Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1951/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Aşurovun xx.xx.2022-ci il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin 2(009)-1706/2014 nömrəli, xx.xx.2014cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı icraat üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Aşurovun xx.xx.2022-ci il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin 2(009)-1706/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı icraat üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1706/2014 nömrəli qərardadından icra məmuru tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Aşurovun xx.xx.2022-ci il tarixli qərarı ilə Səbail rayon məhkəməsinin 2(009)-1706/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.
2. Tələbkar İddiaçı Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1706/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Aşurovun xx.xx.2022-ci il tarixli qərarından şikayət ilə məhkəməyə müraciət edərək, həmin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1706/2014 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Aşurovun Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1706/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın təzələnməsi qərara alınmışdır.
4. Qərardaddan narazı qalan Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural Aşurov həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, tələbkar İddiaçı şikayətinin təmin edilməməsini xahiş etmişdir.
5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4.şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 364. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur.
8. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirib hesab edir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1706/2014 nömrəli qərardadından verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
10. Belə ki, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən verilmiş şikayət elektron mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə və elektron imza ilə təsdiq edilməklə deyil, qələmlə imza edilərək kağız daşıyıcıda məhkəməyə təqdim edilmişdir.
11. Habelə, şikayət Mülki Prosessual Məcəlləsinə “Əlavə 2” də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməmişdir.
12. Göründüyü kimi, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar yoxdur.
13. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
14. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1706/2014 nömrəli qərardadından Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər: