Məhkəmə qərarları › İş №2(103)-1952/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1952/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1952/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi Dinara Əliyevanın, üçüncü şəxs Dağlar Zeynallının iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC və “xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərracın protokolunun etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə “Seat Toledo” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlıdır. Avtomobil iddiaçının mülkiyyətində olub, kreditin qaytarılmasının təminatı üçün “xxxx” ASC-nin (hazırkı işdə üçüncü şəxsin) xeyrinə ipoteka ilə yüklü edilib. Kredit qaytarılmadığına görə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə avtomobilə tutma yönəldilməsi, yəni onun satılması və satış pulu hesabına borcun ödənilməsi qət edilib. 1-ci cavabdeh “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu tarixli qiymətləndirmə hesabatı ilə avtomobilin qiyməti 8.000 manat müəyyən edib. 2-ci cavabdeh “xxxx” MMC tərəfindən keçirilmiş hərracda Emin Zeynallı avtomobili 8.000 manata alıb və xx.xx.2019-cu il tarixdə hərracın nəticələri haqqında protokol tərtib edilib. Tələb və onun həlli: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, 1-ci cavabdeh “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatı və 2-ci cavabdeh “xxxx” MMC tərəfindən keçirilmiş hərracın protokolu etibarsız hesab edilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tələbinə uyğun yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi Dinara Əliyeva və üçüncü şəxs Dağlar Zeynallı apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: İddia onunla əsaslandırılıb ki, avtomobilin bazar dəyəri 15.000 – 18.000 manat təşkil edir, lakin avtomobil dəyərindən aşağı – 8.000 manata qiymətləndirilib və satılıb. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin qərardadı ilə qiymətləndirmə təyin edilib və “X1” MMC tərəfindən verilmiş rəylə müəyyən edilib ki, avtomobilin real bazar dəyəri xx.xx.2019-cu il tarixdə 8.000 manat təşkil edib. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Göründüyü kimi, qanun qiymətləndiricinin hesabatında göstərilən dəyərin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılması imkanını müəyyən edib. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə görə bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Birinci instansiya məhkəməsi yenidən qiymətləndirmə təyin etmiş və mübahisələndirilən qiymətin (8.000 manatın) həqiqi olduğunu müəyyən etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar