Məhkəmə qərarları › İş №2(103)-1952/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1952/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1952/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İddiaçı Ağası oğlunun, onun vəkili və nümayəndəsi X2 iştirakları ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3708/2019 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Ruhin Yolçuyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, “X3 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X3 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin onun mülkiyyətindəki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 29 saylı evin, 2 saylı mənzil barədə hərracın nəticələrinin ləğv edilməsi və xx xxxxxx 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən "Cavabdeh1" ASC-nin mülkiyyətinə verilməsi barədə DƏDRX-da ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınmış, dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2014-cü il tarixli 403/14- AZN nömrəli kredit xətti müqaviləsinə əsasən “xxxxx” MMC Cavabdeh1 ASC-nin “Əməliyyat İdarəsi” filialından illik 18%-lə 12 ay müddətinə 88.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 2 otaqlı, sahəsi 34 kv.m olan 29 saylı evin, 2 saylı mənzili xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Sonradan qrafik üzrə ödənişlər gecikdirildiyindən "Cavabdeh1" ASC məhkəməyə müraciət etmiş, Nərimanov rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh xxxxx" MMC-dən xx xxxxxx 2014-cü il tarixli 403/14-AZN saylı müqaviləsinə əsasən 87.805,08 manat məbləğində əsas, 3.999,3 manat məbləğində 3.000 manat məbləğində cərimə cəmi 94.804,38 manat məbləğində borc və həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat "Cavabdeh1" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bununla əlaqədar “xxxxx” MMC-dən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi Cavabdeh1 qarşısında ipoteka ilə yüklü edilmiş ona məxsus Bakı Nərimanov rayonu, A.Heydərov küçəsi 29 saylı evin, 2 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa həmin vəsaitin ona verilməsi, həmçinin ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 29 saylı evin 2 saylı mənzilin ilkin satış qiyməti 98.363,74 manat müəyyən olunmuş, onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov A.Heydərov küçəsi 29 saylı evin, 2 saylı mənzili açıq hərracdan satıldıqdan sonra bir ay ərzində boşaldılması qət edilmişdir. Bundan sonra həmin qətnamənin icrası ilə əlaqədar Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən “X3 Mərkəzi”nə müraciət edilmiş və qətnamənin icrası qaydasında ipoteka predmeti olan ona məxsus həmin mənzil açıq hərraca çıxarılmışdır. Bildirir ki, onun mülkiyyətində olan mənzil məhkəmə qətnaməsində hərraca çıxarılması qət edilərkən o, ailə üzvləri həmin məhkəmə baxışında iştirak etməmiş və qətnamə onların iştirakı olmadan qəbul edilmişdir. Həmin hal qətnamə icra edilərkən də təkrar edilmiş, icra məmuru tərəfindən ipoteka predmeti hərraca çıxarılarkən ona bildiriş göndərilməmiş və nəhayət hərrac onun iştirakı olmadan keçirilmişdir. Bu faktın özü bir daha təsdiq edir ki, hərrac kobud qanun pozuntuları ilə keçirilmişdir. İpoteka predmeti hərracdan satılan kimi həmin gün də Cavabdeh1 ASC-nin mülkiyyətinə verilmiş və qısa müddətdə mülkiyyət hüquqları qeydə alınmışdır. Bundan əlavə əvvəllər borc hesabına ödənilmiş pul məbləğləri nəzərə alınmamış, onun mənzili ondan gizlin satılmışdır. Bütün bunlar onun Konstitusiya ilə təsbit olunmuş və dövlət tərəfindən qorunan mənzil hüquqlarını kobud surətdə pozur, yəni ailəliklə yeganə yaşayış sahəsindən məhrum olmuşlar. Ona görə hesab edir ki, onun xəbəri olmadan yeganə mənzilinin hərrac yolu ilə satılıb, Cavabdeh1 ASC-nin mülkiyyətinə verilməsi qüvvədə olan qanunvericiliyin tələbinə tam ziddir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3708/2019 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Ruhin Yolçuyev apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3708/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qeyd olunur ki, birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırımışdır ki, guya məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki. ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan mənim tam məlumatım olmuşdur. Halbuki, bu nəticəyə gəlmək üçün əsas olmuş sübutların mötəbərliyi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və sübutlara qanunvericiliklə nəzərdə tutulan qaydada qiymət verilməmişdir. Yəni məhkəmə iş materiallarına əlavə edildiyini qeyd etdiyi poçt qəbzlərində kimin və nə vaxt imza çəkdiyini, həmin şəxslərin onun və ya yaxın qohumlarımın olub-olmadığını araşdırmamışdır. Baxmayaraq ki, iddiaçı bu barədə məhkəmədə fikrini bildirərək, ekspertiza təyin edilməsini, imzaların ona və ya ailə üzvlərinə məxsusluğunun yoxlanılmasını xahiş etmişdir. Lakin əhəmiyyət verilməmişdir. Əvəzində məhkəmə sonuncu iclasda hərracın sənədlərinə baxış keçirərək heç bir araşdırma aparmadan qətnamə qəbul etmişdir. Özü də məhkəmə onun dediklərini heç qətnamədə doğru düzgün qeyd də etməyib. Belə ki, poçt qəbzləri tədqiq edilərkən bildirdi ki, həmin qəbzlərə nə o, nə də ailə üzvləri tərəfindən imza çəkilməyib. Həm də onu da bildirdi ki, bank həmin ərəfədə ləğv edilmişdi. Ona görə ümumiyyətlə evinin hərraca çıxmasını düşünmürdü. İddiaçının vəkili olaraq iddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 1713 saylı müqaviləyə əsasən adıçəkilən şəxsə Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən şikayət vermək üçün peşəkar hüquqi yardım göstərilməsi barədə üzərinə götürdüyü vəzifənin icrası zamanı, məhkəmədəki iş materialları, hərrac işi və icra işinin materialları ilə tanış oldu. xxxxxxxx MMC-yə və X5 vəkil sorğusu ünvanladı. Belə ki, iş materialları ilə tanış olduqda müəyyən etdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətində olmuş, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri. Nərimanov rayonu, A.Heydərov küçəsi ev 29-un 2 saylı mənzili onun məlumatı olmadan hərrac vasitəsilə X3 Mərkəzi tərəfindən satışı təşkil olunmuş və xx.xx.2017-ci il tarixdə hərrac protokolu ilə ipoteka saxlayan Cavabdeh1 ASC-yə verilmişdir. Hərrac işi ilə tanış olduqda müəyyən edilir ki, hərracı keçidən təşkilat guya iki dəfə məktub ünvanlayaraq poçt vasitəsilə hərracın keçirilməsi vaxtı və yeri barədə borclu şəxslərə məlumat vermişdir. Bunun sübutu kimi hərrac təşkilatı SS361529948AZ. SS342729283AZ, SS361529965AZ və SS342729306AZ kodlu poçt göndərişlərinin surətlərini təqdim etmişdir. Lakin müdafiə etdiyi şəxs belə bir məktubları qəbul etmədiyini bildirir və məlumatların həqiqəti əks etdirmədiyini qeyd edir. Qəbzlərdəki imzaların müdafiə etdiyi şəxs tərəfindən çəkilmədiyini nəzərə aldıqda həmin poçt göndərişlərinin kimə və nə vaxt göndərilməsi, kimə və nəyin çatdırılması, habelə poçt göndərişinin tarixləri barədə məlumatların əldə edilməsi zərurəti yarandığı üçün xxxxxxxx MMC-yə sorğu ilə müraciət edərək SS361529948AZ, SS342729283AZ, SS361529965AZ və SS342729306AZ kodlu məktubların göndərilmə tarixləri, kimdən kimə göndərilmələri, məktubların ünvan sahibinə çatdırılıbçatdırılmadığı, çatdırıldığı halda kimə və nə vaxt çatdırılmaları, çatdırılmadığı halda hansı səbəblə çatdırılmaması barədə məlumatın verilməsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Vəkil sorğuma cavab olaraq xx.xx.2019-cu il tarixli PƏŞ-211-1-17/6153 saylı məktubla bildirildi ki, 6 aydan çox vaxt keçdiyinə görə arxiv sənədləri məhv edildiyindən məsələnin araşdırdması imkan xaricindədir. Növbəti abzasla isə təqdim etdiyim Forma 119 sənədləri üzrə məlumat verilmiş, lakin həmin sənədlərdəki imzaların kimə məxsus olmasını müəyyənləşdirməyin imkanları xaricində olduğu bildirilmişdir. Hərrac işi ilə tanış olduqda həmçinin müəyyən edilir ki, hərracı keçirən təşkilat guya dörd dəfə “xxxxxxxxxxxxxx” MMC-nin məktub və bağlamaların daşınması xidməti (VÖEN **********) vasitəsi ilə 2016-cı ilin noyabr və dekabr aylarında İddiaçı və “xxxxx” MMC-yə məktub ünvanlayaraq hərracın keçirilməsi vaxtı və yeri barədə borclu şəxslərə məlumat vermişdir. Bunun sübutu kimi hərrac təşkilatı 403546, 403548, 404663 və 404664 nömrəli qaimələrin surətlərini təqdim etmişdir. Lakin qaimələrin həqiqətə uyğun olmadığına kifayət qədər əsaslı şübhələr olduğu tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir. Belə ki, qaimələrin üzərindəki +99*** *** ** **; +99470 *** ** ** mobil nömrələrlə əlaqə saxladıqda bildirilir ki, bu nömrələr “xxxxxxxxxxxxxx” MMC-yə məxsusdur və heç vaxt “xxxxxxxxxxxxx” MMC-yə aid olmayıb. Həmçinin “xxxxxxxxxxxxxx” MMC son 5 (beş) ildir ki, fəaliyyət göstərmir. Eyni zamanda bildirir ki, qaimələrin surətindən müəyyən olur ki, 403546 və 403548 nömrəli qaimələrdən 2016-cı ilin dekabr ayında, 404663 və 404664 nömrəli qaimələrdən isə 2016-cı ilin noyabr ayında istifadə edilmişdir. Qaimələrin istifadə edilmə tarixlərinin ardıcıllığına diqqət yetirilən zaman müəyyən olunur ki, ardıcıllıq pozulmuşdur. Belə olan halda çatdırılmanın həqiqətə uyğun olub-olmamasını müəyyən etmək üçün “xxxxxxxxxxxxxx “ MMC-nin 2016-cı ilin noyabr-dekabr aylarında məktubların çatdırılması ilə məşğul olub-olmadığının müəyyən edilməsi üçün, həmin dövrdə fəaliyyət göstərib-göstərməməsi, fəaliyyətini dayandırıb-dayandırmaması həmçinin istifadə etdiyi 403546, 403548, 404663 və 404664 saylı qaimələri nə vaxt və hansı mətbəədən əldə edilməsi və sifarişin nə vaxt verilməsi barədə məlumatların əldə edilməsi üçün X5 sorğu ilə müraciət etsəm də həmin məlumatların vergi sirri olması əsası ilə müraciətimə imtina cavabı verilmişdir. Vergi orqanından şifahi əldə etdiyim məlumata əsasən “xxxxxxxxxxxxxx” MMC 2016-cı ilin oktyabr ayının 16-da fəaliyyətini dayandırmış və bir daha fəaliyyət göstərməmişdir. Ümumiyyətlə hərrac işində olan 403546, 403548, 404663 və 404664 saylı qaimələr həm də ona görə şübhəlidir ki, həmin qaimələrin hansı mətbəədə nəşr edilməsi barədə məlumat qaimədə qeyd edilməmişdir. Bu da bir daha təsdiq edir ki, iddiaçının evinin hərracdan satılması zamanı iddiaçıya hərracın yeri və vaxtı barədə məlumat verilməyib.Bundan başqa, Nərimanov rayon İcra və Probasiya Şöbəsində olarkən iş materialları ilə tanış olduqda müəyyən edildi ki, İcra şöbəsi hərracı keçirən təşkilata xx.xx.2017-ci il tarixdə məktub ünvanlayaraq hərracın keçirilməsinin dayandırılmasını tələb etmiş, lakin cavabdeh hərracın sifarişçisinin bu tələbinə əhəmiyyət verməmiş və bununla da. faktiki olaraq əsassız və qanunsuz olaraq hərracın keçirilməsini təşkil etmiş və hətta iddiaçının mənzilinin satılmasına nail olmuşdur. Həmçinin Nərimanov rayon İcra şöbəsində iş materialları ilə tanış olarkən müəyyən etmişdir ki, Nərimanov rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli qərardadı ilə icra icraatının dayandırılması qərara alınmışdır. İcra məmuru isə icra icraatının dayandırılması barədə təqdimatla xx.xx.2017-ci il tarixdə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa, hərracı keçirən təşkilatda olan iş materiallarından görünür ki. hərracın vaxtı gah xx.xx.2017-ci il tarixə gah da xx.xx.2017-ci il tarixə təyin edilmişdir. Lakin işdəki qaimələrin xx.xx.2017-ci il tarixə tarixə təyin edilmiş bildirişlərin göndərilməsinə aid olduğunu müəyyən etmək olmur. Beləliklə, hərracın keçirilməsi barədə iddiaçıya məlumat verilmədiyi elə məhz birinci instansiya məhkəməsində müəyyən edilməsi mümkün idi. Özü də bunun üçün iddiaçıdan hər hansı sübut tələb olunmurdu. İcra işi və hərrac işi ilə tam tanış olsa idi məhkəmə bunu müəyyən edərdi. Lakin birinci instansiya məhkəməsi lazımi diqqət ayırmadığı üşün faktiki olaraq hərrac işi ilə natamam tanış olmuş və nəticədə işin faktiki hallarına uyğun olmayan əsaslı iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Ağası oğlu və onun vəkili və nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi X1 nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edərək, hərracın qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyini bildirdi. Əvvəlki məhkəmə iclasında “X3 Mərkəzi” MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, hərrac xx.xx.2016 və xx.xx.2017-ci il tarixlərdə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib. Hərracın keçirilməsi ilə bağlı tərəflərə bildirişlər həm “xxxxxxxx” MMC, həm də sürətli poçtla göndərilmişdir. Bildirişlərdən birində xx.xx.2017-ci il tarixə olan təkrar hərracla bağlı tarix yanlış olaraq xx.xx.2017-ci il qeyd olunmuş, sonra yeni bildirişlə həmin yanlışlıq aradan qaldırılmış, bu barədə İddiaçı yenidən bildiriş göndərilmiş, sonuncu “xxxxxxxx” MMC ilə göndərilən bildirişi ünvan üzrə almışdır. Bundan əlavə hərracın gedişatı ilə bağlı qəzet məlumatları olmuşdur. Bildirişlərin göndərilməsində həmçinin “xxxxxxxxxxxxxx “ MMC-nin xidmətindən də istifadə etmişlər. Lakin həmin MMC-nin fəaliyyəitinin dayandırılması ilə bağlı onların məlumatları yoxdur. Hərracın yekunları barədə protokol xx.xx.2017-ci ildə tərtib olunduğu halda, icra məmurunun xx.xx.2016-cı il tarixli sifariş məktubunun icrasının dayandırılması barədə xx.xx.2017-ci il tarixli məktubu xx xxxxxx 2017-ci il tarixdə “X3 Mərkəzi” MMC-yə daxil olmuşdur. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 ASC-nin və “X3 Mərkəzi” MMC-nin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçını, onun vəkili və nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3708/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh1 ASC-yə, İddiaçı Ağası oğluna və “xxxxx” MMC-yə ünvanlanmış xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016-cı il tarixli, nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Nərimanov rayon Məhkəməsinin 2(005)-3203/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 29 saylı evin, 2 saylı mənzilinə yönəldilməsi, hərracda 98364 manat ilkin satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2016-cı il, saat 11-00-da, xx.xx.2017-ci il saat 11-00-da keçiriləcəyi bildirilmişdir. Hərracın xx.xx.2017-ci il tarixdə keçirilməsi ilə bağlı xx.xx.2016-cı il tarixli bildişdəki yanlışlıq, xx.xx.2016-cı il tarixli bildirişlə aradan qaldırılmışdır. İş materiallarında olan Hərrac Təşkilatının № Y-27 nömrəli, xx xxxxxx 2017-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı Ağası oğluna məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 29 saylı evin, 2 saylı mənzili Nərimanov rayon Məhkəməsinin 2(005)-3203/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin, Nərimanov rayon İcra Şöbəsinin 18978/10 nömrəli, xx.xx.2016-cı il tarixli sifariş məktubunun və Cavabdeh1 ASC-nin müvafiq məktubun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 98364 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 15 %, ipoteka predmetinin 25% aşağı olan qiyməti 62708 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Həmin tarixli hərracın yekunları üzrə əmlakn alğı-satqı barədə müqaviləyə əsasən Cavabdeh1 ASC əmlakı qəbul edərək balansına götürmüşdür. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Ağası oğluna məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 29 saylı evin, 2 saylı mənzil ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. , Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. MM-nin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, kollegiya belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş əmlaka tutmanın yönəldilməsi məqsədilə “X3 Mərkəzi" MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan “X3 Mərkəzi" MMC-nin qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı Ağası oğluna məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 29 saylı evin, 2 saylı mənzili Nərimanov rayon Məhkəməsinin 2(005)-3203/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin, Nərimanov rayon İcra Şöbəsinin 18978/10 nömrəli, xx.xx.2016-cı il tarixli sifariş məktubunun və Cavabdeh1 ASC-nin müvafiq məktubun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 98364 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 15 %, ipoteka predmetinin 25% aşağı olan qiyməti 62708 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Həmin tarixli hərracın yekunları üzrə əmlakn alğı-satqı barədə müqaviləyə əsasən Cavabdeh1 ASC əmlakı qəbul edərək balansına götürmüşdür. Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh1 ASC-nə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Buna görə də, kollegiya hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı Ağası oğluna məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 29 saylı evin, 2 saylı mənzil “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, hərracın xx.xx.2017-ci il tarixdə keçirilməsi ilə bağlı xx.xx.2016-cı il tarixli bildişdəki yanlışlıq, xx.xx.2016-cı il tarixli bildirişlə aradan qaldırılmış, bu barədə xx.xx.2016-cı il tarixdə İddiaçı Ağası oğluna bildiriş göndərilməsi barədə SS361529965AZ saylı sifarişli poçt qəbzi mövcuddur. Buna görə də, həmin dəlil əsaslı hesab edilə bilməz. Kollegiya apellyasiya şikayətinin hərracın dayandırılması ilə bağlı icra məmurunun xx.xx.2017-ci il tarixli məktubu ilə bağlı qeyd edir ki, hərracın yekunları barədə protokol xx.xx.2017-ci ildə tərtib olunduğu halda, icra məmurunun xx.xx.2016-cı il tarixli sifariş məktubunun icrasının dayandırılması barədə xx.xx.2017-ci il tarixli məktubu xx xxxxxx 2017-ci il tarixdə “X3 Mərkəzi” MMC-yə daxil olmuşdur. Buna görə də, həmin dəlil əsaslı hesab edilə bilməz. Apellyasiya mərhələsində məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, **********765700 saylı məktubundan görünür ki, “xxxxxxxxxxxxxx “ MMC xx.xx.2016-cı il tarixli, **********189900 saylı hüquqi şəxsin fəaliyyətinin dayandırılması ərizəsi ilə müraciət edərək fəaliyyətini xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək daayandırmış, xx.xx.2017-ci il tarixində vergi ödəyicisi tərəfindən 2017-ci ilin yanvar ayı üçün təqdim edilmiş “Əlavə dəyər vergisinin bəyannaməsi”nə əsasən, fəaliyyəti xx.xx.2017-ci il tarixdən aktivləşmişdir. Hal-hazırda Cəmiyyətin fəaliyyəti və digər vergi tutulan əməliyytları xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər dayandırılmışdır. MMC-nin fəaliyyət növləri 53200 sair poçt və kuryer fəaliyyəti, 70100 mərkəzi ofislərin fəaliyyəti kimi qeyd edilmişdir. Uçot baza məlumatlarında 406546,403548, 404664 saylı faimələr aşkar edilməmişdir. Kollegiya apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, “xxxxxxxxxxxxxx “ MMC-nin fəaliyyətinin dayandırılması halında belə, hərracın keçirilməsi ilə bağlı tərəflər “xxxxxxxx” MMC tərəfindən sifarişli poçt qəbzləri ilə məlumatlı olmuş, bundan əlavə qəzetdə elanlar verilmişdir. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi, keçirilən hərracla bağlı həm bildiriş, həm də kütləvi kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə, tərəflər məlumatlı olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının vəkili və nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3708/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar