Məhkəmə qərarları › İş №2(103)-1952/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1952/2023

06.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1952/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi tələbi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(009)-1890/2022 nömrəli qərardadından cavabdehin şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25000 manat kompensasiya ödənilməklə cavabdehin azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X2 ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Şeyx Şamil küçəsi ev 22/29 31 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları və iddiaçının həmin mənzilə köçürülməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı valideynlik hüquqlarından məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qəraradı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir.

4. Qərardad ilə razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;

7. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. MPM-in 10-1.3-cü maddəsinin tələbinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə bütün sənədlərin, o cümlədən apellyasiya şikayətlərinin məhkəməyə göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir və bu qaydadan istisna nəzərdə tutulmamışdır.

9. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından cavabdehin şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmişdir.

10. Bundan əlavə, MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

11. “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavənin “Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” adlı 4-cü hissəsindən məlum olur ki, həmin əlavə həm məhkəmə qətnamələrinə, həm də qərardadlara şamil olunur. Eyni nəticə Əlavənin 7-ci hissəsindən də irəli gəlir.

12. İşdən məlum olur ki, şikayətdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri də yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formasına və cədvəl daxilində məzmuna uyğun tərtib edilməmişdir.

13. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

14. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini diqqətə almamış, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilməyən şikayəti qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

15. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(009)- 1890/2022 nömrəli qərardadından Cavabdeh şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar