiyindən dövri olaraq kimya terapiyası müalicələri almışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 52 gün müddətində məzuniyyətində olmuşdur. Əmrdə işə başlamalı olduğu vaxt xx.xx.2022-ci il tarixi göstərilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İİ qrup əlil olduğu üçün səhhətində olan problemlə əlaqədar müalicə almış və bununla bağlı müvafiq xəstəlik vərəqəsi təqdim etmişdir. Belə olan halda məzuniyyətinin son 6 günü (15, 16, 17,18,19 və 20 mart 2022-ci il tarixİəri) xəstəlik dövrünə düşmüş və o, xx.xx.2022-ci il tarixdə həmin 6 günün əvəzinə əmək məzuniyyətinin uzadılması ilə bağlı işəgötürənə müraciət etmişdir. Cavabdeh xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə iddiaçının işə gəlməməsini əsas gətirərək xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və iddiaçının işdən azad edilməsi haqqında əmr imzalamışdır. İşin sadalanan hallarından da göründüyü kimi, cavabdeh işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

25. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar